Pambıqçılığa diqqət ixrac potensialının inkişafına müsbət təsir göstərəcək

Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, neft sənayesinin, eləcə də qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsinin, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.

Respublikada elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkəmizin dünyadakı nüfuzu durmadan artıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.

Son illərdə intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasət, həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini verib, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Aqrar sektorun, xüsusilə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması, bu sahəyə hərtərəfli dövlət dəstəyi kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın dirçəldilməsinə güclü təkan verib. İstehsalçılara verilən subsidiyalar, məhsulun alış qiymətinin artırılması və digər stimullaşdırıcı tədbirlər kənd əhalisinin yenidən pambıqçılığa marağının artmasına səbəb olub.

Azərbaycanda pambıq istehsalının inkişafı ilə bağlı bir neçə məqama nəzər salaq. Dünya bazarında pambıq ehtiyatlarının azalması, tələbin isə artması və beləliklə də qiymətlərin yüksəlməsi fonunda ölkəmizdə qədim ənənəyə malik pambıqçılığın inkişafının sürətləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən bir sıra mühüm vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin icrasını reallaşdırmaq üçün bütün imkanlar təhlil olunaraq qısa müddətdə pambıqçılıqla məşğul olan rayonlarda şirkətlərlə, aidiyyəti xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulub. Bu gəlirli sahənin inkişaf etdirilməsi şübhəsiz ki, ölkədə əlavə iş yerlərinin açılmasına və əhalinin yüksək maaşlı işlə təmin olunmasına imkan yaradıb.

Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bütün bunlar barədə ətraflı danışılıb.

Müşavirədə həm görülmüş işlərlə bağlı məlumatlar səslənib, həm də görüləcək işlərdən danışılıb. Bildirilib ki, 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdısa, həmin göstərici keçən il 207 min ton təşkil edib. Baxmayaraq ki, böyük həcmdə məhsul götürülüb, ancaq hektardan məhsuldarlıq lazımi səviyyədə deyil. Bərdə rayonunda çox yaxşı səviyyədədir, 26 sentnerdən çoxdur. Lakin bəzi rayonlarda çox aşağıdır. Bunun səbəbləri təhlil edilir və edilməlidir ki, buraxılan ­nöqsanlara gələcəkdə yol verilməsin, məhsuldarlıq daha da yüksək olsun.

Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində, həmçinin bu sahədə iqtisadi səmərəliliyin təmin edilməsi, tədarükçü şirkətlərin fermerlərin pulunu ləngitmədən və dəqiq vermələri, tarlalarda işləyənlər üçün yaxşı şərait yaradılması, pambıqçıların əməyinin stimullaşdırılması, texniki təchizatın daha da gücləndirilməsi və digər məsələlərdən də ətraflı danışılıb.

Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində gələcəkdə idxaldan asılılığı minimuma endirmək və yerli məhsullarla özünü təminetmə səviyyəsini daha da yüksəltmək məqsədi ilə qarşıya konkret hədəflər qoyulub. Həmçinin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli sərəncamı və “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 mart tarixli fərmanı ölkənin ixracının şaxələndirilməsi və rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlib.

Yuxarıda qeyd etdiyim Strateji Yol Xəritəsində müəyyənləşdirilən vəzifələrin həyata keçirilməsi, habelə dövlətin kənd təsərrüfatına, o cümlədən pambıqçılığa göstərdiyi diqqət və qayğı nəticəsində yaxın, orta və uzunmüddətli dövr üçün nəzərdə tutulan hədəflərə çatmaq mümkün olacaq.

Aqil ƏSƏDOV,
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory