Prezident qayğısı Sumqayıtın inkişafının əsas şərtidir

Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci sənaye mərkəzidir.

İlham ƏLİYEV

İqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, məşğulluq ənənələrinin qorunub saxlanması vacib şərtlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqət yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması da məhz bu reallığa əsaslanmışdır.
Davamlı və sabit inkişaf nəticəsində təkcə paytaxtın deyil, respublikanın bütün şəhər və rayonlarının inkişafına verilən dəstək regionların həyatında keyfiyyətcə yeni mərhələ açmışdır. Regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığa geniş meydan verilməsi yaşanan tərəqqinin bütün bölgələr üzrə proporsional qaydada paylanması, ölkə vətəndaşlarının həyatında öz əksini tapması nəticə etibarı ilə respublikamızı daha qüdrətli dövlət halına gətirib. Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, əhəmiyyətli proseslərdə özünəməxsus rol oynayan şəhərlərdən biri də Sumqayıtdır.
Respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını davamlı olaraq genişləndirir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur.
Xariqələr diyarına çevrilən, gözəl, əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer alan Sumqayıt sürətli inkişafın əsas ünvanlarından biridir. Sumqayıtın sabaha hesablanan inkişaf prosesləri sürətli proqram əsasında aparılır. Sumqayıtda fəaliyyətə başlayan müəssisələrin açılışında ölkə rəhbərinin şəxsən iştirak etməsi isə onun şəhərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Uğurlarını artıran şəhər

İnkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir. Bütün bu məsələlər Sumqayıtın 2017-ci ilin doqquz ayındakı sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair ŞİH-in şura iclasında nəzərdən keçirildi.
Yığıncaqda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkəmizdə ötən dövrdə həyata keçirilən layihələrdən, aparılan davamlı və sabit iqtisadi siyasətdən söz açdı. Qeyd etdi ki, ilin əvvəlindən bəri ölkədə iqtisadi sahədə önəmli addımlar atılıb. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub, itkilər minimuma endirilib, ölkəmiz bu maliyyə burulğanından müsbət iqtisadi göstəriciləri ilə çıxıb. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasında müstəsna rol oynayıb və bu da imkan verib ki, ölkəmiz qeyri-neft sektorunun hesabına inkişaf etsin. Artıq bununla bağlı həyata keçirilmiş tədbirlər müsbət nəticələrini verməkdədir.
Z.Fərəcov bildirdi ki, bütün uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin çevik diplomatik siyasətinin, Azərbaycan xalqının öz dövlətinə və rəhbərinə sədaqətinin məntiqi nəticəsidir. Ölkə rəhbərinin tapşırığı və yaxından köməyi sayəsində son iki ildə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin və regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurlu icrası Sumqayıt şəhərinin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. 2017-ci ilin ötən dövrü ərzində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Qlobal maliyyə böhranı və iqtisadi tənəzzülün davam etməsinə baxmayaraq, doqquz ayda şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artmışdır. Ümumdaxili məhsulun həcmi 837,3 milyon manatdan 1 milyard 62 milyon manata çatmışdır.
Sənaye məhsulunun həcmi 246 milyon manat artaraq 790 milyon manat, ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 85 faiz olmuşdur. İstehsal olunan məhsulun 90 faizindən çoxu istehlakçılara göndərilib. Şəhərin ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalında dinamik inkişaf təmin edilmişdir. Belə ki kimya sənayesi 135, metallurgiya 100, tikinti materialları 3 dəfə, yüngül sənaye 2 dəfə, yeyinti sənayesi üzrə artım 128 faizi ötmüşdür. Şəhərdə investisiya qoyuluşu 285 milyon manat təşkil etmiş, 256 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmişdir.
Ölkəmizdə sosial-iqtisadi inkişaf proqramlarının, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi və sair tədbirlər öz nəticələrini göstərməkdədir.
Dövlətin diqqət və qayğısı sayəsində dövlət proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi sayəsində bu gün şəhərin siması dəyişir, müasirləşir, gözəlləşir, insanların yaşayıb-yaratması üçün lazımi şərait yaradılır. Hazırda bir çox infrastruktur layihələrin icrası davam etdirilir. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal müəssisələrinin tikintisinə böyük diqqət göstərilir.
İşsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsal sahələrinin genişləndirilməsi, metallurgiya, kimya, yüngül və yeyinti sənayesinin inkişafına dəstək verilir. Həyata keçirilən tədbirlər nəticəsində 5594 yeni iş yeri açılmışdır. Onlardan 5190-ı daimi iş yeridir. İşləyənlərin orta aylıq əməkhaqqı 403 manat təşkil edir.

İqtisadi göstəricilər ürəkaçandır

Hesabat dövründə “Texnol” MMC-də mühərrik və sürtkü yağları istehsalı müəssisəsi və “Vəliyev” MMC-də plastik qapı-pəncərə sexi işə başlayıb. “Kimya Sənaye Parkı”nda “Alqo Lubriqant” MMC tərəfindən inşa edilən süni sürtkü yağları zavodunda tikinti quraşdırma işləri başa çatıb. “Azərsun” Sumqayıt Sənaye Parkında “Tara” anbar təsərrüfatı üçün yeni binanın tikinti işləri davam etdirilib. İllik istehsal gücü 650 min ton olan azot gübrəsi istehsal edəcək zavodun tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Sumqayıt Kimya Sənaye Parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar, o cümlədən, polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlayıb.
“Baku Stell Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən, “Azərboru” ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməlinin qoyulmasına hazırlıq işləri aparılır.
Yuxarıda qeyd olunan müəssisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları həcmində investisiya qoyulacaqdır. Burada 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. İstehsal olunacaq məhsullar respublikamıza bütünlüklə xaricdən idxal olunur. Yaxın gələcəkdə Sumqayıtın ixracı əvəz edəcək və ixracyönümlü məhsulların istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaqdır.
Ötən dövrdə Sahibkarlığa Kömək Milli Fondundan 9 layihə üzrə 13,2 milyon manat güzəştli kredit alınmış, bunun nəticəsində 200-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Layihəyə uyğun olaraq “Metak” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhərindən istehsal sahələrini Sumqayıt şəhərinə köçürmək məqsədilə yeni istehsal sahələrinin yaradılmasına başlanılıb.
Şəhərdə aparılan məqsədyönlü işlərin nəticəsində aparıcı sahələrdə uğurların əldə olunması, iqtisadi göstəricilərin artması, yerli büdcənin gəlir proqnozunun artıqlaması ilə icrası təmin edilib. Məhz bunun nəticəsində yerli büdcəyə 2,8 milyon manat əlavə vəsait daxil olmuşdur.

Sosial sahə diqqət mərkəzindədir

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritet məsələlərdən biri kimi sosial müdafiəyə ehtiyacı olan əhalinin maddi rifah halının yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində cənab Prezidentin müvafiq sərəncam və fərmanlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrasını şəhər İcra hakimiyyəti daim diqqətdə saxlayır.
Dövlət Sosial Müdafiə Fondu üzrə gəlirlər proqnozu 112 faiz yerinə yetirilmiş, 52454 pensiyaçıya xidmət göstərilmişdir. Şəhər üzrə orta əmək pensiyası 196 manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 4 faiz artıb. Orta pensiyanın həcmi 424 manat olmuşdur. Şəhərdə pensiya və müavinətlər vaxtında ödənilmişdir.
Şəhər məşğulluq mərkəzi sakinlərin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirib. Mərkəzə 4915 nəfər işaxtaran müraciət edib və onlardan 1914 nəfər işlə təmin olunub, 764 nəfərə işsizlik müavinəti təyin edilib və 88 nəfər peşə kurslarına cəlb olunub. Ölkə rəhbərinin tapşırığına əsasən, Sumqayıt şəhərində 1010 iş yeri açılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bu gün qaçqın və məcburi köçkünlər ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir. Artıq Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə başlanılıb.
Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup boşalacaqdır. Bu da 3600 uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir.
Sumqayıtda abadlıq-quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərtilə irimiqyaslı layihələr icra olunub və bu işlər davam etdirilməkdədir.
Ötən dövrdə Zülfi Hacıyev küçəsində Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatı üçün üç mərtəbəli yeni binanın, “Sumqayıt Bulvarı” ərazisində Bayraq muzeyinin və 500 metr uzunluğunda gəmi tərsanəsinin tikintisi, Milli Bankın ehtiyat fondunun inzibati binasının və kimyaçılar mədəniyyət sarayının əsaslı təmiri başa çatdırılıb. Şəhər məhkəmə kompleksinin və şəhər prokurorluğunun inzibati binalarının tikintisi davam etdirilir.
Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi davam edir. Y.Məmmədov və Sülh küçələrindən başlayaraq sənaye zonasından keçməklə Bakı-Quba yoluna qədər 4 kilometrlik hissəsi yenidən kompleks şəkildə əsaslı təmir olunur. Yolun hərəkət hissəsi genişləndirilir, hasarlar, piyada yolları, kommunikasiya xətləri yenidən qurularaq yaşıllaşdırma işləri aparılır. Həmin küçədə “Acı dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 paqonmetr məsafədə yeni suötürücü kanalizasiya xətti çəkilir.
Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar “Bağlar” zonasında yolun genişləndirilən hissəsində hasarların, piyada yollarının təmiri işləri başa çatdırılıb. “Bağlar” zonasında “Qurd dərəsi” yaşayış massivində şəhər bələdiyyəsinin köməyi ilə 2,5 kilometr uzunluğunda yol hər iki tərəfə genişləndirilərək eni 8 metrə çatdırılmış, asfalt örtüyü təmir edilmişdir.
Koroğlu küçəsinin asfalt örütüyünün əsaslı təmiri başa çatdırılmış, 140 min kvadratmetr sahəyə yeni asfalt örtüyü salınmış, küçənin qazonlaşdırılması və abadlaşdırılması işləri yekunlaşdırılmışdır. Bu gün şəhərdə əsaslı təmirə ehtiyacı olan çox sayda küçələr qalmaqdadır. Qarşıdakı dövrdə həmin ərazilərin asfaltlanması nəzərdə tutulub.
Ötən dövrdə 14 məktəb, 12 uşaq bağçasının həyətyanı ərazisində asfalt örtüyünün cari təmir işləri aparılmış, ümumilikdə 550 min kvadratmetr asfalt örtüyü dəyişdirilmiş, 7300 paqonmetr qranit və onun yarısı qədər beton bardür qoyulmuşdur. Küçə və yollarda sıradan çıxmış 450 paqonmetr səki daşları yeniləri ilə əvəzlənmişdir.

Sumqayıtın siması dəyişir

Ötən dövrdə 74 min ağac, 400 mindən çox gül əkilmiş, 80 min kvadratmetr sahəyə qazon salınmışdır. 9 ay ərzində mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində xeyli işlər görülmüşdür: 9, 10, 11, 12 və 13-cü mikrorayonlarda 100 yaşayış binasında dam örtüyü yenidən qurulmuş, metal kirəmitlə əvəz edilmiş və 10 binada işlər davam etdirilir. Hazırda 300-dən artıq binanın dam örtüyünün yenidən qurularaq əsaslı təmirinə ehtiyac var.
34, 45-ci məhəllələrdə və 9-cu mikrorayonda 42 yaşayış binasında 100 min kvadratmetrdən çox fasad hissə təmir olunaraq rənglənmişdir. Bundan əlavə, 16 yaşayış binasında 4300 kvadratmetr şifer, 25 binada yumşaq dam örtüyü təmir edilmişdir. Azərbaycan və N.Nərimanov küçələrində 4 yaşayış binasında 3765 kvadratmetr fasad aqlay daşı ilə üzlənmişdir. 537 yaşayış binasının pilləkən qəfəsləri əsaslı təmir edilmiş, 137 binada işlər isə davam edir.
369 binanın zirzəmisi məişət tullantılarından, 115-i çirkab sulardan, 11-i isə qurunt sularından təmizlənmişdir. “Acı dərə” kanalının boruya salınması ilə əlaqədar onun məcrasının bir hissəsinin dəyişdirilməsi istiqamətində işlər aparılır. Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirilmiş və xeyli işlər görülmüşdür. Cari ilin sonunadək bir çox yaşayış sahələrində elektrik enerjisinin fasiləsizliyini təmin etmək məqsədilə dairəvi elektrik təchizatı sistemi yaradılır.
Əhalinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. 9 ay ərzində qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilmiş, 18-ci mikrorayonda 24 yaşayış binası və 2 uşaq bağçasını istiliklə təmin edəcək qazanxana tikilmişdir. Payız-qış mövsümündə həmin qazanxana vasitəsilə 24 yaşayış binası – 1098 mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulub. 12-ci mikrorayonda 18 yaşayış binasını və bir məktəbi istiliklə təmin edəcək yeni qazanxananın tikilməsinə başlanmışdır.
Lift Servis Birliyi tərəfindən şəhərin mənzil fonduna aid hündürmərtəbəli binalarda olan 594, səhiyyə ocaqlarında 11 ədəd liftə texniki xidmət göstərilmiş, 48 ədəd lift əsaslı, 64 ədəd lift isə cari təmir olunmuşdur. 2016-cı ildə 200 ədəd istismar müddətini keçmiş liftlər yenisi ilə əvəz edilmişdir.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində şəhərdə əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, şəhərdaxili mövcud kiçikhəcmli, istismara yararsız, ekoloji baxımdan primitiv 120 ədəd nəqliyyat vasitəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir 75 ədəd avtobus gətirilərək xətlərə buraxılmışdır. Şəhərdə yeni müasir tipli dayanacaqlar quraşdırılır. Bu sahədə işlər davam etdirilir.
Sumqayıt şəhərində təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, gündəlik qayğılarımızın ödənilməsi, problemlərimizin həlli və tədris prosesinin normal aparılması üçün şəhərimizdə münbit şərait var. Məzunların 69 faizi qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazana bilmişlər. Bu, ötən ilin səviyyəsi ilə müqayisədə xeyli yüksək göstəricidir.
Hesabat dövründə uşaq bağçalarında aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılmış, bağçalarda istilik sistemi tam bərpa olunmuş və onlar isti su ilə təmin edilmişdir. Təmirə ehtiyacı olan 44 bağçada şəhər icra hakimiyyətinin yaxından köməyi və daxili imkanlar hesabına təmir işləri aparılır. Təmir işləri əsasən qida bloku, sanitar qovşaqları, elektrik naqilləri, avadanlıqlar, musiqi otaqları və digər yerlər nəzərə alınmaqla bütün bağçanı əhatə edir.

Prezident İlham Əliyevin Sumqayıta hər səfəri şəhər əhalisi üçün yeni bir stimuldur

Yığıncaqda qeyd edildi ki, şəhərin sosial – iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və müasir şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev tərəfindən də Sumqayıta eyni münasibət göstərilir. Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir.
Ötən ilin 27 sentyabrında dövlət başçısının Sumqayıta səfəri bunu bir daha təsdiqlədi. Prezident şəhərin Heydər Əliyev parkında, Sülh və Sahil küçələrində, Sumqayıt Dövlət Dram Teatrının binasında həyata keçirilmiş yeniliklərlə tanış oldu, bir sıra obyektlərin açılışını etdi. Bütün bunlar Prezidentin gəlişindən fərəh və qürur duyan sumqayıtlıların həm də bir növ hesabatı idi.
Müstəqilliyimizin 26 ili bütünlükdə Sumqayıt “ömrünün”, tarixinin üçdəbiri deməkdir. Yəni bu şəhər məhz müstəqilliyimizin canlı simasıdır. Bu illər Sumqayıtın tarixinə neçə-neçə gözəl anlar yazıb. Bu şəhərin inkişafında onun hər bir sakini töhfəsini verməli, nümunə göstərməlidir.
Sumqayıt xariqələr yaradan insanların şəhəridir. Yaxın gələcəkdə bu şəhər daha da inkişaf edəcək, böyük layihələrə imza atacaqdır. Çünki sumqayıtlılar dövlət başçısının siyasətini dəstəkləyir, ona inanırlar. İnam isə qələbənin yarısıdır.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Akif ƏLİYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 88
  • 16
  • 712
  • 3,287
ILK-10 Azeri Website Directory