El bir olanda…

Son aylar respublikamızın ərazisində çoxsaylı meşə yanğınlarının baş verməsi haqqında tez-tez məlumatlar alırıq. Bunun obyektiv və ya subyektiv səbəblərdən baş verməsinin araşdırılması heç şübhəsiz ki, daha çox hüquq-mühafizə orqanlarının üzərinə düşür.

Meşə yanğınları haqqında verilən məlumatlara onsuz da öyrəncəli olan insanlar yəqin ki, ilk baxışdan bu məqaləyə səthi də yanaşa bilərlər. Əslində isə burada fərqli bir məqama toxunmağa çalışmışıq.

Çətin anda, ağır gündə bu məkanda yaşayan insanların milliyyətindən, hansı etnik toplumu təmsil etməsindən asılı olmayaraq el birliyi ilə bərabər hərəkət etmələrinə ayna tutmaq istədik.

2017-ci ilin 24 sentyabr tarixi Zaqatala sakinlərinin yadından yəqin ki, uzun müddət silinməyəcək. Həmin vaxt istirahət günü olmasına baxmayaraq saat 18.13 radələrində rayonun bütün aidiyyəti strukturlarına məlumat daxil olur: Böyük Qafqaz sıra dağlarının ətəyində, Yuxarı Tala kəndinin üst hissəsində, Pərzivan adlanan ərazidəki əsasən kol-kosdan ibarət olan dağlıq hissədə güclü yanğın başlayıb. Operativ və ciddi tədbir görülməyəcəyi təqdirdə, yanğının coğrafiyası genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçə bilər. Bu halda isə onun qarşısını almaq heç də asan olmayacaq.

Həyəcan siqnalının daxil olması ilə rayon icra hakimiyyətinin rəhbər şəxsləri başda Mübariz Əhmədzadə olmaqla bütün aidiyyəti strukturlar hadisənin baş verdiyi əraziyə tələsirlər. Az müddət ərzində yanğını lokallaşdırmaq üçün ətrafdakı kəndlərin sakinləri də daxil olmaqla təxminən 1500 nəfərdən çox insan səfərbər olur.

Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov hadisə ilə bağlı sualımıza cavab olaraq  dedi: “Yanğın hadisəsi haqqında məlumat daxil olan kimi bütün rayon fəallarının, o cümlədən yerli sakinlərin birgə hərəkət etməsi sevindirici hal idi. Yanğınsöndürənlər də vaxtında hadisəyə reaksiya vermişdilər. Lakin yanğının baş verdiyi ərazinin sıldırım qayalıqlardan ibarət olması, əsən güclü külək, relyefin texnikanın alovu söndürmək üçün hadisə yerinə qalxmasını məhdudlaşdırması narahatlığı daha da artırırdı.”

Yeganə çıxış yolu vəziyyətə uyğun hərəkət etmək idi. Beləliklə də yanğınsöndürmə maşınlarının su boruları çatan məsafəsindən insanlar sıralama ilə dayanaraq vedrə və konisterlərlə bir-birinə ötürdükləri suyu tökərək yanğını ram etməyə çalışırlar. Sıldırım qayalar, gecənin qaranlığı, alovun istisi, acı tüstü  onlar  üçün nə qədər çətinlik törətsə belə, nəhayət, insanlar istəklərinə çatıblar. Təxminən gecə saat 23.45 radələrində hündürlükdə yerləşən ərazidə baş verən yanğın lokallaşdırılıb. Beləliklə də yanğının genişlənmə ehtimalı xeyli azalıb.  25 sentyabr tarixində, səhər saat 06.45 radələrində isə alov tam söndürülüb.

Həmin gecə rayon mərkəzi xəstəxanasının kollektivi də operativlik göstərərək təkcə vəzifə deyil, həm də vətəndaşlıq borclarını layiqincə yerinə yetirib. Baş həkim Məcid Əliyev deyir ki, hadisə haqqında məlumat daxil olan kimi təcili yardım briqadaları hazırlıq vəziyyətinə gətirilib. Bütün tibbi ləvazimatlarla yanaşı, yanğın baş verən ərazidə çoxlu sayda zəhərli ilanların olması nəzərə alınaraq zərdab ehtiyatı da götürülüb. Əlavə personal isə yanğının söndürülməsində aidiyyəti strukturlar və sakinlərlə birlikdə iştirak ediblər.

Müsahibimiz deyir ki, həmin anlar sözün əsl mənasında, həyəcanlı olmaqla yanaşı, həm də qürurverici olub. İstənilən qorxu və həyəcanı aşaraq alovun üstünə gedən bu insanlar hərəkətləri ilə öz el-obalarına, qoynunda  yuva qurduqları təbiətə qanları, canları ilə bağlı olmalarını bir daha isbatlayıblar.

M.Əliyev rastlaşdığı bir məqamın üzərində xüsusi olaraq dayanır: “Kənd sakinlərindən iki nəfər alovu söndürərkən xəsarət aldığı üçün təcili şəkildə onlara tibbi yardım göstərdik. Onlar yenidən dağa – hadisə yerinə qalxmaq istədiklərini deyərkən dincəlmələrini məsləhət görsək də, hər ikisi heç nəyə baxmadan təkrar gəldikləri yerə qayıtdılar. Ümumilikdə isə bütün insanların ürəklə yanğının genişlənməsinin qarşısını almağa cəhd etmələri tamamilə fərqli bir duyğu olmaqla  yanaşı, eyni zamanda, ən gözəl vətənpərvərlik nümunəsi idi.”

Qeyd olunanlardan gəldiyimiz nəticə ondan ibarətdir ki, həqiqətən də el bir olanda, insanlar kürək-kürəyə dayanıb bir-birinə dəstək verəndə istənilən maneəni dəf etmək mümkündür. Müdriklərimizin dediyi kimi: “El bir olsa, dağ oynadar yerindən, el bir olsa, zərbi kərən sındırar.”

Əli SƏLİMOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory