Dünya ictimaiyyəti Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırır

FRANSALI SENATOR: “ERMƏNİSTANI ŞÜURLU DAVRANIŞA MƏCBUR EDƏ BİLMƏSƏK, SANKSİYALAR PROSESİNƏ BAŞLAMALIYIQ”

Dünya ictimaiyyəti Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırır<b style="color:red"></b>

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində baş verən vandalizm aktına dünyanın müxtəlif ölkələrindən reaksiyalar gəlməkdədir.
Ermənilərin törətdiyi növbəti vəhşilik nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olması beynəlxalq ictimaiyyəti sarsıtmaqla yanaşı, Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edib.

Mülki əhalinin hədəfə alınması, qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla bərabər, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirib. Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır.

Ermənistanın təcavüzkar hakimiyyətinin azərbaycanlılara qarşı törətdiyi yüzlərlə cinayət faktına, işğal siyasəti nəticəsində torpaqlarımızın zəbt olunmasına, dinc insanların gülləbaran edilməsinə, kütləvi şəkildə qətlə yetirilməsinə səssiz qalan beynəlxalq güclər, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu məsələ ilə bağlı öz reaksiyalarını gizlədə bilməyiblər. Çünki Azərbaycan dövləti və ictimaiyyəti həmrəylik nümayiş etdirərək haqq səsimizin dünyaya çatdırılmasında, erməni vandalizminə qarşı ədalətli mövqe bildirilməsində həlledici rol oynayıb.

Dünya ölkələrinin aparıcı media resursları, ictimai-siyasi xadimləri də məsələ ilə bağlı öz mövqelərini açıqlayıb, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid ediblər.

“Trend”in məlumatına görə, fransalı senator, Senatın xarici işlər komitəsinin sədr müavini Natali Qule bildirib ki, artıq fəaliyyət göstərmək zamanı gəlib: “Əgər Ermənistanı şüurlu davranışa məcbur edə bilməsək, sanksiyalar prosesinə başlamalıyıq”.

Fransalı senator, Fransa-Qafqaz dostluq qrupunun sədri Andre Reyşar isə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan danışıqlar prosesində daha konstruktiv olmalıdır: “Biz son zamanlar bunu müşahidə etmirik”.

A.Reyşar deyib ki, Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlidir.

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Marko Vandervitz bildirib ki, Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir: “Günahsız dinc sakinlər Dağlıq Qarabağ münaqişəsinin qurbanı olublar. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan açdıqları atəş nəticəsində bir qadın və onun iki yaşlı nəvəsi qətlə yetirilib. Bu atəş nəticəsində ağır yaralanan digər dinc sakin tibb müəssisələrində intensiv müalicə olunur. Biz münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirik”.

Deputat bildirib ki, bu münaqişənin həlli yalnız sülh yolu ilə əldə oluna bilər: “Buna nail olmaq üçün ilk növbədə dinc əhalinin atəşə tutulması dayandırılmalıdır. Torpaqların işğalı, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası artıq bir neçə dəfə ərazidən erməni qoşunlarının çıxarılmasını tələb edib. Cənubi Qafqazda sülhün bərqərar olması və insan tələfatının qarşısının alınması məqsədilə bu qətnamələr yerinə yetirilməlidir”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri senator Sercio Divina da Ermənistanın işğalçılıq siyasətini tənqid edib: “Məni bu balaca qızın və onun nənəsinin nəşinin şəkilləri dəhşətə gətirdi, istər onların qətlə yetirilməsi, istərsə də münaqişənin davam etməsi beynəlxalq mətbuatda geniş işıqlandırılmalıdır”, – deyən italiyalı senator törədilənlərin vandalizmdən başqa bir şey olmadığını, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, o cümlədən, qadın, uşaq və qocalardan ibarət mülki əhaliyə qarşı hücumların birbaşa, hədəflənən, sistematik xarakter daşıdığını və Ermənistanın azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə birbaşa və məqsədyönlü ziyan vurmasının beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu bildirib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir: “Beynəlxalq ictimaiyyət, xüsusilə də, ATƏT-in Minsk qrupu həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq Ermənistandan öz qoşunlarını tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı və işğala əsaslanan status-kvonun dəyişdirilməsini tələb etməlidirlər”.

Senator vurğulayıb ki, Ermənistan münaqişənin həllində maraqlı deyil və bu ölkənin məqsədi status-kvonu saxlamaqdır: “Bu münaqişənin həlli üçün status-kvo dəyişməlidir ki, bu da Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir. Münaqişənin həllinə və regionda davamlı sülhə nail olmaq üçün Ermənistan substantiv danışıqlarda konstruktiv iştirak etməlidir. Azərbaycanın dostu olan italyan xalqı, o cümlədən, mətbuat vasitəsilə də baş verənlər barədə məlumatlandırılmalıdır və 2018-ci ildə ATƏT-ə sədrlik edəcək İtaliya hökuməti sülh yolunun axtarılmasında fəal iştirak etməlidir”.

Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının nümayəndəsi Ramona Manesku isə bildirib ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumu BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinin tələblərinə tamamilə ziddir: “Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan və qumbaraatanlardan hücumu qətiyyətlə pisləyirəm. Bu hücum, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasına və ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılmasına çağıran BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinin tələblərinə tamamilə ziddir”.

R.Manesku qeyd edib ki, daha çox narahatlıq doğuran fakt odur ki, hadisə baş verən ərazi Dağlıq Qarabağın işğal altında olan hissəsi yox, Azərbaycanın digər ərazisidir: “İstənilən beynəlxalq və ya milli qanunvericiliyə görə, yolverilməzdir ki, bir ölkənin dinc vətəndaşları öz doğma torpağında başqa ölkənin silahlı qüvvələri tərəfindən qətlə yetirilsin”.

Avropa Parlamentinin deputatı əlavə edib ki, diplomatik həllin axtarışına neçə illər göstərilən səylərdən sonra bu uzunmüddətli münaqişə, daha çox problem və itkilərə səbəb olaraq artıq bütün Qafqaz regionu üçün ən böyük qeyri-sabitlik amilidir: “Münaqişənin yeni və toxunulmamış ərazilərə keçməsi yolverilməzdir”.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmaq üçün Sarkisyan rejimi tərəfindən məqsədli şəkildə atılan addımlardır. Alxanlıda erməni silahlı birləşmələrinin növbəti dəfə Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi bir daha sübut edir ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid rolunu oynayır.

Ona görə də, dünya gücləri, beynəlxalq birlik ölkələri münaqişənin tezliklə həll olunması üçün işğalçı Ermənistana qarşı sərt addımlar atmadığı təqdirdə Azərbaycan tərəfi münaqişənin həlli üçün digər vasitələrə əl atacaq. Bu zaman isə bütün məsuliyyət yalnız təcavüzkar Ermənistan dövlətinin üzərinə düşür.

Ceyhun ABASOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory