Klassiklərin yaşı

XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİ BİR DAHA EHTİRAMLA XATIRLARKƏN DÜŞÜNDÜKLƏRİM

Klassiklərin yaşı<b style="color:red"></b>

Nizaməddin ŞƏMSİZADƏ
Professor

Klassiklər adi adamlara bənzəməzlər. Onların bir olum yaşı var, bir də ölüm yaşı. Olum yaşı bu fani dünyaya gəldiyi gündən yaşadığı günlər, aylar və illər boyu etdiyi əməllər, yaratdığı əsərlərlə ölçülür. Ölüm yaşı isə bu fani dünyadan torpağın üstündən altına köçdüyü andan hesablanır. Klassiklər millətə və Allaha yaxın adamlardır. 
Dahi Nizami Gəncəvi əbəs yerə deməyib: “Əvvəl peyğəmbərlər, sonra şairlər gəlirlər…” Peyğəmbərlər vəhylə, dahilər-klassiklər fəhmlə kainatı dərk edirlər. Dahi M.Füzuli demirdi ki, məni dərk et, deyirdi ki, “fəhm qıl”.

Klassiklər məhz fəhmlə yaşayıb yaradırlar. Fəhm idrakın gücü tükənən yerdən başlanır. Klassikin ölüm yaşı onun ömür yaşından qat-qat böyükdür. Ömür yaşı 80-90, az-az hallarda 100 ola bilər. Ölüm yaşının hüdudları bəlli deyil. O, əbədiyyətə qədər uzana bilər. Ölüm yaşını uzadan klassikin əsərlərində toplanmış qəlb enerjisidir: Homerin, Firdovsinin, Nizaminin, Nəvainin, Füzulinin, Şekspirin… ölüm yaşı nə qədərdir: bir era, min il, doqquz yüz il, beş yüz il… “İliada”, “Şahnamə”, “Xəmsə”, “Leyli və Məcnun” əbədiyyət dastanlarıdır.

Bizə yaxın epoxolarda əsərlərini fəhmlə yazan “sözə ehya verən” (M.Füzuli) şəxsiyyətini iblisə təslim etməyən, əbədini ötəridən ayırmasını bacaran klassiklər var: Mirzə Cəlil, Sabir, C.Hacıbəyli, H.Cavid, C.Cabbarlı, S.Vurğun və İlyas Əfəndiyev… İ.Əfəndiyevin ölümünün 21 yaşı var. O, 21 ildir ki, əbədiyyətə yol gedir. Onun hara getdiyini əsərləri bizə nişan verir. Əsərləri də onun ardınca gedir. Azərbaycan ədəbiyyatına misilsiz bədii-fəlsəfi töhfə olan 22 pyes, 7 roman, 10 povest və bu janrın bənzərsiz nümunələri olan onlarla hekayə, xatirə və məqalə… İlyas Əfəndiyevin min illik yazı ənənələri olan ədəbiyyatımızın ən kamil bədii-fəlsəfi örnəkləri üzərində bərqərar olur. Onun ədəbi-tarixi mövqeyinə ən doğru, sanballı qiyməti dünyanın böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyev verib: “İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəminində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə səmərəli təsir göstərmişdir. Azərbaycan teatr sənətinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus əhəmiyyətli yer tutur”.

İlyas Əfəndiyev ədəbi-bədii ənənələri dirildən, onlara öz parlaq istedından can verən və yaşadan sənətkar idi. Onun yaradıcılığında, xüsusən hekayə və romanlarında orta əsrlərdən, dahi Fizulidən gəlmə bir romantika var. Azərbaycan tənqidi və ədəbi-nəzəri fikri İlyas Əfəndiyevi yeni ədəbi mərhələnin və onun əsas poetik göstəricisi olan lirik-psixoloji üslubun banisidir. Ədibin 60-cı illərin nəsrinə yol açmış lirik-psixoloji üslubun genetik mənşəyində Füzuli romantikası dayanır. Digər tərəfdən İlyas Əfəndiyev mənəvi-əxlaqi axtarışlar nəsrinin və dramaturgiyasının qəhrəmanları mənəvi-əxlaqi gücünü dahi Nizaminin “kamil insan” konsepsiyasından, hürufilərin “kamil insan-cahil insan” fəlsəfəsindən almışdır. Sözümün məğzi budur ki, İlyas Əfəndiyev çoxəsrlik Azərbaycan mədəniyyətinin bədii-mənəvi enerjisini qalmaqallı XX əsrdə yeni tarixi dövrün-sovet dövrünün siyasi ideoloji konyukturalarına məhəl qoymadan milli, tarixi zəmində yaşadan qüdrətli söz ustasıdır.

İlyas Əfəndiyev yazıçı və dramaturq kimi yazıb-yaratdığı 60 il ərzində heç vaxt zəmanəyə boyun əyməyib, həmişə şəxsiyyətinə, ilahi vergisi olan istedadına, titanik zəhmətinə və həqiqi tarixə güvənib. İlyas müəllim öz ilhamının təbiətinə heç vaxt xəyanət etməyib. 20-30-cu illərdə sovet dövlətinin dəvəti ilə Bakıya gəlib Pedaqoji universitetdə dərs deyən böyük türk alimi və şairi İsmayıl Hikmət Ərtaylan yazırdı: “İlham pərisinin büllur gərdəninə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular”. 60 illik möhtəşəm yaradıcılıq dövründə, totalitar sovet rejiminin qanlı repressiyalar törətdiyi dövrdə cəsarətli Azərbaycan-türk yazıçısı İlyas Əfəndiyev ilham pərisini ilahi əmanət kimi qoruyub saxladı, bolşevizmin istibdad zəncirini onun büllur gərdəninə salınmağa imkan vermədi. Müasirləri kommunizmi mədh edəndə şəxsiyyətinə və millətinə sadiq qaldı. Ona görə də onun adı və irsi əbədiyaşarlılıq qazandı.

İlyas Əfəndiyev əsərlərinin baş mövzusu vətəni Azərbaycanın azadlığı, estetik idealı istiqlalçılıq idi: bunun üçün ədibin “Mahnı dağlarda qaldı”, ” Xurşudbanu Natəvan”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı” əsərlərini oxumaq, və yaxud teatrda tamaşa etmək kifayətdir. İlyas Əfəndiyev infarkt keçirmiş ürək kimi parça-parça olmuş Azərbaycanı bütöv görmək istəyirdi: bunun üçün mühacirət mövzusunda yazılmış “Tənha iydə ağacı” pyesinə baxmaq, “Qaçaq Süleymanın ölümü” povestini, “Üçatılan” romanını, bioqrafik hekayələrini oxumaq kifayətdir. İlyas Əfəndiyev tarixdən yazır, tarixə güvənir və tarix yaradırdı. O, bilirdi ki, “ədəbiyyat xalqın tarixinin mühüm bir tərəfidir” (V.Beliniski). Hər bir xalq öz tarixini yaradır, onunla yaşayır. Klassik yazıçı üçün tarix təkcə mövzu deyil, həqiqətin meyarı, milli varlığın hüdudlarıdır. İ.Əfəndiyevin əsərlərində – “Mahnı Dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Xurşudbanu Natəvan” və digər pyeslərində, “Geriyə baxma qoca”, “Üçatılan” romanlarında, “Xan qızı Gülbəsərlə tarzən Sadıqcanın nağılı” , “Qaçaq Süleymanın ölümü” tarixi fakt və arxiv sənədi kimi öz xarakteri olan bədii obraz kimi iştirak edir.

İ.Əfəndiyev tarixin təcrübəsini də, yaradıcılıq təcrübəsini də bir müstəvidə birləşdirə bilirdi. O, nəzəri-tənqidi yazılarında ciddi yaradıcılıq problemləri qaldırır, yazıçı tənqidinin canlı və təsirli nümunələrini yaradırdı. Hələ 1955-ci ildə qələmə aldığı “Nəsrimizdə sənətkarlıq məsələləri” adlı məqaləsində yazırdı: “Sənətkarlıq məsələlərindən danışarkən nəsrimizdə kök salmış çox mühüm bir məqamı da qeyd etməliyik. Bu da uzunçuluqdan ibarətdir, mətləbi yersiz olaraq çəkib uzatmaq bizdə, demək olar ki, xəstə bir hal almışdır”. Bədii dəqiqlik üslubun məziyyəti, yığcam üslub yazıçının sənətkarlığının göstəricisidir. Nəsrdə uzunçuluq, söz israfçılığı, sözə hörmətsizlik sözü urvatdan salmaqdır. Sənətkar “Söz gözəlinin nazını çəkməyi” bacarmalıdır (M. Füzuli). İ.Əfəndiyev bədnam konfliktsizlik dövründə, bu nəzəriyyənin tüğyan etdiyi 50-ci illərin ortalarında ən çox əziyyət çəkən dramaturgiyadan bəhs edən “Müasir dramaturgiyamız” (1954) məqaləsində cəsarətlə yazırdı: “Bizim yaradıcılıq qüsurlarımızın çox hissəsi cəsarətsizliyimizdən, vasvasılığımızdan doğmuşdur. Dramaturgiyamızın həyatımızda olan saysız-hesabsız problemlərin çox zəif əks etdirməsinin mühüm səbəbləri vardır. Dramaturqlarımız həyatın çox dayaz yerlərində üzürlər, dərinliklərə, burulğanlı yerlərə baş vurmurlar. Konfliktlər, ziddiyyətlər isə adətən üzdə deyil, dərində olur. Onları bütün ağırlığı ilə üzə çıxarmaq dramaturqdan cəsarətlə bərabər güc və qüdrət də tələb edir”. Bu fikirləri o dövr üçün müəyyən mənada proqram xarakterli hesab etmək olar. Sovet dövründə sosializm realizminin ideoloji ruporu olan müsbət qəhrəmanın uğursuzluğunu İlyas müəllim “Yüksək sənət uğrunda” (1945) məqaləsində çox dəqiq ifadə edirdi: “O yerdə ki, oxucular qeyd etməyə başlayırlar ki, sən filan sözü qəhrəmana qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü itirməyə başlayır. Bizdə çox zaman müəlliflər adamları yaxşı-pis, mənfi-müsbət yerə ayırır. Onların təqsirləri qabaqcadan yazılıb boyunlarından asılır. Bizdə çox zaman mənfi qəhrəman bütün nöqsanlarına baxmayaraq, “müsbət qəhrəmandan üstün çıxır”. Çünki mənfi təbii, müsbət süni yolla yaradılır. Bu mülahizələr müsbət qəhrəmanı tənəzzülə uğradan səbəblər deyilmi?!”

İlyas Əfəndiyevin sənəti həmişə müasirdir, bütün zamanların və bütün nəsillərin suallarına cavab verə bilir, çünki klassik bir yazıçının təbii istedadından süzülür, arxasında cəsarətli bir şəxsiyyət dayanır. İlyas Əfəndiyevin əsərlərinin hər bir cümləsi onun ölüm yaşını əbədiyyətə aparır. Hələ neçə-neçə nəsillər mənəvi-əxlaqi kodeks kimi onları oxuyacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory