Milli Məclisin yaz sessiyası başladı

Milli məcilisin yaz 1 4.02.2014Fevralın 3-də Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sessiyasının ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi. Azərbaycanın dövlət himni səsləndirildi. Sessiyanın başlanması münasibəti ilə deputatları təbrik edən Milli Məclisin Sədri qanunvericilik fəaliyyətində onlara yeni nailiyyətlər arzuladı.\r\nOqtay Əsədov bildirdi ki, parlament 2013-cü ilin payız sessiyasını uğurla başa vurmuşdur. Ötən sessiyada parlamentin 10 iclası keçirilmiş, 170 qanun və qərar qəbul edilmişdir. O cümlədən Milli Məclisin komitələri 62 iclas keçirmiş, 215 məsələyə münasibət bildirmişlər. Ölkədə həyata keçirilən quruculuq işlərinin hüquqi bazasını möhkəmləndirmək üçün lazımi iş aparılmışdır.\r\nMilli məcilisin yaz 2 4.02.2014Spiker qeyd etdi ki, Milli Məclisin ötən sessiyası dövründə Azərbaycanın siyasi həyatında son dərəcə mühüm bir hadisə baş vermişdir: “Oktyabr ayının 9-da Azərbaycanda prezident seçkiləri keçirilmişdir və cənab Prezident İlham Əliyev yenə də Azərbaycan dövlətinin başçısı seçilmişdir. Bu qələbə son 10 il ərzində möhtərəm Prezidentin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlərin məntiqi bir nəticəsi olmuşdur. Tamamilə məntiqlidir ki, prezident seçkilərində iştirak edən digər namizədlərin heç biri cənab İlham Əliyevlə real siyasi rəqabətə qadir olmamışdır. Bütün bunlar onu göstərir ki, cənab İlham Əliyev təkcə dövlət başçısı deyil, həm də xalqın həqiqi lideridir. Əminəm ki, bundan sonra da möhtərəm Prezidentin səmərəli və müdrik rəhbərliyi ilə Azərbaycan dövləti daha böyük uğurlara nail olacaqdır”.\r\nPayız sessiyası ərzində parlamentin xarici əlaqələri daha da inkişaf etdirilmişdir. Bu barədə danışan Oqtay Əsədov dedi ki, Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Sessiya dövründə 25 ölkəyə 60-dan çox səfər həyata keçirilmiş, 23 xarici dövlətin və beynəlxalq təşkilatın 30-a qədər nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Azərbaycan parlamentinin deputatları Gürcüstanda və Tacikistanda keçirilən prezident seçkilərində, Ukraynada və Türkmənistanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak etmişlər.\r\nDaha sonra Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasında parlamenti gərgin iş gözlədiyini dedi: “Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında məsələ parlamentin müzakirəsinə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının, insan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir”.\r\nMilli Məclisin Sədri Oqtay Əsədov əmin olduğunu bildirdi ki, parlamentin yaz sessiyası yüksək səviyyədə keçəcəkdir.\r\nİlk iclasın gündəliyindəki qanun və qərar layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar bəzi məsələlərlə bağlı fikirlərini bölüşüblər. Azərbaycan vətəndaşlarının Suriyada gedən döyüşlərdə iştirakına münasibət bildirən deputatlar qeyd etdilər ki, onlar əslində Suriyada terror qruplarının tərkibində döyüşürlər. Çıxış edənlər bu məsələyə biganə qalmamağı, prokurorluq orqanlarının Suriyada döyüşən Azərbaycan vətəndaşları haqqında cinayət işi qaldırmasını təklif etdilər.\r\nMilli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu məsələ çox ciddidir, amma Suriyaya döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz: “Əlbəttə, bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa, görüləcək. Muzdlu döyüşçülər təhlükəlidir. Odur ki, təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə, edəcəyik”.\r\nDeputat Siyavuş Novruzov bildirdi ki, son vaxtlar bəzi saytlarda Azərbaycanda güclü terror hadisəsi törədiləcəyi haqqında xəbərlər yayılmaqdadır. “Bu hədəni edən təşkilatların arxasında hansı dövlətlərin, beynəlxalq qurumların olduğu artıq bizə məlumdur” – deyən deputatın fikrincə, Azərbaycanın iqtisadi və siyasi uğurları, beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsi görünür ki, bir sıra xarici təşkilatları narahat edir və ona görə hədələmək yoluna keçiblər. “Lakin onlar unudurlar ki, Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsası Heydər Əliyev tərəfindən qoyulub. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanın güclü hüquq-mühafizə orqanları var. Eyni zamanda Azərbaycan xalqı və Prezidenti birlikdədir. Hər hansı bir təhdid Azərbaycanı maraqlarından geri çəkilməyə məcbur edə bilməz”.\r\nDeputat Ceyhun Osmanlı diqqəti Bakıda son vaxtlarda inşa olunan və əhalinin məskunlaşdığı yeni yaşayış binalarına təbii qazın verilməsində yaranan problemlərə yönəltdi. Bildirdi ki, bu gün hətta ən ucqar dağ kəndinə təbii qazın verilməsində problem yoxdu. Amma paytaxtda bəzi yaşayış binalarının, hətta mərkəzi hissələrdəki binaların qazlaşdırılması problemə çevrilib. Ceyhun Osmanlı bildirdi ki, elə binalar var ki, 10 ildən çoxdur ki, inşa olunub və orada sakinlər məskunlaşıblar. Lakin sırf istismar aktı olmadığına görə həmin binalara təbii qaz çəkilmir. “Söhbət “Azəriqaz”ın bu binalara qaz çəkmək istəyinin olmamasından yox, büroktratik problemlərdən gedir” – deyən Ceyhun Osmanlının sözlərinə görə, bütün bunların nəticəsində şaxtalı günlərdə belə binalarda yaşayan insanlar istilik sarıdan çətinlik çəkirlər. Ceyhun Osmanlı yekunda onu qeyd etdi ki, bu gün paytaxtda belə bir problemin yaşanması absurddur.\r\n\r\nSonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Deputatlar ilk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlərə münasibət bildirdilər. Deputatlardan Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva İntizam komissiyasının, İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin isə Hesablayıcı komissiyanın tərkibində yer alıblar.\r\nİclasda Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planının layihəsi də müzakirə edildi. Layihəyə əsasən yaz sessiyası ərzində Milli Məclis Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrini, “Rəqabət Məcəlləsi”nin layihəsini, “Reklam haqqında”, “Dəniz limanları haqqında”, “Akkreditasiya haqqında”, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Elm” haqqında qanun layihələrini, həmçinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsinə dair məsələləri müzakirə edəcək. Müzakirələrdən sonra Milli Məclisin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olundu.\r\nGünün ikinci hissəsində Milli Məclis öz işini davam etdirdi. Müzakirəyə çıxarılan “Azərbaycan Respublikası hökuməti və Peru Respublikası hökuməti arasında diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası hökuməti və İsrail Dövləti hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri deputatlar tərəfindən müsbət qiymətləndirildi. Çıxış edən deputatlar Asim Mollazadə, Aydın Mirzəzadə və Yevda Abramov sənədin təsdiq edilməsinin vacibliyini vurğuladılar. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.\r\n”Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Komitə sədri bildirdi ki, bu sənədin imzalanması həm sıravi vətəndaşların, həm məmurların, həm də ölkənin mədəni, iqtisadi həyatına müsbət təsir göstərəcək. Viza rejiminin sadələşdərilməsi ölkənin inkişaf göstəricidir. Qanun layihəsi qəbul edildi.\r\nİclasda Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Komitə sədri dedi ki, layihənin əsas mahiyyəti üzv ölkələr arasında daha sıx birliyə nail olmaq, terrorçuluğun qarşısının alınması və xüsusən də terrorçuluq cinayətlərinin törədilməsinə yönələn açıq çağırışlara, terrorçuluğa cəlbetmə və terrorçuların hazırlanmasına qarşı mübarizə aparılması üçün effektiv tədbirlərin həyata keçirilməsindən ibarətdir. Sazişə qoşulan ölkələr terroçuluq cinayətlərinin törədilməsinin qarşısının alınmasında öz imkanlarının təkmilləşdirilməsi, qabaqlayıcı xarakterli digər birgə səylərlə yanaşı, ən yaxşı təcrübələrini bölüşmək, məlumat mübadiləsi aparmaq istiqamətində bir-birini dəstəkləyəcəklər. Sənəddə terrorçuluqla əlaqəsi olan hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, sanksiyaların və digər tədbirlərin tətbiqi nəzərdə tutulur. Konvensiyada terror qurbanları üçün müdafiə, kompensasiya və dəstək tədbirlərinin həyata keçirilməsi də öz əksini tapıb. Sənəd səsə qoyularaq qəbul edildi.\r\nİclasda həmçinin “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi təsdiqləndi. Sazişə əsasən, sənədi imza edən tərəflər milli qanunvericiliklərinə və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, transmilli cinayətkarlıq, xüsusilə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə qarşı mübarizədə əməkdaşlıq etməyi öhdəlik kimi üzərlərinə götürürlər.\r\n”Azərbaycan və Türkiyə arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair” sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə isə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Komitə sədri bildirdi ki, sənədə əsasən, əmək miqrasiyası məqsədi ilə ilk dəfə müraciət edənə bir müddətə yaşamaq icazəsi verilir. Növbəti uzatma müddəti isə bir ildən az olmamaq şərti ilə uzadılır. İşçiyə həmin müddətdə yaşamaq hüququ verilir. Qanun layihəsi Milli Məclis tərəfindən müsbət qiymətləndirilərək qəbul edildi. Sonra iclasda “Azərbaycan və Türkiyə arasında kombinə edilmiş yükdaşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edildi. Layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, sənəd 15 maddədən ibarətdir. Sənəd sazişi imzalayan tərəflər arasında ticarət mübadiləsini inkişaf etdirməklə yanaşı, beynəlxalq yükdaşımanı asanlaşdırmaq məqsədini daşıyır. İclasda həmçinin “Beynəlxalq Telekommunikasiya Reqlamenti”nin təsdiq edilməsi haqqında qanun layihəsi də təsdiqləndi.\r\n”Heydər Əliyev” ordeninin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi haqqında isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Ə.Hüseynli qeyd etdi ki, qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Komitə sədri bildirdi ki, dəyişikliyə əsasən, “Heydər Əliyev” ordeni ulduzdan, orden zəncirindən və nişandan əlavə, döş nişanından ibarət olacaq. Məruzədən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edildi.\r\nAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə də məlumat verən Əli Hüseynli bildirdi ki, dəyişikliyə əsasən, Azərbaycanda qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işlərinin ibtidai istintaqı prokurorluq tərəfindən aparılacaq.\r\nGündəliyin sonuncu məsələsi isə Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi idi. Sənədlə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verərək bildirdi ki, Bakı şəhər Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu qanuna əlavə edilən xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.\r\nOnun sözlərinə görə, Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxilə ediləcək. Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə veriləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin yaz sessiyasının ilk iclası öz işini yekunlaşdırdı.\r\n\r\nRəşad CƏFƏRLİ,\r\nRəşad BAXŞƏLİYEV,\r\nFərman BAĞIROV (foto).

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 91
  • 48
  • 1,329
  • 5,009
ILK-10 Azeri Website Directory