Prezident İlham Əliyev avqust ayında 7 rayona səfər edib

Bu rayonların sosial-iqtisadi inkişafı ilə bağlı 10 sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan 35,89 milyon manat vəsait ayrılıb

Bu gün Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, həm də sosial dövlətdir. Ölkəmizdə sosial məsələ daim diqqət mərkəzində saxlanılır. Təkcə 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizinin məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulması bunun bir daha təsdiqidir.

“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipini əsas götürən Prezident İlham Əliyevin ötən 14 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar, fərmanlar, yeni islahatlar dövlət başçısının daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərir.
Azərbaycanda sosial müdafiə dövlət siyasətinin prioritetidir. Bunu Prezident İlham Əliyev belə dəyərləndirib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatların, regionların sürətli inkişafı istiqamətində görülən tədbirlərin və dövlət proqramlarının icrasının nəticəsi göz önündədir. Regionların inkişafı, bölgələrdə sosial infrastrukturun yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması – bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir.
Dövlət başçısının özünəməxsus dinamizmlə gerçəkləşdirdiyi siyasət hesabına ölkə həyatında müşahidə olunan davamlı yüksəliş respublikanın pozitiv inkişafını müəyyənləşdirən statistik göstəricilərdə də qabarıq təsdiqini tapır. Proqramların icra vəziyyətini diqqət mərkəzində saxlayan dövlət başçısı mütəmadi olaraq regionlara səfərlər edərək görülən işlərlə əyani tanış olur, lazımi tapşırıq və tövsiyələrini verir. Bunun nəticəsi kimi, regionların inkişafı prosesinin sürətləndirilməsi məqsədinə hesablanmış əlavə sərəncamlar imzalayır.
Dövlət başçısı avqust ayında 7 rayona səfər edib. Qax, Zaqatala, Balakən, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərlər zamanı görülən işlərlə tanışlıq, geniş müşavirənin keçirilməsi, bir çox sosial obyektlərin açılışı və ardınca bu rayonların sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan sərəncamlar bunun əyani sübutudur.
Dövlət başçısı şimal-qərb bölgəsinə səfərindən sonra Balakən, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və digər sosial layihələrin icrası ilə bağlı ümumilikdə 6 sərəncam imzalayıb.
Prezidentin imzaladığı 2 sərəncama əsasən Balakən və Zaqatala rayonlarında yol infrastrukturunun tikintisinə ümumilikdə 11,9 milyon manat vəsait ayrılıb. Bunlar 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolu (3 milyon manat) və 23 üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yoludur (8,9 milyon manat).
Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikilməsi, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işləri və çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi üçün hər birinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalanıb. Dövlət başçısının digər sərəncamına əsasən, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə 2,99 milyon manat ayrılıb.
Qərb bölgəsinə səfərindən sonra Prezident İlham Əliyev abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də sərəncamlar imzalayıb. Bu sərəncamlara əsasən Şəmkir, Gədəbəy, Samux və Göygöl rayonlarında abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4 rayonun icra hakimiyyətlərinə (hər rayon üçün 3 milyon manat) ümumilikdə 12 milyon manat vəsait ayrılıb.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə həyata keçirilən siyasət inkişafın mahiyyət etibarilə yeni – Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb. Son 14 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edib. Regionlarda iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ötən dövrdə imzaladığı sənədlərin icra vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edən dövlət başçısının prezidentlik fəaliyyətinin üstün istiqamətləri kimi dəyərləndirilir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulub.

Rəşad BAXŞƏLİYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 43
  • 1,300
  • 4,180
ILK-10 Azeri Website Directory