Qəhrəmanlar unudulmur!

Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir.

Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır.

“Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.
Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir.
1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, “UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən – həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər.  Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü — serjant İ.Qoyek ölməzdən əvvəl əyləçi basa bilir, mayor İqor İvanov dərhal ölür.  Podpolkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər.
Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir. Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd adlanır”.

Vaqif Elşənoğlu

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 86
  • 15
  • 943
  • 3,060
ILK-10 Azeri Website Directory