Daşların dilini bilən adam

MİNERALOGİYA MUZEYİNİN DİREKTORU AĞAMEHDİ AĞAYEV: “MUZEYİN GENİŞLƏNMƏSİ VƏ CİHAZLARLA TƏMİN OLUNMASI ƏN BÖYÜK ARZUMDUR”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəaliyyət göstərən Mineralogiya kabineti artıq muzey statusu alıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazirliyinin qərarı ilə zəngin, qiymətli mineralların saxlandığı və nümayiş olunduğu məkan muzeyə çevrilib.

Mineralogiya Muzeyinin direktoru ADNSU-nun “Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi” kafedrasının professoru Ağamehdi Ağayevdir. Bizi muzeydəki minerallarla tanış edən professorla söhbətimizi təqdim edirik. 

– İstərdim, söhbətimizə Mineralogiya muzeyinin tarixindən başlayaq. Necə oldu ki, Azərbaycanda da belə bir muzey yaradıldı?

– Muzey Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yaşıddır. Muzeyin ilk yaradıcısı universitetin Geoloji kəşfiyyat fakültəsinin professoru olmuş Aslan Vəzirzadədir. Mineralogiya Muzeyi 100 ilə yaxındır, fəaliyyət göstərir. Aslan bəy 1927-ci ildə universiteti Fransada bitirərək Bakiya gəlir və bu otaqda muzeyin təşkilinə başlayır.

Muzeyimiz əvvəllər çox kasıb olub, fəaliyyətə yalnız iki rəflə başlayıb. Muzeydəki eksponatların – daşların əksəriyyəti dünyanın müxtəlif ölkələrindən gətirilib, alimlər də, tələbələr də əldə etdikləri mineroloji əhəmiyyətli daşları muzeyə hədiyyə edirlər. Əvvəllər muzeydə yeni işlənmiş minerallar olub. Ən nadir mineralları, tapıntıları çox sonralar toplamağa başladıq. Hazırda burada 126 yataqdan 6700-dən çox mineral nümunəsi və 374 növ qorunur.

– Muzeyə nə vaxtdan rəhbərlik edirsiniz?

– Əvvəl muzeyin yaradıcısı Aslan bəylə birlikdə işləyirdik. Desəm ki, muzeyin vurğunu idim, yəqin mübaliğə etmiş olmaram. Həmin dövrdə muzeyin zənginləşməsi üçün xarici ədəbiyyatlar oxuyur, araşdırmalar aparırdım. Biləndə ki, dünyada belə muzeylərin sayı çoxdur, məndə Azərbaycanın da bu sırada olması arzusu yarandı. Azərbaycan naminə, indiki və gələcək tələbələrin bu sahədə inkişafına xidmət etmək məqsədilə muzeyin zənginləşməsi istiqamətində ciddi axtarışlara başladıq.

Muzeyə 3 ildir, rəhbərlik edirəm. Əvvəlcə buradakı eksponatlar dağınıq şəkildə idi. Beynəlxalq standartlara uyğun bölgü aparılmamışdı. İlk növbədə bu problemi həll etdik və eksponatları dünya üzrə qəbul olunmuş təsnifata uyğun yerləşdirdim. Muzeydə olan bir mineralı digərinin yeri ilə dəyişmək olmaz.

– Daşların düzülüşünün özəlliyi nədədir?

– Daşlar muzeydə fəza quruluşuna görə düzülüblər. Fəza quruluşu deyəndə, onların atom quruluşları nəzərdə tutulur. Eksponatlar muzeylərdə atomların fəzada yerləşmə qanunauyğunluqlarına görə yerləşdirilir. Hər birinin atom quruluşu fərqli olur. Onu ilk dəfə sistemləşdirən alman alimi Helmud Ştrus olub və dünya bu sistemi qəbul edib. Biz də bu sistemlə işləyirik.

Əvvəllər bu kabinetdə süxurlar hətta atom quruluşuna görə düzülməmişdi. Nəinki suxurların sayı, heç adları da məlum deyildi.

– Suxurların adlarını necə müəyyənləşdirdiniz? Bu işləri təbii ki, hansısa cihazların köməyi ilə həyata keçirmək vacibdir. Baxıram, deyəsən, muzeyinizdə belə cihaz yoxdur.

– 50 ildən çoxdur, bu universitetdəyəm və yetərincə təcrübəm var. Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın səmərəli olmasına universitet rəhbərliyi böyük dəstək verir. Araşdırmalarımızı Fizika İnstitutunun cihazları vasitəsilə aparırıq. Süxurların adlarını bu cihazlar sayəsində təyin edirik. Lakin bütün minerallar hələ tam təhlil edilməyib. Əksər hallarda daşları bir yerdən başqa yerə daşımaq problem yaradır. Cihazlar muzeydə olsa, yaxşdır. Daşlar da canlıdır, onlar əlamətlərinə və vəziyyətlərinə görə dəyişir. Təəssüflər olsun ki, bu cihazlar çox bahadır.

– Rəhbərlik etdiyiniz muzeydə Azərbaycanın neçə yatağından mineral var?

– Muzeydə Boliviyadan Yaponiyaya, Qrelandiyadan Cənubi Afrikaya kimi coğrafi ərazini əhatə edən ölkələrdən minerallar var. Azərbaycana məxsus minerallarımız da var – Daşkəsən, Gədəbəy, Talış, Zaqatala və başqa yerlərdən gətirilən mineralları ayrıca saxlayırıq. Hətta işğaldan qabaq Qarabağdan gətirdiyimiz minerallarımız da var və bu mineralları muzeydə bir guşədə yerləşdirmişik.

Onu da xüsusilə, vurğulamaq istəyirəm ki, Mineralogiya muzeyi Qafqazda yalnız Azərbaycanda fəaliyyət göstərir.

– Minerallar muzeydə quruluşlarına görə düzülüb və aydın görünür ki, yeriniz dardır. Sərgidə qoyulan siyirmələrin içərisi belə, süxurlarla doludur. Gələcəkdə muzeyə mineral gətirilməsi prosesi dayandırıla bilərmi? 

– Artıq gətirilən minerallara indidən yer tapa bilmirik. Bəli, muzeyimiz kifayət qədər zəngindir və bir çox daşları yer olmadığından stendlərə yığmışıq. Rektorumuz Mustafa Babanlı bu məsələ ilə yaxından maraqlanır, muzeyin sahəsini genişləndirməyi düşünürük.

– Muzeyin daha geniş məkanda fəaliyyət göstərməsi ilə bağlı hansı problemlər var?

– Çətinliklərimiz cihaz və yer problemi ilə bağlıdır. Dediyim kimi, cihazlar çox bahadır, ala bilmirik, yer problemini isə rektorumuz Mustafa Babanlı həll etməyə çalışır. Bir neçə məkana baxmışıq, lakin muzeyin fəaliyyəti üçün uyğun deyil. Xarici ekspertlər bizim muzeydə olublar, Almaniyadan gələn təcrübəli ekspert suxurlarımızı bəyəndi, ancaq yerin dəyişdirilməsinin, daha geniş məkana köçürülməsinin labüdlüyünü də vurğuladı.

Dediyim kimi, bura əvvəllər kabinet olub. Artıq Mədəniyyət və Turizm Nazirliyi bizi muzey kimi təsdiqlədi. Bu hadisə bizim üçün çox önəmlidir və cənab nazir Əbülfəs Qarayevə minnətdarlığımızı bildiririk. Biz ümidliyik. Dövlətimizin, konkret olaraq Mədəniyyət və Turizm Nazirliyinin məkan məsələsinin həllində bizə yardımçı olacağına inanırıq.

– Dünyadakı hansı zəngin mineralogiya muzeylərini tanıyırsınız?

– M.Lomonosov adına Moskva Dövlət Universitetində “Fesval” adlı məşhur muzey var. Bizim bu muzeylə əlaqələrimiz qurulub. Dünyada 4 min mineral növü var, onların 370 növü Azərbaycandadır. “Fesval” muzeyində isə 2900 növ var. Bu qədər məşhur olmağına baxmayaraq mineralların sayı hələ 4 minə çatmayıb.

– Bu daşların qiymətli olduğu necə müəyyənləşir? Məsələn, qızıl ona görə bahadır ki, gec-gec tapılır, əldə olunması çətin başa gəlir. Bəs suxurların dəyəri hansı xüsusiyyəti ilə ölçülür?

– Minerallar da canlı aləm kimidir – hər birinin adı var. Onlar da canlı aləm kimi müəyyən zamanda yaranır, müəyyən zamana qədər yaşayır və sonda dəyişilməyə məruz qalaraq pozulur, “ömür”lərini başa vururlar. Buradakı mineralların hər biri yalnız ona xas olan keyfiyyətlərlə digərlərindən seçilir. Bu mineralların qiyməti təkcə onların göz qamaşdırıcı parıltısında, şəffaflığında deyil, həm də təbiətdə yaranma müxtəlifliyində, bu və ya digər nadir, qiymətli elementlərlə zənginliyindədir.

Daşların dəyərləndirilməsində iki baxış mövcuddur. Bir yanaşma onun bazar qiyməti ilə, digəri isə geoloji, elmi cəhətdən yer qabığında yerləşməsi ilə bağlıdır.

– Muzeydə ziyarətçilərin daha çox diqqətini çəkən minerallar hansılardır?

– Marağa səbəb olan minerallar çoxdur. Onlardan biri kalsium, maqnezium və dəmirin hidroalümosilikatı olan nefritdir. Hələ qədim zamanlardan bu mineraldan böyrək xəstəliyinin müalicəsində istifadə olunub. Xəstənin böyrəyinə mineralı kip oturtduqda, müəyyən vaxtdan sonra ağrı ya azalır, ya da tamamilə kəsilirdi. Mineralın nefrit adlandırılması da onun bu xüsusiyyəti ilə əlaqədardır. Nefrit, yunanca “nefros” – böyrək mənasını verir.

Nefritin mühüm xassəsi qarışıq lifli quruluşa malik olmasıdır. Onun hətta qırıntılarını belə çəkic və ya hansısa alətlə parçalamaq olduqca çətindir. Bunun üçün ya mişardan, ya da hər hansı cilalayıcı vasitədən istifadə edilir.

Nefrit həmişə Çində yüksək qiymətləndirilib. Onu bu gün də “müqəddəs” daş hesab edir, “əbədilik daşı” adlandırır, göyün və yerin “həyat daşı” bilir, müdriklik və zəka simvolu kimi qiymətləndirirlər. Vaxtilə Çində nefrit qızıldan və gümüşdən baha olub. Təsəvvürə görə, bu mineral insanlara xoşbəxtlik gətirir. Çində bütlərin düzəldilməsində yalnız nefritdən istifadə edilir. Bu gün çinlilər hansısa yaxşı adam haqqında danışdıqda, “onun mənəviyyatı nefrit kimi təmizdir” deyirlər. Nefritin bir kiloqramı on min dollara satılır. Bizim muzeydə 100 kiloqrama yaxın nefrit saxlanılır.

Nefritin byanşi adlanan qara rəngli, yarımqiymətli bir növü də var. Alimlər klinik tədqiqatlar nəticəsində müəyyən ediblər ki, byanşi çox yüksək terapevtik gücə malikdir və insanın bütün orqanizminə müsbət təsir göstərir.

Bu gün Nyu-Yorkda divarları, tavanı, döşəməsi və oturacaqları nefritdən hazırlanmış saunalar fəaliyyət göstərir. Burada bir saat qaldıqdan sonra insan özünü daha gümrah və sağlam hiss edir. Nefritin daha hansı möcüzəli xüsusiyyətə malik olması elm tərəfindən aşkar edilməyib.

– Müsahibədən öncə söhbətimizdə muzeydə əsl göz muncuğu daşı saxlandığını dediniz. Bu daş haqqında ətraflı danışa bilərsinizmi?

– Onun adı qaqat daşıdır. İlk dəfə Türkiyənin cənub-qərbində axan Qaqates çayının sahillərində tapıldığı üçün bu adı alıb. Bu daş qonur kömürün tünd qara rəngli parıltılı növüdür. Ona Azərbaycanda göz muncuğu deyilir. Qaqatın tərkibində karbon, çoxlu uçucu və üzvi maddələr var. Onun mühüm xüsusiyyəti çox yüksək energetik gücə malik olmasıdır. Maqnit dəmiri özünə çəkən kimi, qaqat da ətrafındakı, hətta cüzi elektriki belə özünə çəkir. Qaqatın bu xüsusiyyətindən istifadə edərək körpələri, qız-gəlinləri bəd nəzərdən qorumaq üçün ondan hazırlanmış kiçik kürəciyin səthini ağ nöqtələrlə bəzəyirlər. “Gözu” olan adamın diqqətini qara fonda paylanmış ağ ləkələr cəlb edir və ondan ayrılan enerji qaqata istiqamətlənir. Bunun nəticəsində sonuncuda çatlar yaranır (qaqat parçalanır) və körpə bəd nəzərdən xilas olur. İngiltərədə Viktorian dövründə yeni doğulmuş uşaqları bəd gözdən qorumaq üçün onlara qaqatdan bilərzik bağlayırdılar.

Qaqatdan Çində də geniş istifadə edilirdi. Çinlilər hesab edirlər ki, qaqat bədəndə olan elektrik yükünü özünə çəkir və orqanizm yüklü hissəciklərdən azad olur.

Qaqata Türkiyədən başqa, İngiltərədə, İspaniyada, Gürcüstanda, Fransada da rast gəlinir. Çox təəssüf ki, indi həqiqi qaqat əvəzinə onun keyfiyyətlərindən tamamilə uzaq keyfiyyətlər daşıyan plastmastlardan, qara obsidiandan istifadə edilir.

– Təbii ki, muzeydəki bütün daşlar nadir və qiymətlidir. Bəs ən nadir mineral hansıdır?

– XVIII əsrin ortalarına kimi alimlər mineralların tərkibini ən sadə üsullarla təyin edirdilər və elə olurdu ki, bir sıra mürəkkəb tərkibli mineralın kimyəvi tərkibi müəyyən edilməmiş qalırdı. Belə minerallardan biri də kolleksiyamızda olan nadir elementlərin və dəmirin niobatotitanatı – eşinit idi. Bu mineralı 1825-ci ildə İ.Mange kəşf edib və 1828-ci ildə böyük İsveç alimi Y.Berselius tərəfindən təsvir və tədqiq olunub. Mineralın xeyli müddət əvvəl kəşf olunmasına baxmayaraq alimlər o zamankı üsullarla onun komponentlərini, daha doğrusu, kimyəvi tərkibini müəyyən edə bilmirdilər. Qəribə hal yaranmışdı – mineral özü var idi, lakin nə dəqiq tərkibi, nə də adı məlum idi. Mineralı tədqiq edən Y.Berselius kimyaçıların və mineraloqların bu işdə zəifliyini və uğursuzluğunu nəzərə alaraq onu yunanca esxile – “eyıb” mənasını verən və mineraloji dilə uyğunlaşdırılan “eşinit” adlandırıb. Lantanoidlərlə zəngin olan eşinit yataqları Norveçdə və Uralda İlmen dağlarında yerləşir.

– Dünyanın məşhur mineralogiya muzeylərinin rəhbərlikləri ilə görüşləriniz olurmu?

– Onlar görüşlərdən əvvəl dərgilər çıxarır. Biz də istərdik ki, ayda bir dəfə də olsa, muzey haqqında dərgi buraxaq. 1970-ci ilə kimi Azərbaycanda Mineralogiya Cəmiyyəti var idi və o, sonradan dağıldı. O cəmiyyəti yenidən qurmaq istəyirik. Bəzi muzeylərlə əlaqələr yaradırıq, ancaq bu əlaqələri genişləndirmək üçün qarşılıqlı səfərlər təşkil olunmalı, konfranslar keçirilməldir. Dünyanın mineralogiya sahəsində tanınan ekspetləri Bakıya gəlib, muzeyimizlə tanış olsalar, töhfələr verə bilərlər. Məqsədimiz Azərbaycanı dünyada bütün sahələri ilə tanıtmaqdır. Bizim ölkəni neft ölkəsi kimi yaxından tanıyırlar. Axı, Azərbaycanda təkcə neft çıxmır, yerin altında qiymətli sərvətlər – süxurlar da var. Azərbaycanda palçıq vulkanlarının çox olması da müxtəlif növ mineralların aşkara çıxmasına səbəb olur.

– Mineralogiya sahəsində gələcəyin mütəxəssisləri ola biləcək yetirmələriniz varmı?

– Bəli, var. Onlar çox savadlı və istedadlı gənclərdir. Universiteti fərqlənmə diplomu ilə bitiriblər. Hazırda magistraturada oxuyurlar. Biz rektorumuzla da danışmışıq ki, onları işə götürək, fəaliyyətlərini davam etdirsinlər. Gələcəkdə muzeyin zənginləşməsi – məkanın genişlənməsi və cihazlarla təmin olunması ən böyük arzumdur. Əminəm ki, Azərbaycanın həm də mineralogiya ölkəsi kimi tanıdılmasına nail olacağıq.

Ayşən BAYRAMOVA
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Gənc Jurnalistlər” Klubunun üzvü, BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi  

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 9
  • 7
  • 493
  • 2,401
ILK-10 Azeri Website Directory