CƏMŞİD NAXÇIVANSKİ – 120

NƏSİLLƏRƏ NÜMUNƏ

\r\nAvqust ayında  görkəmli hərb xadimi, Azərbaycanın ilk  milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olub. Ölkə Prezidenti 2015-ci il aprelin 2-də yubileyin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən respublikanın hər yerində bu münasibətlə tədbirlər keçirilməkdədir. Bəs biz Cəmşid Naxçıvanskini hamımızmı tanıyırıq? Bu yazı “tanıyırıq” deyənlər üçün yenidən xatırlama, “o kimdir” deyənlər üçün bir tanışlıq imkanı yaratmaq məqsədilə qələmə alınıb.\r\n\r\n\r\nCəmşid Cəfərqulu oğlu Naxçıvanski.Məşhür Naxçıvan xanları  sülaləsinin sonuncu-altıncı generalı. O, 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində anadan olub. 1904-cü ildə  Tiflis kadet korpusuna daxil olub, 1911-ci ildə həmin məktəbi, 1915-ci ildə isə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini  müvəffəqiyyətlə bitirib.\r\n\r\n1918-ci il  sentyabrın 15-də  türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan “Sentrokaspi diktaturası” qüvvələrindən təmizləyir. Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə Naxçıvanski inamla vuruşur.\r\n\r\nAzərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə  I süvari Tatar alayının komandiri, podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin olunur. Həmin il onun  Qarabağda (Şuşada) yerləşən alayı  daşnaklara və daxili düşmənlərə qarşı keçirilən döyüş əməliyyatlarında fəal iştirak edir.\r\n\r\n1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra  onun süvari alayı bolşeviklər tərəfinə keçir. Bu zaman Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərir. C.Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilir və yüksək ixtisaslı  hərbi kadr hazırlığında mühüm rol oynayır.\r\n\r\nC.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze adına Ali Hərbi Akademiya kurslarında oxuyur, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri təyin olunur.\r\n\r\nElə həmin ərəfədə-1922-1929-cu illərdə o həm də general Əlağa Şıxlınskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan “Hərbi bilik” jurnalının redaktorlarından biri olur.\r\n\r\nNaxçıvanski 1931-ci ildə Moskvaya, Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilir. 1933-cü ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirir və orada müəllim saxlanılır. Üç il ümumi taktika kafedrasına rəhbərlik edir, Akademiyada əsas fakültənin kurs rəisi olur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunur.\r\n\r\nXX əsrin 30-cu illərinin repressiya dalğaları Cəmşid Naxçıvanskidən də yan keçmir. Ona ittiham irəli sürülür ki, guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla (Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra generalın qardaşları rəsmi icazə alaraq İrana gedir, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatırlar. Sovet hökuməti onların “antisovet” fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər göstərir, notalar verir. Nəticədə Kəlbəli xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılır. Cəmşid Naxçıvanskinin Sovet ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşduğunu bilən şah qardaşları güllələyir) sıx əlaqə saxlayır.\r\n\r\n1938-ci ilin 20 mayında  antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edilən Cəmşid Naxçıvanski həmin ilin 26 avqustunda Lefortova zindanında SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında Sovet hökumətini devirmək məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilir. Əmlakı müsadirə olunmaqla güllələnmə cəzasına məhkum edilən  C.Naxçıvanski elə həmin gün güllələnir. O, Moskvadan 26 kilometr aralıda, Kaluqa şossesi yaxınlığında, “Kommunarka” adlı gizli obyekt kimi tanınan, Stalin repressiyasının bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olunur.\r\n\r\nC.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, “Qırmızı Bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunmuşdur.\r\n\r\nÜmumiyyətlə isə onun təltifləri arasında   “4-cü dərəcəli Müqəddəs Georgi”, 2,3,4-cü  dərəcəli “Müqəddəs Anna”, 2 və 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordenləri də yer alır.\r\n\r\n1956-cı ildə Cəmşid Naxçıvanski bəraət alır. İndi Bakıda hərbi lisey və paytaxt küçələrindən biri bu ölməz vətənpərvərin, böyük hərbçinin adını daşıyır.\r\n\r\nSərdar MƏMMƏDOV,\r\n\r\nYevlax şəhərindəki 4  nömrəli tam orta məktəbin tarix müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 39
  • 19
  • 1,323
  • 4,280
ILK-10 Azeri Website Directory