Mənalı ömrün qardaş Türkiyə səhifələri

UNUDULMAZ AZAD ŞƏRİFOV TÜRKİYƏDƏ VƏ XARİCDƏ ÇALIŞMIŞ İLK AZƏRBAYCANLI SOVET JURNALİSTİ OLUB

Namiq ƏHMƏDOV

Sovetlər Birliyinin rəhbəri Stalinin ölümü dünya düzənində yeni bir dövrün başlanğıcı oldu. 60-cı illərin əvvələrində isə dəmir pərdələrin qaldırılması Türkiyə ilə əlaqələrin bərpasında yeni mərhələni jurnalistikaya da gətirdi. 

Artıq 1964-cü ildən Sovetlər Birliyi ilə Türkiyə arasında razılaşmalardan sonra Azərbaycandan bir çox yazar, sənət və elm adamlarının da Türkiyəyə gedib-gəlməsi üçün imkan yaradıldı. Azərbaycan yazarlarının Türkiyəyə, türk yazıçılarının Azərbaycana səfərləri baş tutmaqda idi.

Azərbaycan sovet mətbuatında Türkiyə mövzusundan danışılanda Azərbaycan sovet publisistikasının ilklərini ortaya qoyan, bir növ bu mövzuda cəmiyyətin aclığını ödəməyə çalışan yazıların müəllifləri kimi Mehdi Hüseyinin, Qasım Qasımzadənin, Elçinin və nəhayət, Məmməd Aslanın adları yada düşür. Bir ilk olaraq Azərbaycanın Xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Hüseynin Türkiyədə səfərdə olması, 1964-cü ildə “Bir ay və bir gün” kitabının oxuculara təqdim edilməsi dövrün önəmli hadisəsi idi.

Bundan sonra isə adamların burnunun ucu göynədiyi Türkiyə haqqında Qasım Qasımzadənin, Elçinin və nəhayət, Məmməd Aslanın təqdimatları gəlirdi. Bu günün özündə də tədqiqatçıların ədəbi nümünələr kimi təqdim etdiyi bu dəyərli sənət əsərləri, Azərbaycan-Türkiyə əlaqələri haqqında yeni dövrdə yazılmış ilk nümunələr adlandırılır. İllər boyu ədəbiyyat və jurnalistika arasında, xüsusən də jurnalistikanın publisistika sahəsinin daha çox ədəbiyyat nümunəsi kimi təqdim olunması heç kəsdə etiraz belə doğurmayıb. Ədəbiyyat və jurnalistika arasında ciddi bir sərhəd yaratmaq fikrindən uzaq olsam da, reallıq budur ki, bunlar jurnalistikadır. Bu məsələnin önəmli olan bir tərəfi. Digər önəmli bir tərəf isə sovet jurnalistikasının qardaş Türkiyə haqqında nadir nümunələrini ortaya qoyan bir imza da olub: Azad Şərifov. Əslində, sovet dövrü mətbuatında Türkiyə mövzusundan danışanda bu imzadan yan keçmək və ya onu yada salmamaq bəlkə də böyük bir haqsızlıq olardı. Hətta cəsarətlə demək olar ki, Azərbaycan yazarları, o cümlədən, jurnalistləri sırasında Türkiyə həyatından və türk dünyasından ilk olaraq yazılan çoxsaylı məqalələrin müəllifi Azad Şərifov olmuşdur. Digər tərəfdən diqqət doğuran bir fakt da var ki, Türkiyə mövzusunda, məhz Türkiyə mövzusunda yazı yazmaq həm də onun işi-peşəsi olmşdur: məşhur “İzvestiya” qəzetinin həm də Türkiyə üzrə xüsusi müxbiri kimi…

İlk qələm təcrübələri onu tanıtdı

Azərbaycanın XX əsrdə yetirdiyi nadir simalardan biri kimi təqdim olunan Azad Şərifov sovetlər dönəmində xaricdə işləyən ilk azərbaycanlı jurnalist olmuşdur. O, həm də adı Nyu-Yorkda nəşr edilən “Kim kimdir?” adlı beynəlxalq soraq kitabına daxil edilmiş, Qafqazı təmsil edən yeganə jurnalistdir. Ümumiyyətlə, Azad müəllimi jurnalistikamızın tarixində bir çox ilklərə imza atan jurnalist kimi təqdim etmək olar.

Bakıda 7 aprel 1930-cu ildə məşhur teatr xadimlərindən olan Ağakərim Şərifovun ailəsində doğulmuşdu. Xatırladım ki, Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teatr muzeyinin yaradıcısı və rəhbəri olmuşdu. Azad müəllim iki ali təhsil almışdı: əvvəlcə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını, sonralar isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi.

İlk qələm təcürbələri orta məktəbdə təhsil aldığı illərə aiddir. Bu məqalələr mətbuatda o qədər maraq doğurur ki, hətta 19 yaşında ikən “Molodyoj Azerbayjana” qəzetində dərc edilən alpinistliyə aid oçerklərinə digər nəşrlər də “müştəri olur”. “Fizkulturnik Azerbayjana” (“Azərbaycan idmançısı”) qəzetinin, demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra “Pionerskaya pravda”nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə “Molodyoj Azerbayjana” qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə isə qəzetin redaktoru təyin olunur. Yeri gəlmişkən deyim ki, Azad Şərifov bu populyar qəzetin ilk azərbaycanlı redaktoru da kimi tarixə düşmüşdür.

Peşəkarlığı və yüksək idarəçilik xüsusiyyəti ilə diqqəti cəlb edən A.Şərifov 1960-cı ildə Moskvaya-Ümumittifaq Lenin Komsomol Gənclər İttifaqının nəşriyyat bölməsinə təyinat alır. Çox keçmir ki, məşhur “Vokruq sveta” jurnalında baş redaktorun müavini vəzifəsini tutur. Bu, Azad müəllimin həyatında, eləcə də jurnalist kimi yaradıçılığında yeni bir dövrün başlanğıcı olur. Xüsusən də Stalinin ölümündən sonra Türkiyə ilə münasibətlərin yumşalması və dostluq əlaqələrinin inkişaf etdirilməsi Azad müəllimin jurnalist yaradıcılığında da mühüm rol oynayır. Azad Şərifovun ümumittifaq miqyasında böyük maraqla izlənən “Vokruq sveta” kimi məşhur və maraqlı bir jurnalda dərc edilən Türkiyə haqqında yazıları müasir jurnalistikamızın da dolğun nümunələridir. Bu materiallar o dönəm təkcə ictimaiyyətin yox, olduqca mühüm partiya-sovet orqanlarında çalışan rəhbər işçilərin də sevə-sevə oxuduğu yazılardan olmuşdur. Eləcə də “İzvestiya” qəzeti rəhbərliyinin diqqətini cəlb etmiş, onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət etmişdilər.

Ankara azərbaycanlı jurnalistin iş yeri oldu

Sonralar bu təyinatı barədə Azad müəllim “Zerkalo” qəzetində yazmışdı (24 may 2003-cü il, s.18). Qeyd edim ki, bu yazı 13 il sonra “525-ci qəzet”in 7 mart 2016-cı il sayında dəyərli ziyalılarımız, Bakı Dövlət Universitetinin professorları Şirməmməd Hüseynovun təqdimatında və Nəsir Əhmədlinin tərcüməsində “Xalq şairi Süleyman Rüstəm “Əsri” məzarlığında” adı ilə dərc edilmişdi.

“Mərkəzi mətbuat orqanı olan “İzvestiya” qəzetinin baş redaktoru Lev Nikolayeviç Tolkunov respublikamızın o vaxtkı rəhbəri Vəli Yusif oğlu Axundovla dost idi. Onlar tez-tez qış istirahətlərini Moskva yaxınlığındakı “Barvixa” sanatoriyasında birgə keçirirdilər. O zaman “İzvestiya” qəzetinə Yaxın Şərq ölkələrində müxbir məntəqəsi açmaq imkanı verilmişdi. Bununla əlaqədar, diplomatlar arasında müxbir məntəqəsinin harada, Ankarada, yoxsa Tehranda açılması barədə müzakirələr gedirdi. L.Tolkunov bu məsələ ilə bağlı V.Axundovun fikrini soruşanda o, birmənalı şəkildə: “Əlbəttə, Türkiyədə”, – cavabını vermiş və dərhal soruşmuşdu:

– Bəs kimi oraya xüsusi müxbir göndərmək istəyirsiniz? Ümidvaram ki, erməni olmayacaq.

L.Tolkunov gülə-gülə demişdi:

– Hə, belə bir fikir var idi, qarşısını tez aldıq. Türkiyənin özü də erməni jurnalistə, yəqin ki, viza verməzdi.

– Lev Nikolayeviç, niyə xarici müxbirlər sırasında azərbaycanlı jurnalistlər yoxdur? Axı bizdə də ərəb, fars, türk dillərini gözəl bilən qabiliyyətli insanlar çoxdur. Ermənilər isə, xüsusən televiziyada, üzr istəyirəm, it xılı kimidirlər (Yəni çoxdurlar – red.).

– Haqlısınız, Vəli Yusifoviç, məsələ burasındadır ki, redaksiya xaricə yaxşı tanıdığı jurnalistləri göndərir. Şübhə etmirəm ki, Sizin respublikada da maraqlı jurnalistlər çoxdur, amma biz onları tanımırıq. Moskvada işləyənlərdən göndəririk.

– Olsun. Rusiyanın ən qədim jurnalı olan “Vokruq sveta”da baş redaktorun müavini var: Azad Şərifov. Yeri gəlmişkən, bu yaxınlarda İstanbulda olub. Maraqlı bir yazısı da çıxmışdı. O niyə bu vəzifəyə layiq olmasın ki?..

Onların bu söhbətini xeyli sonra Lev Nikolayeviç mənə danışdı. O, azərbaycanlılara böyük rəğbət bəslədiyini heç vaxt gizlətmirdi. Bir müddət keçdi, Lev Nikolayeviç Tolkunov iş yerimə zəng elədi. Dedi ki, “İzvestiya”nın müxbir məntəqəsinin yeri barədə məsləhətləşmək istəyir. Bir aydan sonra… mən artıq Ankarada idim”.

1966-1969-cu illərdə “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri Azad Şərifov xaricdə işləyən ilk azərbaycanlı jurnalist olmuşdur. Bu vəzifədə o, 1969-cu ilədək – Azərbaycan KP MK-nın mədəniyyət şöbəsinin müdiri təyin olunana qədər işləmişdi. Onun Türkiyə ilə bağlı olan yazıları təbii ki, qəzetin tələb və qaydalarına uyğunlaşdırılsa da, Türkiyədəki vətənsevər fəaliyyəti və həyatı da jurnalistika üçün maraq doğuran mövzulardan sayıla bilər. “Uzaq meridianlarda görüş”, “Bosfor üzərində qağayılar” kitablarında toplanan yazılar “Vokruq sveta” və “İzvestiya” kimi bütün dünyada populyarlıq qazanmış ümumittifaq nəşrlərinin dəyərli nümunələri olduğu qədər də, Azərbaycan jurnalistikasının da maraq doğuran nümunələri kimi böyük əhəmiyyətə malikdirlər.

Eyni zamanda, Türkiyəyə açılan bu pəncərədən dünyanın düzəni də başqa cür görünməkdə idi: “İzvestiya”da ilk yazım dərc olundu. Yadımdadır, adı “Anadoluda bahar” idi. SSRİ-nin Türkiyədəki səfiri Andrey Smirnov dedi ki, qəzetin vəsaiti hesabına “İzvestiya”nın Ankarada müxbir məntəqəsinin açılması münasibətilə tədbir keçirmək lazımdır. İlk maaşım bütövlükdə bu mərasimə sərf olundu. Türkiyənin və başqa ölkələrin məşhur jurnalistləri, siyasi partiyaların nümayəndələri çağırılmışdılar. Məni onlara təqdim etdilər. Bir nəfər ucaboy kişi mənə yaxınlaşıb gözləmədiyim halda azərbaycanca dedi: “Mən icmalçı Səməd Ağaoğluyam”. Yanımda dayanmış, çoxdan Türkiyədə işləyən diplomatlardan biri izah elədi ki, bu, Azərbaycan mühaciri, Türkiyənin tanınmış dövlət xadimi, Atatürkün dostu və onun nazirlərindən biri olmuş Əhməd bəy Ağayevin oğludur. Sovet hakimiyyətinə mənfi münasibətdədir.

– Bəs onu səfirliyin qəbuluna niyə dəvət etmisiniz?

– Diplomatiya elə budur, dəə… O, nüfuzlu icmalçılardan biridir

Ona göz qoymağa başladım. Başqa qonaqlar kimi arağa, kürüyə cummadı, turş çaxırdan ləyaqətlə bir udum alıb bakalı yerə qoydu”.

1967-ci ilin payızında Türkiyənin Baş naziri Süleyman Dəmirəl birinci dəfə SSRİ-yə səfər edəndə Türkiyə nümayəndə heyətini müşayiət edənlər sırasında “İzvestiya” qəzetinin xüsusi müxbiri Azad Şərifov da var idi. O vaxtlar adı Azərbaycanda pıçıltı ilə çəkilən Azərbaycan Demokratik Respublikasının ideya rəhbəri Məhəmməd Əmin Rəsulzadənin Ankarada “Əsri” məzarlığındakı qəbrini ziyarət edən, “İncirlik” hərbi bazasına gizlicə baş çəkən “kəşfiyyatcı” jurnalist də Azad Şərifov olmuşdu.

(Ardı var)

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory