“Azərbaycanı kəşf et: elmdən mədəniyyətə”

ASA Oksford Universitetində növbəti tədbirinə hazırlaşır

Yaşadığımız dövrdə  dünya elmində baş verən inqilabi dəyişikliklərin, yeni innovasiyaların, elmi-texnoloji  kəşflərin ətraflı öyrənilərək daha geniş,  səmərəli tətbiqi mühüm əhəmiyyət kəsb etməkdədir. 

Dünya elminin müasir trendlərinin öyrənilməsi, gənclərin elmə marağının artırılması, onların müxtəlif sahələrdə elmi tədqiqat işlərinə daha fəal cəlb edilməsi zərurətini nəzərə alan Azərbaycan Elm Assosiasiyası (Azerbaijan Science Association – ASA)  yarandığı gündən ölkə auditoriyası qarşısında bir sira seminarlar,  multidisiplinar  konfranslar keçirib.  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  təqaüdçüləri olan  bir qrup yenilikçi və təhsildə uğur əldə etmiş azərbaycanlı gənc  tərəfindən yaradılan ASA  növbəti uğurlu  tədbirinə  hazırlaşır.    Budəfəki  tədbirin   ölkəmizdə deyil, dünyanın ən nüfuzlu elm, təhsil, tədqiqat mərkəzlərindən biri olan Böyük Britaniyanın  məşhur  Oksford Universitetində nəzərdə tutulması isə ASA-nın  növbəti uğuru  kimi diqqətəlayiqdir.     Aprelin 29-da  keçiriləcək  “Azərbaycanı kəşf et: elmdən mədəniyyətə” adlı tədbir  haqqında məlumatlar  artıq Oksford Universitetinin rəsmi saytında (www.ox.ac.uk/event/discover-azerbaijan-science-culture) yerləşdirilib. Məlumatda  tədbirin ümumi məqsədləri, çıxış edəcək qonaqlar, baş tutacaq təqdimatlar və eləcə də tədbirin vaxtı, yeri qeyd olunub.

ASA-nın  həmsədri,   Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistrantı İnqilab Şahbazovdan aldığımız məlumata görə, forumda Oksford Universitetinin tələbələrinə və akademik heyətinə ölkəmiz,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması,   dünya elminə böyük töhfələr vermiş azərbaycanlı elm xadimlərinin  işləri haqqında məlumat veriləcək. Elmi hissə ilə yanaşı, mədəniyyət gecəsinin də  təşkil ediləcəyi tədbirdə Böyük Britaniyada akademik fəaliyyət göstərən azərbaycanlılar, Durham Universitetinin professoru Nigar Həşimzadə, Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasında (MBL) qrup rəhbəri olan,   professor  Qərib Mürşüdov,   Birminhem Universitetinin əməkdaşı doktor  Gülarə Quliyeva  çıxış edəcəklər.  İştirakçılara azərbaycanlı alimlər  haqqında kitabçalar paylanılacaq. Tədbir Oksford Universitetinin Mansfield Kollecində keçiriləcək.

Qeyd edək ki, Oksford Universitetinin tərkibində 38 kollec var və universitetə qəbul olan bütün tələbələr bu kolleclərdən birinin üzvü olur.  ASA-nın  həmsədri, hazırda Oksford Universitetində doktorantura təhsili alan  Tərlan Süleymanov da məhz Mansfield Kollecinin üzvüdür.

Azərbaycanlı gənclərin dünyanın ən qədim elm ocağı olan  Oksford Universitetində  belə bir tədbir keçirməsi sevindirici və qürurverici haldır.

Oruc MUSTAFAYEV

 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 105
  • 88
  • 1,064
  • 3,994
ILK-10 Azeri Website Directory