İlham Əliyevlə daha möhtəşəm zirvələrə doğru

Azərbaycan xalqı prezident seçkilərində alternativsiz liderinə olan böyük inam və sarsılmaz dəstəyini bir daha nümayiş etdirdi

Aprelin 11-də Azərbaycan xalqı müstəqillik dövrünün 8-ci prezident seçkisində öz liderini müəyyənləşdirdi. Cənab İlham Əliyev növbəti dəfə ümummilli etimadı qazanaraq Azərbaycan Prezidenti seçildi. Əslində, bu qələbə tam gözlənilən idi. Çünki ötən 15 il ərzində Azərbaycanı tarixin bütün dövrlərinin ən möhtəşəm və qüdrətli dövləti səviyyəsinə yüksəltməyə müvəffəq olan liderin alternativsizliyi birmənalı ictimai rəy idi və xalqın seçimi bunu bir daha isbatladı.

Müdrik seçim, vədinə sadiq lider

15 il öncə, 2003-cü ildə ulu öndər Heydər Əliyev xalqa müraciət edərək aşağıdakı fikirləri səsləndirmişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, 15 il əvvəl ulu öndər bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərdi. Çünki ulu öndər tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf strategiyasını ancaq İlham Əliyev gerçəkləşdirə bilər. Həqiqətən də Azərbaycan xalqı 2003-cü ildə etdiyi seçimində yanılmadı. Çünki Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirərək xalqın inamını, etimadını qazandı.

Xalqın böyük inam və etimadını qazanan Prezident

Atalar məsəli var: elin gözü tərəzidir. 59 ölkənin 60 təşkilatından 894 nəfər beynəlxalq müşahidəçi, 51 xarici kütləvi informasiya vasitəsinin 118 təmsilçisi və 58 min yerli müşahidəçinin iştirakı ilə keçən tam demokratik, şəffaf və ədalətli seçkilər nəticəsində əzmli qələbəni cənab İlham Əliyevin qazanması tarixi və təbii qanunauyğunluqdur desək, yanılmarıq.
Çünki Azərbaycanda yaşayan çoxmillətli əhalinin iradəsini ifadə edən bu seçkilər bir daha dünyaya cənab İlham Əliyevin ölkəmizdə yüksək hörmətə və nüfuza malik olmasını, xalqın ona böyük inamını və sarsılmaz dəstəyini sübut etdi.
Bir məsələyə də diqqət edək. Bu gün ölkəmizdə gedən prosesləri izləyən və bu proseslərə vicdanla yanaşan hər bir siyasətçi etiraf edir ki, Azərbaycan cəmiyyətində demokratiyanın təməl prinsipləri mövcuddur və yaradıcılıqla inkişaf etdirilməkdədir. Aşkarlıq, şəffaflıq, söz, mətbuat, etiqad azadlıqları Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş və dövlətimizin fəaliyyətinin prioritet cəhətlərindən biri kimi vətəndaşların həyatında əksini tapmaqdadır.

“Exit-poll”un nəticəsi, müşahidəçilərin üst-üstə düşən rəyləri

Seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələrinin qarşılaşdıqları mənzərələrlə bağlı etirafları da bütün deyilənləri sübut etdi. Mərkəzi Seçki Komissiyasının seçkinin nəticəsi ilə bağlı açıqladığı son qərar 4 təşkilatın – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (“Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “Rəy” Monitorinq Mərkəzinin keçirdiyi “exit-poll”ların nəticəsi ilə demək olar ki, üst-üstə düşdü.
Seçki prosesini işıqlandıran beynəlxalq KİV də seçkilərin tam demokratik, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirildiyini yayımladılar və dünya birliyi Azərbaycandakı seçki mühitindən bir daha xəbərdar oldu. Hətta xaricdə yaşayan soydaşlarımız və ya əcnəbilər 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsi ilə səsvermə prosesini canlı izləyə bildilər. Gün ərzində seçicilərin fəallığı barədə 5 dəfə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi Şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa MSK-ya ötürüldü və internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olundu. Bu da seçkilərin necə şəffaf keçirildiyini bir daha təsdiqləyən fakt oldu.

Xalq növbəti 7 il üçün ölkənin taleyini İlham Əliyevə tapşırdı

Bu seçkilərdə xalq növbəti 7 il üçün ölkənin taleyini kimə tapşıracağını müəyyənləşdirdi. Etiraf etmək lazımdır ki, hələ seçkilər ərəfəsində bütün siyasi, ictimai təşkilatların xalqın iradəsi haqqında dəqiq məlumatları var idi. Respublikanın iqtisadi, sosial inkişafı, əhalinin rifah halı, Azərbaycanın beynəlxalq aləmdə nüfuz qazanması, seçkilərdə cənab
İlham Əliyevə hansısa alternativ rəqibin qələbə çalmasına azacıq da olsa, necə deyərlər, əl yeri qoymurdu. Etiraf etmək lazımdır ki, xalq İlham Əliyev fenomeninin nəyə qadir olduğunu, hakimiyyətə gəlişinin məramını hələ 15 il əvvəl görmüş, ona inam göstərmişdi. Bu seçkilər həm də onu sübut etdi ki, bu gün Azərbaycanda cənab İlham Əliyevin qarşısına rəqib kimi çıxmağa, onunla seçki yarışına girməyə hazır olan siyasətçi yoxdur. Elə İlham Əliyevin 3 milyon 397 min 664 (86.03 faiz) seçicinin səsini qazanması bunu təsdiqləyən faktdır.

Xalqın dəstəyindən güc alan baş Sərkərdə

Aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə ölkə əhalisinə müraciət edərək minnətdarlığını bildirən Prezidenti İlham Əliyev hər zaman xalqın dəstəyini hiss etdiyini bildirdi. Vurğuladı ki, bu dəstək ona güc verir:”Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.
Dövlət başçısı vurğuladı ki, xalq-iqtidar birliyi, dövlətin məqsədyönlü siyasəti bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artıb və dünya miqyasında öz layiqli yerini tuta bilib. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir: “Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir”.

Vətəndaşına hesabat verən dövlət başçısı

Bu bir həqiqətdir ki, cənab İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını qurucu Prezident kimi yazdırıb. 15 il müddətində ölkəmiz, demək olar ki, yenidən qurulub. Təkcə bircə fakta diqqət edək. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycanın valyuta ehtiyatları 1.8 milyard dollar idi və çoxları bu proqramların, sosial-iqtisadi layihələrin yarıda qalacağını söyləyirdi. Ancaq indiyədək Azərbaycanda bir dənə də olsun sosial layihə dayandırılmadı və bunun nəticəsidir ki, bu gün valyuta ehtiyatlarımız 44 milyard dollara bərabərdir.
Dünyanın heç bir ölkəsində cənab İlham Əliyev qədər ölkə ərazisinə səfər edən ikinci bir prezident yoxdur. Özünün dediyi kimi, dövlət başçısı olaraq şəffaf siyasət yeridir. Xalqı dövlətin, hökumətin fəaliyyəti barədə müntəzəm məlumatlandırır. İlham Əliyev təkcə müşavirələrdə, rəsmi dövlət tədbirlərində deyil, bölgələrdə, sıravi insanlarla görüşündə də hesabat verir. Vətəndaşların həyat tərzini, çətinliklərini, dövlətin siyasətinə münasibətlərini, ölkənin bu gününü, gələcəyini necə görmək istədiklərini onların öz dillərindən eşitməyi daha mühüm sayır.

Bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq

Elə bunun nəticəsidir ki, hazırda Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır və seçkilərdə mütləq üstünlüklə qalib gələn cənab İlham Əliyevin bir lider olaraq ölkəmizi inkişafın daha möhtəşəm zirvələrinə aparacağına şübhə yoxdur.
Əminliklə deyə bilərik ki, cənab
İlham Əliyev növbəti 7 ildə də müstəqil Azərbaycanın milli maraqlarını müdafiə edərək xalqın yüksək rifahını təmin edəcək.
Aprelin 12-də Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda keçirilən möhtəşəm tədbirdə çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz: “Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq”.

Rəşad BAXŞƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory