İlham Əliyev Azərbaycanı dünyanın idman mərkəzinə çevirib

Atletlərimiz bu il beynəlxalq yarışlarda 851 medal qazanıblar

Dünyanın ən mötəbər yarışlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir.


Qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir. Fərəhli haldır ki, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər. Bu isə onu göstərir ki, təmsilçilərimizin uğurları təsadüfi xarakter daşımır. Prezident İlham Əliyev xalqın, ilk növbədə, böyüməkdə olan nəslin fiziki-mənəvi sağlamlığının təmin olunması naminə idmanın inkişafını diqqətdə saxlamaqla yanaşı, ölkənin idman imicinin yüksəlməsinə çalışır.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünya idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Qısa müddətdə idman sahəsində əldə edilmiş nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən də yayınmayıb. Məhz bu qurumların istəyi ilə ölkəmizdə onlarca olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. 2015-ci ildə tarixdə ilk dəfə təşkil edilən I Avropa Oyunlarını və cari ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır.
Belə nüfuzlu yarışlarda idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarına, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini hər zaman söyləyirlər.
Təşkilatçılıqla yanaşı, ölkələrin idman sahəsində qazandıqları nəticələr də çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız onlara göstərilən etimadı doğruldublar. Cari ildə atletlərimiz beynəlxalq yarışlarda 851 medal qazanıblar ki, onlardan 347-si qızıldır. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.
Bu ilin ən böyük idman hadisəsi IV İslam Həmrəyliyi Oyunlarıdır. Müsəlman dünyasının 54 ölkəsindən 3 mindən çox idmançının qalib adı uğrunda gərgin mübarizə apardığı yarışda atletlərimiz doğma divarlar arasında daha bir möhtəşəm nəticələrə imza atdılar. 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla, 162 medal qazanan Azərbaycan IV İslamiadanı rekord göstərici ilə birinci pillədə başa vurdu.
Dekabrın 17-də Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bununla bağlı deyib: “Əlbəttə ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri olmuşdur. Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış oldular”.
Sevindirici məqamlardan biri də odur ki, bu il komanda idman növlərində də uğurlu nəticələr əldə edilib. Bunun ən böyük nümunəsi kişilərdən ibarət şahmat yığmamızın Yunanıstanda təşkil edilən Avropa çempionatında qızıl medal qazanmasıdır.
Sayca 3-cü dəfə Avropa çempionu olan zəka sahiblərimiz həm ölkənin, həm də qitənin şahmat tarixinə yeni qızıl səhifə yazdılar.
Eyni zamanda, Ağdamın “Qarabağ” futbol komandasının Avropanın ən nüfuzlu klub turniri UEFA Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanması bundan sonra komanda idman növlərində nailiyyətlərin daha da davamlı olacağına inamı artırdı.
Bu il həmçinin voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin əksər oyunları Bakıda keçirilib. Ölkəmiz turnirə qonşu Gürcüstanla birgə evsahibliyi edib. Qadın voleybolu tarixində ilk dəfə postsovet məkanında təşkil olunan turnirin oyunları Azərbaycanın iki şəhərində – Bakı və Göygöldə, eyni zamanda, Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilib. Qadın voleybolçularımız Avropa çempionatının final mərhələsində mükafatçılar sırasına düşmək şansını son matçda- 3-cü yer uğrunda görüşdə Türkiyə seçməsi ilə qarşılaşmada əldən versə də, nümayiş etdirdikləri oyunla könüllərin çempionu olduqlarını göstərdilər. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev deyib: “Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstərmişlər. Bakıda keçirilmiş voleybol üzrə qadınlar arasında Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər. Yarımfinal görüşündə qələbəyə çox yaxın idilər. Ancaq hesab edirəm ki, Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq da böyük nailiyyətdir. Əlbəttə ki, bizim futbolçularımız – hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etmişdir. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etmişdir”.
2017-ci ildə ölkəmizdə təşkil edilən nüfuzlu turnirlər sırasında “Formula-1” yarışlarını da xüsusilə qeyd etmək lazımdır. Yüz milyonlarla izləyici kütləsinə malik olan “Formula-1” yarışlarının həyəcanı sayca 2-ci dəfə Azərbaycanda yaşandı. Planetin bir nömrəli avtomobil yarışında sürət həvəskarları dünyanın ən məşhur pilotları Luis Hamiltonun, Fernando Alonsonun, Sebastian Vettelin, Valtteri Bottasın, Maks Ferstappenin və digərlərinin Bakı Şəhər Halqasında gərgin və maraqlı mübarizəsinin şahidi oldular.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin yüksək təşkilatçılığı və dəstəyi ilə ikinci dəfə baş tutan bu yarış dünyanın böyük marağına səbəb oldu: “Bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilmişdir. Ümumi rəyə görə bu, artıq xarici mətbuatda da qeyd olunub, – 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu eyni zamanda, bütün dünyaya – yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür”.
Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm də idmanın infrastrukturunun möhkəmləndirilməsi, müasirləşdirilməsi və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Bu gün paytaxtda və bölgələrdə müasir standartlara cavab verən 43 olimpiya idman mərkəzinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir. Prezident İlham Əliyevin dediyi kimi, gələn il bölgələrdə daha 3 mərkəzin tikintisi nəzərdə tutulub: “Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də olimpiya idman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl olimpiya idman mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 olimpiya idman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır”.
Şübhə yoxdur ki, idman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaq. Çünki dövlət başçısı İlham Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.

Elçin CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 74
  • 49
  • 1,081
  • 4,941
ILK-10 Azeri Website Directory