Milli-mənəvi dəyərlərimiz

Xalçalarımız dünya muzeylərini bəzəyir

 Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır.

Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir.

Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. Xalçalarımız haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar düzülüb-qoşulub. Qədimdə qıza elçi gələndə, onun həm də xalça-palaz toxumaq qabiliyyətinə qiymət verərdilər. Elçilər isə istəməyə gəldikləri qızın toxuduğu xalçaya baxmaqla təkcə onun qabiliyyətini deyil, həm də xasiyyətini də müəyyənləşdirərmişlər.

Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə deyil, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhurdur. Xalça növləri ilmələrinin sıxlığı, rəng çalarları, toxunuşu və ornamentlərinə görə bir-birindən fərqlənir.

Xalçaçılıq həm də Azərbaycan xalqının az qala rəmzinə çevirilmiş bir sənətdir. Xalçalarımıza verdiyimiz qiymət barədə danışarkən yazıçı Mir Cəlal Paşayevin «Bir gəncin manifesti» əsəri yada düşür. Həmin əsərdə Sona xalanının dili ilə deyilən «İtə ataram, yada satmaram» məsəli xalçanın və xalçaçılığın azərbaycanlılar üçün necə qiymətli olduğunu ifadə edir.

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Bunlardan biri də Gəncə xalça məktəbidir.

Müxtəlif rəng çalarlarına malik Gəncə xalçaları isə hər zaman özünəməxsus üslüb ilə fərqlənib. Həmin xalçalar ki, adı Qarabağ atları ilə qoşa çəkilib, xaricə göndərilib, sərgilərdə həmişə yüksək yerlər tutub, gələn qonaqlara qiymətli hədiyyə kimi təqdim edilib. Qərb regionunun təbiətinin də zəngin və rəngarəng olması bölgədə xalçaçılığın inkişafında əvəzsiz rol oynayıb. Belə ki, Gəncə xalçalarını digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də onların toxunmasında əsasən təbii xammal və boyaq məhsullarından istifadə olunmasıdır.

Gəncə xalçaları seyrək ilməli, qalın tüklü, həndəsi ornamentli, orta ölçülü olması isə seçilir. Bu xalçaların toxunuşunda əsasən sürməyi göy, lalə və zoğalı qırmızı rənglər üstünlük təşkil edir.

Əsrlər boyu yüksək keyfiyyətli xalçaçılıq mərkəzi olan Gəncə ətraf bölgələrdə də xalçaçılığın inkişafına mühüm təsir göstərib. Bir zamanlar Gəncədə saysız-hesabsız xalçaçılıq emalatxanaları olub və böyük xalça kombinatı fəaliyyət göstərib.

Gəncə Xalça Yaradıcılıq Birliyinin xalça toxuculuğu sexinin rəhbəri Faiq Osmanov deyir: «İncəsənətin bu növünə maraq həmişə olub və bu gün də var. Əsasən xanımların əl əməyindən istifadə olunan bu ecazkar sənətin sirlərinə yiyələnmək həvəsi çox olsa da, bəzən satış problemlərinin yaranması xalçaçılığın inkişafına maneçilik törədir.

Elə xalçalar var ki, aylarla, hətta illərlə işləməli olursan. Xalça toxumaq arzusunda olanların əksəriyyəti isə, ancaq portret janrına maraq göstərir. Nəticədə ulularımızdan bizim dövrə qədər gəlib çıxan, milli ornamentlərinə və rəng çalarlarına görə bənzəri olmayan Gəncə xalçaları unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Halbuki vaxtilə Şərqdə xalça emalatxanalarının çoxu bu şəhərdə olub».

Gəncədə toxunan xalçalara xarici ölkələrdə indi də böyük maraq var. Bu xalçalar istər respublika daxilində, istərsə də xarici ölkələrdə keçirilən sərgilərdə xüsusi yer tutur. İki il əvvəl Fransanın Reyms şəhərində böyük Azərbaycan şairi Məhsəti Gəncəvi yaradıcılığının 900 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Gəncə xalçalarının da sərgisi düzənlənib. Fransızlar Nailə Namazovanın, Sahilə Qədimovanın, Reyhan Qədimovanın, Qırmızıgül Sadıqovanın toxuduqları xalçalara böyük dəyər veriblər.

Hazırda şəhərimizdə Heydər Əliyev Mərkəzində, Məhsəti Mərkəzində, toxuculuq kombinatının nəzdində və əməkdar rəssam Şərif Şərifovun emalatxanasında olmaqla dörd xalçaçılıq emalatxanası fəaliyyət göstərir.

Toxuculuq kombinatının nəzdində fəaliyyət göstərən sexdə hazırda yalnız Gəncə xalçaçılıq məktəbinə aid olan “Qollu çiçi”, “Faxralı”, “Qədim Gəncə”, “Köhnə Qazax”, “Butalı Gəncə” və sair adda xalçalar toxunur.

Şərif Şərifovun rəhbərlik etdiyi sexdə çalışanlar isə əsasən portret xalçalar toxuyurlar.

Gəncədə bu sənətin davam etdirilməsi və yaşadılması üçün bir sıra tədbirlər həyata keçirilir. Hazırda Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin xalçaçılıq dərnəyində gənc nəslin nümayəndələrinə xalça toxuculuğunun sirləri öyrədilir. Bu sənətə böyük maraq göstərən gənclər bacarıqlı ustaların yanında xalça toxuculuğuna yiyələnirlər. Keçən il dərnəyin üzvləri maraqlı bir təşəbbüslə çıxış edərək “Gəncə abidələri” adlı xalça toxuyublar. Sənət əsərinin layihəsi Gəncə şəhər Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzi tərəfindən hazırlanıb. Layihəyə əsasən, xalça üzərində dövlət başçısının qayğısı sayəsində əsaslı şəkildə yenidən qurulmuş “İmamzadə” dini memarlıq kompleksi, Şah Abbas məscidi, Çökək hamam, Nizami Gəncəvi məqbərəsi, Cavad xan və Comərd Qəssab türbələri, eləcə də Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə-Kompleksi, Kəpəz dağının görünüşü və Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binası əks olunub. Dərnəyin iki təcrübəli müəlliminin toxuduğu bu sənət əsəri Gəncə xalçaçılıq məktəbinin ənənələrinə əsaslanır. Xalçanın toxunuşunda müxtəlif ipliklərdən istifadə olunub. Həmin ipliklərdə arğac sapları da öz əksini tapıb. İpliklərin müxtəlifliyinə səbəb isə, Gəncənin qədimliyini göstərməkdir. Gəncə üçün xarakterik olan kərpiclərin rənginin olduğu kimi verilməsi xalçanı bir qədər də baxımlı edib.

Gəncə xalçaçılıq məktəbinin davam etdirilməsi, bu sahənin yenidən dirçəldilməsi üçün digər bir məkanda, Heydər Əliyev Mərkəzində də xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Gənclərin xalça toxuculuğunun sirlərinə yiyələnməsi üçün burada hər bir şərait yaradılıb.

Azərbaycan qadınının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vasinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı sarayı kimi dünyanın böyük muzeylərini, habelə Bakıda Azərbaycan Xalçaları Muzeyini və Azərbaycan Tarixi Muzeyini bəzəyir.

Fərruxə UMAROVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 41
  • 12
  • 1,179
  • 4,939
ILK-10 Azeri Website Directory