Sehrli əllərdən süzülən miniatürlər

Şahanə MÜŞFİQ

Fəxrəddinlə Nizami adları birgə ilk dəfə böyük sənətkar, yazıçı, dramaturq Məmməd Səid Ordubadinin tarixi romanlarının sonuncusu olan “Qılınc və Qələm”də rastıma çıxıb.

Romanda sərkərdə Fəxrəddinlə şair, mütəfəkkir Nizaminin yaxın dostluğu Azərbaycan xalqının ən çətin zamanlarında mübarizəyə səsləyən qüvvəsi, gələcəyə inamı kimi təsvir olunub. Mübarizə, müharibə, üsyan səhnələri hər yerdə Fəxrəddinin adı ilə bağlıdırsa, onun əsas məsləhətçisi Nizamidir.

İllər sonra Fəxrəddinlə Nizami yenidən bir yerdə “görüşür”. Ancaq bu dəfə Fəxrəddinin əlindəki qılınc deyil, fırçadır…

Əməkdar rəssam, qocaman sənətkar Fəxrəddin Əli ilə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsində qarşılaşdıq. Bir gün öncə həmin şöbənin rəhbəri, şair Sayman Aruzun televiziyadakı irfan, ədəbiyyatla bağlı söhbətlərindən təsirlənən sənətkar səhər Sayman Aruzla tanış olmaq və ona kitab hədiyyə etmək üçün Yazıçılar Birliyinin yolunu tutmuşdu. Təsadüf nəticəsində bu görüşdə iştirak etmək, onun maraqlı söhbətlərini dinləmək mənə də qismət oldu.

Nizami Gəncəvi, onun “Xəmsə”si və “Sirlər xəzinəsi” haqqında söhbətləşdikcə qulağım danışılanlarda, gözüm Fəxrəddin Əlinin gətirdiyi kitabda qalmışdı. Bu nəfis kitabı vərəqlədikcə nəzərlərimdə və zehnimdə fərqli bir aləm açıldı…

AMEA-nın təşəbbüsü ilə 2017-ci ildə “Şərq-Qərb” nəşriyyatında nəfis tərtibat və yüksək poliqrafik keyfiyyətlə hazırlanan kitabda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin ilk poeması olan “Sirlər xəzinəsi” və Əməkdar rəssam, miniatürçü sənətkar Fəxrəddin Əlinin onun süjetlərinə Şərq motivləri əsasında çəkdiyi miniatürləri toplanıb. Kitaba poemanın mərhum Xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində olan versiyası daxil edilib. Bu əsərdə ölməz sənətkar N.Gəncəvi müxtəlif aktual sosial-mənəvi problemlər qaldırmış, dövrünün hökmdarlarını ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirib.

Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tərtibatçısı Fəxrəddin Əlidir.

Kitabın ilk səhifəsində Fəxrəddin Əlinin 1992-ci ildə toxuduğu Nizami Gəncəvinin portreti əks olunmuş xalçanın şəkli var. Ondan sonra rəssamın həyat və yaradıcılığı haqqında qısa bioqrafiyası verilib.

Fəxrəddin Əli Vəli oğlu 10 may 1938-ci ildə Zəngəzur mahalının Mehri rayonun Nüvədi kəndində sənətkar ailəsində doğulub. 1952-ci ildə yeddiillik kənd məktəbini bitirdikdən sonra Ordubad şəhəri Pedaqoji Məktəbində təhsilini davam etdirib. Əmək fəaliyyətinə İmişli rayonunun Cəfəri kənd orta məktəbində müəllim kimi başlayıb. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub. 1969-cu ildə institutu bitirən gənc rəssamın “Babək” qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb. 1970-ci ildə “Həyatın gözəlliyi” adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın “Heydərbabaya salam”, “Dədə Qorqud”, Nizami Gəncəvinin “Xəmsə”si, Saib Təbrizinin “Mehr və müştəri”, Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və b. sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, “Şəhidlər” xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir. Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.

Akademik İsa Həbibbəyli “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı ön sözündə şairin həyat və yaradıcılığına geniş şəkildə işıq tutur, onun şəxsiyyətini, poeziyasını hərtərəfli şəkildə əks etdirir. “Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir” – deyən alim onu “Şərqdən doğan ədəbiyyat günəşi” adlandırır.

Akademik məqaləsinin sonunda yazır: “Nizami Gəncəvinin əsərlərində az qala hər beyt aforizm kimi səslənir. “Xəmsə” başdan-başa aforizmlər külliyyatıdır.

Əbədiyyət qazanmış Nizami Gəncəvi bizim müasirimizdir. Bu, böyük sənətin ölməzliyinin inkaredilməz gerçəkliyidir. Dahi şairin vaxtilə özünün əbədi şöhrəti haqqında uzaqgörənliklə bəyan etdiyi aşağıdakı fikirlər bu gün üçün də, uzaq gələcək üçün də qəbul edilən obyektiv reallığın ifadəsidir:

Yüz il sonra sorsan: “Bəs o hardadır?!”

Hər beyti səslənər: “Burda, burdadır!”

Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır”.

İ.Həbibbəylinin ön sözündən sonra akademik Teymur Kərimlinin “Epik şeirə yeni şivə gətirən sənətkar” məqaləsi verilib. Akademik məqaləsində diqqəti əsasən Nizami şeirinə, poetikasına çəkir. O, Nizaminin fars dilində yazması və İranın onu dünyaya fars şairi kimi tanıtması məsələsinə toxunaraq qeyd edir ki, XII yüzillik Azərbaycan poeziya məktəbinin nümayəndələri türk olduqlarına görə başqa məktəblərin şairlərindən dilcə fərqləndirdilər və təsadüfi deyil ki, Xaqani və Nizami haqqında söhbət açan iranlı alimlər onlardan “türk iyi” gəldiyini etiraf edirlər. Sonda müəllif Nizaminin əsərlərinə müxtəlif illərdə müxtəlif rəssamlar ətərindən çəkilmiş miniatürlər, illüstrasiyalardan söz açaraq Fəxrəddin Əlinin miniatürlərinin bu ənənənin layiqli davamı olduğunu vurğulayır: “Heç şübhə etmirik ki, Fəxrəddin Əlinin miniatürləri də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz irsinin qlobal miqyasda təbliği yolunda öz üzərinə düşən vəzifənin öhdəsindən şərəflə gələcəkdir”.

Kitabda Fəxrəddin Əlinin Nizaminin portreti əks olunmuş iki xalçasının şəkilləri və 2016-cı ildə “Sirlər xəzinəsi”ndəki 20 hekayət əsasında çəkdiyi 20 miniatürü yer alıb. Rəssam “Peyğəmbərin meracı”, “Adəmin xilqəti”, “Nuşirəvanla vəziri və bayquşların söhbəti”, “Süleyman və qoca əkinçi”, “Qarı və Sultan Səncər dastanı”, “Kərpickəsən qocanın bir cavanla hekayəti”, “Ovçu və tülkünün hekayəti”, “Firidunla ceyranın hekayəti”, “Oğru və tülkü”, “Tövbəsini sındıran zahidin hekayəti”, “İsanın hekayəti”, “İki rəqib alimin hekayəti”, “Hacı və sufi hekayəti”, “Zalım şahla düz danışan qocanın hekayəti”, “Şahzadə hekayəti”, “Ağıllı uşağın hekayəti”, “Mürşidlə müridin hekayəti”, “Cəmşidin cavan yavərinin hekayəti”, “Harun ər-Rəşidlə dəlləyin dastanı”, “Bülbül ilə qızılquşun hekayəti” rəsm əsərlərində şairin sözlərlə ifadə etdiyi mətləbləri rənglərin və təsvirin sayəsində böyük ustalıqla əks etdirir.

Onu da qeyd edək ki, Fəxrəddin Əli təkcə “Sirlər xəzinəsi”nə deyil, böyük şairin başqa poemalarına da miniatürlər çəkib və AMEA prezidenti Akif Əlizadə başda olmaqla, Akademiyanın dəstəyilə həmin kitablar Azərbaycan və ingilis dillərində nəşr olunacaq.

Bizimlə söhbət etdiyi yarım saat ərzində bir neçə dəfə çay təkliflərimizi qəbul etməyən rəssamın əlləri sözünə baxmırdı. Görünür, o da alışıb buna, yarızarafat, yarıtəəssüflə “əgər çay içəsi olsam, stəkan falan saxlaya bilməyəcəm, dağıdıb pis hala qoyacam buraları. Əllərim əsir, heç nə tuta bilmirəm- deyir. Mən isə bütün söhbət boyu gözlərimi onun əllərindən çəkmirəm. Bircə stəkanı tutmağa taqəti olmayan əllər bəs bu qədər böyük əsərlər yaradan fırçanı necə tutur, rəngləri kətan üzərinə necə dəqiqliklə həkk edir?! Allahın verdiyi istedad və illərin qazandırdığı təcrübə budur, sözsüz ki!

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 146
  • 106
  • 1,007
  • 4,834
ILK-10 Azeri Website Directory