AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNİN, MİLLİ ADƏT – ƏNƏNƏLƏRİNİN, ELM VƏ MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ

XALQIMIZIN ƏZİZ VƏ UCA TUTDUĞU BAYRAM

 Prezident İLHAM ƏLİYEV: “Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərində bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır”.

 Novruz Azərbaycan xalqının zəngin maddi və mədəni dəyərlərinin mühüm bir hissəsini özündə birləşdirən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Çağdaş dövrümüz üçün bu, bir milli bayramdır. Bu bayrama tarixi inkişaf kontekstində baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.

“Novruz” hərfi mənada “yeni gün” deməkdir. Ona Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu və başqa adlar da deyilmişdir.

Xalqımızın mili-mənəvi dəyərlər sistemində dərin kök salmış qədim adət-ənənələrimiz, el şənliklərimiz özünəməxsus cəhətləri ilə seçilir. Təbiətin təzələnməsini özündə birləşdirməklə insanların xoş ovqatına yol açan bir adət kimi hər il ölkəmizdə yekdilliklə qeyd olunan Novruz bayramı belə cəhətlərin toplusu, zənginliyi ilə seçilir. Heç bir tarixi hadisə ilə  bağlı olmayan Novruz bayramı qədim əcdadlarımızın mifik dünyagörüşünə istinad edərək baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlı olan bayramdır. Təbiətin yenidən canlanmasını müjdələyən Novruz bayramı sadəcə şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində  özünə yer tapmış, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətlə bağlı olan bu gözəl bayramda  həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr  keçmişimizi və gələcəyimizi bir -biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır.

NOVRUZ HAQQINDA ƏN QƏDİM MƏLUMATLAR BİZLƏRƏ NƏLƏRİ DEYİR?

Bu bayram haqda bilgilərə Əbu Reyhan Əl-Biruninin “Asarul Baqiye”, Mahmud Kaşğarinin “Divanü Lüğət – it Türk”, Yusif Has Hacib Balasqunlunun “Kitabqu biliq”, Ömər Xəyyamın “Novruznamə”, Nizamülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” əsərlərində və digər mənbələrdə rast gəlirik.

Adları çəkilən bu mütəfəkkir insanların Novruza həsr etdikləri əsərlərdə əziz bayram insanlara təkcə təbiət, onun qanunauyğunluqları ilə əlaqəli yox, həm də onları birləşdirən,  bir araya gətirən mərasimlər, sınamalar, özünəxas rituallara malik olan dəyərli bir gün kim təqdim olunur.

Orta əsrlərdən başlayaraq “Novruz” adlandırılan bu qədim Turan bayramı Yaxın və Orta Şərq xalqları arasında əsasən zərdüştilik dini vasitəsilə yayılmışdır. Turanlıların təqvimində ilin birinci ayı onların əcdadı Turun adını daşıyırdı  və martın ortalarından aprelin ortalarına qədər olan müddəti əhatə edirdi.

Novruzun əkinçilik təqvimi ilə də bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir.Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl libasına bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi -günəş təqviminin ilk ayının birinci gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni Gün)  adlandırıblar.

Şərqə məxsus olan mütəfəkkir insanların adlarını çəkərək onların Novruz barədə yazdıqları əsərlərdən bəhs etdik. Bu sırada məşhur fransız yazıçısı Jül Vernin “20 min lye su altında” və dünyada tanınan, uzun illər ərzində bestsellər olan kitabında olan fikirlərdən söz açmaq da yerinə düşər. Məşhur fransız fantast yazıçı sözügedən əsərdə Şimal yarımkürəsinə etdiyi səfərdə məhz martın 21-də baş verən yaz bərabərləşməsindən söz açır.

ÇƏRŞƏNBƏLƏR NOVRUZUN QAPILARIDIR

Novruz bir-bir, sıra ilə bu qapılardan Yurda daxil olur. Novruzun insanlarımızın ürəyində yaratdığı sevgi elə dərindir ki,  onun adət-ənənələrinə, mərasimlərinə hamı əməl etməyi özünə borc bilir. Bu səbəbdən də Novruzaqədərki çərşənbələr el arasında sevilir, seçilir. Qədim inanclara görə Novruzaqədərki çərşənbələri və bu bayramın özünü hansı ovqatla qarşılasan, ili də elə həmin ovqatla başa vurarsan. Novruz təzə ilin başlanması deməkdir və bu bayrama 4 həftə qalmış ayin və etiqadlar icra olunmağa başlayır. Təbiətin 4  ünsürü ilə bağlı olan İlaxır çərşənbələr insan həyatında, yaşamında mühüm əhəmiyyət kəsb edən Su, Od, Yel və Torpaqla bağlıdır.

Fevralın 22-dən etibarən başlanan çərşənbə axşamlarında  xalqımız Sudan içərək, Oddan tullanaraq, Mehə bələnərək, nəhayət gəlib Torpağa baş əyir. Bu çərşənbələrin ən əzizi İlaxır çərşənbəsidir. Məhz bu çərşənbədə Novruzun ən gözəl, sevimli, unudulmayacaq atributları sınaqdan çıxarılır. Bu çərşənbədə tonqalın üstündən atılır, su falına baxır, eləcə də  qulaq falına çıxırlar.

Hələ qədim zamanlardan bu axşama xüsusi hazırlıq görülərdi. Öncədən ev – eşik təmizlənər, ayrıca bayram tədarükü hazırlanardı. Yumurta boyanar, qovurğa qovrular, plov dəmlənər, şirniyyat bişirilərdi. İlin İlaxır çərşənbəsi böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında necə gözəl təsvir olunub:

   Yumurtanı göyçək güllü boyardıq,

   Çaqqışdırıb sınanların soyardıq.

   Oynamaqdan bircə məgər doyardıq?

   Əli mənə yaşıl aşıq verərdi,

   İrza mənə novruzgülü dərərdi.

Əslində böyük şairimiz bu misralarda uşaqlığında keçirdiyi Novruz bayramının tablosunu yaradıb. Görün şair o əziz günləri necə xatırlayır:

    Şal istədim, mən də evdə ağladım,

    Bir şal alıb tez belimə bağladım.

    Qulamgilə qaçdım, şalı salladım,

    Fatma xala mənə corab bağladı,

    Xan nənəmi yada salıb ağladı.

Hər ilin novruzlu günləri gələndə qəlbimizdə təbiətlə bağlı, onu tərənnüm edən, ona can atan, ona sarı köklənən dürlü-dürlü xatirələr oyanır. Təbiət cana gəlir, hər yan yaşıllaşır, bu əhval zümrüdü rənglərə çevrilib gözlərimizi oxşayır. Sellər-sular durulur, axır, elə bil varlığımız da coşur, ilıq ətirli yellər ruzigara dönüb əsdikcə insan övladının ürəyi sevinir, fərəhlə dolub-daşır. Bu günlərdə sanki insanlar öz milli mənliklərinə daha çox qovuşur, qəlblərdə milli birlik, milli bütövlük duyğuları artır, zənginləşir. Novruz ətirli günlərdə  milli ruhlu  yazıçı və şairlərimizi – artıq barəsində söz açdığımız Məhəmmədhüseyn Şəhriyarı, Səməd Vurğunu, İsmayıl Şıxlını və onların Novruz təravətli əsərlərini bir daha yada salır, bir daha anırıq.

“Gəl, əziz bayramım, bir də görüşək” deyən həmişəyaşar Vurğunun əzəmətli, həyəcanlı səsini eşidən-duyan kimi olur, əziz günlərdə Heydərbabaya salam göndərən Şəhriyar poeziyasının bayram duyğulu ruhuna köklənir, tanınmış yazıçımız İsmayıl Şıxlının Novruz mərasimlərini bircə-bircə incələyən “Dəli Kür” əsərinin unudulmaz olaylarına, bayram təravətini gözümüz önündə canlandıran sətirlərə yenidən qayıdırıq sanki… Bəlkə də budur Novruzun özünü azərbaycanlı sayan insanları milli birlik zəminində birləşdirdiyi anlar, xalqı bir daha öz kökünə bağlayıb, öz mentalitetinə qaytaran daim var olacaq rəmzlər və simvollar dünyası.

Milli birliyin həqiqi rəmzinə çevrilmiş Novruz bayramını dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız səbirsizliklə gözləyir və böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Özünü hər bir azərbaycanlının Prezidenti sayan İlham Əliyev beləcə yaşanan bayram hisslərinin hər bir azərbaycanlının Vətənə bağlılığını daha da gücləndirməsini arzulayır: “Harada yaşamasından asılı olmayaraq bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər.Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”.

Novruz bayramı qədimlərdən dostluq, birlik, bərabərlik xarakteri daşıyır. İnsanlar birlikdə şənlənir. Və bu zaman müxtəlif personajları səhnələşdirirlər.

NOVRUZ RİTUALLARI

Novruz yazın, baharın gəlişinin bayram edilməsidir. Bu , çox geniş yayılmış ümumi bir fikirdir. Belə prizmadan baxaraq bir qədər də irəli gedən  araşdırmaçıların fikrincə Novruz əski “inisiasiya” mərasimi ilə əlaqəlidir. İnsanlar təbiətin qışla ölüb yazla dirilməsini bayram edirlər. Novruzda biz bu ritualın ifasını “Kosa-Kosa” oyununda görürük. Oyunda Kosanın ölümü simvollaşdırılmışdır. Onun “kəfənsiz ölməsi” belə heç kimi məyus etmir. Kosanın ölümü ritual epizodun oyunda  ifadəsidir, yəni arxaik ritualın özü deyildir.

Novruz tərkib elementləri etibarilə arxaik ritualdır, mövsüm mərasimidir, təqvim və ya milli bayramdır. Bunlardan sonuncusu, yəni müasir milli bayram anlayışı onların məcmusunu özündə saxlayır.

Novruzun tərkibində  arxaik ritual elementlərinin (səməni cücərtmə, tonqal qalama, tonqalın üstündən tullanma, qulaq falı və ya qapı pusmaq, yumurta boyama və döyüşdürmə, qurşaq atdı, kəndirbaz oyunu, deyimlər, nəğmələr və s.) bəzən geniş şəkildə və bəzən də rudimentlər kimi onu ritualşünaslıq aspektindən də araşdırmağı şərtləndirir.

Novruza aid olan bayram adətlərindən biri də müxtəlif formada adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda  bu adətlərin zərdüştlük dönəmində mövcud olduğu və onun xüsusi icraçılar – Zərdüşt kahinləri tərəfindən yerinə yetirildiyi barədə bilgi verilir. Sonrakı dövrlərdə “torba atmaq” deyimi müxtəlif cür səsləndirilmişdir. Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və ya “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunur.

Novruz bayramının ritual əsaslarını təhlil edərkən belə qənaətə gəlmək olar ki,  onun yaranması nə zərdüştiliklə, nə də İslamla əlaqəlidir. Çünki Novruz mərasimlərində müşahidə olunan arxaik ritual elementləri şamanların, buddistlərin, xristianların və müsəlman türklərinin mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.

NOVRUZ BEYNƏLXALQ SƏVİYYƏDƏ QEYD  OLUNUR

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq 9 ildir ki, UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycanın Birinci vitse – prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabr ayında Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi isə martın 21-ni Beynəlxalq Novruz Günü kimi qeyd etmək haqqında qərar çıxarmışdır. Təbrikində bunun hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurduğunu bildirən Prezident İlham Əliyev həmrəyliyimizin rəmzi olan Novruz bayramının hər evə xoş ovqat gətirməsini, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş etməsini arzu edir.

Prezident İlham Əliyevin Novruz şənliklərinə qatılması, vətəndaşlarla hal-əhval tutması milli dəyərlərə böyük önəmin göstəricisi olmaqla yanaşı, Novruza mötəbər dövlət bayramı kimi verilən dəyərdir.

Xalqımız özünün milli və tarixi adət-ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır, xoş ovqat nümayiş etdirir.

   Natiq CƏFƏROV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory