Yaradıcı ziyalılarımız

ZİYALILIQ ZİRVƏSİNƏ  UCALAN İNSAN…

Dahilərdən birinin dediyi kimi, bu dünyada əbədi bir şey yoxdur. Hətta, qocanın da, gəncin də yanından etinasız ötüb keçə bilmədikləri gözəllik də belə, xəzan vurmuş yarpaqlar kimi saralıb solur, yox olur, unudulur.

Lakin, yaddaşlarda çox şey iz buraxır. İnsanların bəhrələndikləri mənəvi sərvətlər əbədi qalır. Bu dəyərləri qiymətləndirənləri, dünya elmini araşdıranları, bir sözlə, əsil ziyalılıq zirvəsinə yüksələnləri xoşbəxt sanıram. Elə burada böyük Ömər Xəyyamın aşağıdakı misralarını xatırladım:

                   – Bir ucsuz, bucaqsız dairədə sən,

                    İki cür insanı xoşbəxt görərsən.

                     Bir qismi hər şeyi bilən, o biri,

                    Xəbərsiz yaşayan dünya işindən

Həmişə söhbət ziyalılıqdan, intellektdən düşəndə yaradıcılığına böyük hörmət bəslədiyim, elimizin, obamızın mərd, mübariz oğlu Adil Mirzə oğlu Ramazanov gəlib durur gözlərimin önündə. Təbii ki, ziyalılıq deyiləndə hər şeydən əvvəl özünü dərk edə bilmək, zəngin həyat təcrübəsi toplamaq və bunlara rəğmən öz həyat tərzini nizamlaya bilmək, özü üçün bir mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti nəzərdə tutulur.

Deyərdim ki, bu yüksək dəyərlər Adil müəllimin şəxsində küll halında cəmlənib. Onu cəsarətli, sözünə bütöv, yüksək intellektual səviyyəyə malik bir insan kimi tanıyıram. Təmkinli, cəmiyyətdə sayılıb-seçilən bir nəslin təmsilçisi olan bu şair-alim həqiqətən milli-mənəvi və əxlaqi dəyərlərimizin layiqli daşıyıcısıdır.

O, həyatın özü qədər sadə, böyüyün-kiçiyin yerini bilən, xeyirxah, ağsaqqalın, ağbirçəyin yolunu gözləyən, həmişə düzgünlüyə, haqqa, ədalətə sığınan ziyalıdır. Şəxsi mühakiməsi güclüdür, müdrikdir. Müdriklik isə tarixin bütün dönəmlərində həyat məktəbi, insanlıq meyarı kimi səciyyələnib…

Bəli, həyatın bitib-tükənməz, əbədi, bir yolu var – nəhayətsiz, sevinc və səadət beşiyi olan zəhmət yolu. Bu yolu rövnəqləndirib, ona daimi şöhrət gətirən ecazkar bir varlıq da var, – insan!..

Bu yolun yolçuları öz halal zəhmətləri ilə xalqın gözündə beləcə pillə-pillə ucalır, ömürlərinin mənəvi dünyasını yaradırlar…

Söhbət zamanı Adil müəllim dedi:

– Həyatda hər kəsin ürəyini, könlünü isidən bir xatirəsi olur. İllər ömürdən çox şey alıb aparsa da belə, o duyğular həmişə təzə-tər qalır. Və ürəyin, könlün ən kövrək yerində qərar tutduğu üçün insana ruh verir, onu yaşamağa, yazıb-yaratmağa səsləyir. Yorulmağa, ruhdan düşməyə imkan vermir. Elə mənim də həyatımın ən xoş, həmişəyaşar xatirələri keçmiş S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU-nin) qaynar həyatı ilə bağlıdır…

Bu sözləri söyləyərkən Adil müəllimin üzündə, o şəffaf çöhrəsində xoş təbəssüm yarandı, xatirələri ürəyindəki bütün duyğularını dilə gətirdi. Onunla birlikdə zaman qatarında Adil Mirzə oğlu Ramazanov ünvanlı bir səyahətə çıxdıq. Öyrəndik ki, o sadə bir ömur yaşayıb, həyat yolu keçib. 1936-cı ilin mart ayının 8-də Qərbi Azərbaycanın Qırxbulaq mahalının Quyulubulaq kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1955-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurub. Tbilisi Ali Zabitlər Məktəbində iki il təhsil aldıqdan sonra Gəncə şəhərinə gəlib və keçmiş S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə qəbul olunub. 1966-cı ildə ali təhsilini başa vuran Adil təyinatla Göyçay rayonuna göndərilib. Rayon istehsalat idarəsində əvvəlcə sahə baytar məntəqə müdiri kimi əməli fəaliyyətə başlayıb, sonra yaxşı işinə görə  baş epizodik həkim vəzifəsinə irəli çəkilib. Burada üç il baş həkim işlədikdən sonra AKTA-nın baytarlıq fakültəsinin anatomiya ixtisası üzrə əyani aspiranturasına qəbul olunub. Elmi işini Sankt-Peterburq və Gəncə şəhərlərində apararaq dissertasiya müdafiə edib. Elmlər namizədi alimlik dərəcəsi alıb. 1972-1973-cü illərdə AKTA-nın baytarlıq fakültəsinin nəzdində əvvəlcə ordinator, klinika müdiri və dosent vəzifələrini tutub. Azərbaycan Dövlət Aqrar Universiteti Elmi Şurasının 22 dekabr 2009-cu il tarixli qərarı ilə əczaçılıq və morfologiya kafedrası üzrə professor elmi dərəcəsi alıb.

Adil müəllim dekan müavini, fakültə partiya təşkilatının katibi, xalq nəzarət qrupunun, həmkarlar ittifaqı yerli komitəsinin sədri vəzifələrinin öhdəsindən layiqincə gəlib, bir sıra xarici ölkələrdə keçirilən konqres və simpoziumlarda elmi məqalələrlə çıxış edib, çalışdığı ali təhsil ocağını və doğma respublikamızı bacarıqla təmsil edib.

Bacarıqlı alim, istedadlı ictimiyyətçi olan Adil müəllim ayrı-ayrı dövrlərdə Ekologiya və biotexnologiya institutunda tədris işləri üzrə prorektor, Moskva Müasir Humanitar Universitetinin rektoru vəzifələrində işlədiyi dövrlərdə də səmərəli fəaliyyət göstərib, öz vəzifə tələblərinin öhdəsindən bacarıqla gəlib.

Adil müəllimin fəaliyyəti çoxsahəlidir. Hələ gənclikdən idmana böyük maraq göstərər, şəhərimizin idman şərəfinin qorunması sahəsində əməli fəaliyyət göstərərdi. O, sərbəst güləş üzrə keçmiş SSRİ-nin idman ustası  və  I-ci dərəcəli idman hakimi kimi şərəfli ad qazanmışdır.

Onu da qeyd edək ki, Adil müəllim mühazirələrin, seminar məşğələlərin daha canlı və keyfiyyətli aparılmasına dair çoxlu sayda fikirlər müəllifidir. Bunları dilə gətirməyə ehtiyac duymuram. Lakin, diqqətinizi bir məsələyə yönəldim ki, o, həmişə tanınmış pedaqoqlardan birinin obrazla dediyi aşağıdakı fikrə istinad edir: «Dəniz bir damla suda, tədris isə elə bir dərsdə əks olunur». Yəni onun çoxillik pedaqoji təcrübəsinin üstünlüyü ixtisasına, spesifik peşə yönümünə dair bilik və məlumat zənginliyi, öyrətmə və fəallaşdırma ustalığı elə bir dərsdə də özünü göstərir.

Başqa sözlə desək, bir dərs nümunəsi müəllimin pedaqoji etikası, təfəkkür tərzi, şagird psixologiyasına nə dərəcədə bələdliyi əsil təhsil işçilərinə çox həqiqətləri açıqlayır. Adil müəllimin mühazirələrində və seminar məşğələlərində olduğu kimi…

Elə keçmiş H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda ikinci iş yeri kimi işlədiyi dövrdə də tədrisin səmərəliliyinin yüksəldilməsi, tələbə-gənclərin elmi, dünyagörüşünün formalaşması istiqamətində öz vəzifə tələblərinə belə yanaşıb. Ona görə də onun dərs dediyi tələbələrin bir çoxu ayrı-ayrı ali təhsil ocaqlarına uğurla qəbul olunub, oxuyub, elmlər namizədi, dosent, elmlər doktoru professor elmi dərəcələrinə yiyələnib.

Gərgin elmi araşdırmalar aparan Adil müəllim həm də bədii yaradıcılıqla məşğul olur. Güclü mütaliəçidir. Çoxlu saydı bədii yazı nümunələrinin müəllifidir. Onun şeirlərini, oçerklərini, xatirələrini nəzərdən keçirdikdə sanki əməlləri ən gözəl əxlaqi dəyərlərimizə söykənən bir müəllifin gülzar dünyasını seyr edirsən. Mənəviyyatın paklığı hopan zəngin, səfalı aləmə vətən sevgili bir istedadın gözü ilə baxırsan…

Adil müəllim 10 şeirlər kitabının, 10 dərsliyin, 30-a yaxın dərs proqramının, 1000-dən artıq qəzet və jurnal məqaləsinin müəllifidir. 250 elmi məqaləsi Azərbaycanda və ölkəmizdən kənarlarda dövri nəşrlərdə dərc olunub.

Şairin şeirlərində\, digər yazı nümunələrində Vətənə, torpağa, təbiətə məhəbbət hissləri özünü daha qabarıq şəkildə göstərir.

O, ictimai həyatımızda, məişətimizdə olan çatışmazlıqlara qarşı daim barışmaz mövqedə dayanır, poetik duyum, ifadə tərzi ilə başqalarının görə bilmədikləri əyintilərə öz münasibətini bildirir.

Şair etibara, sədaqətə nə qədər hörmətlə yanaşırsa, saxtakarlığa, hiyləgərliyə, şöhrətpərəstliyə də bir o qədər kəskin mövqedə dayanır. Düşünmə tərzi, müşahidə qabiliyyəti güclüdür. Hər bir misrası güclü məntiqə söykənir. Hər misrası, bəndi imkan verir ki, istedadlı bir yazarın qəlbinin çırpıntılarını asanlıqla duyasan. Əgər yazar ürəyindən gələn bir misra oxucunu haqqa, ədalətə, düzgünlüyə çağırırsa, onu mənəvi saflığa, duruluğa qaytarmağı bacarırsa bu onun uğurudur.

… Məncə bu uğurların təməlində hər şeydən əvvəl müəllim əməyi, mütəxəssis peşəkarlığı və istedad durur. Bütün bunlar ilk baxışda sadə rəqəmlər, aylar, illər kimi görünsə də belə, hər birinin arxasında gərgin anlar, həyəcanlı günlər, bir də şirin xatirələr durur. Qət edilən yollar nə qədər hamar olsa da belə, onu keçib getmək üçün qüvvə, bacarıq, istedad, ən başlıcası isə işinə böyük sevgi gərəkdir.

Bəli, zəhmətin və əqidənin ünvanına düz gedənlər çətinliklərdən usanmayanlar üçün ömür həm mənalıdır, həm də iftixar gətirəndir. Təbii ki, işi, zəhməti, ömrünün məramına, talehinin devizinə, həyatının özünə çevirən insanlar həmişə uca və məğrur olurlar. Bizim şair-alim Adil Mirzə oğlu Ramazanov kimi…

Doğrusu ömrünün mənasını həmişə halal zəhmətdə, yuxusuz gecələrdə axtaran yazarla görüşüb müsahibə götürdükdən sonra heç cür hisslərimi, düşüncələrimi bir araya gətirə bilmirdim. Bilmirdim ki, onu oxucularıma necə təqdim edim:

– səliqə-sahmanlı, sözü, söhbəti, danışığı həmişə məntiqi ardıcıllığa söykənən, geniş dünyagörüşlü, öz ixtisasına mükəmməl bələd olan bir alim kimimi, yoxsa gözəl yazar, şeirə, poeziyaya bağlı bir qələm fədaisi kimimi?..

Deyirəm bəlkə tələbələrinə, vətəninə, xalqına qəlbən bağlanan, poetik duyğulara dalanda sanki təbiətlə danışan bu şair-alimin həyata baxışı daha qəlbəyatan oldu?!.

Bilmirəm, təkcə onu bilirəm ki, Alim Adil də, şair Adil də, idman ustası Adil də, şəhər ictimaiyyətinə doğma və əziz olan Adil də bu dünyaya birgə gəlib, birgə boya-başa çatıb.

Bəli, Adil müəllim həmişə iş başındadır, masa arxasındadır. Harasa tələsən, hansısa mövzunu tamamlamağa çalışan görərsən onu. Məramı birdir: İnsan əzmkar olmalı, peşəsinə ürəkdən bağlanmalı, iş yoldaşlarının qayğıları ilə yaşamalıdır. Bu qayğıkeşlik hər kəsin ömür kitabının ön sözünə, ömür yükünün qayəsinə çevrilməlidir.

Adil müəllim üçün bütün bunlar bir alim ömrü, şair taleyi, evdə valideyn, həyatda vətəndaş, cəmiyyətdə isə fəal həyat mövqeyi ilə seçilən bir ziyalının yaşam tərzidir, qürur zirvəsidir.

Qürurunun zirvəsinə, zəhmətinin sevincinə hər gün bir boy ucalan Adil müəllim taleyinin ən gözəl anlarını məhz indiki Azərbaycan Dövlət Aqrar Universitetində keçirdiyini söyləyir.

İstedadlı elm adamı, ictimaiyyətçi kimi tanıdığımız Adil Mirzə oğlu Ramazanov həm də gözəl ailə başçısıdır. Bir qız, iki oğul, yeddi nəvə, üç nəticə sahibidir. Hamısı da ali təhsillidir. Nəvələrinin üçü hazırda Azərbaycan ordusunun sıralarında xidmət edir.

Yeni Azərbaycan Partiyasının üzvü və yaradıcılarından biri olan Adil müəllim Azərbaycanın «Fəxri ziyalısı»dır. «Dədə Qorqud» qəzetinin fəxri üzvü, «Qızıl Qələm» mükafatı laureatıdır. Avropa Media Nəşriyyat Evinin «Qızıl Medalı»na layiq görülüb. Namiq Kamal Universitetinin «Qızıl medalçısı»dır.

Azərbaycan Respublikası Veteranlar Şurasının, Gəncə şəhəri Veteranlar Şurasının üzvü, əmək veteranı olan Adil Ramazanov elmi axtarışlarını, bədii-publisistik yaradıcılığını uğurla davam etdirir, ömrünün 82-ci baharını şən və firavan yaşayır.

Aşağıda şairin şeirlərindən nümunəni oxucularımıza təqdim edirik:

 

DƏRDƏƏLƏMƏ

                           Saç-saqqal ağarıb, yarı gordayam,

Qırx ildir, elmdə çətin yoldayam.

Ümid bəsləyirəm hər yeni ilə,

Deyirəm, vəziyyətim bəlkə düzələ.

 

Piterdə açdım aylı gecəni,

Oxuyub, əxz etdim hər bir cümləni.

Dözdüm sərt iqlimə, o çətin dilə,

Gəncliyi verdim borana yelə.

 

O gözəl şəhərdə təhsilim aldım,

Qələmə sarılıb, söz qaynaqladım.

Uymadım naqisə, nadana, felə,

Dedim elm aparım o doğma elə.

 

Bilməzdim səmanı duman, çən almış,

Elmə-təhsilə diqqət azalmış.

Yoxsa baş vurmazdım dənizə, gölə,

Mirvari axtarıb çıxarım çölə.

 

Dünyamız dəyişdi, gör nələr oldu,

Alimlər nadana mirzə yozuldu.

Neçə dilbilməzlə girdim bel-belə,

Elmimi qanmadı, axıtdı selə.

 

Hələ ki, bu yaşda əliboş qaldım,

Xeyirdə-şərdə xeyli usandım.

Gücümü verdim şeirə-qələmə,

Dedim şərik olsun, dərdə-ələmə.

Bahəddin HƏSƏNOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 80
  • 20
  • 855
  • 3,276
ILK-10 Azeri Website Directory