95 yaşın mübarək, “Azərbaycan” jurnalı!

Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan “Azərbaycan” jurnalı ədəbi fikir tariximizdə ciddi rol oynamış nadir ədəbi mətbu orqanlardan biridir. 
Neçə-neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü deyib, ədəbi istedadını nümayiş etdirib. XX əsrin elə bir yazarı tapılmaz ki, “Azərbaycan” jurnalının qapıları onun üzünə açılmasın. Dövrün gənc yazıçılarının söz, qələm tribunası olan “Azərbaycan” jurnalı haqqında Nəbi Xəzrinin “Biz hamımız “Azərbaycan” jurnalının şinelindən çıxmışıq” ifadəsi tam yerində işlənib.

1920-ci illərdə yeni ədəbi əsərlərin daha geniş oxucu auditoriyasına çatdırılması üçün irihəcmli mətbu orqana ehtiyac yarandı. Bu ehtiyacın zərurəti və maarifin işlərinə, ədəbiyyatın, incəsənətin inkişafına kömək etmək məqsədi ilə Azərbaycan Xalq Maarif Komissarlığının 14 oktyabr 1922-ci il tarixli kollegiya iclasının qərarı ilə 1923-cü il yanvar ayının 28-də “Maarif və mədəniyyət” jurnalı nəşrə başlayır. Jurnal Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanov, Maarif komissarı Mustafa Quliyev və komissar müavini Tağı Şahbazinin (Simurq) təşəbbüsü ilə yaranmışdı. “Maarif və mədəniyyət” jurnalına materiallar vaxtında toplanmadığı və mətbəə təşkili işi yubandığı üçün jurnal həmin il deyil, 1 il sonra çap olunub.

Azərbaycan Yazıçılar Birliyinin fəal mətbu orqanı olan və şərəfli yol keçmiş “Azərbaycan” jurnalının adı ictimai-siyasi və ədəbi-mədəni həyatda baş verən hadisələrlə əlaqədar olaraq 6 dəfə dəyişdirilib. “Maarif və mədəniyyət” (1923, yanvar, №1-1927, dekabr, №12), “İnqilab və mədəniyyət” (1928, yanvar, №1-1936, may, №5), “Revolyusiya və kultura” (1936, iyun, №6-1941, may, №5), “Vətən uğrunda” (1941, iyun, №6-1946, aprel, №4), “İnqilab və mədəniyyət” (1946, may, №5-1952, dekabr, №12), “Azərbaycan” (1953, yanvar, №1-dən bu günə qədər) adları altında çap olunmuşdur. Müxtəlif illərdə Tağı Şahbazi (Simurq) (1923-1924), Cəlil Məmmədzadə (1924-1926), Ruhulla Axundov (1927-1928), Mustafa Quliyev (1929-1931), Müseyib Şahbazov (1932-1933), Hacıbaba Nəzərli (1934), Məmmədkazım Ələkbərli (1934-1936), Mirzə İbrahimov (1938-1941), Məmməd Arif (1942-1945), Mehdi Hüseyn (1946-4950; 1954), Əbülhəsən Ələkbərzadə (1952-1953), Əli Vəliyev (1954; 1958-1959), Əhməd Cəmil (1959-1960), Qılman Musayev (1963-1966), Cəlal Məmmədov (1966-1975), İsmayıl Şıxlı (1976-1978), Əkrəm Əylisli (1978-1983), Cabir Novruz (1984-1987), Yusif Səmədoğlu (1987-1997), İntiqam Qasımzadə (1998-dən indiyə qədər) jurnalın redaktorları olmuşdular. Bu redaktorlar içərisində 5-i Tağı Şahbazi (Simurq) (1892-1937), Ruhulla Axundov (1897-1938), Mustafa Quliyev (1893-1938), Hacıbaba Nəzərli (1895-1939), Məmmədkazım Ələkbərli (1905-1938) 1937-ci il repressiya qurbanlarından olmuşdur. Cəmil Məmmədzadə və Müseyib Şahbazov isə ədəbiyyatla bağlılığı olmayan “Kommunist” partiyasının üzvü olublar. “Azərbaycan” jurnalının 80 illik yubileyilə bağlı məqaləsində Vaqif Yusifli jurnalın şərəfli tarixində yer tutan baş redaktorlar haqqında qısa məlumat verərək yazır: “80 ildə 20 baş redaktor! Lakin bu redaktorların hər biri müxtəlif ədəbi zövqə, dünyagörüşünə malik olsalar da, bu illər ərzində Azərbaycanda ictimai-siyasi həyatda müəyyən dəyişikliklər, hətta çevrilmələr baş versə də, jurnal öz şərəfli missiyasına sadiq qalmışdır”.

“Maarif və mədəniyyət” jurnalı 1924, avqust, №8-1925, iyul, №7 ərzində çap olunmamışdı. Jurnalın bu müddət ərzində çıxmamasının səbəbini Rasim Tağıyev respublikada mövcud iqtisadi vəziyyətin ağırlığı, maliyyə vəsaitinin, kağız ehtiyatının və mətbəə avadanlığının çatışmaması ilə bağlayır. Lakin müxtəlif araşdırmalar zamanı bir başqa səbəbin də ortaya çıxdığını görürük. Belə ki, jurnalın ilk baş redaktoru Tağı Şahbazi (Simurq) o zamanlar Maarif komissarının müavini vəzifəsində çalışırdı və vaxt məhdudluğundan jurnalın baş redaktoru vəzifəsini Mühitdin Birgen icra edirdi. Mühitdin Birgen haqqında məlumat professor Asif Rüstəmlinin Türkiyat Araştırmaları İnstitutunun Dərgisinin 2016-cı il 55-ci sayında dərc olunan “Muhitdin Birgen ve Bakü mühiti” adlı məqaləsində ilk dəfə verilmişdir: “Qısa bir müddətdən sonra isə bugünkü “Azərbaycan” jurnalının davamı sayılan “Maarif və Mədəniyyət” jurnalının fəal mühərriri və yazarı olur”. Lakin 1920-ci illərdə bir çox ziyalılar kimi, M.Birgenin adı da ÇK-nın Azərbaycan Fövqəladə Komissiyası tərəfindən sorğuya çəkilənlər siyahısında olur, həmin komissiyanın qərarına əsasən, onun 1923-cü ilin dekabrında Türkiyəyə qayıtmasını jurnalın 1924-cü ilin sentyabrından 1925-ci ilin iyun ayınadək nəşr olunmamasına səbəb amili kimi göstərməsi daha ağlabatandır.

“Azərbaycan” jurnalının ismini mətbuat tarixində araşdırdıqda o da məlum olur ki, müxtəlif dövrlərdə eyniadlı jurnallar da fəaliyyət göstərmişdir. “Azərbaycan” jurnalı Təbrizdə (1906-cı ilin dekabrından 1907-ci ilin sentyabr ayına qədər), Bakıda Rəsul Rzanın baş redaktorluğu (1945-1946) ilə ana dilində ərəb qrafikasıyla, Ankarada Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə (1952-ci ilin aprel ayından bəri bu günümüzədək), 1926-cı ildə Ceyhun Hacıbəylinin baş redaktorluğu ilə Parisdə (1926), Münhendə Əbdürrəhman Fətəlibəyli Düdənginskinin baş redaktorluğu ilə (1952-1954), Stokholmda (1992), Vaşinqtonda (1993) çap olunmuşdur. Mətbuat tariximizə öz irsini qoyan “Azərbaycan”lar azərbaycançılıq ideya-məfkurəsi istiqamətində köklənsə də, mövzu-problem, yaradıcılıq axtarışları məsələlərində fərqli cəhətlərdən də xali deyillər.

“Azərbaycan” jurnalı haqqında ilk genişhəcmli tədqiqat işi İ.A. Novruzovun 1968-ci ildə tamamladığı “Azərbaycan sovet ədəbiyyatının inkişafında “Maarif və mədəniyyət” (“İnqilab və mədəniyyət”) jurnalının rolu (1923-1932-ci illər)” adlı dissertasiyasıdır. “Azərbaycan” jurnalının 53 illik (1923-1976) fəaliyyəti haqqında digər tədqiqat əsəri Rasim Tağıyevin “Azərbaycan” jurnalı və Azərbaycan Sovet ədəbiyyatının aktual problemləri (1923-1976-cı illər)” kitabı (1977) jurnalın ideya və məqsədlərini təhlili zamanı müəllifin zamanın ideoloji tələblərinə uyğun olaraq daha çox konyuktiv yanaşmasıdı.

Müstəqillik illərində Bəxtiyar Məmmədovun “Azərbaycan bədii publisistikasının inkişaf meylləri və sənətkarlıq məsələləri (XX əsrin II yarısında)”, Aygün Əzimovanın “Müstəqillik dövrü Azərbaycan mətbuatında bədii publisistika” (“Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının materialları əsasında) dissertasiya işi “Azərbaycan” jurnalının müasir dövrdə keçdiyi inkişaf yoluna nəzər salır, qazan-dığı bədii publisistik keyfiyyətlər müxtəlif aspektlərdə təhlil olunmuşdur.

Hər zaman ədəbi prosesə yaxından bələdçilik edən, klassik irsin öyrənilməsi, ədəbiyyatşünaslıq və ədəbi tənqidin inkişafı, teatr, musiqi, kino, incəsənətin bütün sahələrini, dilimizin saflığı, dünya xalqlarının ədəbi-mədəni həyatına aid materiallar daim jurnalda işıqlandırılmışdı. Rasim Tağıyev “Azərbaycan” jurnalı və Azərbaycan Sovet ədəbiyyatının aktual problemləri (1923-1976-cı illər)” kitabında yazırdı: “Azərbaycan ədəbiyyatı və incəsənətinin tarixində elə bir mühüm hadisə yoxdur ki, jurnalda öz əksini tapmamış olsun”.

“Azərbaycan” jurnalının adının müxtəlif dövrlərdə dəyişdirilməsinə səbəb olan amilləri müasir aspektdən təhlil edən akademik Bəkir Nəbiyevin fikirləri təqdirəlayiqdir: “1928-ci ilin lap əvvəllərində isə o zamankı iqtidar özünün iç üzünü göstərdi: yəni sadəcə olaraq maarif və mədəniyyəti yox, məhz inqilabın tələbləri baxımından maarif və mədəniyyəti təbliğ etməyi jurnalın adı-qayəsi kimi elan etdi: 1936-cı ildən etibarən onun başlığındakı birinci və üçüncü sözlər rus dilində yazılan və işlədilən şəklə salındı, demək olar ki, “Revolyusiya və kultura”ya çevrildi. Bu da 30-cu illər repressiyasının tərkib hissəsi olan dildə ruslaşdırma siyasətinin Azərbaycana vurduğu ən ağır zərbələrdən biri oldu. “Vətən uğrunda!” – jurnalın adları arasında özünü ən çox doğruldan başlıqlardan biri oldu və Böyük Vətən müharibəsinin amansız möhürünü 1946-cı ilin əvvəllərinə qədər özündə təsbit etdi. Artıq 50 ildən bəri iftixarla daşıdığı “Azərbaycan” adı isə ölkənin həyatında 50-ci illərin başlanğıcından ilk əlamətləri özünü göstərən yumşalmanın təzahürlərindən biri oldu”.

2004-cü ildə Əmin Əfəndiyevin tərtibçiliyi ilə çap olunan “Azərbaycan”-80: (1923-2003)” biblioqrafik göstərici isə onun tədqiqatçılarının ən vacib bələdçisidir.

“Azərbaycan” jurnalının 75 illiyi münasibəti ilə çap olunan sayında jurnalın baş redaktoru İntiqam Qasımzadə mənsub olduğu dövrün ictimai fikrində rolunu belə izah edir: “Ustad tənqidçi Məmməd Arifin (baş redaktor) ömrünün qatıldığı o dörd ildə “Vətən uğrunda” doğrudan da müsəlləh əsgərlərdən oldu”.

“Azərbaycan” jurnalı müxtəlif illərdə dövlət tərəfindən ən ali fəxri adlara və mükafatlara layiq görülmüşdü. SSR Ali Soveti Rəyasət Heyətinin 22 mart 1973-cü il qərarı ilə Sovet ədəbiyyatının inkişafında və zəhmətkeşlərin ideya-estetik tərbiyəsində fəal iştirakına görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə, SSR Ali Soveti Rəyasət Heyətinin 1983-cü il 21 yanvar fərmanına əsasən, Sovet ədəbiyyatının inkişafında xidmətlərinə və zəhmətkeşlərin kommunist tərbiyəsində fəal iştirakına görə Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur. 2003-cü il 27 yanvar tarixində Azərbaycan respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətlərinə görə “Azərbaycan” və “Literaturnı Azərbaycan” jurnallarının bir qrup əməkdaşları fəxri adlarla təltif edilmişdir. Ümummilli lider H.Əliyevin qərarı ilə, müstəqil Azərbaycan mətbuatının azad inkişafı naminə Yazıçılar İttifaqının mətbu orqanları “Azərbaycan”, “Literaturnıy Azerbaycan”, “Ulduz”, “Qobustan” jurnallarının və “Ədəbiyyat” qəzetinin dövlət büdcəsindən maliyyələşdirilməsi onun mətbuata göstərdiyi diqqət və qayğının örnəklərindəndir.

“Azərbaycan” jurnalı müasir dövrdə də Azərbaycanın ədəbi-mədəni həyatının aynasıdır. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalın 90 illik yubileyi münasibəti ilə çap olunmuş 2013-cü il 1-ci sayında “90 yaşlı müasirimiz” adlı məqaləsində xüsusi olaraq jurnalın müasir dövrdəki oynadığı rolu qeyd edirdi: “Azərbaycan” jurnalı öz yaşarı ənənəsinə XXI əsrdə də sadiq qalır, ədəbiyyatımızın ümumi mənzərəsini yaratmaqda, onun müasir səviyyəsini, durumunu əks etdirməkdə, dünya ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olmaqda, gələcəyimiz olan ədəbi gəncliyi ruhlandırmaqda davam edir. Vaxtilə Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Bəxtiyar Vahabzadənin, Qabilin, Hüseyn Arifin, Əliağa Kürçaylının, İslam Səfərlinin, Əli Kərimin, Yusif Səmədoğlunun, Məmməd Arazın, Cabir Novruzun, İsa İsmayılzadənin çap olunduğu “Azərbaycan”da indi onları layiqincə əvəz edən müxtəlif ədəbi nəsillərin yaradıcılığı öz əksini tapır”.

“Azərbaycan” jurnalı zamanın diktə etdiyi hansı ideologiyaya az və yaxud çox dərəcədə əməl edən mətbu orqan olsa da, onun xalqın maddi və mənəvi sərvəti olmaq fikrini, ədəbi və mədəni sahədə ictimai düşüncənin inkişafındakı böyük əhəmiyyətli rolunu inkar etdirə bilməz. “Azərbaycan” jurnalı hal-hazırda müstəqillik dövrünün salnaməsini yaratmağa xidmət göstərir, ədəbiyyatımızın elmi mühakimə gücünü artırır, yeni forma və üslubların yaranmasını təmin edir.

95 yaşın mübarək, “Azərbaycan” jurnalı!

Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 42
  • 13
  • 1,180
  • 4,940
ILK-10 Azeri Website Directory