Orda bir kənd var…

Orda bir kənd var...<b style="color:red"></b>

Tarixi Qars vilayətinin Qars qəzasında, sonradan Amasiya adlandırılacaq rayonun ərazisində illərdir cığırlarını dilində zümzümə keçənlərin həsrətini çəkən bir kənd var: Oxçuoğlu… Sol yanından Qərbi Arpaçayı onun təbiətinə gözəllik qatırdı, çayın nəğməsi kəndin ürək döyüntüsü kimi daim eşidilirdi…

Sonuncu -1987-ci ildəki məlumata görə, kənd əhalisi kökü əslən türk olan Qarapapaqlılar tayfasına bağlı 1670 nəfərdən ibarət olmuşdur.

1989-cu ildə adının əvvəlinə insanlığı ehtiva etməyən ən çirkin sözlər yaraşdırılacaq qədər “qara donlu, qara niyyətli” olan ermənilər tərəfindən kənd əhalisi qovulub, öz baş qoyduqları yurd daşlarından aralı yaşamağa məhkum edilib.

Elmi yanaşmaya görə, kəndin adı “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Ənsə Qoca oğlu Oxçu adının əsasında formalaşıb.

Sürəyya Ağbabalının “Azərbaycan folkloru antologiyası”nın III cildində yazdığına görə isə kəndin adı qəmli bir sevgi nağılının əbədi heykəlidir: “Deyilənə görə, bir ovçu oğlu varmış. Bu oğlan elə bir ovçu olur ki, atdığı hər bir ox hədəfə dəyirmiş. Bu oğlan həddi-buluğa çatır. Yaşadığı obada özü kimi də gözəl bir qız olur. Bunlar bir-birlərini dəlicəsinə sevirlər. Qız çox gözəl olduğundan onu istəyən oğlanların da sayı günü-gündən artır. Bunların içində bir dəliqanlısı olur. O, öz-özünə deyir ki, “mən ola-ola, bu qızı niyə başqası almalıdır?!” Fikirləşir ki, qızı istəyən oğlanları bir-bir aradan çıxarıb, qızla özü evlənsin. Bir gün həmin dəliqanlı ovçu oğlunun başını qatıb çay qırağına ova aparır. Orda da onu arxadan qəsdən vurub öldürür. Bunu eşidən qız qara paltar geyinib qırx gün-qırx gecə yas saxlayır. Sevgilisinin qırxından sonra baş götürüb oğlan ölən yerə gəlir. Orada çadır qurur və ömrünün axırına kimi heç kimə ərə getmir, həmin yerdə yaşayır. Qızın arxasınca başqa-başqa adamlar da gəlib orda məskən salırlar. Sonradan o yer böyük bir kənd olur. Həmin kəndin adını da ovçu oğlunun adıyla Ovçuoğlu, sonradan dildən-dilə dəyişilərək Oxçuoğlu adlandırırlar”.

Avtandil Ağbabanın Oxçuoğlunun görkəmli şəxsiyyətlərindən olan Məmmədtağı Cəfərova həsr etdiyi “Mən torpaq oğluyam” kitabında da kəndin adı haqqında əvvəlkinə oxşar bir rəvayət qeyd edilmişdir: “Keçmiş zamanda Ağbaba mahalında Bəxtiyar adında bir igid varmış. Onun atası ox düzəldən olduğu üçün el arasında Bəxtiyarı “Oxçuoğlu” deyə çağırarmışlar. Bəxtiyar el-obanın gözəli olan Zeynəbi sevirmiş. Qız çox gözəl olduğundan hər gün ona elçilər gəlirmiş. Zeynəb Bəxtiyarı sevdiyindən heç kəsə könül vermirmiş. Zeynəbə sahib olmaq istəyənin biri Bəxtiyarı meşədə oxla vurub öldürür. El yığılır. Bəxtiyarın cənazəsini obaya aparmaq istəsələr də, Zeynəb onu heç yana aparmağa qoymur. Sevgilisini meşə kənarında, bulağın yanında dəfn edir. Özü də orda yurd salır. Deyilənə görə, o məzarın ətrafında get-gedə evlər salınır, həmin kəndin adı da Oxçuoğlu qalır”.

Doğulduğu ata-baba yurdundan ayrı düşsə də, bu yurdun hər bir qarış torpağına ürəyində dünyadan böyük sevda yaşayan Afət xanım Quliyevanın verdiyi məlumata görə, kənd orada yaşayan tayfaların adı ilə məhəllələrə bölünübmüş. Ən böyük tayfa “Başmaqçılar” imiş. Bu tayfanın əsli Güneyimizdən-Krampa kəndindən gələn Nəcəfoğulları Həsənəli, Hüseynəli və Əli adlı qardaşlara söykənir.

Oxçuoğlunun məhşur tayfaları isə aşağıdakılar olub: “Dəlləklər”,  “Şahhüseynlər”,  “Süleymanlılar”, “KarBəlililər”, “Söyləməzlilər”, “Daşdəmirlilər”, “Başıçapıtlılar”, “Toxabırlılar”, “Mollamusalılar”, “Nəroğlanları”, “Ağcalar”, “Təpəbaşılar”, “Gelyanlar”, “Salahlar”, “Ağüzümlülər”, “Vartanlılar”, “Şahoğlanlar”,”Xıdırlı”, “Hacımanlılar”, “Aralıq”, “İrəvanlılar”, “Gözəldərəlilər”, “Qarakilsəlilər”, “Rövşənlər”, “Bacoğlular”…

Başıçapıtlılar əslən Qaraqoyunlu tayfasından olub, Qaraqoyunlu dövlətinin süqutundan sonra (tarixə əsaslansaq, 1469-cu ildən sonra) bu yerlərə köç etmişlər. Bu tayfanın xanımları başlarını qızıl pulla bəzədiyinə görə, bir sözlə, bununla ədalandıqlarına, dingəli (işvəli) olduqlarına görə onlara Başıçapıtlı deyilib. Onların köçü haqqında kənd ağsaqqalları arasında danışılan rəvayət bundan ibarətdir: “İndiki Trabzon ətrafında Qaraqoyunlular və Ağqoyunlular arasında baş verən döyüşlərdə ataları həlak olan Qurban öz kiçik qardaşlarını da oradan götürüb Oxçuoğluna gəlib. Onların atası Qaraqoyunlu tərəfdarı olduğundan sonralar Ağqoyunlular tərəfindən təqib olunmaqdan ehtiyat etdiklərindən öz doğma yerlərindən köçüblər. Sonradan üç qardaşdan böyüyü Qurban Oxçuoğlunda, kiçik qardaşlardan biri Qaraçantada, digəri isə Qönçəlidə (ermənilər kəndin adını öz yazılarında Qoncalı kimi yazdıqlarından kəndin adı elə də qalmışdı) məskunlaşıblar”.

Kəndin maraqlı toponimləri də bu gün yaddaşlarda çağırıldıqları məkanın gözəlliyi ilə boy göstərməkdədir. Napzar, Qoluqısa, Dostabaxan, Qaraçayır, Dəyirmanüstü, I Keş dərəsi, II Keş dərəsi, Qaraqoyunlu bulağı, Zaza, Ordu yeri, Ocaqqulu tapı, Güllübulaq dərəsi, Bacoğlu dərəsi, Şoraxlar, Xamlar, Aran dərəsi, İncə dərə, Dəvəölən, Alaxançaloğlu yeri, Bostanüstü, Qoca Əhmədin yeri, Qula dərəsi, Qulaüstü, Qərəmməd dərəsi, Ağbulaq, Quyulu Qala, Çamırrı, Şəhərin qaşı, Qımılı yolu, Dələver yolu kimi toponimlərin hər birinin söykəndiyi bir rəvayət olduğuna əminik. Lakin, bu gün o rəvayətlərin çoxu illərin o tayında qalan qaçqınlığın kölgəsində gizləndiyindən gün işığına çıxmadı…

Oxçuoğlundan yanğıyla, həsrətlə danışan Afət xanım Quliyeva nənəsinin adıyla bağlı olan toponimdən də söz açdı:

-Narının bulağı… Nənəmin adıyla olan bulaq.-sonra da əlavə etdi- O vaxtdan bizim nənələrimiz çörəyi, lavaşı gildən düzəldilən küfləli yer təndirində bişirmişlər.

Oxçuoğlu kənd məktəbi 1926-cı ilin oktyabr ayında yaradılıb. İlk olaraq məktəb kəndin tanınmış ağsaqqallarından olan Kərbəlayi Namazın evində yerləşib. Yarandığı vaxtlarda ikisinifli olsa da, 1936-cı ildə məktəb yeddiillik təhsil sisteminə keçib. Bu illərdə yerli kadrlar olmadığına görə məktəbdə İrəvan və Vedibasardan gəlmiş müəllimlər çalışıb. İlk direktor Naxçıvan şəhərindən gəlmiş Fərzəliyev Musa olub. Məktəb 1958-ci ildə səkkizillik, 1968-ci ildə isə onillik təhsil sisteminə keçib. 1968-ci ildə direktor Oxçuoğlunun öz yetirməsi Məmmədov Əsəd olub. 1975-ci ildən 1989-cu ilədək direktor vəzifəsini Quliyev Rəşid icra edib. Son məlumata əsasən, 600 şagirdin təhsil aldığı məktəbdə 50 nəfər müəllim çalışırmış. Bunlardan iki nəfəri Əməkdar müəllim, səkkiz nəfəri Baş müəllim olub.

1989-cu ildə Oxçuoğlu məktəbinin müəllim kollektivinin tam siyahısı belədir:

Quliyev Rəşid (direktor), Əliyev Yusif (dərs hissə müdiri), Cəfərov Şaban (direktor müavini), Əliyev Paşa (biologiya), Əsgərov Ələkbər (ədəbiyyat), Qocayeva Zərintila (ədəbiyyat), Quliyev Əli (ibtidai sinif), Məmmədov Nurəli (ibtidai sinif), Quliyeva Rasya (ədəbiyyat), Məmmədov Əsəd (kimya), Məhərrəmov Ziyad (cəbr), Cəfərova Nurayə (fizika), İbrahimov Müslüm (idman), Cəfərova Asya (rus dili), Yusifov Murtəzə (hərbi hazırlıq), Qəribov Zülfiqar (tarix), Məmmədova Xanımzər (ədəbiyyat), Camalova Nellie, Canalova Nurəddin, Məmmədov Asəf, İbrahimov Qalib (rus dili və ədəbiyyatı), Orucova Simuzər (coğrafiya), Həsənov Nuru (tarix), Əsgərova Aybəniz (Azərbaycan dili), Məhərrəmova Azadə (musiqi), Məhərrəmov Əli (ibtidai sinif), Nəsibov Surxay (riyaziyyat).

Kənd ağsaqqallarından sayılıb-seçilənləri Quliyev Tanrıverdi (25 il kolxoz sədri olub), Camalov Əbdüləzim, Camalov Nəriman (kənd soveti sədri olub), Abbasov Əziz bu gün də öz xeyirxahlıqları ilə yaddaşlarda yaşamaqdadır. Kənd həkimi Abbasova Fatma isə əsl el anası kimi tanınırmış.

Kəndin görkəmli şəxsləri sırasında Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) rektoru olmuş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor Məmmədtağı Cəfərovla yanaşı, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının “Qızıl qələm” və “Nüfuzlu ziyalı” mükafatlarına layiq görülmüş, AMEA-nın Folklor İnstitutunun elmi işçisi, “Türk epik ənənəsi və “Qeser” dastanı ” mövzusunda elmi tədqiqat işinin müəllifi Nəsibov Tahir İskəndər oğlunu da xüsusi qeyd etmək lazımdır.

Sonda maraqlı bir faktı da qeyd etmək gərəkliyini də duyuruq: Hazırda, qardaş ölkə Türkiyənin Qars vilayətinin Arpaçay ilçəsinə bağlı Okçuoğlu adlı bir kənd də vardır…

Şəfa VƏLİ
İlham ƏLƏKBƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory