Prezident İlham ƏLİYEV: Bu gün Azərbaycan açıq şəkildə bəyan edilən mövqeyə malik olan ölkədir

Prezident İlham Əliyev bu gün Azərbaycan açıq şəkildə 30.04.2014Azərbaycan artıq dünya birliyində layiqli yer tutan ölkələr sırasına qoşulmaqdadır. Son on ildə həyata keçirilən islahatlar, demokratik prinsiplərin bərqərar olunması istiqamətində atılan qətiyyətli addımlar, insan hüquq və azadlıqlarının müdafiəsi üçün həyata keçirilən tədbirlər, iri infrastruktur layihələrin reallaşdırılması respublikamızın beynəlxalq aləmdə reytinqini daha da artırmışdır. Azərbaycan artıq dünyanın ən nüfuzlu beynəlxalq qurumlarının öz tədbirlərini keçirdiyi məkana çevrilib. Sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun məhz ölkəmizdə keçirilməsi Azərbaycana olan etimadın bariz nümunəsidir. Azərbaycanın dinlər və sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi xüsusi olaraq qeyd edilməlidir.\r\nSon illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən, dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirib. Belə beynəlxalq əhəmiyyətli tədbirlərin respublikamızda keçirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, dünyanın tanınmış siyasi xadimləri, ekspertləri, keçmiş dövlət və hökumət başçıları öz fərdi təcrübələrini, biliklərini, bacarıqlarını açıq şəkildə paylaşır və ölkəmizin inkişafının şahidi olurlar.\r\nBakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu da bu baxımdan böyük əhəmiyyət kəsb etmişdir. Bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə, 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak etmişdir.\r\nDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafına həsr olunmuşdur.\r\nForumun iştirakçıları ölkəmizin qonaqpərvərliyini, belə bir əhəmiyyətli tədbirə yüksək hazırlığı, təşkilati işləri, birgə fəaliyyəti yüksək dəyərləndirmiş və növbəti dəfə belə müzakirələrə şərait yaratdığına görə Azərbaycan Prezidentinə minnətdarlıq etmişlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Finlandiyanın keçmiş Prezidenti Tarya Halonen dünyanın bir çox ölkələrinin sabiq dövlət və hökumət başçılarının bir yerə toplaşıb çox vacib müzakirələr aparmağa şərait yaradılmasını yüksək dəyərləndirərək demişdir:” Mən bu fürsətdən istifadə edərək ev sahibinə – Azərbaycan hökumətinə və təşkilatçılarına Bakı şəhərində bizə göstərilmiş gözəl, səmimi qonaqpərvərliyə görə təşəkkürümüzü bildirmək istəyirəm. Bizim bir çox dərin minnətdarlığımızı hamımız adından izhar edirəm”. O, BMT çərçivəsində Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq ideal cəmiyyət yaratmaq istiqamətində Azərbaycanın atdığı addımları nümunə göstərmişdir.\r\nAzərbaycan Prezidenti İlham Əliyev forumda çıxış edərək ölkəmizin müstəqillik tarixindən, bu illər ərzində qarşılaşdığı problemlərdən, qazanılan nailiyyətlərdən, bugünkü uğurların necə əldə olunmasından, dünya dövlətlərinin etimadını qazanmasından, həmçinin, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olmasından söhbət açmışdır. Dövlətimizin başçısı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilatçılarından biri olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi barədə də məlumat verərək demişdir:” Mən, həmçinin çox məmnunam ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu yaxınlarda yaradılmış bir qurum kimi olduqca qısa müddət ərzində kifayət qədər nüfuzlu beynəlxalq təsisata çevrilmişdir və artıq Madrid Klubu ilə birlikdə bu cür mühüm toplantını təşkil edir. Dostlarımıza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə dəstək verənlərə apardıqları fəaliyyətə görə olduqca minnətdaram. Bu mərkəz Azərbaycan xalqının istedadının və müdrikliyinin rəmzi olan Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır”.\r\nAzərbaycanın müstəqillik tarixinə nəzər saldıqda bu dövrün necə kəşməkeşli, çətin dövrlərdən keçdiyi, bəzi hallarda isə ermənipərəst beynəlxalq təşkilatların təzyiqi və ikili standartları ilə üzləşdiyinin şahidi oluruq. Qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, həmin çətinliklərin öhdəsindən gəlindi və respublikamız müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiya olundu. İnkişaf etmiş dövlətlərlə sıx əməkdaşlıq, onların qabaqcıl iş təcrübəsindən faydalanmağımız bu gün ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşmaqdadır. Azərbaycana dünya birliyində etimad göstərilməsi də demokratik inkişafa xüsusi önəm verilməsinin nəticəsidir. Ölkə rəhbəri İlham Əliyev beynəlxalq aləmdə qazanılan bu uğurlardan söhbət açarkən bunu düşünülmüş surətdə həyata keçirilən xarici siyasətimizin məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Dövlətimizin başçısı forumdakı çıxışında bu məsələyə münasibət bildirərkən demişdir: “Hazırda biz tarixdə heç vaxt olmadığı kimi, beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu, o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik. BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsuslar olsun ki, onların hər ikisi kobud şəkildə pozulub”.\r\nMöhtərəm Prezidentimiz beynəlxalq təşkilatların ikili mövqelərini də tənqid edərək demişdir ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar – ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyibdir. Görünür, onların icra mexanizmləri yoxdur.\r\nDövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin uzun müddət davam edə bilməyəcəyini də bəyan etdi və qətiyyətlə bildirdi ki, “biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir”.\r\nErmənistanın işğal altında saxladığı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda keçirilən qeyri – qanuni referendumun nəticəsinin dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatlar tərəfindən bu vaxta qədər tanınmaması da bu ərazilərin işğal olunmasından xəbər verir. Çünki dünya birliyi tərəfindən qondarma Dağlıq Qarabağ Respublikası bu gün də tanınmır. Bu da ondan xəbər verir ki, beynəlxalq hüquq, ədalət və tarix bizim mövqeyimizi dəstəkləyir. Ölkə başçısı diqqətə çatdırdı ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu, kifayət deyildir. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsuslar olsun, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Əminəm ki, belə bir sual bu forumda müzakirə olunacaqdır.\r\nForum iştirakçılarına məlum oldu ki, bu gün Azərbaycanda dövlətçiliyin möhkəm əsasları vardır. Ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatların aparılması dünya birliyi tərəfindən də dəyərləndirilir. Demokratiyanın inkişafı, əsas azadlıqların, o cümlədən, indiki həyatımızın ayrılmaz hissəsi olan sərbəst toplaşmaq, mətbuat azadlığı, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması üçün çox əlverişli imkanlar yaradılıb. Respublikamızda azad internet şəbəkəsinin yaradılması digər dövlətlərlə müqayisədə çox əlverişlidir.\r\nAzərbaycan Prezidenti qarşıda duran vəzifələr barəsində də məlumat vermişdir: “Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər. Biz son 10 il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmuşuq. Bizim üçün davamlı inkişaf gələcək üçün planlaşdırma deməkdir. Bizim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız vardır. Bu sənəd gələcəyimizin əsas bələdçi sənədi kimi qəbul edilib.”\r\nÖlkəmizin sürətli inkişaf yolunda olması forum iştirakçıları tərəfindən də yüksək dəyərləndirildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Finlandiyanın keçmiş Prezidenti Tarya Halonen çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan son illər ərzində öz sürətli inkişafı ilə çox gözəl nümunələr göstərmişdir. Azərbaycanda yoxsulluq böyük dərəcədə azaldılmışdır. Bu, 2012-ci ildə 6 faizə düşmüşdür. Bu da çox mühüm bir hadisədir. Biz bilirik ki, sizin bu sahədə qazandığınız uğurlar, verəcəyiniz məsləhətlər də digər ölkələr üçün dəyərli ola bilər.\r\nFinlandiyanın keçmiş Prezidenti daha sonra Azərbaycanın BMT-nin insan kapitalına yüksək qiymət vermək ənənəsinə sadiq qalaraq, gender siyasətini uğurla həyata keçirdiyini bildirdi. O, işsizliyin və yoxsulluğun aradan qaldırılması, ətraf mühitin qorunması, çevik enerji siyasətinin yerinə yetirilməsi, təbii sərvətlərin şaxələndirilməsi, alternativ enerji mənbələrindən istifadə olunması sahəsində Azərbaycanda atılan addımları hamı üçün faydalı nümunə kimi dəyərləndirdi\r\nII Qlobal Açıq Cəmiyyətlər Forumunun Bakıda keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ölkəmizə dünya birliyində böyük etimadın göstərilməsi xarici siyasətimizin uğurlarını əks etdirir.\r\n\r\nƏliqismət BƏDƏLOV.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory