Qarabağ qeydləri: milli savaşımız haqqında “Mənim müharibəm”

Qarabağ qeydləri: milli savaşımız haqqında "Mənim müharibəm"<b style="color:red"></b>

Tanınmış yazıçı-publisist Nemət Veysəllinin Qarabağ hadisələrindən bəhs edən yeni kitabı “Mənim müharibəm (Gördüklərim, düşündüklərim və ağrılarım)” adlanır.

Məlum hadisələr başlayan zaman 50 yaşını adlayan N.Veysəlli könüllü olaraq ordu sıralarına yazılır. Hərbi komissarlıqdan onu yaşı keçdiyi üçün döyüşən orduda qulluq etməyə deyil, jurnalist peşəsinə uyğun yenicə yaranan “Azərbaycan Ordusu” qəzetində bölgə müxbiri kimi işə götürürlər. “Mənim müharibəm” kitabı N.Veysəllinin 1993-1999-cu illərdə hərbi jurnalist kimi qeydləri və gündəlikləri əsasında yazılıb.

Müəllif kitabda hər şeydən əvvəl qələmini hərbi jurnalist kimi bir daha sınayıb, Qarabağ müharibəsində gördüyü müxtəlif hadisələrə öz prizmasından yanaşıb, vətəndaş mövqeyini bildirib.

“Hamı onun yolunu gözləyirdi” yazısında müəllif o zamanlar ordumuzdakı pərakəndəliyi, vahid komanda ətrafında birləşmədən ayrı-ayrı dəstələr şəklində başıpozuq və dağınıq vəziyyətdə olduğunu müəyyən ştrix və detallarla açıb göstərir. 1993-cü ildə cəbhə bölgəsindəki insanlar Bakıdan gəlmiş yüksək vəzifəli şəxslərin yolunu gözləyir, rayonun düşdüyü çətin vəziyyətə bir çarə etməsi ümidi ilə narahatlıq keçirirdilər. Füzulidəki vəziyyətlə tanış olmağa gələn baş nazirin müavini cəbhədəki vəziyyətin olduqca gərgin olduğunu hissə komandirindən soruşur. Ondan mənfi cavab alması camaatda ruh düşgünlüyü yaradır. N.Veysəllinin burada gəldiyi qənaət odur ki, mərkəzdən gələn rəhbər işçilərin cəbhəyanı ərazidə camaata reallığa əsaslanmayan boş vəd verməkdənsə, əməli iş görərək orduya zəruri silah-sursat gətirmələri daha yaxşı olardı.

“Ağ atlı oğlan sorağında” adlı yazısında hərbi jurnalist Füzulinin Əhmədbəyli kəndində 1 dəhşətli mənzərənin şahidi olur. İnsanlar nə etdiklərini bilməyərək kəndələri tərk edir, həlak olan insan meyitlərini döyüş bölgəsindən kənarda dəfn etməyə çalışırdılar. Yolların ətrafı arx və su kanalları, müxtəlif  heyvan cəsədləri ilə dolu idi. Bu mənzərələr insanda müharibəyə, bu işin ideoloqlarına kəskin nifrət hissi oyadır, lənətlər yağdırır. Yazıda Ağdam bölgəsindən Füzuliyə gələn mayor Rövşən Əkbərovun bacarıqlı, səriştəli hərbiçi keyfiyyətləri geniş təhlil olunur. Məhz onun rəhbərliyi sayəsində müzəffər ordumuz Əhmədbəyli və Qoyunçuluq birliyi ətrafından erməni silahlı birləşmələrini geri çəkilməyə məcbur edir. R.Əkbərov cəbhədə baş verən fərariliyə qarşı sərt mübarizə aparır, döyüşlərdə hələ bərkiməmiş 18-20 yaşında, adi silahla davranmağı bacarmayan gəncləri özü tənbeh edir, onları bağlı yerə salaraq cəzalandırır. Bəlkə də qeyri-adi görünsə də, zamanında bu üsul hərbi prokurorluğun görəcəyi işdən daha vacib və əlverişlisi hesab olunmalıdır.

Polkovnik Şair Ramaldanovun ümumi komandanlığı altında 1994-cü ilin yanvarın 4-dən 8-nə kimi Füzuli bölgəsində keçirilən döyüş əməliyyatı zamanı rayonun 22 yaşayış məskəni düşməndən azad edilir, düşmənə sarsıdıcı zərbə endirilir.

“Şəkili müəllim Əlövsət Bağırov” adlı yazıda insan həyatının mürəkkəbliyi, taleyin, qismətin qaçılmaz olması, amansız ölüm girdabına yuvarlanan bir ailə başçısının uğursuz və faciəli həyatından bəhs olunur. Burada bir neçə məsələnin sintezi təmiz və nümunəvi ailənin faciəsinə gətirib çıxarır. Müharibə və onun fəsadları, iqtisadi cəhətdən həyat şəraitinin çətin vaxtlarında kasıbçılığın gətirdiyi problemlər ali məktəbdə rüşvətxorluq hallarının olması bir gəncin təhsil almaq yolunu kəsir. Yeniyetmə bir zavallının əsgərliyə gedərək, dözümsüzlük göstərərək fərarilik etməsi, dəfələrlə Şəkiyə – doğma evlərinə qayıtması, atanın bu məsələyə kəskin reaksiya verərək əzab çəkməsi, yenidən hərbi hissəni tərk edən övladı əsgərliyə yollaması və s. məsələlər hadisələrin müəyyən kuliminasiya nöqtəsinə çatmasını tamamlayır. Kitabın bu bölməsini həyəcansız oxumaq olmur.

Əlövsət Bağırovun əqidəli, peşəkar bir müəllim olaraq oğlunun başına gələn bu hadisədən sonra yaşadığı kənddə özünə yer tapa bilməməsi, imkanı olmadığına görə oğlunun ali məktəbdən qovulmasını sadəcə, müşayiət edən ata, həm el-oba, həm də övlad qarşısında sanki “gözükölgəli” olur. Nəhayət, kiçik oğluna 2 kiloqram əti nisyə verməyən kənd qəssabının hərəkəti onsuz da həyatda mənəvi əzab çəkərək sıxılan təmiz, əqidəli bir müəllimin faciəli bir sonluqla – intiharla həyatına qəsd etməsinə gətirib çıxarır. Əlövsət müəllimin oğlu Cavidin timsalında insanda davamlı dinamikanın  bariz nümunəsini görürük. Namuslu, zəhmətkeş və təmiz bir kənd müəlliminin oğlunun çətinliyə dözə bilməyərək hərbi hissəni tez-tez tərk edərək evlərinə qaçması və bundan üzülən atanın cəmiyyətdə dərin sıxıntı keçirməsi, narahatlığı real gerçəklik rakusundan təsvir olunaraq inandırıcı surətdə əsaslandırılır. Müəllifin təqdimində Əlövsət müəllimin intihar etməsi heç də “göydəndüşmə” təsiri bağışlamır, əksinə hadisələrin təbii yekunu kimi real görünür.

Dəfələrlə Şəkiyə və hərbi hissəyə gedən hərbi-jurnalistin müşahidəsi, ardıcıl şəkildə qəhrəmanlarının keçirdiyi psixoloji vəziyyətləri ustalıqla açıb göstərməsi onun bir yaradıcı insan kimi hadisələrin daxilinə nüfuz etmək bacarığından soraq verir.

Diqqətiçəkən əsas cəhət odur ki, bu yazıda Cavidin ikinci dəfə hərbi hissəyə qayıdarkən dəyişməsi, nizam-intizamlı bir əsgər kimi komandiri tərəfindən təriflənməsi sanki oxucuya onu diqtə edir ki, təmiz və ləkəsiz bir müəllim ailəsindən heç zaman vətənə, elə yararsız bir övlad yetişə bilməz. Ancaq bir şeyə təəssüflənirsən ki, Əlövsət Bağırovun cəmiyyətimizdə hələ də mövcud olan neqativ hallara tab gətirməməsi onun  şəxsi faciəsini şərtləndirən amilə çevrilir.

“Ermənilər bizimlə dost olublarmı və ya biz ermənilərlə dost olmuşuqmu?” yazısında erməni-Azərbaycan münasibətlərinə yaxşı bələd olan jurnalist apardığı müşahidələr nəticəsində ermənilərin gözəgörünməyən daxili xain və murdar xislətini çılpaqlığı və  müəyyən faktlar əsasında oxucuya göstərməyə çalışır. Müəllif doğma kəndinin timsalında öz uşaqlıq və yeniyetməlik illərində gördükləri, başına gələn bu və ya digər hadisələri təsvir edərək ermənilərin heç vaxt bizimlə dost olmadıqlarını müəyyən detallarla aşkarlayır. Bulaq başına gələn erməni uşaqlarının ayrı bir məkanda dincəldiyini, keçirilən güləş yarışmalarında uduzduqdan sonra ermənilərin cığallıq edərək dava-dalaş salmaları və digər cəhətləri maraqla təsvir olunur.

