İran-Azərbaycan əlaqələri getdikcə inkişaf edir

İranla Azərbaycan arasında mövcud ictimai-siyasi vəziyyətə nəzər salanda görürük ki, iki ölkə xalqları arasında əsrlərlə din, mədəniyyət, mənəvi dəyərlər bağlılığı var. Bu yaxınlıq iki ölkənin müasir münasibətlərinə təsir göstərən mühüm amillərdir.

İranla qarşılıqlı faydalı əlaqələrin  genişləndirilməsi də respublikamızın xarici siyasət xəttində prioritet istiqamətlərdən biridir. Rəsmi Tehranın Azərbaycanla əməkdaşlığa olan marağı ölkəmizin strateji-coğrafi mövqeyi, möhkəm siyasi sabitliyi, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir.

Son illər ərzində İran-Azərbaycan münasibətləri daha da möhkəmlənib. İki ölkə arasında bir çox önəmli məsələlər öz həllini tapıb.

Hazırda İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir. Dostluq, qardaşlıq əlaqələri, prezidentlər, nazirlər  səviyyəsində görüşlər ümumi işə böyük töhfə verir.

Martın 28-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin ölkəmizdə rəsmi şərəfi də bunun bariz ifadəsidir. İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərdə də öz parlaq ifadəsini tapıb. Prezident İlham Əliyev bildirib ki, cənab Ruhani ilə  görüş son dörd il ərzində 11-ci görüşdür. Bu rəqəm özlüyündə mühüm bir göstəricidir: “Mən son dörd il ərzində dörd dəfə İrana səfər etmişəm, bu isə cənab Həsən Ruhaninin Azərbaycana üçüncü səfəridir. Eyni zamanda, biz beynəlxalq tədbirlər çərçivəsində də görüşmüşük və bütün görüşlərin böyük mənası, əhəmiyyəti var. Görüşlər zamanı əldə etdiyimiz razılaşmalar icra edilir, yaxşı nəticələr verir. Son dörd il ərzində bir çox önəmli sənədlər imzalanıb ki, bu sənədlər İran-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına böyük təkan verib. Biz beynəlxalq arenada da fəal əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik. BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində daim bir-birimizə dəstək göstəririk”.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani isə mətbuata bəyanatında vurğulayıb ki, iki ölkə arasında illər boyu əməkdaşlıq üçün potensial imkanlar mövcud olub. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət edib. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artıb, müştərək işlər çoxalıb: “ İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaq”.

İran-Azərbaycan hərbi əməkdaşlığı da son illərdə genişlənib. Bunun aydın ifadəsini bu il fevral ayının 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun  İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündən də görə bilərik.

Müdafiə Nazirliyinin həmin görüşlə bağlı xəbərinə əsasən, Zakir Həsənov Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmamasının regional sabitliyə ciddi təhdid təşkil etdiyini iranlı həmkarının diqqətinə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması üçün səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

General-mayor A.Hatəmi isə ölkələrimiz arasında hərbi sahədə  əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Əmir Hatəmi vruğulayıb ki, İran Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında maraqlıdır və bu sahədə istənilən yardımı göstərməyə hazırdır.

Bütün bunlar isə bir daha onu göstərir ki, İran-Azərbaycan dostluq, qardaşlıq münasibətləri getdikcə möhkəmlənir, iki ölkənin sosial-iqtisadi, siyasi sahələrinə müsbət təsir göstərir.

Dünyamalı VƏLİYEV,
AMEA-nın Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri,
iqtisad elmləri doktoru

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory