Əməkdar jurnalist Məzahir Süleymanzadənin 65 yaşı qeyd edildi

Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış qələm sahibi, Əməkdar jurnalist, “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin 65 illik yubileyi münasibətilə tədbir keçirilib. 

Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, yazarlar, yubilyarın qələm dostları, ailə üzvləri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Məzahir Süleymanzadəni yubiley münasibətilə təbrik edib, onun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib.

Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş yubilyar Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib.

1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb. “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin, “Araz” Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan “Səhər” qəzetini təsis edib. Əflatun Amaşov “Səhər” qəzeti haqqında danışarkən deyib ki, ölkəmizin ən çətin zamanlarında Məzahir Süleymanzadə tərəfindən yaradılan bu qəzet vaxtilə yaşından, cinsindən, mövqeyindən asılı olmayaraq, hər kəs tərəfindən sevə-sevə oxunub.

Qeyd edilib ki, elmi, pedaqoji fəaliyyətlə də məşğul olan M.Süleymanzadə çoxsaylı kitablar müəllifidir. 2005-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ə.Amaşov Məzahir Süleymanzadənin həm də şeir yazdığını vurğulayaraq, onun kövrək duyğulara sahib qələm adamı olduğunu deyib.

Daha sonra Ə.Amaşov yubilyara Mətbuat Şurasının xüsusi diplomunu təqdim edib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının sədri Eldar İsmayılov yubilyarın uzun müddət idman jurnalisti kimi fəaliyyət göstərdiyini, bu sahədə də jurnalistikaya öz töhfələrini verdiyini deyib.

Tanınmış jurnalist Elmira Mehdiyeva M.Süleymanzadə ilə bağlı xatirələrini bölüşüb, onun hələ gənclik illərindən çalışqan, işində məsuliyyətli, öz yaşıdlarından müsbət keyfiyyətləri ilə fərqlənən biri olduğunu vurğulayıb.

“Səhər” qəzetinin yazarlarından olmuş şair Oqtay Rza yubilyarla bağlı xatirələrini bölüşüb, onu Azərbaycan jurnalistikasının qabaqcıl nümayəndəsi adlandırıb, yubilyara həsr etdiyi şeirini səsləndirib.

  1. Süleymanzadəni ustadı adlandıran şair-publisist Elçin Mirzəbəyli qeyd edib ki, o, hər zaman gənclik eşqi ilə yaşayan, yaşının neçə olmasından asılı olmayaraq həyatı, insanları və yaşamağı eyni məhəbbətlə sevən insandır.

Güney azərbaycanlı şair Aqşin Ağakərimli çıxışında yubilyarın yalnız burada deyil, həmçinin, Güney Azərbaycanda, xüsusən Təbrizdə həm jurnalist, həm də yazıçı, şair kimi tanındığını, sevildiyini vurğulayıb.

Daha sonra çıxış edən Cəfər Əzizoğlu, Telli Sənəm Borçalı, Azadə Taleh Abbasqızı, Məhərrəm Şəmkirli və başqaları yubilyarı yeni yaşı münasibətilə təbrik edib, ona sağlam can və yeni yaradıcılıq uğurları arzu ediblər.

Sonda çıxış edən Məzahir Süleymanzadə tədbirin təşkilatçılarına, Ə.Amaşov başda olmaqla, iştirakçılara və çıxışçılara təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory