Yarım əsrin sərhədlərini aşan uğurlar

Yarım əsrin sərhədlərini aşan uğurlar<b style="color:red"></b>

1967-ci ildə yaradılmış Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bugünlərdə 50 yaşını qeyd edib.
Qurum fəaliyyətinə İçərişəhərdəki Karvansarayda başlayıb. Yarım əsr ərzində səmərəli fəaliyyət göstərən muzeyin əsas məqsədi musiqi irsimizin qorunması olub. Qurum həmçinin, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliği üzrə həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük işlər aparır. Muzeyin fondunda 55925 eksponat toplanıb. Bu eksponatlar içərisində milli, eləcə də dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri, nadir səs yazıları var.

Muzeyin ilk eksponatı bəstəkar Müslüm Maqomayevin opera müğənnisi Məmmədtağı Bağırova verdiyi qeyd vərəqəsidir. Muzey eksponatları əsas mövzu bölmələrini özündə birləşdirən, Azərbaycan musiqi tarixinə həsr olunan daimi sərgidə toplanıb.

Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından ibarətdir.

Arxiv-memuar fondunda məşhur bəstəkarların, musiqiçilərin, vokalistlərin, xanəndələrin, müğənnilərin, rəqqasların həyat və yaradıcılığına aid olan afişalar, məktublar, dəvətnamələr, əlyazmalar, teleqramlar, kitablar, sənədlər qorunub saxlanılır.

Foto-neqativ fondunda görkəmli musiqiçilərin fotoları və neqativləri qorunur.

Musiqi alətləri fondunda qorunan 277 musiqi alətindən 208-i Azərbaycan, 69-u isə xarici musiqi alətidir. Burada Azərbaycanın musiqi xadimlərindən Xan Şuşinski, Səid Rüstəmov, Hüseyn Saraclı, Həbib Bayramov və başqalarına məxsus musiqi alətləri var. Fondda həmçinin, qədim musiqi alətləri və dünya xalqları alətlərinin replikaları da nümayiş olunur.

Fonotekada 1733 val qorunur. Bundan əlavə, 379 audio lent yazısı və 189 CD var. Sözügedən materiallar XX əsrin əvvələrindən XXI əsrə qədərki dövrü əhatə edir.

Eskiz-maket fondunda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Həsən Haqverdiyev, Elturan Avalov, İsmayıl Məmmədov və başqa məşhur rəssamların əsər və eskizləri var.

Müəllif not əlyazmaları fondunda Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Tofiq Quliyev, Şövkət Ələkbərova, Vaqif Mustafazadə və başqalarının əlyazmaları saxlanılır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 13 oktyabr 2010-cu il tarixli sərəncamı ilə muzeyin nəzdində Musiqi alətləri dövlət kolleksiyası yaradılıb. Nazirlik tərəfindən kolleksiyaya 10 skripka, 10 skripka kamanı, 4 violonçel, 1 violonçel kamanı, 3 alt kamanı təqdim edilib.

Muzeyin hazırda 3 filialı – maestro Niyazi və cazmen Vaqif Mustafazadənin ev muzeyi, Xalq çalğı alətləri daimi sərgisi fəaliyyət göstərir. 4-cü filial – Qara Qarayevin ev muzeyi hazırlıq ərəfəsindədir.

Muzeyin ən böyük ekspozisiya sahəsi və eksponant sayına malik filialı görkəmli dirijor və bəstəkar Maestro Niyazinin ev muzeyidir. Muzey 1994-cü ildə açılıb. Maestro bu mənzildə 1958-ci ildən həyatının sonuna qədər yaşayıb. Ev muzeyi 5 otaqdan ibarətdir, bunlardan 3-ü memorial otaqlardır. Digər 2 otaq isə ekspozisiya və qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları, afişalar, proqramlar eksponatlar nümayiş olunur. Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən şəkillər, müxtəlif illərdə maestroya bağışlanan və muzey tərəfindən əldə olunan rəngkarlıq nümunələri nümayiş etdirilir.

Ev muzeyində Niyazinin 120 not əlyazması, 2746 fotoşəkil, dirijorun şəxsi kitabxanasında olan 486 kitab və notlar, 279 qramval, digər bəstəkarların 5 əlyazması kimi dəyərli eksponatlar saxlanılır.

Vaqif Mustafazadənin ev muzeyi 1989-cu ildən bəri fəaliyyət göstərir. Üç otaqdan ibarət olan mənzil-muzeydə V.Mustafazadənin həyat və yaradıcılığından, eləcə də uşaqlıq illərindən bəhs edən 1214 eksponat qorunur.

1987-ci ildən fəaliyyət göstərən Xalq çalğı alətləri daimi sərgisi ekspozisiyasının başlıca məqsədi məişət ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə də milli mədəniyyətin ümumi tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.

Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. 1-ci otaqda arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların üzərində olan təsvirlərdə, XIII-XIV əsrlərdə yaşayan azərbaycanlı alimlərin musiqi haqqında traktatlarında, ədəbiyyat və memarlıq abidələrində, orta əsr rəssamlarının miniatürlərində öz əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir, qədim musiqi alətlərinin replikaları və müasir musiqi alətləri nümayiş olunur.

Ekspozisiyanın sonrakı bölməsi görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr olunub. Eyni zamanda, burada ustadın həyatı boyu topladığı Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir. Digər bölmədə Azərbaycan instrumental ifaçılıq məktəbinin inkişaf tarixi öz əksini tapıb.

1996-cı ildən etibarən muzeyin nəzdində “Qədim Musiqi Alətləri Ansamblı” fəaliyyət göstərir. 14 nəfər musiqiçini özündə birləşdirən ansamblın bənzərsizliyi ondadır ki, orta əsrlərdə istifadə olunub, sonralar tədricən unudulan musiqi alətlərində XIV əsr musiqisi, həmçinin, xalq mahnıları ifa edilir. Böyük səy və ustalıqla, ilk dəfə olaraq bərpa edilən çəng, bərbət, rud, çəqanə, səntur, setar, rübab və qopuz kimi musiqi alətlərini görmək və dinləmək mümkündür. Ansambl həmçinin, Azərbaycanı xaricdə də uğurla təmsil edir. 2002-ci ildə UNESCO-nun Paris iqamətgahında keçirilən “Voix et Rout Romane” festivalında, Almatıda (2003), Düşənbədə (2005) keçirilən “Ürəyin səsləri” festivalında və İstanbulda İslam ölkələri mədəniyyəti həftəsi çərçivəsində təşkil olunan proqramda uğurlu çıxışları olub.

Muzey ölkə və beynəlxalq elm aləmində fəal iştirak edir. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY ilə birlikdə “Türk xalqlarının musiqi alətləri” beynəlxalq elmi simpoziumunu keçirib. Bu, Azərbaycanda ilk dəfə olaraq musiqidə türk birliyi haqqında beynəlxalq forum idi.
2012-ci ildən bəri isə “İntermuzey” beynəlxalq festivalında iştirak edən yeganə muzeyimizdir. Eyni zamanda, qurum 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM), 2010-cu ildən Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası Beynəlxalq Komitəsinin, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsi (SIMCIM) İdarə Heyətinin, Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM), Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının (WMA) üzvüdür. Muzey “Google” şirkəti ilə birgə “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi”, “Azərbaycan xalq musiqisi”, “Azərbaycan bəstəkarlıq məktəbi” sərgiləri hazırlayıb. Hazırda isə “Qara Qarayev” sərgisinin üzərində iş aparılır.

Muzey xaricdə Azərbaycan musiqisinə dair saxlanılan sənədlərin surətini ölkəmizə gətirmək üçün çalışır. Bir neçə il əvvəl qurum Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunda fonoqram arxivdən sənədlər əldə edib. Burada 1920-1930-cu illərdə yazılan xalq mahnıları, musiqilər, eyni zamanda Zəngəzur mahalı və Ermənistanla sərhəd rayonların əhalisinin folkloru toplanıb. Bu arxivdəki sənədlərin surəti nazirliyin dəstəyi ilə ölkəmizə gətirilib.

Muzey yubileyində böyük bəstəkar Qara Qarayevin Moskva və Sankt-Peterburq arxivlərindən aşkara çıxarılan teatr tamaşalarına yazdığı əsərlərdən bəzi fraqmentləri təqdim edib.

Muzeyin direktoru Alla Bayramova bu ilin yazında nazirlik tərəfindən Rusiya Ədəbiyyat və İncəsənət Arxivinə ezam olunub. Orada Qara Qarayevin arxivini araşdırıb. Arxiv böyük olduğu üçün bu işin davam etdirilməsi qərara alınıb. Arxivdə Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı aşkarlanıb və onların surəti Azərbaycana gətirilib. Bu əsərlər haqqında kitablarda qeyd olunsa da, həmin əsərlər heç vaxt səsləndirilməyib.

Hazırda muzeyin 69 əməkdaşı var. Onlardan 7 nəfəri fəxri ad alıb, 3 nəfərinsə elmi dərəcəsi var. Muzeyin 50 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə, muzeyin direktoru Alla Bayramova “Tərəqqi” medalı ilə təltif edilib. Bundan əlavə, muzeyin əməkdaşlarından Davud Abdullayev və Fəzilə Rəhimova Əməkdar artist adına layiq görülüb.

Xədicə RƏHMAN

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 76
  • 51
  • 1,083
  • 4,943
ILK-10 Azeri Website Directory