Ən yeni tariximizin dinamik inkişaf mərhələsi

Doğma Azərbaycan min illiklər, əsrlər, qərinələr keçərək bu günümüzə gəlib çıxmışdır. Keçdiyi yol məhrumiyyətli, məşəqqətli olmaqla yanaşı, şərəfli və şan-şöhrətlidir. Övladları qəsbkarlara, yadelli işğalçılara qarşı həmişə mərdliklə mübarizə aparmış, Vətən, azadlıq yolunda canlarını əsirgəməmişlər. Onlar tariximizin şanlı səhifələrini bəzəməklə yetişən gənc nəsillərə örnəkdirlər. Bu mənada ən yeni tariximiz də öz ibrətamiz hadisələri, inkişaf mərhələləri ilə zəngindir.

Keçən əsrin 90-cı illəri ölkəmiz və xalqımız üçün sınaq dövrü oldu. Məlum hadisələr hamının xatirindədir. Azərbaycan “olum ya ölüm” dilemması qarşısında idi. Ölkə sükansız gəmini xatırladırdı.

Həm xarici müdaxilə, həm ölkədaxili qarşıdurmalar, xaos, özbaşınalıq, iqtisadi tənəzzül, xalqın haqq səsinin eşidilməməsi kimi hallar baş alıb gedirdi. Bu dəfə də haqq, ədalət zəfər çaldı. Xalq öz sözünü dedi. Tarixin sınaqlarından mərdliklə, cəsarətlə çıxan Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi. Bu böyük tarixi şəxsiyyətin gərgin əməyi, uzaqgörən siyasəti, polad iradəsi ilə cəbhədə atəşkəs əldə edildi, ölkəmizi məhvə sürükləyən xarici və daxili qüvvələr neytrallaşdırıldı, “Əsrin müqaviləsi” imzalandı, ölkədə mühüm islahatlar, ö cümlədən torpaq islahatı həyata keçirildi. Bütün bunlar iqtisadi cəhətdən də iflic vəziyyətinə düşən respublikamızı fəlakət burulğanından xilas etdi. Xarici ölkələrin sərmayədarları, iş adamları yaranan sabitliyi görərək ilk olaraq neft istehsalı, onun ixracı sahələrinə yatırımlar qoymağa başladılar. Gələcək nəsillər tarixin bu dönəmini oxuyub öyrənərkən ümummilli lider Heydər Əliyev dahiliyinin şahidlərinə çevriləcəklər.
Ulu öndərin ömrünün sonlarında dediyi “Mən İlham Əliyevə özüm qədər inanıram. Əminəm ki, sizinlə başladığımız işləri o, axıra çatdıracaqdır” sözləri sonradan öz təsdiqini tapdı. 15 oktyabr 2003-cü ildə xalqın əksər səs çoxluğu ilə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Yada salmaq lazımdır ki, həmin dövr Azərbaycanın iqtisadi durumu böhran vəziyyətindən çıxsa da, istənilən səviyyədə deyildi. Keçmişdə mövcud olanların yerində yeniləri hələ tam yaradılmamışdı. Odur ki, bütün işlərə sərmayə lazım idi. Bu, dövlət başçısının məqsədyönlü, düşünülmüş siyasəti ilə həllini tapdı. 2004-cü ildən neftdən ilk gəlirlər ölkəmizə daxil olmağa başladı. Bu isə illərlə qeyd etdiyimiz problemlərin həllinə şərait yaratdı.

Dövlət proqramları inkişafın lokomotivi oldu

2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edildi. Bu, ölkəmizin həyatında dönüş nöqtəsi olmaqla insanların sabaha inamını artırdı. Yaxşı yadımdadır, 2002-ci ilin oktyabr ayında adı dillər əzbəri olan Lənkərana getmişdim. Əvvəllər – sovetlər zamanında da qədim diyarda bir neçə dəfə olmuşdum. Lakin bu gəlişində Lənkəran gözlərimə o qədər də yaxşı görünmədi. Çala-çuxurlu yollarla avtomobillər yavaş sürətlə, çətinlik çəkəcək hərəkət edirdilər. Gərginlik zəif olduğundan lampalar közərirdi. Hətta belə işığın özü şəhərə gün ərzində fasilələrlə verilirdi.
Amma çox keçmədi ki, regionların sosial-iqtisadi inkişafı I Dövlət Proqramının icrası ilə bağlı vəziyyət nəinki ildən-ilə, hətta aydan-aya yaxşılaşmağa başladı. Neftdən gələn gəlirlər ilk növbədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, ordu quruculuğunun gücləndirilməsinə, ucqar dağ rayonlarına gedən yolların yenidən qurulmasına, həmin yerlərə təbii qazın verilməsinə, əməkhaqlarının, pensiya və müavinətlərin artırılmasına, yeni məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikilməsinə yönəldildi. 2006-cı ildə Lerik və Yardımlı rayonlarına gedən magistral şose yolları əsaslı şəkildə yenidən quruldu. Burada yerli əhalinin əsrlər boyu ürəyində bəslədiyi taleyüklü mühüm bir məsələ öz həllini tapdı: hər iki rayonun mərkəzinə təbii qaz xətti çəkildi, hər bir evdə “mavi alov” şölələndi. İnsanlar bunu böyük bir bayram kimi qeyd etdilər. Həmin vaxt Astarada 90 meqavatlıq modul tipli elektrik stansiyası, qaz kompressor qurğusu bölgənin işıq və təbii qaz təminatında əsaslı dönüş yaratdı.
2009 – 2013-cü illər üçün qəbul edilən II Dövlət Proqramı çərçivəsində tikinti-quruculuq, abadlıq işləri daha da sürətləndirildi. Lənkəranda, Astarada, Masallıda, Cəlilabadda, Biləsuvarda, Salyanda, Şirvan şəhərində olimpiya idman kompleksləri tikilib gənclərin ixtiyarına verildi. Lənkəran, Cəlilabad, Şirvan şəhərlərində müalicə diaqnostika mərkəzləri inşa olundu və onlar hər cür müasir tibbi avadanlıqlarla təchiz edildi. Cənub bölgəsi üzrə ilk açıq ürək əməliyyatı Lənkərandakı bu müalicə ocağında həyata keçirildi. Bu şəhərdə tikilən beynəlxalq hava limanı bölgə əhalisinin işini daha da yüngülləşdirdi. Onlar Rusiya Federasiyasının müxtəlif şəhərlərinə buradan uçmaq imkanı əldən etdilər. Bölgənin ayrı-ayrı rayonlarında müxtəlif layihələr həyata keçirildi və bu iş günümüzdə də yeni müstəvidə davam və inkişaf etdirilməkdədir.
Deyildiyi kimi, qəbul edilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində respublikamızda 30 elektrik stansiyası tikilmişdir. Bunların sırasında bir neçə il bundan öncə istifadəyə verilən Cənub Elektrik Stansiyası və digər stansiyalar da var. Bu stansiyalar, məlumdur ki, enerji hasil edir. Enerji isə ölkənin gücü deməkdir. Məhz bu gücün vasitəsilə nəhəng mühərriklər, qurğular hərəkətə gəlib ölkə iqtisadiyyatını yaşadır, respublikamızın dinamik inkişafını təmin edir. İndi hər bir ev, mənzil, müəssisə, sosial obyekt fasiləsiz elektrik enerjisi alır. Qürurverici haldır ki, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.
Müstəqillik əldə etdiyimiz son 26 ildə respublikamızda 3 mindən çox məktəb, 600-dən çox müalicə ocağı, 60-dan yuxarı idman olimpiya kompleksləri tikilmiş, 11 min kilometrdən çox magistral və kəndlərarası yollar çəkilmişdir. Bu obyektlərin təməlinin qoyulmasında və onların istifadəyə verilməsində ölkə rəhbəri İlham Əliyev şəxsən iştirak etmişdir. Həyata keçirilən tədbirlərin hər biri öz nəticəsini verməkdədir.
2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları respublikamızda keçirildi. Həmin yarışlarda, eləcə də digər ölkələrdə keçirilən tədbirlərdə idmançılarımız respublikamızın şərəfini ləyaqətlə qoruyaraq bayrağımızın ən yüksək pillədə dalğalanması, himnimizin səslənməsi üçün əzmlə mübarizə aparmışlar. Respublikamız beynəlxalq aləmdə artıq idman ölkəsi kimi tanınır.
Mədəniyyət sahəsinin tədbirlərini də bu sıraya qatmaq olar. Tarixi abidələrimiz, mədəniyyətimizin, ədəbiyyatımızın ayrı-ayrı nümunələri UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Dediyimiz məsələlərin reallaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da əməyi böyükdür. Şübhəsiz, bunların hamısını bir qəzet məqaləsinə sığışdırmaq mümkün deyildir.

