Milli mətbuatımızın layiqli varisi

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru

Bütün zamanlarda xalqın maariflənməsi, milli-mənəvi dəyərlərinin formalaşması, mədəni inkişafı məsələləri ziyalıları, ədəbiyyat, sənət adamlarını düşündürmüş, bu yolda onları ideoloji mübarizəyə səfərbər etmişdir.

Bu münəvvər insanlar belə bir missiyanın zəruri olduğunu dərk etdiklərindən nə qədər qovğalar yaşasalar, dəmir sədlərlə qarşılaşsalar da bütün həyatlarını bu vəzifələri ləyaqətlə daşımağa həsr etmişlər. Ötən yüzillikdən bir qədər əvvəllərə nəzər yetirsək, M.F.Axundov və H.B.Zərdabinin başladığı çətin, həm də şərəfli missiyanın C.Məmmədquluzadə, Ə.Hüseynzadə, M.Şahtaxtlı, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli, M.S.Ordubadi və bir sıra başqaları tərəfindən maarifçilik fəaliyyətləri, anadilli  mətbuatın nəşri, həm də ədəbi-bədii yaradıcılıqları ilə davam etdirilməsi Azərbaycançılıq məfkurəsinin formalaşmasında atılan ilk addımlar idi. Bu tarixi, ədəbi şəxsiyyətlərin açdığı yolda yetişən bir çox ziyalılar, pedaqoqlar sonrakı onilliklərdə dəyişən quruluşun ağır rejimi (ən başlıcası da azərbaycançılığa qənim kəsilən!), qadağaları şəraitində də sələflərinin ideoloji mübarizəsini  səngimiş halda olsa belə yenə davam etdirmişlər.

Bütün bunların davamı olaraq XX əsrin sonuncu onilliyi, milli oyanış dövrü Azərbaycanda yeni bir ziyalı, maarifçi nəslin yetişməsinə yol açdı. Ədəbiyyatda, mədəniyyətdə və incəsənətdə, ələlxüsus da mətbuatda tam fərqli düşüncəyə malik bəsirətli şəxsiyyətlər yetişdi. Bəllidir ki, cəmiyyətdə bu prosesləri böyük mənada təcəssüm etdirən, ölkənin ictimai-siyasi, mədəni həyatını sanki projektorun gur işığı altında aydınladan ən güclü vasitə mətbuatdır. Bu dövrdə ictimai, siyasi zərurətdən doğulan çoxsaylı mətbuat orqanlarının sırasında “525-ci qəzet” adında bir maarifçi qəzet də göründü. Həmin illərdən bu günə qədər formalaşan və böyük sıçrayışla inkişaf edən bu qəzet artıq 25 ilini arxada qoydu. Bu da vətənin, xalqın, dövlətçiliyimizin mənafeyini qoruyan, ədəbiyyatın, mədəniyyətin təəssübünü çəkən, ümumən ictimai həyatımızı güzgü kimi əks etdirən adıçəkilən qəzetin artıq üçüncü onilliyə addımlayan ömrü barəsində mükəmməl fikir, təəssürat və rəylərin formalaşdığını deməyə əsas verir. Elə mənim üçün də bu qəzet bütün mənalarda böyük əhəmiyyət kəsb etdiyindən onu yaradanlardan biri və Baş redaktoru Rəşad Məcidi ədəbi mühitdə göründüyü kimi, xüsusən də iki paralel xətt boyunca (mətbuatda və ədəbiyyatda) fəaliyyətini səciyyələndirməyi məqsədə müvafiq sandım. Həm də ona görə ki, uzun illərdir onun ədəbi yaradıcılığını, eləcə də Baş redaktoru olduğu “525-ci qəzet”ini, bir sözlə, imzasını, fəaliyyətini izləyirəm. Zaman-zaman düşüncəmdə doğulan fikirlərin təsiri ilə Rəşadın ədəbiyyatımıza, mətbuatımıza xidmətini və bu sahədə ilk sözü ilə ədəbi mühitdə yenicə boy göstərən gənclərin söz sənətində düzgün istiqamət almasına və yetişməsinə göstərdiyi qayğını duyunca genişəhatəli fəaliyyətinin cəmiyyət tərəfindən də maraqla qarşılandığını duyuram. Bir neçə istiqamətdə apardığı işlərin timsalında olduqca çevik, işgüzar, qayğıkeş görünən Rəşad Məcid ədəbiyyat adamı olaraq, yaradıcılıq aləminin bəzən təzadlı fikir, münasibətlərlə yüklənmiş xaotik mühitində belə səmimiyyətlə qəbul edilir. Zatən onun özü də ədəbi-mətbu çalışmaları ilə yol gəldiyi uzun illərdə gördüyü işlər və çoxçeşidli yaradıcılığı ilə yuxarıda dediklərimizə xalis mənada iddialı olub. Əslində  onun arzu, maraq formasında olan bu iddialarını təbii qəbul edirəm. Çünki, iddia adlandırdığımız arzulara canatmalar xalqın milli varlığına, yüzillərdə sahib olduğu ənənələrə qədirdanlıqla yanaşmağa, onu yeni dəyərlərlə zənginləşdirməyə, bütün bunlara bir vətəndaş, ziyalı olaraq sözü, əməli, qeyrətilə xidmət göstərməyə hesablanırsa, bunlardan bəhs etməyinə dəyər. Elə bu səbəbdən də indiki məqamda onun nail olduğu bütün mənəvi qazanclarına ictimai-ədəbi fəalliyyəti prizmasından nəzər yetirmək də özünün zəruriliyini doğurur. Mənin son illərdə imzalar içində izlədiyim Söz adamı şair, yazıçı, publisist, – “525-ci qəzet”in Baş redaktoru,  Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bu xüsusiyyətlərilə onu mənəvi yüksəlişə aparan fəaliyyəti fonunda aydın görünür.

Çətin, qarığıq bir dövrün təzadları içərisində özünəinamı, güvənci ilə əsl ziyalıların qəzetini yaradarkən bu yükə çiyin verən gənc jurnalist ilk növbədə milli mətbuatımızın keçib-getdiyi zamanlarda qazanılmış təcrübədən bəhrələnməklə əqidədaşları, həmfikirləri ilə milli oyanış tarixində qəzetin ideya-məqsədini inkişaf etdirmək yollarını aradılar. Mətbu orqanın simasını formalaşdırmağa və tam yeni bir tribuna timsalında olan qəzeti köklü ənənələr üzərində qurmağa nail oldular. Bunlar heç də asan və qısa müddətdə başa gəlmədi. Bunun üçün onlar uzun yollar qət etdilər. Bu yollarda klassik mətbuatın məktəb səviyyəsində inkişafını səciyyələndirən ənənələrinə daim həssaslıqla yanaşdılar, ona yeni dəyərlər zəminində fərdilik, özünəxaslıq qazandırdılar. Bu keyfiyyətlərin içərisində ən ümdəsi olan varislik yolu yarandı, yeni milli oyanış dövründə ziyalılar nəslinin böyük bir qismi məhz bu qəzetdə yetişdi. Və nə az, nə çox – 25 il fasilə vermədən, həm də mətbuat tariximizin yolgöstərəni – “Əkinçi”, “Həyat”, “Molla Nəsrəddin”, “Füyuzat”ın məram-məqsədindən, ideoloji mübarizliyindən öyrəndilər və nəticədə fərdi üslubu, dəst-xəttilə “525-ci qəzet”in öz simasını, imicini yarada bildilər. Qəzetin qapılarını istedadlı müəlliflərin üzünə açdılar. Neçə jurnalist nəslinin müəllimi, mətbuat tariximizin yorulmaz, cəfakeş tədqiqatçısı professor Şirməmməd Hüseynov, İsa Həbibbəyli, Anar, Elçin, Vilayət Quliyev, Abid Tahirli, Qəzənfər Paşayev… onlarla, yüzlərlə söz sərkərdələri hər biri öz istiqamətində və ampulasında çıxış edərək bu qəzeti özlərinin ən doğma mətbuatı hesab etdilər. Bu 25 ildə çox gənc qələm sahibləri, yeni jurnalist nəsli məhz “525-ci qəzet”in köynəyindən çıxdı. Başqa sözlə, bu qəzetin yaradıcılıq laboratoriyasından çox şeylər əxz etdilər. Deməli, qəzet özünü, əməkdaşlarını və müəlliflərini yetişdirə-yetişdirə həm də ictimai-ədəbi fikrimizdə məktəb statusunu qazandı. Onlar da böyük fədakarlıq və ziyalı, vətəndaş məsuliyyətilə milli kimliyimizi, varlığımızı, dilimizi, mənəvi, ədəbi dəyərlərimizi xalqa təqdim etməklə yaddaş tariximizdə yeni dövrün salnaməsini yaratdılar. Azərbaycançılıq məfkurəsini inkişaf etdirməklə həm də millətin, cəmiyyətin tərəqqisinə xidmət göstərdilər. Və qəzetə, onun sanbalına, səviyyəsinə, xalqa həqiqi mənada böyük xidmətinə dəyər verdiklərindən, kəsərli və təsirli sözü ilə cəmiyyətdə rezonans doğuran bu mətbu orqanı yüksək tribuna hesab etdiklərindən fikir və ideyalarını məhz onun vasitəsilə ifadəyə üstünlük verdilər. Bu qəzeti həm də müstəqillik dövrünün ictimai-ədəbi mühitini əks etdirən yaddaş qəzeti də adlandırmaq olar. “525-ci qəzet” olduqca səviyyəli, Azərbaycançılıq məfkurəsinə bağlılıq, birlik timsalında olması ilə həmişə diqqətimizi çəkib.

“525-ci qəzet”də elə bir mühit formalaşıb ki, təkcə kollektivi deyil, həm də onun daimi müəllifləri özlərini o ailənin doğma üzvü hesab edirlər. Bu müəlliflər istər ölkəmizdə, istərsə də məmləkətimizdən uzaqlarda olsun, əsas olan budur ki, onlar bu qəzetə ürək qızdırıb, ona inanıb, onun demokratik ab-havasında elmi, ictimai, ədəbi səviyyədə nəşrinə, sözünə dəyər veriləcəyinə, öz oxucusu olacağına inanıb, etibar ediblər. Və hər dəfə qəzeti əllərinə alanda, yaxud elektron variantını görəndə ölkədən kənarda olan milli düşüncə sahibləri ürəklərində bir məhrəm duyğu, fəxarət hissi yaşayıb və heç şübhəsiz, könlündə-dilində “mənim doğma qəzetim”, deyib, bu sözün yaratdığı qürurverici ovqatdan ruhlanıblar…

“525-ci qəzet” üzdə və gözdə olan, barmaq sayına gələn mükəmməl qəzetlərin sırasında, özü də nə az, nə çox, düz 25 ildə populyarlığını qoruya bildiyindən özünə oxucu marağını, sevgisini, diqqətini hifz edə bilib. Sözün bu məqamında qəzetin yuvarlaq ilinə həsr olunmuş “525” – Zamanın sınağında” tədqiqat xarakterli kitabına qısaca nəzər yetirmək öz zəruriliyini doğurur. ADU-nun professoru, “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri, bir neçə nəslin müəllimi və sevimlisi Cahangir Məmmədlinin adıçəkilən əsəri özünün elmi xarakteri ilə son illər bu istiqamətdə yazılmış əsərlərdən ilk növbədə mövzuya tam yeni istiqamətdən nəzər yetirməsi, əhatəli yanaşması, ciddi və mükəmməl tədqiqi ilə fərqlənir. Əsər bütünlükdə, ələlxüsus da “Yeni tariximizin yaddaş mənbəyi” adlanan I bölməsində mövzunun ideyasını, mahiyyətini geniş aspektdə ifadə etməsilə böyük maraq kəsb edir. Və təkcə bu bölmənin timsalında 90-cı illərin əvvəllərindən müstəqillik ab-avasında meydana gələn bir sıra mətbuat nümunələrinin fəaliyyət prinsipinə, əslində mətbuat tariximizə yeni baxış kontekstində nəzər yetirməkdə Cahangir müəllimin adıçəkilən tədqiqat əsərini ilk elmi mənbə hesab etmək olar. Və mənim bu kitabla bağlı elə bir kitablıq sözüm olduğundan onun haqqında ayrıca bəhs edəcəyimi düşündüyümdən, indiki məqamda “525-ci qəzet”in yubileyinə töhfə olan tədqiqat əsərinə münasbətimi yığcam şəkildə bildirməyi məqsədəuyğun sayıram. Əslində milli mətbuatımızın keçdiyi yola, onun inkişafı prosesinə nəzər salmaq, onu zaman-zaman tədqiq etmək, tarixin yaddaşına ötürmək bir-birini əvəz edən tədqiqatçı nəsillərın borcudur. Bu borcun böyük bir yükünü bu sahədə sanballı tədqiqat əsərlərinin müəllifi olan professor Cahangir Məmmədli öhdəsinə aldı. Və araşdırmasında heç bir itkiyə, boşluğa yol vermədən “525” – Zamanın sınağında”   mükəmməl tədqiqat əsərini ərsəyə gətirdi… Bundan bir neçə il əvvvəl isə Rəşad Məcidin yaradıcılığını hərtərəli tədqiq edən akademik İsa Həbibbəylinin “Bütün yönləri ilə yaradıcı” tədqiqat əsəri onun ədəbiyyat və mətbuat tarixində yerini və rolunu müəyyən etmişdir. “Bir yüngülvari müqəddimə”də İsa müəllim bu yaradıcılığın içində  gəzişmələr etmiş, “ədəbiyyat cəmiyyətində” Rəşad Məcid yaradıcılığını “bütün yönləri ilə” təhlil süzgəcindən keçirərək ortaya yığcam, eyni zamanda sanballı bir tədqiqat əsəri qoymuşdur…

Sözümün ilkin sətirlərində Rəşad Məcidi ədəbiyyat adamı olaraq təqdim emiş və bu fikri lakonik şəkildə açmağa cəhd göstərmişdim. Və bunlar əslində Rəşadın  ictimai-ədəbi fəaliyyətinə bələdçiliyimdən yaranmışdı. Hansı ki, onun müxtəlif illərdə nəşr olunmuş “Hələ ki, vaxta var” (1993), “10 sentyabr” (2004), “Əlvida və salam” (2009), “Dəlicəsinə” (2014), “Bir də gəlməyəcək” (2015), “Cığıraçan” (2015) kitablarından tanış olduğum bədii-publisistik  əsərləri – şeirləri, nəsri, ictimai məzmunlu məqalələri düşüncəmdə müəllifin portretini yaratmağa stimul vermiş və dolğun qənaətlər də haqqında söz deməyə imkan yaratmışdır. Və mən bu imkandan yararlanaraq R.Məcidin yaradıcılığından bəhs edən “Dəlicəsinə sevə bilsək…”, “Rəşad Məcidin yaradıcılığı ədəbi tənqidin diqqətində” məqalələri ilə dövri mətbuatda fikirlərimi bölüşmüşdüm. Bu sətirləri bilgisayarın yaddaşına ötürdüyüm dəqiqələrdə də yeni təəssüratlarımı da qeyd etməyə bilmirəm.

Rəşad Məcid bədii-poetik fikrin təcəssümündə gerçəkliyə, həyat həqiqətlərinə söykənməklə bir portreti, bir mənzərəni, bir hadisəni, yaddaşında mürgüləyən, xatırladıqca közərən xatirələrin ipisti nəfəsində ifadə etməkdə bir ayrı özəlliyə malikdir. Fərdi üslubun, ifadə tərzinin və bədii duyumun təsvirində özünəxas  dəst-xəttə malik olduğundan əsərləri yadda qalır. O, sözün çoxçalarlı rənglərinin təsiri ilə bədii axtarışlarının məcmusu olan əsərlərində xalqın ictimai taleyini, milli-bəşəri dəyərləri və şəxsiyyətləri təxəyyülün mənəvi süzgəcindən keçirərək əsl ədəbiyyatın mövzusu edə bilir. Poeziyanın lirik təsvirində epik janrın təsiri əsərə yeni bir baxışın yaranmasına gətirib çıxarır. Bunlar bir dastan, hekayə, hətta roman məzmununu ifadə edir. Mahiyyət və nəticə etibarilə bədii yaradıcılığın bütün növ və janrlarında poetik düşüncələrini özünəməxsusluqla ifadə edir. Bunlar bəzən “Tanrı bəxşişi” kimi doğulur və yazıldıqca, deyildikcə “Dastan”laşır. Boyları, qolları gerçək yaşantılardan doğulan düşüncələr, duyğularla süslənmiş lirik-romantik bir həyat dastanı. Bu poetik nümunələri oxuduqca müəllif yolunun üstündə sanki xəsisliklə işaran işığın içiylə aydınlığa çəkib aparır adamı. Ümiddən əl götürmürmüş təki, özü-özünü qınağa çəkir, təzədən cücərən inamının arxasınca aşırımlardan keçən dastan qəhrəmanı – lirik “mən” bitib-tükənməyən İlahi duyğuların cazibəsindən qopa bilmir.

Gərək gözləyəydin sonacan məni,
Gərək buz donumu sən tez açaydın.
Gərək zamanında ardına düşüb,
Yüyürüb o tinə doğru qaçaydım.
Sən bilən ən doğru qərardı, Allah,
Sən verən qismətə şəkk eləməzlər.
Şükür verdiyinə, sevinclə dərdi
Bir yerdə yaratdın axıra qədər.

Dastançı yaratdığı obrazlarla, hətta cansız əşyalarla belə (müəllif üçün onlar canlı da ola bilir) duyğusallıqla dialoqa girir, görüb-təsirləndiyi nə varsa, obrazlı şəkildə bölüşür. Hərdən sanki özünü tanımayan, “kiməm mən”, deməklə düşündüklərini açan,  duyğular içində azmış kimi, yenidən özünə qayıdan və rahatlıq tapan şairi anlamamaq mümkünmü…

Hərdən düşməninəm, hərdən dostunam,
Özüm də bilmirəm, hərdən kiməm mən.
Sənsiz sıxılanam, bölünənəmsə,
Sənə toplananam, sənlə cəməm mən.

Şair həmişə Tanrısına şükür edir, Tanrı bəxşişlərinə qucaq açıb da onların əhatəsində özünün poetik düşüncələrini səxavətlə bölüşüb-paylaşır…

Açıb qollarımı qucaqlayaram,
Sıxaram köksümə genişliyimi,
Çən kimi çökərəm, sutək hoparam,
Bu yurd sinəsində bitirər məni. 

Bu, yurda, torpağa pak bir sevgidir, bu, sevgidən cücərib, pöhrələnib bitməkdi, torpağın bətnindən doğulmaqdı. Bu, bağlandığına ağılla, güclü fəhmlə, doğma hisslə yanaşmaqdır. Bu torpaq polad biləkli, sinəsi sazlı-sözlü əli qılınclı oğullar bitirib. Başdan-başa gerçək nağıllı dünya yaradıb. Orda yenə yaddaşdan boylanan xatirə insanlar, yenə qayalar, yurd yerləri , “aylı dağlar”, “cıdır düzü”, “yalqız qalan yaylaqlar”, “iydə ağacları”, “bulaq, meşə, sünbül ağrısı”, daha nələr, nələr közərdir hafizəsini. Bunlar bütöv halda ana torpağa bir aşiq sevginin alovu kimi gözümüzü, könlümüzü oxşayır, həm də “babalarının yurd, torpaq əmanətini unutma, qoru, qədrini bil”, deyir. Şairin yaddaşında çiçəkləyən, ətri, təravəti ilə sözünün işığına sarı çəkir fikrimizi. Ümumən götürsək, Rəşadın şeirləri çatılmış ocaq kimidi, hərarətli səslənişi ilə qəlbimiz odlanır. Təkcə şeirləri deyil, nəsri, publisistikası, yolların çəkib apardığı, ayağı dəyən məkanlarda ruhuna əlvanlıq bəxş edən təəssüratları ictimai, bədii mündəricəsilə ədəbi camedə boyük maraqla qarşılanır.

Şair, yazıçı-publisist Rəşad Məcid əsərləri, “525-ci qəzet”ilə birgə özünü də böyüdən, təkmilləşdirən, sözün həqiqi mənasında ədəbiyyat, mətbuat adamıdır…

“Respublika” qəzeti

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 2
  • 1
  • 1,198
  • 4,078
ILK-10 Azeri Website Directory