Gələn ilin dövlət büdcəsi layihəsinin geniş müzakirəsi keçirilib

\r\n\r\n

Oktyabrın 7-də Milli Məclisdə Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iştirakı ilə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi. İclasın əvvəlində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev layihənin hazırlanması və əsas strukturları barədə danışdı.\r\n\r\nO, layihənin parlamentin müzakirəsinə erkən təqdim olunmasının səbəbi kimi bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərini göstərdi.\r\n\r\nBildirdi ki, sənəd 7 cilddən və 1700 səhifədən ibarətdir: “Büdcə layihəsi 2015-ci ildə dünyada baş verən qlobal iqtisadi, geosiyasi proseslərin Azərbaycan iqtisadiyyatına hazırki və gələcək təsirləri nəzərə alınmaqla hazırlanıb. Buna görə də ölkə iqtisadiyyatında elə də ciddi kataklizimlər gözlənilmir. Bu ehtimal sıfıra bərabərdir”.\r\n\r\nOnun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın neftdən gələn gəlirlərinin xeyli azalmasına səbəb olub: “Bununla belə, dövlət büdcəsi elə tərtib edilib ki, dünya bazarında baş verən proseslərin Azərbaycana hər hansı bir ciddi təsiri olmasın. Neftin qiymətinin aşağı düşməsi fonunda müxtəlif ssenarilərin tərtib olunması, eləcə də qarşıdakı 3 ildə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması mühüm irəliləyişlərin olacağından xəbər verir. Odur ki, Azərbaycan iqtisadiyyatı və əhalinin həyat səviyyəsi növbəti ildə də inkişafda olacaq”.\r\n\r\nAlternativ büdcə sistemi hazırlanıb\r\n\r\nİclasda “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim etmək üçün maliyyə naziri Samir Şərifova söz verildi. Nazir əvvəlcə cari ilin makroiqtisadi göstəricilərinə toxundu. Bildirdi ki, hazırda iki xarici məqamı nəzərə almaq lazımdır. Bunlardan biri dünya bazarında xammalın qiymətinin kəskin düşməsidir. Nazir əlavə etdi ki, son dövrlərdə neft qiymətinin 60 faiz aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub: “İkinci məqam isə qonşu dövlətlərin valyutalarının kəskin ucuzlaşması ilə bağlıdır. Nəticədə Azərbaycan məhsullarının dəyəri artıb, onlar həm ölkə daxilində, həm də xaricdə rəqabətlilik baxımından uduzmağa başlayıb. Bu qeyri-əlverişli şərait hökumətin tədbirlər görməsini zəruri edirdi. Buna görə, milli valyutamız fevralda devalvasiyaya uğradı. Qlobal iqtisadi proseslərin mürəkkəbliyi bir daha müşahidə olunur”. Nazirin fikrincə, neftin qiymətinin aşağı düşməsi təkcə neft ixrac edən ölkələrə deyil, həm də neft istehlak edən ölkələrin iqtisadiyyatına mənfi təsir edir: “Dünya miqyasında gedən proseslər səbəbindən artıq 3-cü dəfə cari ilin makroiqtisadi proqnozlarına yenidən baxılıb. Sosial iqtisadi inkişaf proqnozlarının ÜDM artımının əvvəlki proqnozundan 1,1 faiz az, yəni 3,3 faiz olacağı gözlənilir. Cari ilin sonuna neft sektorunda 0,6 faiz, qeyri-neft sektorunda 5,9 faiz artım proqnozlaşdırılır. Neft gəlirlərinin azalması səbəbindən bu ilin büdcəsində dəyişikliklər edilib. Belə ki, büdcənin gəlirlərinin 17,80 milyard manat icra olunması gözlənilir ki, bu, təsdiq olunmuş proqnozdan 2,1 faiz azdır. Cari ilin xərclərinin icrası isə 84 faiz səviyyəsində nəzərdə tutulur. Bu, təsdiq olunmuş proqnozdan 16 faiz azdır”.\r\n\r\nS.Şərifov qeyd etdi ki, dünyadakı qeyri-iqtisadi şərait nəzərə alınaraq alternativ büdcə variantları hazırlanıb: “Bununla belə, növbəti il üçün pessimist və optimist variantlar da mövcuddur. Bunun üçün də alternativ büdcə sistemi hazırlanıb. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən neftdən gələn gəlirdən asılıdır. Əgər neftin qiyməti 40 dollar və ondan aşağı olarsa, yaxud, 60 dollar və yuxarı olarsa, ona uyğun büdcə sistemi işə düşəcək. Hələ ki, növbəti il üçün hazırlanan büdcədə neftin qiymətinin 1 bareli 50 dollar olaraq götürülübdür. Alternativ büdcə sisteminin hazırlanması ölkəmizə dünya iqtisadiyyatında baş verəcək hər hansı proseslərə çevik reaksiya verməyə imkan yaradacaq”.\r\n\r\nQeyri-neft sektoru üzrə gəlirlər artacaq\r\n\r\n2016-cı ilin dövlət büdcəsinin əsas xüsusiyyətlərindən danışan maliyyə naziri qeyd etdi ki, dünya iqtisadiyyatındakı qeyri-münbit şəraitə baxmayaraq, qeyri-neft sektoru üzrə gəlirlər artacaq. Bununla yanaşı, Dövlət Neft Fondundan büdcəyə olan transfertlər azalacaq. Onun sözlərinə görə artıq 2 ildir ki, bu işlərə başlanılıb.\r\n\r\nSonra müzakirələr başladı. Çıxış edən deputatların hər biri müəyyən təkliflər verməklə yanaşı, gələn ilin dövlət büdcəsi layihəsinin təkmil hazırlandığını bildirdilər. Qeyd olundu ki, sənəddə beynəlxalq iqtisadi amillərlə bağlı gözlənilən təsirlər çox ustalıqla nəzərə alınıb.\r\n\r\nDaha sonra maliyyə naziri Samir Şərifov ona ünvanlanan sualları cavabladı. Vurğuladı ki, iqtisadi sahədə müəyyən xarici təsirlər olsa da, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə yaradılmış qüdrətli iqtisadi potensial imkan verir ki, biz istənilən problemin qarşısını alaq: “Neftin kəskin ucuzlaşması şəraitində bizim iqtisadi potensialımız güclüdür. Kredit götürmə qabiliyyətimizi qiymətləndirən beynəlxalq kredit reytinq agentlikləri bu il də ölkəmizə iki dəfə reytinq qiymətləri verib. Bu qiymətləndirmədə hər hansı bir dəyişiklik olmayıb. Yəni biz həmin investisiya səviyyəli kredit səviyyəmizi qorumuşuq. Hesab edirəm ki, bundan sonra da bu istiqamətdə lazımi tədbirləri görəcəyik”.\r\n\r\nSonda “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.\r\n\r\nElgün MƏNSİMOV,\r\n\r\nFərman BAĞIROV (foto).

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory