“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix”in təqdimatı

Ermənilər daim digər xalqların tarixi, mədəni irsini saxtalaşdırmaqla “özününküləşdirmiş”, saxta faktlarla öz tarixlərini “zənginləşdirməyə” çalışmışlar. Tarixi araşdırdıqda, erməni saxtakarlığı, əsl həqiqətlər üzə çıxır. Məhz yenicə işıq üzü görmüş “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı erməni yalanlarını tutarlı faktlar və təhlillə üzə çıxaran sanballı kitablardandır.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimində səsləndirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) yeni nəşri olan kitabın müəllifləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, SAM-ın aparıcı elmi işçisi Araz Qurbanov və tədqiqatçı Elşad Əlilidir. Nəşrin elmi məsləhətçisi və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylidir.

Tanınmış elm və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Azərbaycanın və region xalqlarının tarixinin, onların maddi və qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və saxtalaşdırılması cəhdlərindən söz açdı və bu hallara qarşı mübarizə istiqamətində görülən işlər barədə məlumat verdi. Sözügedən nəşri bu sahədə atılmış növbəti addım kimi dəyərləndirən M.Əhmədov bu cür tədqiqatların erməni saxtakarlığına qarşı sanballı cavab olduğunu vurğuladı.

Ərəstü Həbibbəyli vurğuladı ki, bu gün erməni adlandırdığımız haylar etnik kimlik deyil, zaman-zaman etnik kimliyini itirən və kilsə ətrafında birləşən ayrı-ayrı fərdlərin birliyidir. Etnik kimlik daşımayan ermənilərin müxtəlif xalqların milli-mədəni dəyərlərinə və tarixi irsinə sahib çıxmaq cəhdləri, özlərini qədim xalq kimi təqdim etmək niyyətləri məhz bununla bağlıdır.

SAM-ın direktoru Fərhad Məmmədov çıxışında region xalqlarının maddi-mədəni və tarixi irsinin mənimsənilməsinin bu gün Ermənistan dövlətinin daxili və xarici siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini söylədi. O, həmçinin erməni saxtakarlığının ifşa edilməsi sahəsində təmsil etdiyi qurumun gördüyü işlərdən danışdı və bu sahədə istər yerli, istərsə də xarici mütəxəssislərlə sıx əməkdaşlıq edildiyini vurğuladı. Fərhad Məmmədov yeni işıq üzü görmüş kitabın da məhz belə bir əməkdaşlıq sayəsində ərsəyə gəldiyini vurğuladı.

Müəlliflər Araz Qurbanov, Elşad Əlili və Nazim Mustafa çıxış edərək nəşrlə bağlı öz fikirlərini bildirdilər. Natiqlər erməni saxtakarlığının tarixinə nəzər salıb, onların ərazi iddialarının yalan üzərində qurulduğunu diqqətə çatdırdılar. Kitabla bağlı digər çıxışçılar da öz təəssüratlarını bildirdilər və bu cür nəşrlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, kitabda bütün bu məsələlər sadə dildə və faktlara əsaslanaraq əksini tapıb.

Qeyd edək ki, nəşrdə region xalqlarına aid tarixi gerçəkliklərin təhrif olunması, onların maddi-mənəvi irs nümunələrinin mənimsənilməsi səyləri və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşası oxuculara təqdim edilir.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 106
  • 45
  • 1,302
  • 4,182
ILK-10 Azeri Website Directory