Ana dilimiz üçün layiqli təəssübkeşlik nümunəsi

Ana dilimiz üçün layiqli təəssübkeşlik nümunəsi<b style="color:red"></b>Müstəqillik illərində ölkəmizdə  dilimizin zənginləşdirilməsi, qorunub inkişaf etdirilməsi istiqamətində xeyli iş görülüb, dövlət dili statusunun yüksəldilməsi həyata keçirilib. Bu istiqamətdə görülən mühüm tədbirlərdən biri də Azərbaycan prezidentinin sərəncamı ilə dilimizə dair dövlət proqramının qəbul edilməsidir.

Qloballaşma dövründə şərəf məsələsi olan ana dilinin qorunması hamımızın ümdə, ən ali vəzifəsi sayılmalıdır.

Türk mütəfəkkirlərindən biri çox doğru olaraq deyib ki, dil millətin şərəfidir. Ancaq şərəfini qoruyan millətlər dünyada ciddi qəbul edilir. Dil olmasa, mədəniyyət olmaz, mədəniyyət olmasa, kimlik olmaz, kimlik olmasa, şərəf olmaz. Sözsüz ki,

HƏR BİR XALQIN MÜƏYYƏNLİYİ, ÖZÜNƏMƏXSUSLUĞU ONUN DİLİ İLƏ TƏYİN EDİLİR. 

Ona görə də hamı, xüsusilə də söz adamları – yazıçı və şairlərimiz ana dilini qorumağı, onun saflığı uğrunda mübarizəni özünə borc bilməli, onu inkişaf etdirməyi ən ləyaqətli vəzifə kimi qəbul etməlidir. Xalqın milli şüurunun dillə bağlılığı, mənəvi-əxlaqi kamilliyin dildən başlaması ona diqqət etməyin zəruriliyini göstərir. Azərbaycan dilinin qədim zamanlardan başlayaraq günümüzə qədər uzun bir inkişaf yolunda əldə etdiyi uğurlar, onun ədəbi dil formasının mövcudluğu bu dilin müxtəlif üslublarının yaranıb formalaşmasına və bugünkü inkişaf səviyyəsinə çatmasına səbəb olmuşdur. Ədəbi dilin üslubları içərisində bədii üslubun ön sırada dayanması xalqımızın bədii dilinin daha zəngin olduğunu təsdiq edən faktlardandır. Ona görə də dildən, xüsusilə də

ƏDƏBİ DİLDƏN, ONUN ÜSLUB İMKANLARINDAN NƏ QƏDƏR YAZILSA, YENƏ DƏ AZDIR.

Bu anlamda, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənovanın yenicə çapdan çıxmış “Dilimiz mənəvi kimliyimizdir” kitabı ana dilinin qorunması və inkişafının aktuallıq kəsb etdiyini geniş mənbə və faktlarla əsaslandıran, maraqlı fikirlərlə zəngin nəşrdir.

Elm inkişaf etdikcə yeni paradiqma və konsepsiyaların yaranması, bir çox mövzular üzrə təkmilləşmiş  yeni fikirlərin  formalaşması təbii hadisələrdən biridir. Kitabda belə fikirlərin kəmiyyət və keyfiyyətcə çoxluğu Azərbaycan dilçiliyi elminin müxtəlif istiqamətlərdə inkişafını göstərir. Kitabda fərqli və ya eyni zamanlarda yaşayıb yaratmış söz sənətkarlarının dilimizə münasibəti xalqa, vətənə münasibət işığında müəyyənləşdirilir.

Sədaqət Həsənova “Dilimiz mənəvi kimliyimizdir” kitabında qələmə aldığı problemlərlə bağlı poetik örnəkləri araşdırıb, müqayisəli təhlillər aparıb.

NİTQ MƏDƏNİYYƏTİ, ÜSLUBİYYAT  MƏSƏLƏLƏRİ MÜƏLLİF TƏRƏFİNDƏN TƏHLİL SÜZGƏCİNDƏN KEÇİRİLİB,

problemlərlə bağlı fikirlər saf-çürük edilib, onlardan ən dəqiq və düzgün olanı diqqətə çatdırılıb. Elmi-nəzəri fikirlər göstərir ki, S.Həsənova bu kitabında müqayisəli təhlil və ümumiləşdirmələrlə kifayətlənməyib, həm də sənətkarların dili haqqında düzgün təsnifat aparıb. O, ədəbi simaların dilinin aydınlığını fikrin düzgünlüyündə görərək bunu təfəkkür mədəniyyəti ilə əlaqələndirib. S.Həsənova böyük mətləblərin yığcam şəkildə əks etdirilməsini hər bir sənətkarın dil məziyyəti kimi dəyərləndirib, ədəbi dil normalarına uyğun söz və ifadələrin dilin təmizliyində mühüm rol oynamasını faktlarla göstərib. Onun ümumiləşdirmələri içərisində dilçilik elminin iki sahəsi kimi qrammatika və üslubiyyatın arasında bağlılıqlar olsa da, dilin üslub imkanlarının qrammatikadan daha yüksəkdə dayanmasını göstərən fikirləri diqqəti cəlb edir. Doğrudan da, dilin üslub imkanları onun qrammatik imkanlarından daha çoxdur. İfadə tərzinin seçkinliyi, dilə bələdlik dərəcəsi, sözlərin yerinə düşməsi, məqamında işlənməsi və s. məsələlərdə şair və yazıçıların fərqi və rolu istiqamətində aparılan araşdırmalar, bir tərəfdən, Azərbaycan ədəbi dilinin, üslubiyyatının, poetik linqvistikasının, nitq mədəniyyətinin dərindən öyrənilməsinə imkan yaradırsa, digər tərəfdən ayrı-ayrı söz sənətkarlarının dilçilik görüşlərini müəyyənləşdirir. S.Həsənova hər bir ədəbi simanın üslub göstəricisi kimi onun dil orijinallığına xüsusi diqqət yetirir və bunu həmin sənətkarın özünəməxsusluğu, seçkinliyi kimi analiz edərək nəzərdə tutulan fikrin özünəxas şəkildə ifadəsini sənətkarların uğuru kimi qiymətləndirir. O, hər bir ədəbi simanın söz, dil haqqındakı fikirlərini də araşdırır və onlar arasında müqayisələr aparır, sözlərin forma gözəlliyi ilə məzmun keyfiyyətinin bir-birini tamamlamasını əsas məsələ hesab edir.

Sədaqət Həsənovanın

“DİLİMİZ MƏNƏVİ KİMLİYİMİZDİR” KİTABI DİLÇİLİK ELMİMİZƏ MÜHÜM TÖHFƏ KİMİ DƏYƏRLƏNDİRİLMƏYƏ LAYİQDİR. 

Kitab çağdaş dövrümüzdə Azərbaycan dilçiliyi elminə həm ümumi bir baxış, həm də fərdi dəyərləndirməni əks etdirir. Tədqiqatçı məsələlərə dərin diqqət yetirir və belə bir nəticəyə gəlir ki, hər bir sənətkara, ilk növbədə, onun dil-üslub keyfiyyətləri baxımından qiymət vermək lazımdır. Çünki xalqın yaşamı və varlığında əsas faktor  olan ana dili söz sənətkarlarının qələmində daha da cilalanır, gözəlləşir və yeni faktlarla zənginləşir.

Müxtəlif tarixi zamanlarda

XALQIN BÜTÜN TƏBƏQƏLƏRİNİN  BAŞA DÜŞƏCƏYİ DİLDƏ YAZMAQ VACİB MƏSƏLƏ KİMİ QİYMƏTLƏNDİRİLİB. 

Ona görə də dilimizin təəssübkeşi olaraq S.Həsənova ədəbi simalardan danışarkən onların dil sadəliyini ön plana çəkir, ana dilinin yaşaması, saflaşması və təmizlənməsində söz sənətkarlarının xidmət dərəcəsini göstərir. Müəllif, bəzi sözlərin işlənmə dairəsi daralsa da, onların ədəbi dilimizə layiq olanlarının yenidən ədəbi dilə gətirilməsi, yeni söz və ifadələrin yaranması, xalq danışıq dilinə üstünlük verilməsi  məsələlərində onların rolunu təsdiq edən faktları üzə çıxarır, şair və yazıçıların ədəbi dilimizin qoruyucuları olmasının zəruriliyini əsaslandırır. Söz sənətkarlarının leksika zənginliyini dilimizə münasibət səviyyəsi ilə bağlayan müəllif  onların dildən istifadə bacarığını dərin təhlillərlə müəyyənləşdirir, dilimizə isti ürəklə yanaşıb, onun sözlərini zövqlə işlədənləri böyük əməl sahibi kimi qiymətləndirir. Müqayisə və təhlillər S.Həsənovanın yaradıcılığına müraciət etdiyi şəxsiyyətlərin dil-üslub keyfiyyətlərinə dərindən bələd olduğunu göstərir. Hər hansı bir sənətkarın bütün yaradıcılığına bələd olmadan onun dili haqqında belə mükəmməl fikirlər irəli sürmək mümkün deyil. Bu baxımdan, S.Həsənovanın “Dilimiz mənəvi kimliyimizdir” kitabının ağır zəhmət, gərgin elmi fəaliyyət və böyük məsuliyyətin vəhdəti nəticəsində meydana çıxdığı aydın olur.

“Dilimiz mənəvi kimliyimizdir” kitabına daxil olan qırxa yaxın araşdırmanın hər birində yeni və orijinal fikirlər özünü göstərir. Sözü “tükənməz estetik xəzinə” hesab edən müəllif  ilk dəfə “Kitabi-Dədə Qorqud” dastanının dilində alqış və qarğışlardan, rənglərin üslub çalarlarından danışır, Cəlil Məmmədquluzadənin dilini indiyə qədərki fikirlərdən fərqli olaraq yeni yanaşma ilə təhlil edir, ədəbi dil mövzusunda yazılmış kitablarda adı çəkilməyən, lakin dilimizə özünəxas töhfələr verən sənətkarların dilimizdəki mövqeyini aydınlaşdırır.

“Dilimiz mənəvi kimliyimizdir” kitabı dilçilik elminin problemlərinə maraq doğurmaqla yanaşı, həm də çağdaş dilçiliyimizin bir sıra sahələrinin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Kitabın yaranmasının birinci əsas səbəbi müəllifin mükəmməl Azərbaycan dili müəllimi olması, ikincisi isə onun elmi yaradıcılıqda özünəxas üsluba malikliyidir.

Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Sədaqət Həsənovanın “Dilimiz mənəvi kimliyimizdir”  kitabını çox yüksək dəyərləndirir, onu elmi poetikanın, dilçilik və metodikamızın böyük nailiyyəti, uğuru hesab edirik. O, ana dilini sevən hər bir azərbaycanlının stolüstü kitabı ola bilər.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru  

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory