Masallıda çəltikçilik gözəl perspektivlər vəd edir

Dünya əhalisinin yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir. Cənubi Koreyada yaşı 14 min ilə bərabər olan çəltik dənələri tapılıb. Düyünün vətəni Hindistan və Çindir. Düyü eramızdan əvvəl X-V əsrlərdə bu ölkələrdən Mesopotamiya, İran, Suriya və Orta Asiyaya yayılıb. Yunanlar düyü haqqında məlumatı Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra alıblar.

Bir çox xalqlar, o cümlədən yaponlar öz süfrələrini düyüdən hazırlanan yeməklərsiz təsəvvür etmirlər. Hətta birmalılar düyünü “sahib”, yəni cənab, özlərini onun nökəri adlandırırlar. Hindistan xalqları hər zaman düyünü var-dövlət rəmzi sayıblar. Loğmanların təsdiq etdiyinə görə, tərkibində orqanizm üçün qiymətli lizin amin turşusu olan düyünün bir xüsusiyyəti insanı mədə xəstəliklərindən qorumasıdır. Uşaqlara düyü həliminin içirdilməsi də bu məqsədə xidmət edir. Çinli qadınların dillərə dastan hamar dəri və gənc görünüşünün bir sirri də üzlərini düyü suyu ilə təmizləmələri ilə bağlıdır. Düyüdə nişastanın faizi olduqca yüksəkdir, bəzən 90 faizə çatır.

Azərbaycanda da əkilib-becərilən neçə-neçə çəltik növü var. Milli mətbəximizdə 200 plov növü məlumdur. Çəltikçiliyin ənənəvi kənd təsərrüfatı sahəsi kimi bərpa edilməsi diqqətəlayiqdir. Hazırda 12 rayonda bu sahə inkişaf edir. Ötən il 2,5 min hektarda çəltik əkilib, 5,6 min ton məhsul istehsal olunub. Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına dair respublika müşavirəsində  həmin sahələrin inkişafı yönündə konkret addımlar müəyyənləşdirilib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Ölkəmiz üçün ənənəvi olan sahələr dirçəldilir, yeni sahələr yaradılır. Bir sözlə, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə böyük nəticələr əldə edilib, minlərlə yeni iş yeri yaradılıb. Vaxtilə istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir və keyfiyyətli məhsullarımız dünya bazarlarına çıxarılır. “Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük”.

Bu il fevralın 9-da dövlət başçısının imzaladığı sərəncamla “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu, Masallı rayonu fermerlərinin də ənənəvi sahələrdən olan çəltikçiliyə marağını xeyli artırıb. Tarixi faktlar göstərir ki, bu rayonda çəltikçilik 50-ci illərdən inkişaf etməyə başlamış və 2000-ci ildə 352 hektara çatdırılmışdır. Lakin sonrakı illərdə çəltik əkin sahələri taxıl sahələri ilə əvəz olunmuş və 2016-cı ilə qədər əkin aparılmamışdır. 2016-cı ildə 8,6 hektar sahədə, 2017-ci ildə isə 195 hektarda çəltik əkilmişdir.

Çəltikçilik Masallı rayonu üçün yeni təsərrüfat sahəsi olmasa da, uzun müddət unudulduğundan müasir texnikaya ehtiyac yaranmışdı. Bu ehtiyacı ödəmək üçün “Aqrolizinq” ASC-nin Masallı-Yardımlı bölməsinə 6 adda müasir tipli yeni texnika gətirilib. Bundan əlavə, rayona çəltikçiliklə bağlı mini kombayn, şitil yetişdirən, şitiləkən və digər texnikanın gətirilməsi də reallaşdırılır. Çəltik sahələrindən yüksək məhsuldarlıq əldə etmək üçün əsas şərtlərdən hesab edilən mineral gübrələrin istifadəsi də diqqət mərkəzindədir.

Ötən il Masallıda 560 ton çəltik yığılıb. İndi artıq rayonda “Masallı nemətləri” MMC-nin emal müəssisəsi də yaradılıb ki, burada həm çeşidləmə, həm keyfiyyət, həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilir, “Haşimi”, “Apolla” və “Okean” kimi tam orqanik, təbii düyü sortlarının istehsalı və satışına başlanıb. Toxumçuluğa da fikir verilir. Kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb.

Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalı, təbii iqlim şəraitindən düzgün istifadə edilməlidir. İki il öncə cənab İlham Əliyevin Masallıya səfəri zamanı rayon rəhbərliyi məsələ qaldırmışdı ki, taxılçılığın o qədər də böyük səmərəsi yoxdur, digər sahələrinsə vətəndaşlar, fermerlər və dövlət üçün, ixrac üçün böyük səmərəsi var. Ən yüksək səviyyədə dəstəklənən optimal yanaşma artıq bəhrələrini verir. Əkin strukturuna yenidən baxılan Masallıda taxılçılıq ilkin olaraq 35 faizə qədər azaldılıb, əvəzində isə daha rentabelli çəltikçilik, çayçılıq, sitrusçuluq və digər sahələr genişləndirilir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məlum sentyabr müşavirəsində çıxışı zamanı  deyib ki, rayonda torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda daha çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilib. Nəticədə fermerlər tərəfindən çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli artırılıb, rentabellik taxıla nisbətən bir neçə dəfə yüksək olub, 13 min 178 iş yeri yaranıb. İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub, yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə milyonlarla manatlıq  tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub. Yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkanlar var. Müxtəlif ərazilər üzrə səmərəli istifadəsi mümkün olmayan örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növləri əkilib. Bu il çəltik əkinləri iki dəfə artırılaraq 400 hektara çatdırılacaq. Bunun üçün vaxtilə rayonda mövcud olmuş və sonradan baxımsızlıq nəticəsində və istifadə edilmədiyindən sıradan çıxmış 77 sututar daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin köməkliyi ilə bərpa olunur. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq.

Müşavirədən bir neçə gün sonra Masallıda da çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair toplantı keçirilib və qarşıda duran mühüm məsələlər müzakirə olunub. Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan yüzlərlə hektar örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi qərara alınıb. Çəltik əkini ilə bağlı 583 nəfərin işlə təmin olunduğu, rayonda ən müasir avadanlıqlarla təchiz olunan çəltik dəyirmanının tikildiyi bildirilib. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Masallıda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı, eləcə də fəaliyyəti dayandırılmış kənd  təsərrüfatı müəssisələrinin bərpası istiqamətində görüləcək işlərin rayonda aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına böyük təkan verəcəyinə əminliyini bildirib.

Biz Masallıda olarkən yeni çəltik zavodunun işi ilə də maraqlandıq. Mühəndis-mexanik Əkram Teymurov bu barədə ətraflı məlumat verərək bildirdi ki, müəssisənin nəzdində əkin və becərmə üçün malalazer hamarlayıcı, rotasion dikbıçaqlı və üfiqi hidravlik malalayıcılar, üçkorpuslu kotan, çiləyici qurğu və bu kimi digər aparatları əldə edilib. Yığılmış məhsul zavodda gündəlik gücü 10 ton olan ən müasir qurutma sistemi vasitəsilə qurudulur, təmizlənən düyü texnoloji qurğuda lazerlə mərhələ-mərhələ ağardılır, su ilə yuyulur və bunkerə ötürülür. Sonra isə qablaşdırılıb avbara yığılır. Burada gündə 30 ton düyü hazırlamaq mümkündür. Bir əyalət şəhərində belə bir texnologiyanın tətbiqi sözün əsl mənasında heyranlıq yaradır.

Rayonun Şıxlar kəndindən fermer Hasil Hüseynovun dedikləri:

– Möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək diqqət və qayğısı ilə ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlərin parlaq nümunələrini doğma Masallımızda əyani şəkildə görürük. Bu inkişaf meyilləri biz fermerləri də hədsiz sevindirir və daha yaxşı işləməyə, qurub-yaratmağa həvəsləndirir. Sahələrdə çalışan qadınlar da həvəslə bicara gedir, çəltik əkib-becərir, məhsul yığımından sonrasa xoş ətirli, artımlı düyüdən evlərində böyük həvəslə plov və bu kimi digər xörəklər bişirirlər.

Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsini, aqrolizinq xidmətlərinin göstərilməsini biz istehsalçılara göstərilən əvəzsiz qayğı kimi qəbul edir və razılığımızı bildiririk. Məhz bu qayğıdan ruhlanaraq regionumuzda əkinçiliyin qədim ənənəvi növü olan çəltikçiliyi inkişaf etdiririk. İlbəil əkinləri artırır və yüksək məhsul əldə edirik. Məqsədimiz müasir texnologiyaların köməyilə “Ağ ənbərbu”, “Qırmızı ənbərbu”, “Həsəni”, “Haşimi” kimi keçmişdə geniş şöhrət qazanmış dədə-baba çəltik sortlarından düyü istehsal etmək, ölkənin ərzaq təhlükəsizliyi proqramına öz töhfəmizi verməkdir.

PS: Yadıma bu yaxınlarda sosial şəbəkələrdə yayılmış bir videoçarx düşdü. Nə dərəcədə doğru olub-olmadığını bilmirəm, amma görüntülərdə plastik stəkanlarda iki düyü növünün – Masallı neməti ilə Çin istehsalı olduğu bildirilən məhsulun üstünə hansısa bir maye əlavə edilir və bir qədər keçdikdən sonra ikincinin fışıltıyla qaynayıb daşdığı, yəni saxta olduğu göstərilir. Əlbəttə, bu fakta müvafiq qurumların  mütəxəssisləri daha səhih şərh verə bilərlər. Mənsə seçim zamanı sadəcə yerli istehsalımız olan, ekoloji təmiz məhsullara üstünlük verilməsinin tərəfdarıyam.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 91
  • 48
  • 1,329
  • 5,009
ILK-10 Azeri Website Directory