İslam dünyasının lideri

Atletlərimizin şanlı qələbələri ölkəmizi “Bakı-2017”nin favoritinə çevirib

Sabah Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.
Artıq 9 gündür ki, paytaxtımızda təşkil olunan möhtəşəm idman bayramı şanlı tariximizə ən yaddaqalan zəfər günləri kimi yazılmaqdadır.

Dünyaya sülh mesajı verən Azərbaycan yenə öz gücünü, qüdrətini və yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Əminliklə söyləyə bilərik ki, IV İslamiada tarixə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyinin beynəlxalq təntənəsi kimi düşəcək. “Bakı-2017” İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləzizin fikirləri də deyilənləri bir daha təsdiqləyir: “Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində evsahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılıb”.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu isə Odlar yurdunu insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsi adlandırdı.
Bu fikirlər Prezident İlham Əliyevin, “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban Əliyevanın gərgin əməyinə, yüksək təşkilatçılıq qabiliyyətinə verilən dəyərdir. Həqiqətən də, bu müddət ərzində hər kəsə bəlli oldu ki, Azərbaycanda təşkil olunan İslamiada təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləridir.
Bu Oyunlarda idman tariximizdə yeni bir səhifə açan Azərbaycan atletləri İslam dünyasının ən yaxşıları olduqlarını öz şanlı qələbələri ilə bir daha sübuta yetirdilər. Qətiyyətlə söyləmək olar ki, yeni-yeni uğurlara, rekordlara imza atan Azərbaycan idmançıları indiyədək beynəlxalq yarışlarda bu qədər medal qazanmayıblar. Atletlərimizin milli ənənələrə xas olmayan idman növləri üzrə keçirilən yarışlarda qələbə qazanmaları isə uğurun təntənəsidir.
Elə gün yoxdur ki, idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxalaq Azərbaycan himnini səsləndirməsinlər. Qazanılan hər bir medal isə uğur göstəricisidir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları arenalardan birbaşa izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi də dəyərli hadisə kimi vurğulanmalıdır. Çünki Prezidentin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırırdı. Azərbaycana hər gün medal qazandıran atletlərimizin “Zəfər Günləri” isə neçə gündür davam edən bayram ab-havasına xüsusi rəng qatır. İdmançılarımızın doğma ocağı olan Milli Oimpiya Komitəsinin təşkil etdiyi bu silsilə bayram tədbirlərində medalçılarımız İslamiadanın naxışlı lövhəsinə şanlı qələbələrini təsdiqləyən imzalarını atırlar.
Dünən də Oyunların yeddinci günündə medal qazanan idmançılarla görüş keçirildi. MOK-un və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abıyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, eyni zamanda MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevin iştirak etdiyi mərasimdə qaliblərə xüsusi hədiyyələr təqdim edildi.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, idmançılarımızın zəfərləri davam edir. Yarışların yeddinci günündə Azərbaycan medal siyahısında liderdir. Gün ərzində atletlərimiz 8 medal qazanıblar. Bu medallardan 4-ü qızıl, 2-si gümüş, 2-si bürüncdür. Ümumilikdə isə yeddi gün ərzində 36 ölkənin idmançıları medal qazana biliblər.
Milli Məclisin deputatı Adil Əliyev qeyd etdi ki, Azərbaycan xalqına böyük sevinc və qürur hissi yaşadan həmrəylik oyunları İslam dünyasına böyük əks-səda salıb. Azərbaycan dövləti bu Oyunlara yüksək səviyyədə evsahibliyi etməklə bir daha öz qüdrətini nümayiş etdirdi. İslamiada həm də Azərbaycanın sülh dövləti olduğunu göstərir. İdmançılarımız isə bütün beynəlxalq yarışlarda olduğu kimi şanlı qələbələri ilə tarix yazırlar.
Sonra medalçılarımız xüsusi hədiyyələrlə təltif edildilər və xoş təəssuratlarını bölüşdülər.

Yalnız birinci olmalı idim və onu da bacardım

Nurməhəmməd Hacıyev,
sərbəst güləş üzrə çempion:

– İslam Həmrəyliyi Oyunlarına yaxşı hazırlıq keçmişdik. Ona görə də nəticə uğurlu alındı. İslamiada ölkəmizdə keçirildiyindən, qalib gəlməyə borclu idim. Respublikamızda idmana göstərilən diqqət və qayğı, insanların bizə belə coşqu ilə azarkeşlik etməsi qarşılığında yalnız birinci olmalı idim və onu da bacardım.
Mübarizə o qədər də asan keçmədi. Nəzərə almaq lazımdır ki, İslam ölkələrinin güləşçiləri dünyanın ən güclü idmançılarıdır. Ona görə də mübarizələrin hamısı gərgin keçdi.
Bir qədər istirahətdən sonra digər məsul yarışlara hazırlaşacam. Amma hələlik dincəlməliyəm. Bütün diqqətimi Parisdə təşkil olunacaq dünya çempionatına yönəltmək fikrindəyəm.

Üzərimizdə böyük məsuliyyət var idi

Mahir Əmiraslanov,
sərbəst güləş yarışlarının qalibi:

– Əsas hədəfim qızıl medal idi. Allaha çox şükür ki, çətin olsa da, bunu qazandım. Çünki yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Bu, nəticədə də özünü göstərdi. Hər kəs bizdən qızıl medal gözləyirdi. İstər dünya çempionatları, istərsə də Olimpiya Oyunlarında Azərbaycan xalqı daha çox güləşçilərimizin uğurlu çıxışının şahidi olurlar. Bu yarışlar ölkəmizdə keçirildiyi üçün üzərimizdə böyük məsuliyyət var idi.
İlk görüşdə afrikalı rəqibimə asanlıqla qalib gəldim. Ümumi komanda hesabı vacib olduğundan, növbəti oyunda türkiyəli idmançını da mütləq udmalı idim. Düzdür, finalda qazaxıstanlı Jandos İsmailovla görüşdə tamaşaçılara gərgin anlar yaşatdım. Üstün olan bir anda, vəziyyət rəqibin xeyrinə dəyişir. Az qala, uduzacaqdım. Amma vaxtında toparlandım və 5:4 hesabı ilə qalib gəlməyi bacardım. Bu qələbəmdə məşqçim Əsgərxan Novruzovun böyük payı var.

“Rio-2016”da yenildiyim paraatletlərə Bakıda qalib gəldim

Elmir Cəbrayılov,
paralimpiya yarışlarının qalibi:

– İslamiada çox yüksək səviyyədə keçirilir. İslam ölkələrinin hər bir paralimpiyaçısı bunu təsdiqləyir. Çünki paralimpiyaçılar hətta Yay Olimpiya Oyunlarında da problemlərlə üzləşirlər. Ancaq Azərbaycanda təşkil olunan İslamiadada heç bir problem yaşanmır.
Yarışlara gəldikdə isə onu deyim ki, Rio-2016 Yay Olimpiya Oyunlarında uduzduğum özbək və mərakeşli paralimpiyaçılara İslamiadada qalib gəldim. Yəqin ki, yarışların Vətəndə keçirilməsi mənə daha da ruh verdi və qızıl medala sahib çıxdım. Azərbaycana paraatletika yarışlarında qızıl medal qazandırdığım üçün çox sevinirəm.

İkiqat çempionluğun sevinci ayrı bir hissdir

Yelena Çebanu,
paralimpiya yarışlarının ikiqat çempionu:

– Çox sevincli anlar yaşayıram. Çünki Azərbaycana iki qızıl medal qazandırmışam. İslamiadanın ikiqat çempionluğunun sevinci ayrı bir hissdir.
Yarışlar çox yüksək səviyyədə keçirilir. Paraatletlər bütün təşkilati işlərdən, hakimlərdən razılıq edirlər. Hətta deyərdim ki, bu yarışlar Olimpiya Oyunları səviyyəsində keçirilir. Hesab edirəm ki, Azərbaycan dövləti Yay Olimpiya Oyunlarına da yüksək səviyyədə evsahibliyi edə bilər.
Öncə 100 metr məsafəyə qaçışda, ardınca isə T12 kateqoriyasında 200 metr məsafəyə qaçışda birinci oldum. Amma onu deyim ki, rəqiblərim güclü paraatletlər idi. Yarışların Azərbaycanda keçirilməsi bizə mübarizədə əlavə stimul verirdi və bunun nəticəsində də medallara sahib çıxdıq.

Finalda diqqətsizliyim məni qızıl medaldan məhrum etdi

Məhəmməd Müslümov,
sərbəst güləş yarışlarının gümüş medalçısı:

– Digər həmkarlarım kimi, yarışlara çox məsuliyyətlə yanaşırdım. Çünki doğma məkanda yarışmaq amili vardı. Biz Azərbaycana medallar qazandırmalı idik. Çox şükür ki, Oyunları medalsız başa vurmadım. Amma qızıl medal bir anlığa əlimdən çıxdı. Həlledici görüşdə bir anlığa diqqətsizliyə yol verdim və iranlı rəqibim bundan istifadə edərək qalib gəldi.
Rəqibimi yaxşı tanıyırdım və qalib gəlmək üçün əlimdən gələni etdim. Lakin səhvim ucbatından birinciliyi əldən verdim. Qarşıdan Bakıda keçiriləcək Qızıl Qran-pri və Parisdə təşkil olunacaq dünya çempionatı gəlir. Bu yarışlarda iştirak edəcək heyətdə yer alsam, buradakı məğlubiyyətin əvəzini çıxmağa çalışacam.

Rəşad BAXŞƏLİYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory