KİVDF-nin Müəllif Hüquqları Agentliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.

Kamran İmanov vurğulayıb ki, Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlara imza atması, eləcə də qlobal reytinq göstəricilərinin yüksəlməsi əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsinə də müsbət təsirini göstərir. Agentliyin İdarə Heyətinin sədri bunun nəticəsi olaraq  respublikamızın Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstərici üzrə 4,8 bal toplamasını və dünyada 37-ci yerdə qərarlaşmasını mühüm uğur kimi qiymətləndirib: “Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənib.

K.İmanov son illər ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə agentliyin maddi-texniki və qanunverici-institusional bazasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq bu nailiyyətlərin ölkə ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çəkib. Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu deyən K.İmanov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələr həyata
keçirdiyini bildirib.

Azərbaycanda fikir, söz və mətbuat azadlıqlarının tam bərqərar olduğunu deyən Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda bəzi qərəzli dairələrə tutarlı cavab verdiyini bildirib: “Möhtərəm Prezidentimiz Davos İqtisadi Forumundakı dərin məzmunlu çıxışında, haqlı olaraq bildirdi ki, Azərbaycanda fikir, söz və məlumat azadlıqları yüksək səviyyədə qorunur, əhalinin 80 faizi internetdən istifadə edir. İnternet azadlığının tam mövcud olduğu bir dövlətdə mətbuat azadlığının məhdudlaşdırıldığını iddia etmək tamamilə qərəzli və əsassızdır”.

Çıxışını davam etdirən Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, Müəllif Hüquqları Agentliyi ilə birgə keçirilmiş müsabiqə əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, xalqımıza məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən ictimaiyyətin bu sahədə maarifləndirilməsi və jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir.

Vüqar Səfərli müsabiqəyə
22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor, həmçinin Agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu   bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin Komitə sədri Siyavuş Novruzov Azərbaycanda söz və mətbuat azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu bildirərək jurnalistləri dövlətçilik maraqlarını əsas tutaraq ölkəmizə qarşı qərəzli mövqe tutan yerli və xarici qüvvələrlə mübarizədə fəal olmağa çağırıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini diqqətə çəkib. Müsabiqədə qalib olmuş jurnalistləri təbrik edən Ə.Amaşov bildirib ki, keçirilən tədbir Agentliklə media təmsilçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 82
  • 56
  • 1,089
  • 4,949
ILK-10 Azeri Website Directory