NİZAMİ MƏQBƏRƏSİ- Gözəlliyə və işıq selinə bürünən müqəddəs məkan

Nədənsə bir zamanlar Gəncənin sərhədi Nizami məqbərəsinə çatmadan bitirdi. Hər zaman şöhrətilə öyündüyümüz Nizaminin məqbərəsi həmin “sərhədin” o biri tərəfində qalmışdı. Bəlkə elə bu səbəbdən də məqbərə bir növ baxımsız vəziyyətdə idi. Yalnız Gəncəyə qonaq gələndə xatırlanan bu müqəddəs məkan alüminium zavodunun zəhərli tullantılarının “əsirinə” çevrilmişdi. Yaşıllıq sarıdan kasad olan məqbərənin özü isə daimi aşınmaya məruz qaldığından misgin görkəmə düşmüşdü. Ömrü boyu Gəncəni tərk etməyən və onu fəxrlə özünə təxəllüs götürən Nizaminin məqbərəsində müxtəlif vaxtlarda cari təmirlər aparılsa da belə acınacaqlı vəziyyətdə idi. Məqbərənin 2009-cu ildən Respublika Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsi ilə dövlət qoruğu elan olunmasına baxmayaraq dünya standartlarına cavab verməməsi bizləri məyus edirdi. Həmin vəziyyət 2011-ci ilin əvvəllərinə kimi davam etdi. Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri məqbərəni və onu əhatə edən abidə kompleksini də yeni görkəminə qovuşdurdu. Birinci körpüdən başlayan istinad divarları sağ və sol tərəfləri nəzərə alınmaqla 860 metrlik bir məsafəyə gözəllik bəxş edib. Divarların üzərindəki naxışlar, işıqlandırma sistemi gecələr də bu yerlərə özgə yaraşıq verir. İkinci körpüdən başlayan 3 kilometr 600 metrə bərabər olan, hər 50 metrdən bir 6 metrlik qala bürcü ilə gözəlləşən divarlar Gəncənin qədim tarixini yeni çalarla diqqətə çatdırır.\r\n\r\nMəqbərənin özündə isə cilalama və bərpa işləri aparılıb. Şairin əsərlərinin qəhrəmanlarını əks etdirən heykəllər təmizlənərək ilkin görkəminə qaytarılıb. Qranit döşənmiş 5 buta ecazkar bir görüntü yaradır. Göy gölün rəmzi olan göl isə içərisində inşa edilmiş köşk ilə buraya gələnlərin istirahətinə həzin bir gözəllik bəxş edəcək.\r\n\r\n“Dünya miqyaslı şöhrətə malik olan Nizaminin məqbərəsi çox yüksək səviyyədə olmalıdır”-deyən şəhər rəhbərliyi Prezident İlham Əliyevin Gəncəyə olan qayğısından çevik surətdə, yaradıcılıqla istifadə edərək, sözün  həqiqi mənasında, burada bir cənnət guşəsi yaradılmasına nail olmuşdur. Məqbərənin ətrafına əkilmiş 30 min ədəd qızılgül kolunun rayihəsi insana xoş ovqat bəxş edir. Ornametli bardürlər, məqbərə önünə döşənmiş qranit lövhə, iki böyük düzbucaqlı və iki səkkizguşəli formada fontanlar, şəlalə gözəlliyin özüdür desək yanılmarıq.\r\n\r\nLakin hər şey yalnız baxıb keçməyə xidmət etmir. Qarşı tərəfdə tikilən 2 mərtəbəli bina-muzey, kitabxana, toplantılar üçün nəzərdə tutulan zal ilə xidmətdə olacaqdır. Buraya gələnlərin təəssüratlarını zənginləşdirmək və xatirələrinin həmişə təzə-tər qalması üçün suvenirlərin satışı da təşkil ediləcəkdir. Bir zamanlar su sarıdan korluq çəkilən bu məkanda buz kimi bulaqlar axacaqdır ki, bu da ilin hər fəslində insanların ehtiyaclarını ödəməyə xidmət edəcəkdir.\r\n\r\nYuxarıda qeyd etdiyimiz kimi, məqbərənin baxımsızlığı həm də onun yaşıllıq sarıdan kasadlığı ilə izah oluna bilərdi. İnsan oğlu istədiyi zaman  ürəyindəki təpəri, qolundakı gücü, iradə və qətiyyəti ilə hər  yerdə ağac əkib becərməyə qadirdir. Bunu artıq şəhər rəhbərliyi isbat etmişdir. Çoxlarının (hətta bu sahədə özlərini mütəxəssis sayanların) etirazlarına baxmayaraq yaşıllaşdırmaya start verildi. Şıx düzü bir yaz səhəri insanların ayaq və bel, külüng səsləri ilə gözlərini açdı. Çınqılın, sarı torpağın ağac bitirmədiyini deyənlər çox keçmədi ki, sözlərini geri götürməyə məcbur oldular. Burada nəinki ağaclar boy verdi, hətta qızılgül açdı, zərif çiçəklər, yamyaşıl çəmənlik öz gözəl, kövrək görkəmləri ilə bir əsrarəngiz təbiət tablosu, özü də nəhəng bir tablo yaratdılar. Fərq bunda idi ki, bu tablonun müəllifi bütün gəncəlilər idi. Burada tələbənin, həkimin, inşaatçının, alimin, sürücünün, müəllimin dəst-xətti qeyri-adi harmoniya şəklində qovuşmuşdur.\r\n\r\nDünyanın hər yerindən gətirilən ağaclar yol boyu əkilərək sanki fəxri qarovulda dayanmış “əsgərlər” kimi giriş qapısından daxil olanları  “salamlayır”. Bu sözləri  təsadüfən söyləmədik. Diqqət yetirsəniz ön cərgədə əkilmiş leylandr ağaclarının hamısı bir boyda, bir biçimdədir. Əhsən zövqə, əhsən belə gözəlliyi yaradanlara! Yeri gəlmişkən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev  dekabrın 23-də 50 mininci leylandr ağacını əkərkən dedi ki, növbəti baharda da daha 50 min ağac əkiləcəkdir.\r\n\r\nTorpaq üzərində yaradılan  gözəllik böyük zəhmət tələb edir. Eyni zamanda təcrübə, duyum ön planda olmalıdır. Məqbərənin yaxınlığında 5 min kvadratmetr ərazidə landşaft yaradılıb. Palma, tuya, piramida formalı amerkan küknarı, şəmşid kolları və adi mərmər qırıntıları ilə yaradılan qeyri-adi kompozisiyada milli ornamentlərdən uğurla istifadə olunub.\r\n\r\nBir zamanlar qaranlıq içində görünməz olan məqbərə indi nur selinə bürünüb. Bu işıq seli hələ uzaqdan buranın qeyri-adi məkan olduğunu nişan verir. Dünya poeziyasına biri-birindən dəyərli söz, sənət inciləri bəxş etmiş dahi Nizaminin məzarı illər sonra nəhayət ki, layiq olduğu səviyyəyə çatdırıldı. Dünyanın ən zəngin kitabxanalrını bəzəyən əsərlərin, Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına böyük töhfələr vermiş Nizami burada, belə bir cənnət məkanda uyuyur. İndi “Nizami azərbaycanlıdır, Gəncədə doğulub, oranı tərk etmədən yaşayıb və burada da haqqın dərgahına qovuşub”, sözlərini daha ucadan söyləməyə mənəvi haqqımız çatır.\r\n\r\nDaha önəmli bir məsələ. Böyük mütəfəkkirin məqbərəsindən başlayan Nizami prospekti indi şəhərin ən gözəl, ən abad prospektlərindən biridir. Bu gün dahi Nizami rəmzi olaraq Gəncənin sərhədindən nəinki kənarda qalmayıb, hətta gələn qonaqları şəhərin bir girişindən digər girişinə kimi “müşayiət” edə bilir. Nizami prospekti gəncəlilərin öz böyük həmvətənlərinə məhəbbətlərinin nümunəsi kimi gözəldir, abaddır, yaraşıqlıdır.\r\n\r\n \r\n

R. SADIQOVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 257
  • 100
  • 1,394
  • 4,285
ILK-10 Azeri Website Directory