Zamanın tələbindən doğan strategiya

Zaman tarixin müəyyən dövrü, hissəsidir. Hər bir dövrün öz tələbləri, vəzifələri olur. Müdrik, ağıllı adamlar isə keçmişi, bu günü dərindən bilməklə yaxın, hətta uzaq gələcəyin tələblərini əvvəlcədən müəyyənləşdirmək bacarığına malik olurlar. Bir neçə il bundan öncə Avropa ölkələrini iqtisadi böhran bürüdü, onlar müəyyən çətinliklərlə qarşılaşdılar. Bir müddətdən sonra dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində bu təsir respublikamızdan da yan keçmədi. Yaranan vəziyyətdən necə çıxmalı sualı yarandı. İqtisadi tarazlığın pozulmasının qarşısının alınması üçün respublika Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş, ölçülüb-biçilmiş strategiya hazırlandı. Bu, mövcud imkanlardan maksimum dərəcədə istifadə etməklə kənd təsərrüfatının sürətli inkişafına nail olmaq, xarici ölkələrə axan valyutanın qarşısını almaq, ölkə əhalisini daha keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək, yeni iş yerləri açmaq, beynəlxalq bazara rəqabətədavamlı məhsullar çıxarmaqdan ibarətdir. Bunlarla əlaqədar ardıcıllıqla tədbirlər görülməkdədir. İstifadəsiz torpaqlar əkin dövriyyəsinə cəlb edilir, suvarma işinin yaxşılaşdırılması üçün yeni kanallar çəkilir, mütərəqqi texnika və texnologiyaların tətbiqi üçün meydan açılır. Meliorativ cəhətdən yaxşılaşdırılan torpaqlarda aqroparklar yaradılır. Keçən il Saatlıda, bu ilin yazında Sabirabadda, bu yaxınlarda isə Qax rayonunda keçirilən müşavirədə Azərbaycan Prezidenti baramaçılıq, tütünçülük, fındıqçılıq və pambıqçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən ətraflı bəhs etmişdir. Qeyd olunmuşdur ki, həmin məhsullar ölkəmizin büdcəsinə valyuta gətirməklə bərabər, həm də yeni iş yerlərinin açılması, məşğulluğun artırılması deməkdir. Cari ildə Biləsuvarda 11 min 356, Neftçalada 11 min 111, Salyanda 7 min 56, Hacıqabulda 1203, Cəlilabadda isə 500 hektar sahədə pambıq əkilmişdir. Yazın soyuq keçməsi, çıxışın gecikməsi, becərmə zamanı bir sıra yerlərdə su qıtlığının olmasına baxmayaraq, sahələrdə bol məhsul yetişdirilir. Torpaq mülkiyyətçilərinin, fermerlərin bir çoxu hər hektardan 40-50 sentner pambıq götürməyi hədəf seçmişdir. Lənkəranda, Astarada çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin, baramaçılığın, Masallıda çayçılığın, bağçılığın, çəltikçiliyin, Cəlilabadda üzümçülüyün, kartofçuluğun, taxılçılığın, heyvandarlığın, Biləsuvarda, Salyanda, Neftçalada və Hacıqabulda pambıqçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün kompleks tədbirlər görülür. Bunlar isə hər kəsdə belə bir əminlik yaradır: çox yox, 2-3 ildən sonra biz görülən işlərin real nəticələrini hiss edəcəyik. Yaranan məhsul bolluğu hər kəsin həyatına öz müsbət təsirini göstərəcək.
Respublikamızda şəhər, qəsəbə və kəndlərin qazla təmin olunması işi 93 faiz civarında həllini tapmışdır. Regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramı çərçivəsində qalan kəndlərimizdə qazlaşma işi davam etdirilir. Bu il icrası nəzərdə tutulmuş yol çəkilişi layihəsində cənub bölgəsinin də qəsəbə və kəndlərinin asfaltlaşdırılması nəzərdə tutulub. Ələt-Astara magistral şose yolunda isə qızğın iş gedir.

Bolluq və firavanlığa aparan yol

Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı qəbul edilən dövlət proqramları, görülən tədbirlər nədənsə mənə açılan pəncərə təsiri bağışlayır. Pəncərədən otağa günəş işığı düşür. Bu isə insanları əməyə, qurub-yaratmağa ruhlandırır.
İndi respublikamızda kənd təsərrüfatının, istehsalın ayrı-ayrı sahələrinin inkişafı üçün geniş imkanlar açılmışdır. Kəndli, fermer məhsul yetişdirməklə ölkənin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. Yetişdirilən “ağ qızıl” zavodda mahlıc halına salındıqdan sonra fabrikə göndəriləcəkdir. Mingəçevir şəhərindəki toxuculuq kombinatında bu mahlıcdan yüksək keyfiyyətli parçalar toxunacaqdır. Beləliklə, lazım olan parçaları daha xarici ölkələrdən almağa ehtiyac qalmayacaqdır. Bu, eyni zamanda, yüzlərlə, minlərlə şəhər əhalisinin toxuculuq fabriklərinin yerləşdiyi müəssisələrdə işlə təmin olunmasına imkan verəcəkdir. Ölkəmizdə hər kəs öz istehsalımız olan, ekoloji cəhətdən təmiz ərzaq və geyim mallarını alacaqdır. Bu isə hər bir müstəqil ölkənin özünü təsdiq edən şərtlərdəndir.

Seyran CAVADOV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory