Xocalı

Bəşər tarixinin dəhşətli faciəsi

Bu gün Vətənimiz, ölkəmiz kədərli bir gün ərəfəsindədir. 26 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamı xalqımızın, dünya ictimaiyyətinin yaddaşından silinməyib. Xalqımız, dünya azərbaycanlıları bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edirlər. Bununla əlaqədar paytaxtda, həmçinin respublikamızın bütün bölgələrində anım mərasimləri keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, ruhlarına dualar oxunur.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər göstəriləcək.

Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz və Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil olunacaq.

Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər də Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.

Bu dəhşətli gün heç vaxt unudula bilməz. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biridir. Xocalı soyqırımı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc əhaliyə qarşı törədilmiş kütləvi qətllərin miqyasca ən dəhşətlisidir. Bunu dünya ictimiyyəti də təsdiqləyir.

Bu günlərdə Fransa portalında və dünyanın digər aparıcı kütləvi informasiya vasitələrində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar dərc olunmuş məqalələr diqqətimi cəlb etdi. Fransa portalında, həmçinin Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdində fəaliyyət göstərən “Cənub-Cənub İnformasiya Qapısı” agentliyinin rəsmi internet saytında yerləşdirilən Xocalı qətliamından bəhs edən məqalələrdə dünya birliyi belə bir qanlı faciəyə biganə qalmamağa çağırılır.

Fransa portalında yerləşdirilən “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalədə 26 il əvvəl –1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin 366-cı sovet hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 azərbaycanlını qətlə yetirdiyi bildirilir. Məqalədə Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etmədikləri təəssüflə qeyd olunur. Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız – fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.

Məqalədə fotoqraf-jurnalist Reza Deqatinin fikirləri böyük maraq doğurur. O, Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olarkən erməni vəhşiliklərini beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açır. Fransalı bəstəkar isə ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə musiqi əsəri bəstələdiyini qeyd edir. Rəssam soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb.

Malayziyanın Kommunikasiya və Multimedia Nazirliyinin nəzdində fəaliyyət göstərən, “Cənub-Cənub İnformasiya Qapısı” Agentliyinin rəsmi internet saytında dərc olunan yazıda da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb. Qeyd edilib ki, Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsi zamanı öz qəddarlığı ilə seçilən ən dəhşətli, qanlı hadisədir. Məqalədə diqqəti çəkən əsas məqamlardan biri həmin müdhiş gecədən 26 il keçməsinə baxmayaraq, bu cinayəti törədənlərdən heç birinin hələ də beynəlxalq məhkəmə qarşısında cavab verilməsindən bəhs olunmasıdır. Hər iki məqalədə vurğulanır ki, Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın bir çox ölkələri, ABŞ-ın
20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini
soyqırımı kimi tanıyıb.

Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması üçün kifayət qədər ciddi əsaslar verir. Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilib. Orada soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilib. BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam əksini tapıb. Beynəlxalq hüquqa görə soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, müharibə cinayəti sayılır. Soyqırımı hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: həmin qrupun üzvlərinin öldürülməsi, onların şikəst edilməsi, onlara bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi, hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan şəraitin yaradılması, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırımı hesab olunması üçün kifayət edir. Bu meyarlar baxımından Xocalı faciəsi soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.

Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu qətliamda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 9 dekabr 1948-ci il tarixli konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırımı cinayətinin tərkibi var. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarını bilərəkdən kobud şəkildə pozublar. Xocalı faciəsi zamanı mülki əhalinin qorunması haqqında Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblərə ümumiyyətlə, əhəmiyyət verilməyib. Bütün bunlar bir daha təsdiqləyir ki, Xocalı hadisəsi soyqırımıdır. Faciə zamanı törədilən vəhşiliklər də bunu deməyə əsas verir.

Dünyanın aparıcı kütləvi informasiya vasitələri, tanınmış hüquq müdafiəçiləri, ekspertləri, ictimai-siyasi xadimləri Xocalıda törədilən vəhşiliklərə biganə qala bilmədi. “Times”, “İzvestiya”, “Sunday Times”, “Financial Times”, “La Mond” qəzetləri, “Valer actual” və “Krua l’Eveneman” jurnalları, həmçinin digər dünya şöhrətli mətbu orqanlar Xocalı qətliamından bəhs edən məqalələr dərc edərək, bu qətliamı bəşəri cinayət adlandırmışlar. Həmin qəzetlərdə dərc olunan məqalələrdən bəzi cümlələri diqqətə çatdırmaq istərdik. “Sunday Times” qəzetinin müxbiri Tomas Qolts bu barədə məlumat verən ilk reportyor idi. O yazırdı: “Xocalı Azərbaycanın münbit şəhərlərindən biri idi. Bura torpağı becərən və ev quşları saxlayan azı min azərbaycanlının yaşadığı bir yurd idi. Keçən həftə bu şəhər yer üzündən silindi”.

“Times” qəzeti: “Həlak olmuş 60-dan çox insanın, o cümlədən qadın və uşaqların cəsədi Dağlıq Qarabağın təpəliklərindəki yamaclarda aşkar olundu. Bu, azərbaycanlıların erməni hərbçiləri tərəfindən qırğına məruz qalması faktını təsdiqlədi. Çoxları şikəst edilmişdi, bir qız uşağının isə yalnız başı qalmışdı. “Yüzlərlə qaçqın bu günə kimi axtarışdadır”.

“Financial Times” qəzeti: “Ermənilər Ağdam tərəfə istiqamətlənən qaçqınlar dəstəsini güllələdilər. Azərbaycanlılar 1200-ə yaxın cəsəd saydılar. Livandan olan kinooperator onun ölkəsinin varlı daşnak ictimaiyyəti tərəfindən Qarabağa muzdlu döyüşçülər və silah göndərildiyini təsdiqlədi”.

“Krua l’Eveneman” jurnalı: “Ermənilər Xocalıya hücuma keçdilər. Bütün dünya eybəcərləşdirilmiş insan cəsədlərini gördü. Xocalıda mindən çox azərbaycanlının qətlə yetirildiyi deyilir”.

Belə məlumatlar saysız-hesabsızdır. Təbii ki, bütün bunlar erməni vəhşiliyinə, erməni qəddarlığına dünya ictimaiyyətinin kəskin etirazıdır. Təəssüf ki, dünya birliyi hələ də bu ədalətsizliyə, haqsızlığa və bəşəri cinayətə dözür, işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə qarşı açıq hörmətsizliyinə göz yumur.

Hazırda respublikamızın 51 rayonunda məskunlaşan xocalıların müvafiq sosial yardım proqramlarına cəlb olunması, onların məşğulluğunun diqqətdə saxlanılması, imtiyazlı şəxslərin müavinət və təqaüdlərinin vaxtlı-vaxtında təmin olunması, ali məktəblərə ödənişli əsaslarla qəbul olunanların ödənişdən azad edilməsi dövlətimizin diqqət mərkəzindədir. Bununla yanaşı, onların həyat və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən mühüm addımlar atılır.

Xocalılarla yanaşı, doğma yurdlarından didərgin salınmış bütün soydaşlarımız əmindirlər ki, Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, soydaşlarımız ata-baba yurdlarına qayıdacaqlar. Artıq bu qayıdış Cocuq Mərcanlıya baş tutub.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory