Pilotlar yarışa, bolidlər trekə hazırdır

Bu gün Bakı daha möhtəşəm bir tədbirə – “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir.

Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir.

Pilotların yarışacağı avtomobillər – bolidlər də tam hazır vəziyyətdədir. Pilotların yarışacaqları trekdən qalib ayrılmaq üçün bütün güclərini səfərbər edəcəkləri şübhəsizdir.

Bu gün trasla tanışlıq olacaq

Digər qran-prilərdə olduğu kimi, paytaxtımızda yarışacaq komandalar da reqlamentə əsasən bu gün hər biri 1,5 saat davam edəcək iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcəklər. Şənbə günü səhər sürücülər bir saatlıq məşq keçəcəklər. Adətən, nahardan sonra sıralanma turu və ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticəsinə görə, sürücülərin bazar günü keçiriləcək yarışda start düzümü formalaşır.

Azərbaycan Qran-prisinin əsas yarış günü

İyunun 25-i isə Qran-prinin yarış günüdür. Sürücülər bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar.

Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri və əyləcləri qızdırırlar, dövrənin tamamında isə yenidən start yerlərini tuturlar. Yarışın direktoru Çarli Uaytinqin xüsusi işarəsindən, yəni 5 qırmızı işığın sönməsindən sonra yarış başlayır. Dövrənin uzunluğundan asılı olaraq sürücülər müxtəlif traslarda müxtəlif sayda dövrələr vururlar.

Maşınların ölçüsündə dəyişikliklər olunub

Bu il “Formula-1” yarışlarının reqlamentində bir sıra dəyişikliklər edib. Belə ki, keçən illə müqayisədə maşınların eni artırılıb. Maşınların maksimum eni təkərsiz 2000 mm-ə, korpusun eni isə 1600 mm-ə çatdırılıb. Maşının hündürlüyü əvvəlki kimi saxlanılıb (950 mm). Amma bolidin arxa oxundan sonra nəzarət müstəvisindən 800 mm yüksəkdə heç nə yerləşdirilə bilməz. Ona görə də arxa qanadın hündürlüyü 150 mm aşağı salınıb, eni isə 950 mm-ə çatdırılıb. Ön qanadın da eni artırılaraq 1800 mm olub.

Bolidin çəkisi 728 kiloqrama qədər artırılıb

Yanacaqsız maşının minimal çəkisi də artırılaraq 728 kiloqrama bərabər olub. Çəki paylanmasında da dəyişikliklər olunub. Ön 328 kq, arxa isə 387 kq müəyyənləşdirilib. Yanacaq çənində 100 deyil, 105 kq yanacaq olacaq ki, bu da havaya qarşı müqavimətin artması nəticəsində yanacaq sərfiyyatının artması ilə bağlıdır. Əyləc disklərinin qalınlığı 28 mm-dən 32 mm-dək artırılıb.

Təkərlər isə nəzərəçarpacaq dərəcədə enlənib. Ön təkərlərin eni 305 mm-dək, arxa təkərlərin eni isə 405 mm-dək böyüyüb.

Disklə birlikdə dolu təkərin eni 385 mm-dən, arxa təkərin eni isə 470 mm-dən artıq ola bilməz. Təkərin tam diametri sliklərdə 670 mm-i, yağış təkərlərində isə 680 mm-i aşa bilməz.

Beləliklə, Odlar ölkəsində sürət festivalı başlayır. Yarışın sonunu Çarli Uaytinq və ya xüsusi dəvət olunmuş qonaq damalı bayraqla bildirir. Damalı bayraq görmüş sürücü üçün yarış başa çatmış sayılır. Əvvəlcə qalib gəlmiş sürücünün və onun komandasının şərəfinə təmsil etdikləri ölkələrin himnləri səslənir, kuboklar verilir və şampan mərasimi keçirilir.

Elçin CƏFƏROV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory