TÜRKİYƏNİN İZMİR ŞƏHƏRİNDƏ CƏRRAHLARIN BEYNƏLXALQ KONQRESİ KEÇİRİLMİŞDİR

Azər İSMAYILOV: “Beynəlxalq səviyyəli konqresdə pilot ərazilərdə fəaliyyət göstərən İcbari Tibbi Sığortanın uğurları haqqında da söhbət açdım”.

Konqres dünyaca ünlü NUTRİCİA firmasının sponsorluğu ilə professor-doktor Ahmet Çoker tərəfindən təşkil edilmişdi. Toplantının işinə  qaraciyər, öd, öd yolları, mədəaltı vəzin cərrahiyyəsi ilə məşğul olan tanınmış cərrahlar qatılmışdılar.

Azərbaycanı sözügedən konqresdə 4 nəfər alim-cərrah təmsil etmişdir. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının baş həkimi, professor-doktor Rauf Ağayev, Azərbaycan Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının həkimi, professor-doktor Xaləddin Musayev, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, ümumi cərrah Ceyhun İsayev dəvət olunmuşdur.

Təmsilçilərdən biri, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru, gənc olduğuna baxmayaraq, şəhərimizdə və onun hüdudlarından kənarda istedadlı və bacarıqlı cərrah kimi tanınan, pilot ərazilərdə İcbari Tibbi Sığortanın həyata keçirilməsində böyük əməyi olan ümumi cərrah, uzman doktor Azər İsmayılov barəsində söz açdığımız beynəlxalq səviyyəli konqres haqda təəssüratlarını “Kür” qəzetinin əməkdaşları ilə bölüşür:

– Qardaş Türkiyənin İzmir şəhərində təşkil olunan konqres fevral ayının 16-17 tarixlərində baş tutdu. Konqresə rəhbərlik Türkiyədən professor-doktor Ahmet Çöker tərəfindən həyata keçirildi. Dünyanın nüfuzlu və böyük təcrübəyə malik alim-cərrahları-Böyük Britaniyadan professor-doktor R.Parks, Yunanıstandan professor-doktor D.Kristos, Fransadan məşhur elm adamı, cərrah M.Adam, türk cərrahı, tanınan tibb alimi S.Kılıcturay dəvət edilmişdi.

Sözügedən alimlər aktual mövzuda baş tutan konqresdə öz dolğun və əhatəli çıxışları ilə də yadda qaldılar.

Konqres tibbin olduqca vacib və gərəkli sahəsinə həsr olunmuşdu. Qaraciyər, öd, öd yolları, mədəaltı vəzin cərrahiyyəsi kimi bahalı və çətin əməliyyatlardan söhbət açıldı və eyni zamanda həmin cərrahi əməliyyatlar keçirən xəstələrin qidalanması da müzakirə mövzusuna çevrildi.

Təbabət üzrə tanınan alim-cərrahlar belə ağır cərrahiyyə əməliyyatlarının Azərbaycanda necə həyata keçirilməsi vəziyyətilə maraqlanır, öz suallarını məhz bu yöndə səsləndirirdilər. İclasda Azərbaycandan tanınmış cərrah Rauf Ağayev də müzakirə olunan mövzu ilə əlaqədar geniş çıxış etdi. Mən də söz alaraq məşğul olduğum İcbari Tibbi Sığortanın insanlara necə xidmət göstərməsi barədə konqres iştirakçılarına ətraflı bilgi verdim. Bildirdim ki, müəyyən bir ərazidə İTS pilot layihə olaraq həyata keçirilir. Özü də yaradıcılıqla və uğurla. İştirakçısı olduğumuz bu elmi konqresdə barəsində söz açılan qaraciyər, öd, öd yolları və mədəaltı vəzin fəsadlarından əziyyət çəkən nə qədər pasiyentimiz üzərində belə bahalı və çətin əməliyyatlar tamamilə ödənişsiz olaraq, tətbiq olunan İcbari Tibbi Sığorta hesabına həyata keçirilib.

Konqres iştirakçılarının xəstələrin belə çətin və ağrılı cərrahi əməliyyatlardan sonra qidalanma üsulları barədə verdikləri sualları da cavablandıraraq, onları bu sahədə Azərbaycanda mövcud olan real vəziyyətlə tanış etdim.

Alim-cərrahların nəzərinə onu da çatdırdım ki,  İcbari Tibbi Sığortanın son bir ildə pilot ərazilərdə reallaşdırdığı tədbirlər nəticəsində artıq vətəndaşlara göstərilən tibbi xidmət tamamilə şəffaf, əlçatan və daha keyfiyyətli olmuşdur.

Son olaraq, onu qeyd etmək istərdim ki, İzmir şəhərində 2 gün ərzində keçirilən, öz işində nəzəri və təcrübi cərrahiyyənin yeni və müasir metodlarını birləşdirən konqres uğurla yekunlaşdı.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 167
  • 28
  • 953
  • 2,827
ILK-10 Azeri Website Directory