SEVİB OXUDUQLARIMIZ, OXUYUB SEVDİKLƏRİMİZ

NÜSRƏT KƏSƏMƏNLİ: “MƏN ÖLƏRƏM İKİMİZİN YERİNƏ”

\r\n1 Gəncliyi ötən əsrə təsadüf edənlər yaxşı xatırlayarlar. Ötən əsrin 60- 70-ci illərinin gəncləri şeirə, poeziyaya vurğundular. Dillərdə Azərbaycan şairlərinin uğurlu şeirləri səslənir, insanlar öz aralarında indiki kimi saatlarla televizor qarşısında oturub ağladıqları tokşoulardan, şoubiznes nümayəndələrindən daha çox,  yaddaşlarda xatirələrə dönən şeirlərdən, onların unudulmaz misralarından bəhs edərdilər.\r\n\r\nBakıda Aktyor Evi adlanan bir yaradıcılıq teatrı fəaliyyət göstərirdi. Burada zaman-zaman oxunan, sevilən Azərbaycan şairlərinin “Poeziya gecələri” təşkil olunardı. \r\n\r\nBiz tələbələrin ən sevimli məkanı idi Aktyor Evi… Heç olmasa, ayda bir dəfə Aktyor Evinə bilet tapar, gənc şairlərin yaradıcılıq gecələrində iştirak edərdik.\r\n\r\nGənclərin qarşısında sevilən, o zamanın populyar şairləri öz şeirlərini sinədən əzbər deyərdilər. Özü də bu şeirlərin əksəri sevgiyə, məhəbbətə həsr olunardı. Belə yaradıcılıq görüşləri televiziyanın mavi ekranlarına çıxar, poeziyasevərlərin ixtiyarına verilərdi.\r\n\r\nSevgi, məhəbbət şeirlərinin dəyişməz müəlliflərindən biri idi Nüsrət Kəsəmənli.\r\n\r\nOdlu-alovlu, sevgi dolu bir qəlbi vardı. Və öz şeirlərində bu qəlbin ona diktə etdiklərini oxucularına çatdırardı. Nüsrət qarşılıqsız məhəbbətinə həsr etdiyi bir şeiri ilə tanınıb, sevilmişdi.\r\n\r\nOnu hamımız əzbər bilirdik, belə misralar vardı sözügedən həmin şeirdə:\r\n\r\nYollar tək döşənib ayaqlarına\r\n\r\nSənə yalvarımmı?\r\n\r\nBu mümkün deyil.\r\n\r\nQoymaram qəlbimtək vüqarım sına\r\n\r\nAlçalıb yaşamaq ömür – gün deyil.\r\n\r\nŞairin poeziyası çarəsiz bir kədərlə, ümidsiz bir niskillə, ürəkləri sızladan qəmlə yoğrulmuşdu sanki. O həm həyatına, həm də yaradıcılığına məhz bu prizmadan nəzər salırdı. Şairin “Biri vardı, biri yoxdu…” şeiri elə nəşr olunduğu gündən sevilmişdi, oxucuların dilinin əzbəri olmuşdu. Müəllif bu şeirin proloqunu belə qələmə almışdı: “Uşaqlar neçə ki, körpədirlər ana laylasına uyuyurlar. Elə ki, bir az böyüdülər, axşamlar atalarından nağıl istəyirlər. Mənim bildiyim nağıllar isə çox deyil.\r\n\r\nAxşamların birində, nağıllarım qurtaranda fikirləşdim ki, bu dəfə öz laleyimin nağılını söyləyim…”.\r\n\r\nVə şeir beləcə qəmli, qəmli olduğu qədər nostalji, nostalji olduğu qədər də valideynlərə mesaj kimi üvanlanan bir bəndlə başlayır:\r\n\r\nOlan olub, keçən keçib bəlkə də,\r\n\r\nİndi daha kövrəlməyin yeri yox.\r\n\r\nÖmrüm boyu belə gəlib mənimki,\r\n\r\nƏvvəlindən biri vardı, biri yox.\r\n\r\nBu şeirin misralarından o qədər həzin hisslər, lirik duyğular süzülür ki… Oxucu digər bəndi daha böyük ümidlə öz ürəyinə yaxın buraxır. Şair deyəndə:\r\n\r\nUzaqdaydı mən istəyən ocaqlar,\r\n\r\nÜrəyimdən gəlib keçdi sazaqlar.\r\n\r\nAtalıydı, analıydı uşaqlar,\r\n\r\nBizim evdə biri vardı, biri yox.\r\n\r\nSonralar şair o qədər zəngin hisslərlə, nakam bir sevginin ona təlqin etdiyi duyğularla yaddaşlarda yaşayan şeirlər qələmə aldı ki… Bunlar gözəl melodiyalara qoşulub unudulmaz nəğmələrə çevrildi.\r\n\r\nSevgisinə əli çatmayan, ünü yetməyən şairin qəlb çırpıntılarını bu nakam məhəbbətə ilahinin SÖZ adlı varlığı ilə heykəl yaratdı Nüsrət Kəsəmənli. Elə bircə şeirindən danışsam bəsdir, bu onun sübutudur.\r\n\r\nGörün şair öz sevgisinə arxa çevirən sevgiliyə necə üz tutub, ona öz qəlbini necə açır:\r\n\r\nBu sevgidən sən qorxursan eybi yox,\r\n\r\nMən sevərəm ikimizin yerinə,\r\n\r\nBu eşq üçün bir gün dara çəksələr\r\n\r\nMən gedərəm ikimizin yerinə…\r\n\r\nİlahi bir sevgidən şeirin, əslində əsərin kulminasiya nöqtəsi isə sevənlərin, yaxud da sevməyinə inananların qəlbindən qırmızı bir xətt kimi keçir:\r\n\r\nBu sevginin sonu əgər ölümsə\r\n\r\nMən ölərəm ikimizin yerinə.\r\n\r\nNakam sevgi, yarımçıq qalan duyğulara həsr olunan bir poeziya. Yaradıcılığı kimi ömrü də yarımçıq qaldı şairin.\r\n\r\nAmma nə qəm… Şairin yarımçıq ömrü onun sevgi poeziyasında yaşayır. Mən onu ötən əsrin ən romantik, ən çox sevgi təşnəsi olan, məhəbbətə tapınan bir şair adlandırardım. Və bununla təsəlli tapıram ki,  qəlbində sevgi odu cücərən gənclərimiz həmişə, hər zaman Nüsrət Kəsəmənli poeziyasına üz tutacaqlar. Sevməyi, sevginin yolunda əzab çəkməyi bu niskilli şairin Məhəbbət dolu poeziyasından öyrənəcəklər.\r\n\r\nDemək, şairin ömür yolu hələ də başa çatmayıb, bu yol onun sevgi dolu yaradıcılığında davam edir.\r\n

Züleyxa MƏMMƏDQIZI.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory