Təsəvvüf fəlsəfəsi və multikulturalizmin ontoloji paralelliyinə dair

Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, fəlsəfə doktoru

Multikulturalizm birbaşa cəmiyyətin strukturu və mahiyyəti ilə bağlı olduğuna görə sosial hadisələrin həyata

keçmə şəkilləri, onları idarə edən qayda və qanunların müəyyən olunması ontoloji olaraq cəmiyyət fenomenini öncədən “var sayır”. Varlıq aləmində olduğu kimi cəmiyyətin strukturu və var olması da metafizik aspektdən araşdırılır.

Bu baxımdan metafizikanın ən mühüm mövzusu olan “ontologiya” (varlıq məsələsi) “incəsənət ontologiyası”, “siyasət ontologiyası” ilə bərabər müasir dövrdə amerikalı filosof Con Sörlün daha çox tədqiq etdiyi “sosial ontologiya”-nı da ehtiva edir.

İslam düşüncəsi “sac ayaqları” metaforu ilə təqdim olunur. Belə ki, sac ayaqlarının biri kəlam-fiqh (teologiya-hüquq), ikincisi fəlsəfə, üçüncüsü isə təsəvvüfdür. Hər üç istiqamət öz cəhətlərindən varığı, fərdi və cəmiyyəti qiymətləndirir. Qənaətimcə ən yüksək səviyyədə, fəlsəfi-metafizik cəhətdən varlığı və bəşəri münasibətləri açıqlayan və dəyərləndirən təsəvvüf fəlsəfəsidir. Bütun bu istiqamətlər ontoloji olaraq təzad təşkil etmir, əksinə bir-birlərini tamamlayıcı mahiyədədir.

Təsəvvüf fəlsəfəsi insan və cəmiyyəti metafizik-mistik paradiqmadan açıqlayır. Multikulturalizm isə müxtəlif cəmiyyətlərin mədəni və identetik əsaslarına istinad edir. Məhz təsəvvüf fəlsəfəsi və multikulturalizmin ontoloji əsaslarını metafizik-fəlsəfi mövqedən də ələ almaq mümkündür. Bu zaman insanın  və cəmiyyətin əxlaqi cəhətdən kamilləşməsinin yollarını və metodologiyalarını alternativ şəkildə kəşf etmiş olarıq.

Multikulturalizm ilə təsəvvüf fəlsəfəsinin ən çox paralellik təşkil etdikləri məqamlardan biri  “kəsrətdə vəhdət” ( çoxluqda birlik) ifadəsi ilə açıqlana bilər. Belə ki, təsəvvüf fəlsəfəsini sistemləşdirən bütün sifilər varlıqda çoxluq olduğunu, bu çoxluğun İlahi təcəlli nəticəsində meydana gəldiyini, çoxluqların varlığa nisbətlə kölgə mahiyyətlərində olduqları vurğulanır. Bu isə çoxluqda birliyin yaxud birin bilinməsi ilə həll olunur. Məhz İslam düşüncəsi,  xüsusilə təsəvvüf fəlsəfəsi bu paradiqmadan bütün kainatı və varlıqlar arasındakı münasibətləri açıqlayır. Birlik-çoxluq(vəhdət-kəsrət) fərqini izah etmək üçün sufilər analogiya metodundan istifadə edirlər. Vəhdət, bütövlük aləmi, dəryaya işarə edir. Tək-tək damlalar və dalğalar isə çoxluğa işarə edir. Dalğa və damla yalnız dərya vasitəsilə bütövlük məzmun və mahiyyətlərinə çatırlar. Nəticədə damla və dalğa dəryanın təcəllisi və nişanələridir. Bu məqamda qeyd etməliyəm ki, XVI əsrdə yaşayan məşhur sufi-mütəfəkkirmiz Nemətullah Naxçıvani iki cildlik  “əl-Fəvatihul əİlahiyyə və əl Məfatihuəl-Ğaybiyyə” (ilahi ilhamlar və metafizik açarlar) əsərində bu mövzuya toxunaraq “insanların dənizdəki dalğalar kimi axırda Allaha qayıtdığını, bütün varlıqların  kölgə mahiyyətində olduğunu və bu mənada Tanrının, kölgənin sahibinə, dalğaların suya və aynalardakı surətlərin  surət sahibinə olan bərabərliyi mahiyyətində və səviyyəsində” anlaşılmasının vacibliyini vurğulayır.

Multikulturalizm sosial sahədə, cəmiyyətin müxtəlif etnik və dini kimliklərinin vəhdətinə,“müxtəliflikdə birlik” (unity in diversity) fəlsəfəsinə istinad edir. Məhz ölkə daxilində müxtəifliklərin olması və bunların həm ictimai, həm də dövlət siyasətiylə dəstəklənərək formalaşdırılması multikulturalizmin ontolojik əsasını təşkil edir. Təsadüfi deyil ki, multikulturalizm üzrə məşhur mütəxəssis Çarlz Taylor ölkə daxilində müxtəlif kimliklərin özlərini ifadə etmələrini “tanınma siyasəti” termini ilə açıqlayır. Fəlsəfi olaraq ”tanınma” eyni zamanda immanent mənada bir ”imkanı” da özündə ehtiva edir. Bu baxımdan  tanınma “imkanı” metafizik məzmun və mahiyyət daşıyaraq multikulturalizmin ontoloji əsasını da təşkil edir.

Təsəvvüfdəki ”mən” və ”sən”məfhumları eyni zamanda multikulturalizmdəki ”mən” və ”başqası” kateqoriyaları ilə paralellik təşkil edir. Metafizik cəhətdən təsəvvüf fəlsəfəsində”mən” və ”sən” ilahi mərtəbədə ”O”-na çevirlir.  Nəticədə nə”mən” qalır, nə də ”sən”, yalnız ”O”.

Təsəvvüf fəlsəfəsində”mən”-in əsasını təşkil edən nəfsin tam silinməsi deyil, bilinməsi və nəfsin cilovlanması təlqin edilir. Məhz sosial mənada nəfsin ölümü qəbul edilməzdir. Bunu təsəvvüf fəlsəfəsini sistemləşdirən və həyatlarında tətbiq edən İbn Ərəbi, Sadrdəddin Konəvi, Cəlaləddin Rumi və digər böyük sufilərin həyatlarında müşahidə etmək mümkündür. Təsəvvüfdəki ”xəlvət dər əncümən” (cəmiyyət içərisində Haqqı unutmama) məfhumu birbaşa cəmiyyət fenomeninin qəbuludur. Məhz bu düşüncə Quranda Nur surəsinin 37-ci ayəsinə istinad edilərək şərh və təfsir olunur: ” Elələri var ki, onlar üçün nə ticarət, nə də alış-veriş Allahı zikr etmələrinə, xatırlamaqlarına maneə yaratmır ”. Bu kontekstdə qeyd etməliyəm ki, təsəvvüf fəlsəfəsində cəmiyyət, ictimai münasibətlər və multikultural mühit yox sayılmır, əksinə ilahi-metafizik aspektdən bu ümumi varlıq anlayışı paradiqmasında izah olunur.

Bu baxımdan təsəvvüf fəlsəfəsindəki ”kəsrətdə vəhdət”və ”xəlvət dər əncümən” paradiqmaları ilahi-metafizik mahiyyət daşısa da, bu eyni zamanda tarix boyunca İslam sivilizasiyasında ictimai münasibətləri və cəmiyyəti açıqlamaq üçün də istifadə edilmişdir. İslam düçüncəsində cəmiyyətin mütafizik-ontolojik əsasları bu istiqamətdə formalaşdırılmışdır.

Ümumiyyətlə, İslam düşüncəsində “yaradılanı sev, Yaradandan ötrü”ədəbi-fəlsəfi baxış tərzi ilə ictimai həyatdakı fərd və cəmiyyət münasibətlərini də izah etmək mümkündür. Bu paradiqmaya görə tolerantlıq, başqalarına qarşı hörmət və ehtiram göstərilməsi Tanrı nəzərində xoş qarşılanır. Hətta qarşı tərəfdən nifrət edilsə belə.

Müasir dövrdə ictimai xəstəliklərindən olan “özünə yadlaşma”, “kimlik problemi” məhz təsəvvüfdəki“nəfs” fenomeninin insan qəlbini və ruhunu pərdələməsi ilə paralellik təşkil edir. Bu kontekstdə təsəvvüfdəki nəfsi riyazət və tərbiyə üsulları eyni zamanda sosial sahədəki fərdin və cəmiyyətin mənəvi tərəqqisi üçün  əhəmiyyət kəsb edir. Təsadüfi deyil kli, son illərdə ABŞ-da ən çox satılan kitablar arasında Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si yer alır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory