Prezident İlham Əliyevin müəyyən etdiyi hücum taktikası Azərbaycan diplomatiyasının uğurlarını artırır

Prezident İlham Əliyev 29.04.2014Prezident İlham Əliyev öz çıxış, nitq və müsahibələrində dövlətimizin qüdrətləndirilməsi və ölkəmizin daha da inkişaf etdirilməsi üçün aydın istiqamətlər müəyyən edir, həmin istiqamətlərin icrası üçün dövlət məmurlarına, məsul şəxslərə konkret tapşırıqlar verir və sonra özü hamıya nümunə göstərir. Bilavasitə cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsində də bu nümunənin şahidi oluruq. Prezidentin Praqa səfərində nümayiş etdirdiyi qətiyyət bir daha sübut etdi ki, Azərbaycan diplomatiyası xalqımızın və dövlətimizin mənafelərinin təmin olunması üçün ən kəsərli addımları atmaq iqtidarındadır.\r\nÖncə isə onu qeyd edək ki, Prezidentin bütün xarici səfərləri kimi Çexiyaya etdiyi iki günlük işgüzar səfəri də dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən tarixi bir hadisəyə çevrildi. Dövlət başçımız səfər çərçivəsində Avropa İttifaqı kimi mötəbər beynəlxalq təşkilatın zirvə toplantısında iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də reallaşdırdı. Onun Moldova Prezidenti Nikolae Timofti, Polşa Prezidenti Bronislav Komorovski, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Çexiya Prezidenti Miloş Zeman ilə görüşlərində Azərbaycan xalqının və dövlətimizin maraq dairəsində olan bir sıra mühüm məsələlər müzakirə olundu. Birmənalı şəkildə deyə bilərik ki, həmin görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından yaranan narahatlıqlar idi. Çünki Ermənistanın qeyri-konstruktiv yanaşması üzündən indiyədək həllini tapmayan bu problem artıq bütövlükdə Avropanın bir sıra maraqlarının təmin olunmasına əngəl törədir. Digər tərəfdən isə, bu münaqişənin tezliklə həllini tapmayan artıq zaman tələb edir. Ekspertlər açıq şəkildə etiraf edirlər ki, Avropa siyasətçiləri bu münaqişənin həllinə heç zaman indiki qədər tələsməyiblər. Bunun daha öncə qeyd edilməli səbəbi isə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan diplomatiyasının hücum taktikasına keçməsidir.\r\nCənab Prezident özünün son çıxış və nitqlərində “Nə üçün Avropa Şurası Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?!”- kimi suallara daha çox yer verir. Bu isə səbəbsiz deyil. Çünki artıq bütün dünyada hamıya gün kimi aydındır ki, bu gün Azərbaycan dünyada sülhməramlı, əməkdaşlığa hazır və açıq xarici siyasət yürüdən dövlət kimi tanınır. Bu siyasi kursun əsasını ümummilli lider Heydər Əliyev qoyub və bu gün şaxələnən balanslaşdırılmış xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu dövlət başçımız belə ifadə edir: “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır”.\r\nBu da bir faktdır ki, hazırda Azərbaycan qlobal problemlərin müzakirə edildiyi sammitlərin də daimi nümayəndəsinə çevrilib. Prezident İlham Əliyev dəfələrlə həmin sammitlərdə bildirib ki, əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi: “Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. Yəni heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq normalar pozulur. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların – Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmir”.\r\nDövlət başçımız bütün bunları xatırlatdıqdan sonra beynəlxalq təşkilatların və dünyanın aparıcı güc mərkəzlərinin qarşısına sual qoyur: “Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma ”Dağlıq Qarabağ Respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün?”\r\nDövlət başçımız bu mövqeyini Çexiyaya səfəri zamanı daha qabarıq şəkildə ortaya qoydu. Yuxarıda qeyd etdiyimiz kimi, Avropa İttifaqının adı çəkilən sammitinin plenar iclasında söz alan Ermənistan prezidenti Serj Sarkisyan öz çıxışını bütünlüklə qondarma erməni soyqırımı ilə bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti bununla da zirvə görüşünün plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma soyqırımı məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. Kütləvi informasiya vasitələri yazırlar ki, Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma soyqırımı ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib. Ermənistan prezidenti çıxışında hər vəchlə inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti qondarma soyqırımı ilə bağlı daha təsirli mövqe tutmalıdır.\r\nƏlbəttə, sammitin əksər içtirakçıları bu sərsəmləməni ironiya ilə qaşılasa da, işğalçı dövlətin quldur başçısına konkret və tutarlı cavab vermək məsuliyyətini Azərbaycan Prezidentindən başqa heç kəs öz üzərinə götürə bilməzdi. Söz Azərbaycan Prezidentinə verilərkən dövlət başçımız öncə Azərbaycan – Avropa əməkdaşlığının mövcud vəziyyətindən və perspektivlərindən danışdıqdan sonra mayası yalan, riyakarlıq və məkrlə yoğrulmuş Ermənistanın cəfəng püskürən başçısına məhz onun layiq olduğu cavabı vermişdir: “Bu gün, təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.\r\nSonra dövlət başçımız bütün kəlmələri yalandan ibarət olan Sarkisyanın həyasızcasına başqa don geyindirmək istədiyi məsələlərə aydınlıq gətirərək demişdir: “Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl – Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.\r\nAncaq Azərbaycan Prezidenti ermənilərin uşaq qatili olan prezidentinin yalanlarını ifşa etməklə kifayətlənmədi. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda ikili standartlardan əl çəkə bilməyən dünya siyasətçilərinə də çox mühüm mesajlar verdi: “ Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır. Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada—Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin ediblər”.\r\nAncaq Azərbaycan diplomatiyasının Avropada – Çexiyanın paytaxtında, aydın səmadakı ildırım kimi şaqqıldayan hücum taktikası bununla səngimədi. Bu diplomatiya zamanın tələbi olan Türk Dövlətləri Birliyinin təməl prinsiplərinə ehtiram əlaməti olaraq Avropanın qulağının dibində daha gur səslə özünü göstərdi. Bu diplomatiya yüz ildən bəri “erməni soyqırımı” uydurması ilə həyasızcasına bütün dünyanı aldatmağa çalışan ermənilərin rəhbərini danışdığına peşman elədi. Dövlət başçımız avropalı siyasətçiləri növbəti dəfə aldatmaq istəyən Sarkisyanın “soyqırımı” iddialarının da cəfəngiyatdan başqa bir şey olmadığını sübut etdi: “Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə Baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Baxmayaraq, mən bilirəm ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı Türkiyə Baş nazirinin mövqeyini yüksək qiymətləndirdilər, ancaq görünür, bu, Ermənistan hökuməti üçün kifayət deyildir. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir. Biz sülh istəyirik, biz ərazilərimizin geri qaytarılmasını istəyirik. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmağa başlamalıdır. Bunu etmək çox asandır. Yalnız Ermənistan tərəfindən siyasi iradə olmalıdır”.\r\nSonda isə Azərbaycan Prezidenti bir daha üzünü dünya və Avropa siyasətçilərinə tutaraq artıq öz adından deyil, məhz Azərbaycan xalqı adından müraciət etdi və bir çox insanları beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə çağırdı: “Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu, dözülməzdir və buna son qoyulmalıdır”.\r\nTəbii ki, son qoyulmalıdır və qoyulacaqdır. Biz buna əminik. Bu əminliyimiz isə dövlətimizin qüdrətindən, Prezidentimizin qətiyyətindən, xalqın iradəsindən və ən başlıcası bugünkü Azərbaycan həqiqəti olan “Xalq -İqtidar, İqtidar-Xalq” birliyindən qaynaqlanır. Biz inanırıq ki, Azərbaycan diplomatiyasının hücum taktikası tezliklə öz müsbət nəticələrini verəcəkdir.\r\n\r\n İttifaq MİRZƏBƏYLİ.

Şərhini bildir

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory