ONUN KÖNÜL DÜNYASI

Şəhərimizdəki 9 nömrəli tam orta məktəbin məzunudur. Həm də rus bölməsində oxuyub. Etiraf edir ki, əlaçı şagird olmasa da, pis də oxumayıb. Amma təhsilini sonradan müəyyən səbəblər üzündən digər pillələrdə davam etdirə bilməyib. Buna baxmayaraq, gücünü sınamaqdan da vaz keçməyib. Orta təhsilli olmasına rəğmən öz üzərində işləməklə yazmaq vərdişlərinə yiyələnib. Və işləmək üçün yerli televiziya kanalına müraciətinə müsbət cavab alanda məsuliyyət hissilə başlayıb işə. Televiziyanın layihələr departamentində.

“Səhər” proqramının hazırlanmasında yaxından iştirak edib, müəlliflik etdiyi “Təhsil ocağı”rubrikasında tez-tez tamaşaçıların görüşünə gəlib. Telekanalda kadr  ixtisarı gedəndə o da öz işi ilə vidalaşmalı olub. Ancaq fəaliyyətsizliyi heç cür qəbul etməmək xasiyyəti bu dəfə də onu rahat buraxmayıb. Rayonun ictimai həyatında yaxından iştirak edib. Və əlaqələri onunla nəticələnib ki, Heydər Əliyev Fondu nəzdində yaradılmış Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yevlaxda ilk könüllüsüdür O. Birliyin xəttilə tez-tez Ucarda, Ağdaşda, Mingəçevirdə, Beyləqanda, İmişlidə, Kürdəmirdə, Zərdabda, Göyçayda olur, təhsil müəssisələrində vəziyyətlə maraqlanır, zərurət yarananda onların təmiri və lazımi avadanlıqlarla təmini üçün layihələrin həyata keçirilməsinə nail olur.

Nüşabə Məmmədova haqqında danışırıq. Cəmi 21 yaşı var Nüşabənin. Amma bu gənc qızı həmyaşıdları olan fəal gənclər çox yaxşı tanıyır və dəyər verirlər. Onunla görüşüb barəsində bu qeydləri hörmətli oxucuların da diqqətinə çatdırmaq üçün həmsöhbət olanda Nüşabəni bir başqa yöndən də tanıdım və məmnun qaldım. Bu gənc, yaraşıqlı xanım  gününün çox hissəsini yaradıcı işlərə həsr edir. Hər bir işdə onu məntiqin daha çox cəlb etdiyini söyləyən müsahibim gözəl rəsmlər çəkir, hər birimiz üçün adi, bəzənsə gərəksiz olan əşyalardan, məişət tullantılarından bir-birindən maraqlı kompozisiyalar yaratmağı əla bacarır. Uşaqların sevimli cizgi filmlərinin məşhur qəhrəmanları onun təqdimatında bir qədər fərqlidirlər, maraqlıdırlar. Kibrit çöplərindən hazırladığı yük avtomobili, yaşayış evi, qala bürcləri… Ən yaxşısı bunları görməkdir. İnanırıq ki, Nüşabə  öz zəngin daxili dünyasının tələbi ilə yaradıcılığının istiqamətini genişləndirəcək, onun bəhrələrini də  artıracaq və günlərin birində fərdi sərgisi ilə sənət dünyasına gəlişini bəyan edəcək.

Dəli-dolu  axışı ilə təbiəti canlandıran, qarşısına çıxan sal daşları yan edib özünə yol açan, daha böyük nəhrlərə qovuşmağa can atan çayı təsəvvürünüzə gətirin. İstedad da belədir. Varsa, nə zamana, nə mühitə baxar, parlayıb özünü büruzə verər. Nüşabə Məmmədovada olduğu kimi. Kim bilir, bəlkə indi sizə bir zamanların sənət dünyasının ən mötəbər ismi olacaq biri haqqında danışdıq…

Afaq BAYRAMOVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 147
  • 107
  • 1,008
  • 4,835
ILK-10 Azeri Website Directory