“11 Aprel seçkiləri xalqın iradəsini tam ifadə edib”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi növbədənkənar prezident seçkilərilə bağlı bəyənat yayıb.

525.az bəyanatı təqdim edir:

“Azərbaycanda seçkilərin demokratik mühitdə keçirilməsi üçün seçki ərəfəsində və seçkilər elan olunduqdan sonra, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq  azadlığı sahəsində vəziyyət, seçki komisiyalarının fəaliyyəti və seçkilərə hazırlıq səviyyəsi azad, ədalətili, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradılıb.

Növbədənkənar prezident seçkiləri elan olunduqdan sonra ölkənin yazılı və elektron mediası prezident seçkilərinə xüsusi diqqət ayırıb. Seçkilərə hazırlıqla bağlı tədbirlərin və kütləvi aksiyaların işıqlandırılması, seçki mövzusunda müzakirələrin aparılması, bütün maraqlı qüvvələrin mövqeyinin ifadə edilməsi təmin olunub. İnternet medianın və sosial şəbəkələrin  prezident seçkilərilə bağlı məsələləri işıqlandırılması və  müzakirəsində xüsusi rol oynadığı müşahidə edilib.

Seçki kampaniyası zamanı ölkə ərazisində sərbəst toplaşmaq azadlığı ilə bağlı hər hansı qanun pozuntusu müşahidə edilməyib. Paytaxtda və bölgələrdə sərbəst toplaşmaq üçün qapalı yerlər və açıq havada meydançalar təşkil olunub. Bütün namizədlərə ayrılmış yerlərdə seçicilərlə görüşlər keçirmək üçün normal şərait yaradılıb. Hətta seçkilərdə aktiv iştirakdan imtina edən bəzi müxalifət partiyalarına Bakı şəhərinin mərkəzində “Məhsul” stadionu ərazisində iki dəfə mitinq keçirməyə şərait yaradılıb.

Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsinin əsas şərtlərindən biri də heç şübhəsiz ki, seçkilərin lazımi qaydada keçirilməsinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin iştirakına geniş imkanların yaradılmasıdır. Tərəfimizdən aparılan  müşahidələr göstərir ki, seçki komisiyaları seçki prosesinə ictimai nəzarətin təşkili və vətəndaş cəmiyyətinin bu prosesdə yaxından iştirak etməsi üçün hərtərəfli şərait yaradıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi prezident seçkilərinin müşahidəsini təşkil etmək məqsədi ilə Mərkəzi Seçki Komisiyasında 126 nəfər üzv və tərəfdarını respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçirib. Mərkəzi Seçki Komisiyasında respublika üzrə müşahidəçi kimi qeydiyyatdan keçmiş müşahidəçilərimizin seçki günü 72 dairə seçki komissiyası ərazisində 630 məntəqə seçki komissiyasında müşahidə aparıblar.

Müəyyən edilib ki, müşahidə aparılan məntəqələr qanunvericilikdə nəzərdə tutulmuş vaxtda səsverməyə açılıb, komissiya üzvləri və kifayət sayda müşahidəçilər, o cümlədən, bütün namizədlərin nümayəndələri  məntəqələrdə olublar. Müşahidəçilər prosesi rahat izləməyə imkan verən əlverişli mövqedə yerləşdiriliblər. Səsvermə kabinələri bülletenlərin doldurulması zamanı gizliliyin gözlənməsinə imkan verən vəziyyətdə, eyni zamanda, komissiya üzvləri və müşahidəçilər üçün aydın görünən məsafədə quraşdırılıb, seçki qutuları möhürlü və hamının rahat görə biləcəyi yerdə qoyulub.

Seçicilərin səs verməsi üçün lazımi şərait yaradılıb, səsvermə prosesi ümumən qanunauyğun keçirilib, ictimai asayişin pozulması hallarına yol verilməyib. Məmurların və polis əməkdaşlarının seçki prosesinə qanunsuz müdaxiləsi hallarına yol verilməyib.

Səslərin sayılması prosesi tam müşahidə altında həyata keçirilib, səsvermənin nəticələrinə dair protokollar maraqlı tərəflərə verilib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi apardığı müşahidələr əsasında bəyan edir ki, 2018-ci il 11 aprel prezident seçkiləri Azərbaycan Respublikasının Konistitutusiyasına, Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun olaraq azad, şəffaf və ədalətli şəraitdə keçirilib,  xalqın iradəsini tam olaraq ifadə edib”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory