YEVLAX PAMBIQÇILARI ÜÇÜN UĞURUN BAŞLANĞICI İLİ – 2018

ÖLKƏ PREZİDENTİNİN MARTIN 26-DA BƏRDƏDƏ KEÇİRİLƏN PAMBIQÇILIĞIN İNKİŞAFI MƏSƏLƏLƏRİNƏ DAİR RESPUBLİKA MÜŞAVİRƏSİNDƏ QARŞIYA QOYULAN VƏZİFƏLƏR BUNU TƏLƏB EDİR

Martın 26-da pambıqçılığın inkişafına dair Bərdədə keçirilən müşavirədə  konkret tapşırıqlar verildi, yeni hədəflər müəyyənləşdirildi.
Martın 28-də Yevlax Şəhər İcra Hakimiyyətinin geniş iclas zalı adıçəkilən müşavirədə qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr edilmiş toplantıya ev sahibliyi etdi.

Pambıqçılıqla məşğul olan fermerlərin, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı idarələrinin, digər aidiyyatı qurum rəhbərlərinin iştirak etdiyi tədbiri Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açdı. İlk öncə bildirdi ki, Bərdədə dövlət başçısının iştirakı ilə keçirilən müşavirə pambıqçılığın inkişafına dair respublikada baş tutan  sayca üçüncü müşavirə idi. Bundan əvvəl 2016-cı ildə Sabirabad, ötən ilin mart ayının sonunda isə  Saatlı şəhərində müşavirələr keçirilib. Ötən iki il ərzində pambıqçılıq sahəsində ölkə üzrə əldə olunan uğurlar sevindiricidir. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” isə bu sahəyə dəstəyin gücləndirilməsinə əlavə təkan verib.Çıxışına davam edərək Qoca Səmədov  xüsusi qeyd etdi ki, ölkədə pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublikaya rəhbərliyinin sovet dönəmində pambıq tədarükü artaraq 1981-ci ildə  1milyon tona çatmışdır. Bu gün pambıqçılığın bərpası, onun inkişafı üçün yaradılan əsaslar olduqca sevindiricidir.  Pambıq əkininə verilən subsidiyalar, gübrə və pestisidlərin istifadəsinə tətbiq olunan güzəştlər, “Aqrolizinq” ASC tərəfindən texnikanın güzəştli şərtlərlə satılması, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər  bu sahənin inkişafına müsbət təsir göstərib. Cari mövsümdə pambığın alış qiymətinin hər kiloqram üçün  0,10 AZN artırılaraq 0,60 AZN-ə çatdırılması, gübrələrə verilən güzəştlərin hər hektara 50 faiz, pestisidlərə verilən güzəştlərin isə 5 dəfə artırılması pambıqçıları sevindirib, pambıqçılığı daha gəlirli, fermerlər üçün cəlbedici edib.

ŞİH Başçısı Yevlaxda da pambıqçılığın inkişafı istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, 2017-ci ildə rayonda 2168 hektarda pambıq məhsulu yetişdirilmiş, 3416,9 ton pambıq tədarük olunmuşdur. Cari ildə isə 2500 hektarda pambıq əkmək üçün fermerlərlə müqavilələr bağlanmış, şum aparılmış, sahələr çiyid səpininə hazırlanmışdır.
Sonra çıxış üçün söz fermer Qabil Məmmədova verildi. Fermer bildirdi ki,  Bərdədə keçirilən  pambıqçılığın inkişafına dair müşavirənin iştirakçısıdır. Müşavirədə səsləndirilən fikirlər, pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqlar bu sahə ilə məşğul olan biri kimi onun ürəyincə olub.
Uzun illərdir ki, pambıqçılıqla məşğul olan  Q.Məmmədov ötən il hər hektardan 30 sentner məhsul götürdüyünü bildirdi. Onu da xüsusi qeyd etdi ki, xüsusilə Aran bölgəsi üçün pambıqçılıq gəlirli sahədir. Yetər ki, onun əkilməsi, becərilməsi və toplanılması ən optimal müddətlərdə başa çatdırılsın. Cari ilin məhsulunun bünövrəsini qoymağa hazırlaşdıqları ərəfənin olduğunu deyən fermer təsərrüfatının rəhbəri bütün işlərin başa çatdığını, 40 hektarda çiyid səpini aparacağını bildirdi.
Fermer Fikrət Nəbiyev çıxışında dövlətin pambıqçılığın inkişafına dəstəyini yüksək qiymətləndirdi. Bildirdi ki, 3 ildir pambıqçılıqla məşğuldur. Birinci il 5 hektar ərazidə pambıq əkib, məhsuldarlıq 29 sentner olub. İkinci il 11 hektar sahənin hər hektarından 30 sentner məhsul əldə edilib. Bu il isə əkin sahəsini bir qədər də genişləndirib, 17 hektara çatdırıb. Heç bir çətinliyi yoxdur.
Bir məsələdə fermer narahatlığını ifadə etdi. Qeyd etdi ki, pambıq əkdiyi sahələrin yayda su ilə təmin edilməsinə nəzarət olunmasını istərdi.
Kənd Təsərrüfatı İdarəsinin rəisi Zakir Rzayev çıxışına bu sözlərlə başladı:-Ölkəmizdə olduğu kimi, Yevlax rayonunda da pambıqçılığın inkişafı istiqamətində xeyli işlər görülüb. 2017-ci ilədək ancaq “MKT-İK” MMC-yə məxsus  sahələrdə pambıq əkini aparılıbdır. Sahibkarlar bu işə cəlb olunmamışdı. Keçən il bizim idarənin nəzdində MMC yarandı, amma işə gec başladığımzdan,dərmanların seçilməsində yol verdiyimiz yanlışlıqlar üzündən məhsuldarlıq aşağı oldu.  Ona görə də 33 nəfər istehsalçıdan 15 nəfəri MMC-yə borclu qaldı. Bu il 1152 hektar sahədə pambıq yetişdirmək məqsədilə kəndli-fermer və pay torpaq sahibləri ilə müqavilə bağlamışıq.
Kənd Təsərrüfatı İdarəsinin rəisi ötənilki nöqsanların təkrar olunmaması üçün əllərindən gələni etdiklərini, 2018-ci ilin bol məhsulunun təməlinin  keyfiyyətli qoyulması üçün vacib olan aqrotexniki qaydalara əməl edildiyini söylədi. Bildirdi ki, dövlət başçısının Bərdədə keçirilən müşavirədə qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqlar.
Vaqif Məmmədov yığıncaq iştirakçılarına direktoru olduğu “MKT-İK” MMC- nin yaz-əkin kampaniyasına hazırlığı ilə bağlı məlumat verdi. Bildirdi ki, innovasiya-fermer təsərrüfatı ilə birlikdə 1500 hektarda pambıq əkiləcək. Pambıq əkiləcək sahələr şumlanmış, xeyli hissəsinə arat suyu verilmişdir.
Daha sonra V.Məmmədov auditoriyaya müraciətlə  yaxşı məhsul əldə etmək üçün toxum seçimində diqqətli olmağı tövsiyə etdi. Bildirdi ki, ən yaxşı seçim lifli toxumlardır.
MMC rəhbəri onu da bildirdi ki, dövlət başçısının pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi kimi şərəfli bir işi yerinə yetirməli olan hər bir pambıqçıya lazım olduğu vaxt köməklik göstəriləcək.
Sonra auditoriyadan səsləndirilən suallar cavablandırıldı.
Məlum oldu ki, elə pambıq əkini sahələri var ki, onlar müəyyən vaxtlar su problemi yaşayırlar. Suvarma Sistemləri İdarəsinin rəisi Minnət Mürsəlov bu məsələyə aydınlıq gətirdi. Bildirdi ki, bəzi təsərrüfat rəhbərləri pambıq sahələrinin suvarılması işində səhlənkarlığa yol verirlər. Bu isə təkcə su itkisinə səbəb olmur, həm də məhsuldarlığa ziyan vurur. Odur ki, təsərrüfat rəhbərləri buna xüsusi diqqət yetirməlidirlər. Hər bir sahə suvarılarkən mütləqdir ki, işin başında suçu olsun, imkan verməsin ki, normadan artıq su sahələrdə  arzuolunmaz vəziyyət yaratsın. Suyun sahəyə həddindən artıq verilməsi alaq otlarının da sürətlə çoxalmasına səbəb olur. Qaldı, su ilə bağlı bütün müraciətlərə tərəfimizdən vaxtında və müsbət reaksiya veriləcək. Ölkə başçısının pambıqçılığın inkişafı ilə  bağlı qarşıya qoyduğu mühüm vəzifələrin həyata keçirilməsinə kömək etmək borcumuzdur.
Yığıncağın işində iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirakçıları maraqlandıran çox məqam- lara toxundu. Bildirdi ki, martın 26-da  Bərdədə keçirilən pambıqçılığın inkişafına dair  respublika müşavirəsində bu sahədə görülən işlərdən genişliyi ilə danışıldı, qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verildi.
Müşavirədə də qeyd edildiyi kimi, keçən il iqtisadi sahədə sabitləşmə ili olub, 2018-ci il isə inkişaf ilidir. Cari ilin iki ayı ərzində qeyri-neft sənayesi 8 faizdən çox, qeyri-neft sektoru 2,3 faiz, kənd təsərrüfatı 3,4 faiz, o cümlədən , bitkiçilik 40 faizdən çox artıb. Bu iqtisadi fəallıq həm də özəl sektorda iş yerlərinin yaradılmasına xidmət edir.
Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq respublika üzrə pambıq əkini sahələri 18 min 800 hektardan 140 min hektara yüksəlib. İki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Dövlət başçısının müşavirədə dediyi kimi: “…pambıqçılıq çox gəlirli sahədir və yaxşı gəlir gətirir”.
Yevlax respublikanın pambıqçılıqla məşğul olan 22 rayonundan biridir. Və bu da məlumdur ki, Yevlax pambıqçılıq üzrə fərqlənən bölgələrdəndir. 2016-cı ildə yevlaxlı pambıqçıların uğurları sevindirici idi. Amma ötən il Yevlax pambıqçılarının əldə etdiyi nəticə elə də ürəkaçan olmadı. Rayon pambıq yığımı cədvəlində orta yerlərdən birini tutdu. Düzdür, bunun  müəyyən səbəbləri oldu, səpin gecikdi, əlverişsiz keçən hava şəraiti məhsulu vaxtında toplamağa imkan vermədi. Hətta qış aylarında tarlalarda məhsul toplanılmasının şahidi olduq. Halbuki əkin kampaniyası vaxtında keçiriləndə, aqrotexniki qaydalara düzgün əməl edildikdə məhsul da vaxtında yetişir və toplanır. Yağış, qar görən məhsuldan keyfiyyət gözləmək olmaz.
V.Bağırov xüsusi vurğuladı ki, müşavirədə də qeyd edildiyi kimi, pambıqçılıq intensiv üsullarla inkişaf etməlidir. Burada ilk növbədə diqqət torpaq fondundan düzgün istifadəyə yönəldilməlidir. Bu, çox ciddi bir yanaşma tələb edən işdir. Tarla düşərgələrində çalışan insanların rahatlığı təmin olunmalı, nəqliyyat, içməli su təminatı lazımi səviyyədə olmalıdır. Mövsüm ərzində qarşıya çıxan çətinliklər vaxt sərfinə yol verilmədən aradan qaldırılmalıdır.
Administrasiya rəsmisi pambıqçılığın inkişafının müasir texnikadan istifadədən çox asılı olduğunu da diqqətə çatdırdı. Qeyd etdi ki, son iki il ərzində ölkədə kənd təsərrüfatı texnikasına 300 milyon manatdan çox vəsait ayrılıb. Cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə də qeyd edildi ki, əvvəlki dövrdə təkcə 370 pambıqyığan kombayn alınıb və bu il əlavə 100 pambıqyığan kombayn, ümumiyyətlə, 3 mindən çox texnika alınacaq.
V.Bağırov Sumqayıtda gübrə zavodunun fəaliyyətə başlamasını pambıqçılıq sahəsinin inkişafına böyük bir töhfə olacağını söylədi:-Artıq Azərbaycan özünü gübrələrlə təmin edəcək. Bundan başqa, ölkədə suvarma texnikasının istehsalının təşkili də alqışalayiqdir. Bu texnikanın inkişafı məhsuldarlığın artmasına çox böyük töhfə verər.
Natiq yığınqcaqda səsləndirilən fikirlərə də münasibət bildirdi, xüsusi vurğuladı ki, istər əkin, istər becərmə, istərsə də məhsul yığımı dövrlərində hər bir pambıq istehsalçısı əmin olmalıdır ki, rastlaşdığı hər çətin anda onun yanındayıq. Yevlaxlı “ağ qızıl” istehsalçıları unutmamalıdırlar ki, onlar məhsuldar fəaliyyətləri ilə təkcə öz şəxsi büdcələrinə gəlir gətirmir, eyni zamanda pambıqçılığın inkişafında başlıca hədəf olan  əhalinin məşğulluq səviyyəsinin artırılmasına kömək edirlər. Yəni əhəmiyyətli bir sosial layihənin uğurla həyata keçirilməsi pambıq istehsalçılarının fəaliyyətindən asılıdır:-Bu ilin fevral ayında Mingəçevir Yüngül Sənaye Parkının iki yeni müəssisəsinin fəaliyyətə başlaması bu istiqamətdə görülən işlərə təkan vermiş oldu. Belə ki, bu müəssisələrdə 20 min ton iplik istehsal olunacaq. Dövlət başçısının söylədiyi kimi, əgər ölkəmizdə pambıqçılıq sürətlə inkişaf etməsəydi, yəqin ki, bu müəssisələrə də ehtiyac olmayacaqdı. Çünki bu fabriklər ancaq daxili xammal əsasında fəaliyyət göstərə bilər. Bu fəaliyyət həm də çoxlu sayda iş yeri deməkdir. Nəzərə alsaq ki, Mingəçevir Yevlaxın bir neçə kəndinə olduqca yaxın bir şəhərdir və ehtiyacı olanlar o müəssisələrdə işləməklə öz ailə büdcələrinə gəlir gətirə bilərlər.
Vəfadar Bağırov çıxışının sonunda əmin olduğunu bildirdi ki, bu il Yevlax pambıqcıları üçün uğurların başlanğıcı ili olacaqdır.
Sonda Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov pambıqçılığın inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı mütəxəssislərindən ibarət qərargahın yaradılması barədə də məlumatı iştirakçıların diqqətinə çatdırdı.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 63
  • 35
  • 960
  • 2,789
ILK-10 Azeri Website Directory