Azərbaycanın seçki gerçəkliyinə kölgə salmaq cəhdləri xalqımızda dərin təəssüf və geniş narazılıq doğurur

Aprelin 11-də Azərbaycan xalqı bir daha siyasi iradəsini nümayiş etdirdi, keçirilmiş şəffaf və demokratik seçkilərlə cənab İlham Əliyevi Prezident seçdi. Lakin görünür, seçkilərin yüksək səviyyədə təşkil olunması, seçicilərin yüksək fəallıq nümayiş etdirməsi və səsvermə günü qanun pozuntularının müşahidə edilməməsi bəzi antiazərbaycan qüvvələri çox narahat edib.

Bu bədxah münasibəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Parlament Assambleyasının, eləcə də Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının, öz ənənələrinə sadiq qalaraq, 11 aprel prezident seçkiləri ilə bağlı açıqladıqları birtərəfli və qərəzli hesabatlar bir daha aşkarladı.

Həqiqəti əks etdirməyən bu hesabatlar, hər şeydən əvvəl, Azərbaycan seçicilərinə yönəlmiş açıq hörmətsizlikdir. Çünki adları çəkilən müşahidə missiyalarının çoxsaylı üzvləri mart ayının 16-dan etibarən Azərbaycanda prezident seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin həyata keçirildiyinin əyani şahidi olublar. Seçkilərə hazırlıq prosesi dövründə seçici siyahılarının tam dəqiqləşdirilməsi, dairə seçki komissiyalarının, eləcə də məntəqələrin bütün lazımi texniki vasitələrlə təmin olunması, vətəndaşların seçim hüquqlarının reallaşdırılması üçün hər cür şəraitin yaradılması göz önündə olan reallıqlar idi. 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, ölkə üzrə seçkiləri on minlərlə müşahidəçi və “Exit-poll” izləyirdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının üzvləri seçki öncəsi ayrı-ayrı siyasi partiyaların qərargahlarında görüşlər keçiriblər, namizədlərin təşviqatı ilə əlaqədar görüşlərdə, mitinqlərdə olublar. Bunlardan əlavə, seçki günü respublika üzrə səhər saatlarından etibarən yüksək seçici fəallığını müşahidə edən bu beynəlxalq missiyaların üzvləri vətəndaşların axın-axın məntəqəyə gələrək səsvermə hüququndan necə istifadə etdiklərini də görüblər. Lakin görünən odur ki, bütün bu gerçəkliyi inkar edən həmin müşahidə missiyalarının üzvləri ənənəvi ampluasında qaldılar və antiazərbaycan dairələrinin siyasi sifarişini yerinə yetirərək kənarda hazırlanmış, təxribat xarakterli seçki hesabatını təqdim etdilər.

Xalqımızda dərin təəssüf və geniş etiraz doğuran bu qərəzli hesabat Azərbaycanda mövcud olan xalq–iqtidar birliyinə, insanların dövlət başçısı İlham Əliyevə olan sevgisinə, inamına və etimadına qarşı məkrli bir hərəkətdir. Azərbaycanda keçirilən şəffaf və demokratik seçkilərə bu cür kölgə salmaq cəhdləri iflasa məhkumdur.

Bu qurumlar təbliğ etdikləri demokratik dəyərlərə özləri hörmət etməli və demokratikləşmə yolunda ciddi uğurlar əldə edən Azərbaycanın fəaliyyətini obyektiv dəyərləndirməlidir. İndiki halda isə yaxşı olardı ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyaları seçki hesabatlarına yenidən baxıb, ədalətli, obyektiv yekun hesabat təqdim etməklə ölkəmizdə öz nüfuzlarına kölgə salmaqdan çəkinsinlər.

Sədaqət VƏLİYEVA,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory