Prezident İlham ƏLİYEV: “Ekologiya ili” hər il olmalıdır

Prezident İlham Əliyev ekalogiya 12.06.2014Hələ 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlətimizin bu məsələyə böyük önəm verdiyini xüsusi olaraq diqqətə çatdırmışdı. Müşavirədə cənab Prezident ölkənin ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmişdi. Prezident demişdir ki, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji məsələlərin həllinə böyük diqqət göstərilməlidir.\r\nHəmin il Prezidentin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu. Ötən müddət ərzində ölkədə ekoloji problemlərin həlli istiqamətində böyük layihələr həyata keçirilmişdir.\r\nArdıcıl tədbirlər nəticəsində qazanılmış uğurlar əhalinin ekologiyaya münasibətində müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır. Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında cənab Prezident ölkəmizdə ekoloji problemlər barədə də danışaraq demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq ”. Doğrudan da, əvvəlki dövrlərlə müqayisədə Azərbaycanın ekoloji durumunda əsaslı dönüş yaranmışdır.Ölkədə milli parklar yaradılmış, yeni meşə zolaqları salınmış, Bakının və Abşeronun ekoloji vəziyyətində müsbət yeniliklər baş vermiş, əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunmasına diqqət artırılmış, eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata keçirilmişdir. Bir sözlə, Azərbaycanda həyata keçirilən davamlı ekoloji siyasət öz bəhrələrini vermişdir\r\nSon illər yaşıllaşdırma ilə bağlı görülən işləri də təqdirəlayiq hesab etmək olar. Azərbaycan Respublikası Prezidentinin “Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bu istiqamətdə görülən işlərin sürətlənməsinə zəmin yaratmışdır. Nəticələr sevindiricidir. Belə ki, yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının erroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolun hər iki tərəfində, Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda, Zığ gölü və Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyunca gözəl yaşıllıqların salınması hələ də davam edir. Bakı-Şamaxı yolunun üstündə salınmış meşəliklər də bu istiqamətdə görülən işlərin nəticəsidir. Azərbaycan əhalisi bu təşəbbüsə böyük ruh yüksəkliyi ilə qoşulmuşdur, indi şəhər və rayonlarımızda yaşıllaşdırma işində böyük canlanma var.\r\nMeşələrin qorunması və yeni meşə zolaqlarının salınması ekoloji mühitin sağlamlaşdırılmasında çox əhəmiyyətli rol oynayır. Əfsus ki, bu gün meşələrimizin qorunması işində müəyyən laqeydlik hiss olunur. Ancaq Prezidentimiz bildirmişdir ki, meşələri qıranlar cəzalandırılmalıdır, onlara qarşı ciddi tədbirlər görülməlidir. Son illər kəndlərimizdə aparılan qazlaşdırma işləri meşələrin qırılmasının qarşısını xeyli almışdır. Gələcəkdə bu proses davam etdiriləcək və onda, yəqin ki, meşələrin qırılması da dayandırılacaqdır. Lakin Bakıda yaşıllıqlara laqeyd münasıbət , ağacların qanunsuz kəsilməsi halları hələ də davam edir.\r\nNazirlər Kabinetində keçirilən iclasda cənab Prezident bu məsələyə kəskin münasibət bildirərək demişdir: “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır.”\r\nMəlumdur ki, məişət tullantıları Bakının və Abşeronun ekoloji mühitinə çox güclü mənfi təsir göstərir. Son illər bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. Məsələn, Bakıda məişət tullantıları zavodunun tikilməsi böyük əhəmiyyətə malikdir.\r\nXüsusi mühafizə olunan zonaların genişləndirlməsi istiqamətində də işlər davam etdirilir. Milli parklar genişləndirilir, yeni yaşıllıqlar yaradılır, göllər təmizlənir və s. Artıq bu zonalarda xüsusi infrastruktur yaradılır. Milli parklarda ən müasir ofislər, turistləri qəbul etmək üçün mehmanxanalar inşa edilir və s. Hazırda gündəlikdə duran məsələlərdən biri Şahdağ Milli Parkının zəruri infrastukturlarının yaradılmasıdır.\r\nBakı və onun ətraf qəsəbələrində neftlə çirklənmiş ərazilərin təmizlənməsi də bu illər ərzində diqqət mərkəzində olmuşdur. Cənab Prezident iclasda bu məsələyə də münasibət bildirərək demişdir ki, Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, orada, o buruqların arasında ağacəkmə kampaniyası da başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu proses davam etdirilir.\r\nÖlkə rəhbəri onu da bildirmişdir ki, Azərbaycan aprel ayından başlayaraq “Avro-4” standartına keçib. Bu havanın tərkibini xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu gün havanı çirkləndirən əsas amil sənaye müəssisələri yox, maşınlardır. “Avro-4” standartının tətbiq edilməsi bunun qarşısını alacaqdır.\r\nCənab Prezident iclasdakı çıxışında Bakıda mövcud olan göllərin təmizlənməsinin vacibliyinə də toxunmuşdur. Bildirmişdir ki, bu proqrama artıq başlanılır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su höv\r\nzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir…. Bakı olacaq təmiz göllər şəhəri.\r\nGöründüyü kimi, ölkəmizin ekoloji durumu dövlət rəhbərinin daim diqqət mərkəzindədir. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışında ekologiya problemlərinə xüsusi diqqət yetirməsi yaxın gələcəkdə problemin həlli ilə bağlı ciddi tədbirlər görüləcəyinə böyük inam yaradır.\r\n\r\nM.MÜKƏRRƏMOĞLU.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 75
  • 50
  • 1,082
  • 4,942
ILK-10 Azeri Website Directory