Bizim Himalay müəllim… – Pərvin yazır

PƏRVİN

21 fevral dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, professor Himalay Qasımovun doğum günüdür.
Əslində, ömrünün böyük hissəsini elmə, ədəbiyyata həsr etmiş adam haqqında, hələ üstəlik həmişə, hər yerdə ustadım adlandırdığım əziz müəllimim barəsində məqalə yazmağın çətinliyini başa düşürəm. Himalay müəllimin hər əsəri, hər kitabı, hər məqaləsi ayrıca bir tədqiqat mövzusudur.

Amma doğrusu, bu günün işığında, ocaq bildiyimiz “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasında keçirilən tədbirdən sonrakı ovqatımda dəyərli alimin cild-cild əsərlərindən, sayı yüzü ötən məqalələrindən daha çox bizlərin, hamımızın həyatında, karyerasında oynadığı roldan söz açmaq istərdim.

Səhər tezdən kafedramızın baş laborantı Ətrabə xanım zəng edib iclasa çağırdı hamımızı. Amma sən demə, bu toplantının ayrı, xoş bir səbəbi varmış: kafedra müdirimizin doğum günü.  Onu deyim ki, Himalay müəllimin kafedramızda yaratdığı ab-hava hamıya örnək ola bilər. Hər kəsə münasibətində diqqəti, heç vaxt ayrı-seçkilik salmaması, hamının uğuruna sevinib, kədərinə hüzünlənməsi, qayğısını, köməyini əsirgəməməsi göz önündədir. Bütün bu münasibəti, insanlara qarşı xeyirxahlığı ətrafındakı adamlara da sirayət edib. Kiçicik bir gərginlik, anlaşılmazlıq Himalay müəllimi günlərlə narahat edə bilər və o problem  həllini tapmayınca ürəyi sakit olmaz.

Kafedramızın əməkdaşı, professor Mahmud Allahmanlı bir neçə il öncə Himalay müəllimin “Sənət və sənətkarlıq məsələləri yeni düşüncə müstəvisində” kitabı haqqında məqaləsində yazırdı: “Yadıma keçən əsrin yetmişinci illərinin sonu, səksəninci illərinin əvvəllərindəki tələbəlik vaxtlarım düşdü. Birinci kursa təzəcə daxil olmuşduq. “Ədəbiyyatşünaslığın əsasları” fənnindən mühazirə idi. Himalay müəllim içəri daxil oldu və özünəməxsus təmkin, ədəb-ərkanla bizə uğurlar dilədi, tövsiyələrini verdi. Həmin vaxtlar biz ondan və digər müəllimlərimizdən təkcə elmin sirlərini öyrənmədik, həm də o böyük ədəb-ərkanı, mənəviyyat zənginliyini öyrənməyə çalışdıq. Bütün öyrəndiklərim üçün özümü ilk növbədə onlara borclu bilirəm. Platon xüsusi olaraq vurğulayırdı ki, “elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirt”. Tale elə gətirdi ki, qarşıma həmişə elmlərinin çoxluğu, əməllərinin faydalılığı ilə seçilən, ürəyi xeyirxahlıqlarla dolu olan insanlar çıxdı. Həmin seçilmişlərdən biri də professor Himalay Ənvəroğlu oldu. Və bu gün də onun böyüklüyündən, xeyirxahlığından, qayğısından yararlanmaqdayam. Onu da əlavə edim ki, bu təkcə mənim yox, bütünlükdə tələbə yoldaşlarımın, o illərdə mənimlə birgə oxuyanların qənaətləridi”.

Hörmətli müəllimim Mahmud Allahmanlının 70-ci illəri yada salaraq söylədiyi məqamları 2000-ci illərin əvvəllərində təhsil alan bizlər də təsdiqləyə bilərik. Mənim də o gün, Himalay müəllimin şax, qürurlu yerişi ilə auditoriyaya girməsi, tələbələrlə alışmadığımız təmkinlə, nəzakətlə danışması yaxşı yadımdadı. Hətta imkansız tələbələrə “ehtiyac varsa, sizə yardım edə bilərəm” – deməsi də o vaxt hamımıza qəribə gəlmişdi. Sonralar öyrəndik ki, bütün bu davranışı, gənclərə xeyirxah münasibəti haqqında əfsanələr dolaşır. Və Himalay müəllim özü bunları təvazökarlıqla, çox sadə izah edir: “Axı mən o cür alimlərdən, Feyzulla Qasımzadə kimi insandan dərs almışam, mən müəllim keçəndə Feyzulla Qasımzadə sevindiyindən ağlayırdı. Biz də o yolu davam etdirməliyik” – deyir. Əlbəttə, Himalay müəllim dəqiq bilir ki, o böyük alimlərin, böyük insanların yoluna xilaf çıxan, ya da o yolu “əksinə gedənlərin” sayı-hesabı yoxdu. Bununla belə, öz varlığında, insanlara, xüsusən gənclərə münasibətində işıqlı ənənələri qorumağa çalışır. Himalay müəllimin elmə, ədəbiyyata münasibəti də həm ənənələrin davamıdır, həm də öz şəxsi düşüncələrinin, orijinal yanaşmalarının təcəssümü. Təsadüfi deyil ki, çağdaş ədəbiyyatşünaslıq elmində öz sözü, yeri olan bir çox alimlər Himalay müəllimi məktəb adlandırırlar. Professor Yavuz Axundlu “Şeirimizin poetikası haqqında dəyərli araşdırma” adlı məqaləsində yazırdı: “Himalay müəllimin tədqiqatlarında mərhələ və ədəbi növ məhdudiyyəti yoxdur. Görkəmli alim o tay-bu taylı Azərbaycan ədəbiyyatının həm klassik, həm də müasir yaradıcılarının əsərlərini eyni professionallıqla təhlil predmetinə çevirdiyi kimi, poeziyadan da, nəsrdən də, dramaturgiyadan da, ədəbiyyatşünaslıq və ədəbi tənqid məsələlərindən də eyni vəcd və səriştə ilə söz açaraq mükəmməl elmi-ədəbi qənaətlər irəli sürür. O, orta əsrlər ədəbiyyatımızın  İ. Nəsimi, M. Füzuli kimi ustadlarından yazanda da, XX yüzilliyin əvvəlləri romantik poeziya və dramaturgiyamızın böyük nümayəndəsi Hüseyn Cavidin ecazkar sənətini araşdırmaya cəlb edəndə də, S. Vurğun, İ.Əfəndiyev, Anar kimi ədiblərdən söz açıb mötəbər elmi fikirlər söyləyəndə də, Azərbaycan romanının poetikasını çoxplanlı aspektdə incələyəndə də unikallıq, universallıq və professionallıq nümayiş etdirir. Mükəmməl nəzəri hazırlığı, geniş mütaliəsi, dərin elmi erudisiyası Himalay Ənvəroğlunun əsərlərinin başlıca siqlətini şərtləndirən əsas faktordur, təyinedici məziyyətdir”.

Həqiqətən, dəyərli alim Yavuz Axundlunun da qeyd etdiyi kimi, Himalay müəllimin şərhində, izahında, təhlilində bütün bu sənətkarlar tamam ayrı yöndən görünür, qavranır. Onun  “Ədəbiyyat nəzəriyyəsindən mühazirələr”, “Bədiiliyin meyarı”, “Müasir Azərbaycan romanı: janrın poetika və tipologiyası”, “Müasir Azərbaycan romanının qaynaqları”, “Müasir Azərbaycan ədəbiyyatında yaradıcılıq meylləri”, “Azərbaycan ədəbiyyatının yaradıcılıq problemləri”, “Şəhriyarın lirikası və etiqadı”, “Hüseyn Cavidin lirikası və dramaturgiyası” kimi əsərləri ədəbiyyatşünaslıq elmimizi xeyli zənginləşdirib.

Himalay Ənvəroğlu böyük sözün, böyük ədəbiyyatın təbliğatçısıdır. Dəfələrlə Himalay müəllimin dediyi mühazirələrdə şairlərimizi, yazıçılarımızı tamam ayrı yöndən, daha doğrusu, müasir gənclərə maraqlı ola biləcək tərzdə izah etdiyinin şahidi olmuşam. Bu gün gənc nəslin birmənalı qarşılamadığı bir çox mövzular məhz Himalay müəllimin izahlarından, təhlillərindən sonra başqa cür qəbul olunub. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli dəfərlərlə çıxışlarında professor Himalay Qasımovu elmin zirvələrindən biri adlandırır, ayrıca bir məktəb olduğunu xüsusi qeyd edir. Bugünkü kafedra yığıncağımızda da universitetimizin rektoru, professor Cəfər Cəfərovun xəbərsiz gəlişi, Himalay müəllimə göstərdiyi ehtiram, səsləndirdiyi fikirlər son dərəcə mühümdü. Cəfər müəllim kiçik və səmimi təbrikində Himalay müəllimin ömrünün yarısından çoxunu Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etdiyini vurğuladı: “Universitet 100 yaşına yaxınlaşır. Bu yüz ilin yarısından çoxunu – 60 ilini Himalay müəllim bura ilə bağlı olub. O, böyük ziyalılarla birgə buranın təməlini möhkəmləndirib. ADPU-nun inkişafı, böyüməsi məhz Himalay müəllim kimi alimlərimizin adı ilə bağlıdır. Pedaqoji Universitetin bir çox alimlərini kənardan, qiyabi tanımışam. Amma burda işləməyə başlayanda şəxsən, yaxından tanış ola bildim. Sevinirəm ki, sizin kimi insanlarla birgə çalışıram. Himalay müəllimin gənclərə münasibətini, gənc alimlər yetişdirməsini, bu yolda xidmətlərini son dərəcə yüksək qiymətləndirirəm. İnsan cəmiyyətdə işi ilə, əməli ilə tanınır. Bu gün Himalay müəllimin ölkədə bu qədər sayılıb-seçilən alim, sevilən bir insan olması onun gözəl əməllərinin, yüksək səviyyəli əsərlərinin sayəsindədir”.

Cəfər müəllim səmimi sözlərindən sonra təhsillə bağlı məsələlərdən də danışdı, ədəbiyyatımızın, tariximizin təbliğatında yeni metodlara, yanaşmalara, beynəlxalq təcrübəni öyrənməyə ehtiyac olduğunu dilə gətirdi. Bütün müzakirələrin, söhbətlərin tək bir hədəfi, səbəbi var: gənc nəsli milli ruhda yetişdirmək, onların dünyagörüşünü daha da artırmaq. Bunlar kafedramızda hər zaman qaldırılan söhbətlərin, etdiyimiz müzakirələrin davamıdı əslində.

Professor Elman Quliyev Himalay müəllimi xoşbəxt adam adlandırdı. Və mən bütün müzakirələrə, dost təbriklərinə qulaq asdıqca, bu “xoşbəxt adam” ifadəsinin dərinliyinə getdikcə düşünürdüm ki, xoşbəxtlik elə budur. Paxıllığı, kini, nifrəti özünə yaxın buraxmayan insan, alim Himalay Qasımov bəlli bir yaşa, sağlam, rahat, sevənlərinin əhatəsində gəlib çatıb. Ömrünü ləyaqətlə yaşayır, taleyin qismətindən artıq heç nə ummur, gözləmir, istəmir. İnsanları sevindirməkdən, yaxşılıq etməkdən məmnundur…

Gələn il Himalay müəllimin yubileyidir. Neçə yaşı olduğunu demək niyyətim yoxdur. Sadəcə onu deyə bilərəm ki, Himalay müəllim hər yaşda, hər səviyyədə, hər vəzifədə insanların əhatəsində öz ucalığında durmağı bacarır. Yəqin elə bu da onu başqalarından fərqləndirir.

Ad gününüz mübarək, əziz müəllimim!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 1
  • 93
  • 50
  • 1,331
  • 5,011
ILK-10 Azeri Website Directory