Çartaz (keçmiş Martuni rayonu) kəndinin fəndgir sovxoz direktorunun öz torpaqlarında yox, məhz Yuxarı Veysəlli kəndinə məxsus ərazidə – Tola düzündə torpaqları yararsız hala salaraq quyu qazdırması da çox təəccüblü və diqqətçəkən məsələdir.

Axı, buna həm kəndin, həm də Füzuli rayonunun o vaxtkı rəhbərliyi necə yol veriə bilərdilər? Müəllif  haqlı olaraq Füzuli rayonunun  o vaxtkı rəhbərlərini və ziyalılarını qınayaraq onların buraxdıqları səhvlərə gərə çox təəssüflənir.

“Haşiyə və ya olmuş əhvalat” adlı qeydlərində N.Veysəlli erməni Yaqub Məliklə Yuxarı Veysəllidən olan Məşədi Soltanalı arasındakı dialoqda köhnə kişilərin torpaq və vətən sevgisini Məşədi Soltanalının timsalında ümumiləşdirərək Veysəlli kəndinin və Füzuli rayonun rəhbərlərinin biganəliyi ilə mərd, öz yurduna bağlı el ağsaqqalı arasında müqayisə aparıb qiymət verməyi oxucunun ixtiyarına buraxır. Qoy, yaxşı ilə pisi oxucu özü tanısın, özü seçim etsin.

Kitabda müəllifin polemik düşüncələri diqqəti daha çox cəlb edir. Tarixi keçmişimizə səyahət edən yazıçı-publisist xalqımızın tarixi keçmişinə nəzər salaraq Laçında ermənilərə dərs verən, onları öz müdrik siyasəti ilə darmadağın edən Xosrov bəyin, Soltan bəyin adlarını çəkir, Qarabağ zonasında Ağalar bəyin, Aslan Yüzbaşının, Hüseyin bəyin, Qaçaq Süleymanın şücaətini xatırladır. Belə igidlərin qarşısında ermənilər həmişə sarsılıb. Bütün bunları misal gətirən N.Veysəlli belə bir tarix keçmişi olan xalqın sovet imperiyası dövründə öz taleyinə biganəliyindən təəssüflənir. Ucu-bucağı bilinməyən torpaqlarımızın “qayçılanması” onu bir vətəndaş kimi narahat edir.

… Nədənsə məndə belə bir qənaət hasil olub ki, təpəyə-dağa söykənən insanlar təbii, vüqarlı və əzəmətli olur. Nemət Veysəllinin doğulub boya-başa çatdığı ikimərtəbəli evin arxasında əzəmətli qaya, dağ dayanıb. Belə dağ və mənzərədən ilham alan insan, təbiətən qururlu və vətənpərvər olmalıdır. Bu mənada mən həyatın ağırlığını görən, torpağa bağlı, qəlbində vətən sevgisi gəzdirən Nemət Veysəlli kimi bir insanı yaxından tanıdığım üçün qürur duyuram. Onun başına gələn, qəlbindən keçirdiyi, insanı yandırıb-yaxan, təəccübləndirən duyğular mənə də doğmadır. N.Veysəllinin yazıları ona görə sevilir, yadda qalır ki, oxucu bu dərdi, bu qayğını özününkü hiss edir. Mən də Nemət Veysəlli kimi dağılmış, yandırılmış “Evimizi istəyirəm”…

Bu yazını  kitabın sonunda  məni daha çox kövrəldən, qəlbimin siminə toxunan fikirləri sitat gətirməklə bitirir, belə bir kitab ərsəyə gətirdiyinə görə müəllifə təşəkkürümü bildirirəm: “Yaş həddim dağların zirvəsinə qalxıb. Yəqin ki, günlərin bir günü o zirvədən aşağıya – əbədiyyət dünyasına yuvarlanacam. Son nəfəsimdə, son günlərimdə evimizi, həyətimizi görmək istəyirəm”…

Ehtiram SƏFƏROV
Filologiya üzrə fəlsəfə doktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory