Dövlətçilik tariximizə işıq salan əsər

Dövlətçilik tariximizə işıq salan əsər <b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Atabəy Eldəniz” tarixi romanının ictimai müzakirəsi keçirilib.
Müzakirədə AMEA-nın sözügedən institutunun alim və mütəxəssisləri, yazıçılar, millət vəkilləri və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.

İctimai müzakirəni giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Yunus Oğuzun əsərlərində tarixilik və bədiilik vəhdət təşkil edir. Hər iki məqamın Yunus Oğuzun əsərləri, romanlarında öz əksini tapdığını deyən İsa Həbibbəyli onu da qeyd edib ki, yazıçının qələmə aldığı əsərlərdə üçüncü mühüm nüans isə müasirliklə bağlıdır və bu məqamın da müəllifin yaradıcılığında öz yeri var.

AMEA-nın vitse-prezidenti deyib ki, Yunus Oğuz tarixi romanlar yazarkən bəzən tarixçilərdən belə artıq şəkildə araşdırma, təhlil aparır: “Onun əsərlərindən tarixi yenidən öyrənmək olur. Yunus Oğuz gerçək tariximizi Azərbaycan cəmiyyətinə təqdim edir. Xüsusilə onun əsərlərində millilik qabarıq əks olunur. Yunus Oğuz əsərlərində milli dəyərləri əsas tutaraq onları bir daha cəmiyyətə çatdırır”.

İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz müasir dövr, müstəqillik dövrü tarixi ədəbiyyatımıza roman yaradıcılığında bir yenilik gətirib: “O, əsərlərində qeyd etdiyim kimi milliliyi, azərbaycançılığı əsas götürür. Həmçinin, Yunus Oğuz qələmə aldığı əsərlərdə, romanlarda dövlətçiliyimizin əsaslarını ortaya qoyur”.

AMEA-nın vitse-prezidenti çıxışını Yunus Oğuzun “Atabəy Eldəniz” kitabına yönəldərək qeyd edib ki, bu tarixi roman həm də elmi əsər hesab oluna bilər. Çünki bu əsərin yazılmasında elmi araşdırmaların nəticələrindən istifadə edilib: “Atabəy Eldəniz” romanı elmi və bədii ədəbiyyatın yeni bir ədəbi abidəsidir. Müəllifin digər əsərləri də eyni zamanda, Azərbaycan ədəbiyyatının mühüm nailiyyətlərindədir. “Atabəy Eldəniz” romanı müstəqil dövlətimizin idealları ilə uzlaşır”. İsa Həbibbəyli bildirib ki, müstəqillik dövründə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək səviyyəli tarixi romanlar ortaya qoyulub: “Onun oxucuya dediyi sözün içində millilik, azərbaycançılıq da var .Yunus Oğuz tarixi romanlarını tarixilik naminə yazmır. O, əsərlərini yazarkən dərindən araşdırma aparır. Yunus Oğuz müstəqil Azərbaycan ədəbiyyatında tarixi dövrə aid məktəb yaratmaqda iddialıdır”.

İsa Həbibbəyli onu da diqqətə çatdırıb ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrına yenidən qayıdış xalqın milli-mənəvi özünüdərk proseslərinin dərinləşdirilməsinə, çoxəsrlik təcrübə və ənənə əsasında müasir mərhələdə müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmətin ifadəsidir: “Müxtəlif ədəbi nəsillər bu ənənəvi janrda tarixə müasirlik işığında yanaşmanın fərqli örnəklərini nümayiş etdirirlər. Bu baxımdan tarixi roman janrına ardıcıl olaraq müraciət edən Yunu Oğuzun yaradıcılığı xüsusilə diqqət çəkir.

Əvvəla, Yunus Oğuz müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ümumi mənzərəsində tarixi roman janrının mövqeyinin möhkəmlənməsi sahəsində mühüm addımlar atır. İkincisi isə Azərbaycan dövlətçilik tarixinin böyük ədəbi salnaməsini yaradır, tarixi şəxsiyyətlərin xidmətlərinin yaddaqalan bədii vasitələrlə xalqa çatdırılmasına geniş meydan açır. Son onillikdə bu janrda yazdığı əhəmiyyətli bədii əsərlərlə Yunus Oğuz yeni dövrün müasir tarixi romançısı kimi ad qazanıb. “Nadir şah”, “Təhmasib şah”, “Əmir Teymur-Zirvəyə doğru”, “Əmir Teymir-Dünyanın hakimi”, “Şah arvadı və cadugər”, “Sultan Alp Arslan” kimi romanlarında Azərbaycanın və türk dünyası tarixinin müxtəlif dövrlərini bütün yönləri ilə əhatəli şəkildə təsvir etməklə müasirlərimizin milli gen yaddaşının oyanışına və dövlətçilik təfəkkürünün qüvvətlənməsinə məsuliyyətlə və şərəflə xidmət edir. Yazıçının romanlarındakı milli dövlətçilik ideyası və azərbaycançılıq ruhu tarixi mövzuların müasir dövrlə, yeni tarixi epoxa ilə üzvü surətdə əlaqələndirilməsinə geniş imkan yaradır. Onun hər romanı ümumtürk tarixinin və Azərbaycan gerçəkliyinin böyük bir epoxasının mahiyyətinin açılmasına, dövlətçilik ənənələrimizin reallıqlarının diqqət mərkəzinə çəkilməsinə işıq salır”.

İsa Həbibbəyli bildirib ki, Yunus Oğuz Azərbaycan tarixində mühüm yer tutmuş görkəmli dövlət xadimlərinin romanını yaratmaqla yeni nəsillərdə köklər və budaqlar haqqında obyektiv və dolğun təsəvvürlərin formalaşmasına böyük töhfə verir.

Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Qaragözova “Yunus Oğuzun “Atabəy Eldəniz” romanında tarix və şəxsiyyət faktoru” adlı məruzə ilə çıxış edib. Bildirib ki, tarixi faktların bədii formada təqdim edilməsi onun daha asan qavranmasına səbəb olur: “Tarixi faktların mistik fikirlər olmadan təqdim edilməsi tarixin gənc nəslə çatdırılması üçün çox əhəmiyyətlidir. Bu baxımdan “Atabəy Eldəniz” əsərində tarixi şəxsiyyət yaradılıb. Tarixi şəxsiyyəti səciyyələndirən əsas xüsusiyyət inadkarlıq və cəsarətdir. Yunus Oğuz əsərində bunu yarada bilib”. Elnarə Qaragözova əlavə edib ki, əsərdə tarixi faktlara söykənməyən yeganə obraz “Baş dədə” obrazıdır. O da hadisələri kənardan izləyir, öz fikirlərini bildirir: “Onun üçün əsas olan tarixin taleyidir. Yunus Oğuzun “Atabəy Eldəniz” romanında azərbaycançılıq ideologiyası, türkçülük çox dəqiq şəkildə göstərilir. Əsəri daha cəlbedici və oxunaqlı edən amillərdən biri də ondan ibarətdir ki, burada Atabəy Eldəniz və Mömünə Xatun bütün müsbət cəhətləri özündə cəmləşdirib. Bu əsər hər bir gəncə mesajdır ki, keçmişimizi, tariximizi unutmaq olmaz, ona sahib çıxmalıyıq”.

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib ki, Azərbaycanda Atabəylər dövrünə həmişə ciddi maraq olub və nəticə etibarilə bir sıra elmi, eləcə də bədii əsərlər yaradılıb: “Onlardan ikisini – akademik Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225)” monoqrafiyası ilə xalq şairi Nəriman Həsənzadənin “Atabəylər” mənzum dramını ayrıca qeyd etmək lazım gəlir. Heç şübhə etmirəm ki, Yunus Oğuzun “Atabəy Eldəniz” romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil olacaq. Yunus Oğuzun əsərlərində kolorit, uzun təfsilatlara yol verməməsi onu digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdən və üstünlüklərindən biridir”. Y.Oğuzun əsərlərində müasirliyin də xüsusi rol oynadığını deyən N.Cəfərov qeyd edib ki, müəllif əsərlərində bu gün ilə keçmişi əlaqələndirir. Akademik yazıçının xarakterini əks etdirən maraqlı bir epizodu da diqqətə çatdırıb: “Bilirik ki, özbəklər Əmir Teymuru özlərinin qəhrəmanı sayır və onun özbək olduğunu deyirlər. Ancaq Yunus Oğuz Özbəkistanda “Əmir Teymur” kitabının təqdimatını keçirərkən özbəklərə təkid edir və onları inandırmağa çalışırdı ki, Əmir Teymur türk olub. Özbək alimləri hər dəfə Yunus Oğuzun bu fikrinə etiraz etdikdə isə o, tarixi faktlar, dəlilləri ortaya qoyurdu. Beləcə Özbəkistanın mərkəzində Yunus Oğuz özbəklərə açıq şəkildə deyirdi ki, Əmir Teymur özbək olmayıb”.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu Yunus Oğuzun ədəbiyyatımızda böyük xidmətləri olduğunu deyərək bildirib ki, o, kamil bir romançıdır.

Filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli deyib ki, Yunus Oğuz əsərlərində türkçülüyün tarixinə xüsusi diqqət yetirilir. O, yazıçının “Atabəy Eldəniz” tarixi romanında tariximizin həmin dövrünün ətraflı şəkildə əks olunduğunu diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova da çıxış edərək Yunus Oğuzun “Atabəy Eldəniz” romanı barədə fikirlərini bölüşüb.

Millət vəkili Musa Qasımlı Y.Oğuzun bütün romanlarında azərbaycançılığın öz dolğun əksinin tapdığını vurğulayıb. Adətən tarixi romanlar yazmağın çətin olduğunu deyən M.Qasımlı Y.Oğuzun bu çətinliyin öhdəsindən layiqincə gəldiyini və müntəzəm olaraq Azərbaycan oxucularına yeni-yeni romanlar təqdim etdiyini söyləyib.

Müəllifin romanını türkcəyə uyğunlaşdıran Hüseyn Adıgözəl deyib ki, türk dünyasının tarixi əvvəllər təhrif olunub, buna görə də yenidən təqdim edilməsinə ehtiyac var. O bildirib ki, Y.Oğuzun “Türkün tarixinə yeni bir baxış” əsərini oxuyandan sonra türk tarixinin daha öncə necə saxtalaşdırıldığı barədə ətraflı, müfəssəl məlumata sahib olub. Y.Oğuzun vətənə, millətə, türklüyə bağlı bir adam olduğunu deyən Hüseyn Adıgözəl Yunus Oğuzun “Atabəy Eldəniz ” romanını yüksək dəyərləndirib. O, Y.Oğuzun türk dünyasının tarixinə tamam yeni baxışla baxdığını, bundan sonra da yazıçıyla əməkdaşlığını davam etdirəcəyini söyləyib və müəllifə yeni-yeni uğurlar arzulayıb.

Yazıçı Elçin Hüseynbəyli “Atabəy Eldəniz” romanı haqqında fikirlərini ifadə edərkən bildirib ki, Y.Oğuzun hər bir tarixi romanı kimi bu əsəri də oxunaqlı, xalqın, cəmiyyətin başa düşəcəyi tərzdə yazılıb.

Yazıçı, millət vəkili Aqil Abbas da Y.Oğuzun qələmə aldığı tarixi romanları yüksək qiymətləndirib və onun bütün əsərlərinin maraqlı, oxunaqlı yazıldığını söyləyib. Günümüzdə tarixi romanların yazılmasını olduqca əhəmiyyətli hesab edən A.Abbas Y.Oğuzun bunu məharətlə bacardığını deyib. Müəllifin romanları içərisində ən çox sevdiyi əsərin “Nadir şah” olduğunu deyən A.Abbas Y.Oğuzun bu tarixi şəxsiyyəti tamam başqa bir formada təqdim etdiyini vurğulayıb: “Yunus Oğuz indiyə qədər Nadir şahın qaniçən obrazda təqdim olunması xəttini bu əsəri ilə alt-üst edib. Nadir şah barədə indiyə qədər deyilənlərin, yazılanların cəfəng olduğunu ortaya qoyub”.

Sonda çıxış edən Yunus Oğuz belə bir müzakirənin təşkilinə görə, Ədəbiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib, çıxışlardan yaradıcılıq üçün güclü stimul aldığını deyib. Yazıçı bundan sonra da bacardığı qədər tariximizin araşdırılıb üzə çıxarılması, gerçək tariximizin gənc nəslə çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

XƏDİCƏ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 62
  • 34
  • 959
  • 2,788
ILK-10 Azeri Website Directory