Siyavuşa bənzəyən

AZƏRBAYCANIN TALEYİ İLƏ “ŞAHNAMƏ”NİN ROMANTİK QƏHRƏMANININ ƏHVALATI ARASINDA PARALELLƏR APARAN M.Ə.RƏSULZADƏNİN İDEALLARINA BAXIŞ

Zakir MURADOV

Birinci Azərbaycan Respublikasının (1918-1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadə 71 illik ömrünün son dəqiqəsinədək “Azərbaycan davası”nın ən fəal əsgəri olub.
Sovet rejimi sarsılandan, xüsusən də Azərbaycan öz müstəqilliyini bərpa edəndən bəri  M.Ə. Rəsulzadənin ömür və mübarizə yolu kifayət qədər işıqlandırılıb. Bununla belə, bir sıra olduqca maraqlı və prinsipal məsələlərin fərqinə varılmadığı qənaətindəyik. Odur ki, bioqrafiyası Azərbaycan tarixinin bir hissəsinə çevrilən bu şəxsiyyətin siyasi portretinin müasir mədəni dünyanın dəyərləri baxımından qiymətləndirilə biləcək cizgilərini aydınlaşdıran bəzi epizodlara nəzər salmağı faydalı sayırıq.

M.Ə.Rəsulzadənin siyasi fəaliyyətinin prinsipial yönünü demokratiya və Azərbaycançılıq (Azərbaycan dövlətçiliyinin formalaşdırılması) təşkil edirdi. Məlumdur ki, 1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyi Milli Şura tərəfindən Tiflisdə elan edilmiş və yeni Cümhuriyyətin ilk hökumət kabinəsi təşkil olunmuşdu. Bakı Azərbaycana düşmən olan qüvvələrin əlində olduğundan ölkənin rəhbərliyi iyunun 16-da ilkin paytaxt kimi Gəncəyə gəldi. Əvvəlcədən bağlanmış sazişə görə, Azərbaycanı düşmən qüvvələrdən təmizləmək məqsədilə Türkiyədən kömək üçün göndərilən Qafqaz İslam Ordusunun hissələri artıq Gəncədə idi. Hissələrə Azərbaycanın xilası naminə müstəsna xidmətləri olan Nuri paşa komandanlıq edirdi. Amma Nuri paşanın gəlişi “İlhaqçı” (Azərbaycanın Türkiyəyə birləşdirilməsi tərəfdarları) qüvvələrin əl-qol açmasına da imkan yaratmışdı. Onlar Nuri paşaya yanlış təsəvvürlər (ilk növbədə Milli Şura haqda) təlqin edirdilər. Elə pantürkist baxışların təsirində olan gənc Nurinin  əhval-ruhiyyəsi də buna imkan verirdi. Nəticədə paşa Milli Şuranı solçuluqda günahlandıraraq onun buraxılmasını, eləcə də yeni hökumət təşkilini tələb edirdi. Bununla əlaqədar Milli Şuranın son iclasında (toplantıda Şura buraxıldı) M.Ə.Rəsulzadənin çıxışı vəziyyətin dramatikliyini əks etdirməklə yanaşı, yenicə yaranmış Azərbaycan dövlətinin özünün seçdiyi demokratiya yolu ilə gedəcəyinə ümidlərlə dolu idi:

“Əfəndilər! Dünya müharibəsi və Rusiya inqilabı nəticəsində yaranmış və siyasi səhnədə ilk addım atan AZƏRBAYCAN İDEALI olduqca vacib dəqiqələr yaşayır. Bu yeni doğulmuş türk siyasi övladı yetkinlik yaşına çatacaqmı, digər xalqlar arasında yer alacaqmı, yoxsa zəif uşaq kimi məhv olacaqmı? … Bəli, qismən də olsa, xalq təmsilçisi olan bir qurumun (Milli Şura nəzərdə tutulur – Z.M.) səhnədən getməsi şübhəsiz, demokratiyanın geri çəkilməsi, irtica qüvvələrin (!- Z.M.) uğuru sayılmalıdır. … Lakin ümid edirəm ki, MÜSTƏQİL AZƏRBAYCANDA İCTİMAİ VƏ FƏRDİ AZADLIQLAR (!-Z.M.) HƏR HALDA, KEÇMİŞ DESPOTİK RUSİYADAKINDAN GENİŞ OLACAQDIR. Hətta ərz edirəm ki, Azərbaycan Qafqazda ən azadlıqsevər və inqilabi respublika sayılan Gürcüstandan da xoşbəxt olacaq. Çünki bizim daxili işlərimizə qarışmaq istəyən qüvvələr özgəsi deyil, doğmalarımızdır (!-Z.M.). Ayrılarkən, ümid edirik ki, Allahın köməyi ilə, tezliklə Azərbaycanın paytaxtı Bakıda, Məclisi-müəssisanda (parlament nəzərdə tutulur-Z.M.) görüşəcəyik. Yaşasın Azərbaycan!”

Həqiqətən də çox keçmədən M.Ə.Rəsulzadənin dedikləri  aydınlaşmağa başladı. Onun “Azərbaycan idealı”, azərbaycanlıların heç  kimdən asılı olmayaraq öz maraqlarını təmin edən dövlətinin qurulması və mədəni inkişafı həqiqətən də gerçəkləşmək üzrə idi. Və bu barədə Məhəmməd Əmin, özünün arzuladığı parlamentdə Azərbaycan Cümhuriyyətinin 1-ci ildönümü günü (1919-cu ilin mayın 28-də) çıxış edirdi:

“… Mən Azərbaycanın həyat qabiliyyətinə inanıram, öz təbiətinə və potensial sərvətinə görə təkrarolunmaz  bu ölkə torpağının altında saxladığı fontanlar və alovlar kimi, öz vətəndaşlarının qəlbinin dərinliklərində də onların yaradıcılıq ruhunu saxlayır. Bu yaradıcılıq eşqi, MƏNİM MÖHKƏM İNAMIMA GÖRƏ, XALQIN AZAD İNKİŞAFI ŞƏRAİTİNDƏ, DÜNYAYA TƏKRAROLUNMAZ BİR MƏDƏNİYYƏT NÜMUNƏSİ VERƏCƏK. Yüz il qabaq  Bakı neftinin gələcəkdə ən mədəni ölkələri hərəkətə gətirən mühərrikə çevriləcəyini iddia edənlərin fikirləri nə qədər cəsarətli görünürdüsə, mənim də MƏDƏNİYYƏTİMİZİN GƏLƏCƏYİ haqda indi dediklərim o qədər qəribə görünə bilər. Lakin azad yaşadığı bir il ərzində xalqın milli özünüdərkinin sürətlə yüksəlməsi mənə gözlədiklərimdə yanılmadığımı düşünməyə əsas verir”.

Yuxarıda göstərdiyimiz bu sitatlar konkret zaman kəsiyində, XX əsrin əvvəllərində, Azərbaycan dövləti qurucularından olan azərbaycançının sözləri olmaqla yanaşı, zamandan asılı olmayan bir demokratiya təfəkkürünün ifadəsidir.

Bolşeviklərin azadlığa can atan xalqları yenidən nəhəng mərkəziyyətçi məkana qatmasilə azərbaycanlıların da öz seçdiyi ideallara doğru hərəkəti dayandırılmış oldu. Cümhuriyyətin süqutundan keçən ilk aylar ərzində M.Ə.Rəsulzadə Azərbaycan idealının, azərbaycançılığın taleyini ecazkar bir şəkildə əks etdirən “Əsrimizin Siyavuşu” əsərini yazır. Cəsarətlə “mükəmməl Azərbaycan hekayəti” adlandırmaq mümkün olan bu əsəri oxuyarkən onun müəllifinin dərin təfəkkür ilə bərabər, incə bir qəlbin yiyəsi olduğunu duymamaq mümkün deyil. M.Ə.Rəsulzadə əsərini Firdovsinin “Şahnamə”sinin damarlarında İran və Turan qanı axan qəhrəmanı Siyavuşun əhvalatı ilə Azərbaycanın taleyi arasında qəribə paralellər üzərində qurur. Yüksək ideallara xidmət edən və insanların bir-birinə sevgi və hörmət ilə yanaşmasına inanan Siyavuş ədalətin hökm sürdüyü bir səhəri, öz “Siyavuş Gerd”ini tikmişdi. O, ağılın və ədalətin nəhayət bütün İranda və Turanda zəfər çalacağına ümid bəsləyirdi. Amma o, atası – İran şahı Keykavusun qəzəbinin, ona həm sığınacaq, həm də qızı Firəngisi vermiş Turan şahı Əfrasiyabın şübhələrinin, Əfrasiyabın qardaşı Gərsivəzin fitnələrinin qurbanı olur. Siyavuş öldürülür, qurduğu ədalət şəhəri dağıdılır.

Azərbaycanı Firdovsinin bu gənc və ədalətsevər qəhrəmanına bənzədən Məhəmməd Əminin özü də “dünyaya təkrarolunmaz mədəniyyət nümunəsi bəxs edəcək”, “ictimai və fərdi azadlıqları  geniş olacaq” bir ölkə yaratmaq arzusu ilə və başlıcası, azərbaycanlıların əksər çoxluğunun da bu ideallara can atmasına təmiz qəlblə inanmasıyla bir Azərbaycan Siyavuşu idi.

Rəsulzadənin idealı olan demokratik Azərbaycan “əsrin gərsivəzlərinin” fitnə-fəsadları ilə 28 aprel yellərinə məruz qalsa da, öz Siyavuşunun  “… hər şeydən əvvəl yalan söyləmənin ruhumuza verdiyi qorxunu, “işdüzəldən yalan doğrudan daha yaxşıdır” fəlsəfəsi əxlaqının xarakterimizə verdiyi mütiliyi uzaqlaşdıraq və bədbəxt olmayaq!” sözlərini unutmadı və bir kərə yüksələn bayrağını bir daha qaldıraraq varlığını sübut etdi.

Gəncə

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory