“Azərbaycan-Türkiyə mədəni əlaqələrinin genişlənməsinə ehtiyac var”

"Azərbaycan-Türkiyə mədəni əlaqələrinin genişlənməsinə ehtiyac var"<b style="color:red"></b>

Bakıda keçirilən Türkiyə mədəniyyət və turizm günlərində iştirak etmək üçün Azərbaycana gəlmiş türkiyəli sənətçi Burak Kutla elə tədbirdə görüşdük. Məşhur sənətçi ayaqüstü bir neçə sualımızı cavablandırdı.
Müsahibəni oxuculara təqdim edirik.

– Burak bəy, daha öncə Azərbaycanda olmuşdunuz?

– Bəli, Azərbaycanda bir neçə dəfə olmuşam. Amma könül istər ki, daha da tez-tez gələ bilim. Ən son “Avrasiya ulduzu” adlı layihə üçün gəlmişdim.

O layihə Türk dövlətləri arasında keçirilirdi. Mən də münsiflər heyətində idim. Həmin layihə çərçivəsində proqramlara, canlı yayımlara qatılmışdım. İndi gələndə nə qədər darıxdığımı hiss etdim. Bakı sanki ildən-ilə deyil, gündən-günə gözəlləşir.

– Azərbaycan-Türkiyə mədəni əlaqələrinin hazırkı durumu haqda nə deyə bilərsiniz?

– Azərbaycanla Türkiyənin əlaqələri hər zaman yaxşı olub. Bizə boşuna “bir millət, iki dövlət” demirlər. Biz hər zaman bütün məsələlərdə bir-birinin yanında yer alan dövlətlərik. Bu, təbii ki, təqdirəlayiq haldır. Ancaq iki ölkə arasındakı mədəni əlaqələrin daha da sıxlaşdırılmasının lazım olduğunu düşünürəm. Türkiyədə azərbaycanlı sənətçilər var. Həmçinin, azərbaycanlı bəstəkarların mahnıları da orada türk müğənniləri tərəfindən ifa olunur. Onlar haqqında az-çox məlumata sahibəm. Ancaq hansısa türkiyəli sənətçi gəlib burada albom çıxarırmı, o haqda məlumatım yoxdur. Ondan başqa, ümumiyyətlə, Azərbaycanın xarici ölkə estradasına qatılan, orada albomlar çıxaran, proyektlər həyata keçirən çox sənətçiləri olduğunu da bilirəm. Fikrimcə, əlaqələr daha da genişlənməlidir. Çünki çox ortaq nöqtələrimiz var.

– Azərbaycan musiqisi haqqında məlumatınız varmı?

– Təəssüf ki, gərgin iş rejimimə görə çox yaxından izləyə bilmirəm. Əslində, Azərbaycan musiqisi həddindən artıq əhatəlidir. Onun həm xalq musiqisi var, həm estradası, həm muğamı. Çox yaxından izləyə bilmədiyim üçün bu haqda məlumatım da azdır. Təəssüf edirəm.

– Çox müğənnilər var ki, qalmaqalla, şəxsi həyatı ilə gündəmdə qalmağa çalışır. Sizi isə həmişə sənətinizlə, mahnılarınızla, həyata keçirdiyiniz layihələrlə görmüşük. Bu illər ərzində yalnız sənətinizlə gündəmdə qalmağı necə bacarırsınız?

– Mən Konservatoriya məzunuyum. Eyni zamanda, opera sənətçisiyəm. Mən o mədəniyyətdən gəlirəm. Təhsilimin, sənətimin ağırlığı, ciddiyyəti məndən bunu tələb edir. Qalmaqaldan, lazımsız dedi-qodudan həmişə qaçmışam. 1990-cı illərin əvvəllərində mənə qarşı çox təzyiqlər olundu. Hər yerdə yazdılar, haqqımda danışdılar, tənqid etdilər. Hamı üstümə gəlirdi. Jurnalistlərin, ətrafın təzyiqləri həddindən artıq idi. Hətta vəziyyət o hala gəlib çatmışdı ki, evdən çölə çıxmaq istəmirdim, çıxa bilmirdim. O hadisələr məndə çox böyük sıxıntılar yaratdı. Hər kəsdən uzaqlaşdım, öz içimə qapandım. Elə ondan sonra da həmişə içimə qapanıb yaşadım. Bir işim yoxdursa, klipim, hansısa film, serial, yeni mahnı yoxdursa, disk çıxarmamışamsa, adi dedi-qodu ilə, ucuz qalmaqallarla, hansısa sevgi macərası ilə gündəmdə qalmaq istəmədim. Çünki belə şan-şöhrət məni xoşbəxt edə bilməz. Ona görə də həmişə bacardığım qədər özümü qorumuşam. Sonradan ailə qurdum. İndi də altı yaşında bir qızım var. Həyatım elə mən özüm istədiyim kimi oldu. Rəhmətlik aktyor Kamal Sunal mənə bir nəsihət vermişdi, demişdi ki, bu şou-biznes elə bir yerdir ki, səni bütöv ət parçası kimi alar, qiyməyə çevirər və bişirər. Bunun üçün mütləq ehtiyatlı olmalı və özünü qorumağı bacarmalısan. Sonradan onun bu sözlərində nə qədər böyük həqiqət olduğunu təkrar-təkrar görürdüm.

– Jurnalistlərlə əlaqələriniz necədir?

– İşini peşəkar görən hər bir sənət sahibinə sevgim və hörmətim sonsuzdur, jurnalistlər də həmçinin. Mən onlara hansısa mövzu verməyəndən sonra onlar da, əlbəttə, mənimlə hörmətlə davranacaqlar. Ümumiyyətlə, hər kəslə aram yaxşıdır. Sənət dünyasında da yer alan hər kəslə ən azından “salam-sağol” səviyyəsində əlaqələrimi qoruyuram. Demək olar ki, heç kimsə ilə qalmaqalım, mübahisəm olmayıb. Bu cür münasibətin də ən doğrusu olduğunu düşünürəm.

– Türkiyə Mədəniyyət günlərinə qatılmağınız necə oldu?

– Azərbaycana gəlməyi hər zaman çox istəyirəm. Ona görə də heç bir dəvət məni düşündürmür, tərəddüdə salmır. Əksinə, belə dəvətlər olanda sevinirəm. Bugünkü konsertim İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur. Onlara öz təşəkkürümü bildirirəm ki, məni seçib dəvət ediblər. Mən onlara da dedim ki, çox böyük məmnuniyyətlə iştirak edərəm. Çünki internet vasitəsilə də olsa, buranın insanlarıyla əlaqələrim var. Burada çox sevildiyimi də bilirəm. Hətta təyyarədə gələndə bir azərbaycanlı xanım dedi ki, mənim otağımda sizin şəkilləriniz asılıb. Bir sənətçi üçün bu cür sevgidən gözəl dəyər ola bilməz. Mən görürəm ki, onlar məni ürəklərinin içinə alıblar. Elə mənim də ürəyim hər zaman onlarla birgədir. Mən bar-klub konsertləri vermədiyim üçün ancaq bu cür xalq konsertlərinə qatıla bilirəm. Fikrim var ki, yaxın gələcəkdə sizin Opera Teatrınızda böyük bir konsert proqramı ilə çıxış edim. Elə sizin vasitənizlə də təşkilatçılarınıza eşitdirmək istərəm. Onların da köməyi, dəstəyi ilə gözəl bir layihə həyata keçirə bilərik.

– Gələcək repertuarınıza Azərbaycan mahnıları əlavə etmək kimi bir fikriniz varmı?

– Əlbəttə, ola bilər. Hətta çox istəyərəm. Bayaq da dediyim kimi, bu məsələdə məlumatım çox azdır. Yenə də elə sizin qəzetinin köməyi ilə bəstəkarlarınıza səslənirəm ki, əgər belə bir mahnıları, musiqiləri olarsa, internet vasitəsilə mənimlə əlaqə saxlayıb göndərə bilərlər. Mən də sevə-sevə oxuyaram.

– Bu “Mədəniyyət günləri” həm də İslam Həmrəyliyi Oyunlarına dəstək üçün keçirilir. İdmanla aranız necədir?

– İdman mənim həmişə təxirə saldığım bir məşğuliyyətimdir. Əslində, hər bir insan idmanla məşğul olmalıdır. Səhnədə olan sənətçi isə formada görünməyə məcburdur hətta. Mən də həyatımın bir çox mərhələlərində idmanla məşğul olmuşam. Amma ciddi şəkildə məşğul olmağı təəssüf ki, həmişə təxirə salıram. Bu məsələdə səhlənkar olduğumu boynuma alıram. Həmişə başlayacağıma söz versəm də, yenə də nələrəsə başım qarışır və unuduram.

– Bəs idmanı izləyirsinizmi?

– Əsasən futbolu izləyirəm. “Fənərbaxça”nın azarkeşiyəm. Milli komandamızın oyunlarını qaçırmamağa çalışıram. İslam Həmrəyliyi Oyunlarını da izləyirəm. Azərbaycan və Türkiyə çox gözəl yarışırlar və medal sayına görə ilk iki yerləri bölüşdürürlər. Bu, əlbəttə qürurvericidir. Azərbaycanın və Türkiyənin birinci olması şərt deyil, şərt birincinin bizdən biri olmasıdır. Yenə də idmançılarımıza uğurlar arzu edirəm!

– Azərbaycanlı pərəstişkarlarınıza bir sözünüz varmı?

– Onların məni sevdiyi qədər mənim də onları sevdiyimi bilmələrini istəyirəm. Onlarla görüşmək hər zaman xoşdur. Bundan sonra da görəcəyim işlərlə onların sevgisinə layiq olacağıma söz verirəm.

Şahanə MÜŞFİQ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 191
  • 150
  • 1,190
  • 3,246
ILK-10 Azeri Website Directory