Regionlarda turizmin davamlı inkişafı təmin edilir

Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapıb. Yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında ölkədə turizmin inkişafına xüsusi diqqət yetirilib. Prezident bu barədə danışarkən deyib: “Turizm sektorunun inkişafını nəzərə alaraq, bu il Qəbələ şəhərinə dəmir yolunun çəkilişi başlanmalıdır. Çünki Qəbələ Bakıdan sonra ölkəmizin ikinci turizm mərkəzidir və beynəlxalq turizm mərkəzinə çevrilir. Vaxtilə biz Qəbələdə beynəlxalq aeroport inşa etdik. Bu gün bu beynəlxalq aeroport müxtəlif ölkələrə uçuşları təşkil etmək imkanı yaradır. Əgər onu vaxtında tikməsəydik, bəlkə, Qəbələyə bu qədər turist gəlməzdi. Bakı-Yalama yolunun tikintisi ilə paralel olaraq, Qusar rayonuna da dəmir yolunun çəkilişi planlarımızda var. Eyni zamanda, yeni, müasir vaqonlar, lokomotivlər alınacaq və beləliklə, dəmir yolu infrastrukturu tam müasirləşəcək”.

Azərbaycanın müxtəlif bölgələrində turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir. Ölkəmizin reytinqinin yüksəlməsində mühüm rol oynayan “Şahdağ” Qış-Yay Turizm Kompleksi belə yüksək səviyyəli obyektlərdəndir. Bu kompleks nadirliyi və universallığı ilə dünyadakı oxşar turist obyektlərindən fərqlənir. Cənab Prezident yanvarın 30-da bu turizm kompleksinə səfəri zamanı buranın növbəti inkişaf planları ilə tanış olub.

Konfransda ölkə başçısı bu məsələ ilə bağlı deyib: “Hesab edirəm ki, turizmin inkişafı ilə bağlı bölgələrdə yeni otellərin tikilməsinə ehtiyac var. Bunu, əlbəttə ki, özəl sektor etməlidir. Özəl sektor, əlbəttə ki, hər şeyi yaxşı bilir. Bilir ki, haraya, nə vaxt sərmayə qoymaq olar. Ancaq rəqəmlər də kifayət qədər yaxşı mənzərə yaradır. Təkcə keçən il gələn turistlərin sayı beş yüz minə yaxın artmışdır. Əminəm ki, bu il də artım olacaqdır. Ona görə turistlər də gözəl yollardan, aeroportlardan istifadə edirlər. İndi sürətli qatarlarımız olacaq, onlardan istifadə edəcəklər. Bölgələrə daha da çox turist gələcək. Ona görə hesab edirəm ki, bölgələrdə otellərin tikilməsi üçün yaxşı biznes imkanları var və bunu özəl sektor öz üzərinə götürməlidir.”

Azərbaycanın regionlarında bu məsələ tədricən həllini tapır. Bu işlər getdikcə genişlənir. Gəncədə, Mingəçevirdə, Lənkəranda, Qəbələdə, Nabranda, Qusarda, Qubada xeyli sayda otelin açılması onu göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır.

Regionlarda yeni turizm obyektlərinin açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Regionlarda turizm sahəsində kadr hazırlığına da diqqət artmaqdadır. Dövlət bu istiqamətdə iş aparır. Məsələn, Qəbələ və İsmayıllı rayonlarında kadr hazırlığı daha da təkmilləşib. Hər iki rayonda turizm peşə liseyi fəaliyyət göstərir. Bu isə yaxın rayonların da kadr tələbatını ödəməkdə əhəmiyyətli rol oynayacaq.

Bu gün ölkəmizdə həm yay turizmi, həm qış turizmi, eləcə də sağlamlıq, mədəni turizm inkişaf dövrünü yaşayır. Yeni turizm zonalarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilir.

Prezident İlham Əliyevin turizm potensialı olan bölgələrə etdiyi səfərlər zamanı, demək olar ki, hər dəfə yeni turizm obyektləri, otellər, restoranlar, istirahət parkları və sair istifadəyə verilir. Bütün bunlar regionlarda yaşayan işsizlərin, əsasən də gənclərin işlə təmin olunması üçün böyük imkanlar yaradır. Bundan əlavə, turistlərə informasiyaların çatdırılması məqsədilə Xaçmaz, Quba, Şamaxı, Şəki və Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turizm informasiya mərkəzlərinin fəaliyyətə başlaması da bölgələrdə turizmin inkişafına təkan verir. Lakin bütün bunlara baxmayaraq, bəzi mütəxəssislər hesab edirlər ki, regionlarda turizmin yüksək sürətli inkişafı və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün bir sıra problemlər həll edilməli və kompleks tədbirlər həyata keçirilməlidir.

Ötən il Azərbaycanda turizmin inkişaf tempi onu deməyə əsas verir ki, ölkəmizdə davamlı inkişaf tendensiyası uğurla həyata keçirilmişdir. Bunu faktlar da sübut edir. Bu ilin 10 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 276 604 nəfər olub. Bu sırada Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarının xüsusi çəkisi daha çox olub: müvafiq olaraq 31,9 , 19,2 , 14 və 10,9 faiz təşkil edib.

“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq, bütün sərhəd-buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi ayrılmış hərəkət zolaqlarının yaradılması və bununla bağlı müvafiq təşkilati işlərin görülməsi nəzərdə tutulmuşdur.

Strateji yol xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması da yeni uğurlara imkan yaratmışdır. Strateji yol xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir.Burada regionlarda turizmin inkişafı ilə bağlı da xeyli müddəalar yer alıb.

Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq Azərbaycan Respublikası Prezidenti 2017-ci il yanvarın 31-də “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm sahəsi də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və ya xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.

Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir.

Mirvari ZEYNALOVA,
Şəki Regional Mədəniyyət və
Turizm İdarəsinin rəisi

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 129
  • 23
  • 1,353
  • 4,830
ILK-10 Azeri Website Directory